UFAZ-da imtahan
prosesi müşahidə edilib
Tələbələr
üçün yaradılan şərait yüksək qiymətləndirilib
Azərbaycan Dövlət Neft və
Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurası
universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız
Universitetində (UFAZ) imtahanın gedişinin monitorinqini keçirib.
Millət vəkili Aydın Mirzəzadənin sədri
olduğu İctimai Etimad Şurası imtahanlar başlamazdan əvvəl
UFAZ-ın auditoriyalarına baş çəkərək
yaradılmış şəraitlə tanış olub, tələbələrin
fikirlərini öyrənib.
Sonra ADNSU-nun rektoru, professor Mustafa
Babanlı, İctimai Etimad Şurasının sədri
Aydın Mirzəzadə, UFAZ-ın icraçı direktoru Vazeh
Əsgərov, UFAZ-ın baş katibi xanım Şarlot Payen,
UFAZ-da imtahan prosesini müşahidə etmək məqsədilə
Azərbaycana gəlmiş Strasburq Universitetinin professoru Filip
Turek, İctimai Etimad Şurasının üzvləri və
KİV nümayəndələri UFAZ-da imtahan prosesi ətrafında
fikir mübadiləsi aparıblar.
UFAZ-ın icraçı direktoru
Vazeh Əsgərov toplaşanlara yanvarın 17-də start
götürmüş payız-qış imtahan sessiyası
haqqında məlumat verib. Bildirilib ki, UFAZ-ın 284 I və II
kurs tələbəsi imtahanlarda iştirak edəcək.
İmtahan sessiyasının şəffaf və obyektiv
keçirilməsi üçün bütün lazımi
şərait yaradılıb, imtahanlar Strasburq Universitetinin
qaydalarına müvafiq təşkil edilib. İmtahan prosesi ənənəvi
olaraq 5 həftə deyil, 1-ci kurslar üçün 2 həftə,
II kurslar üçünsə 1 həftə nəzərdə
tutulub. Strasburq Universitetinin tədris proqramına əsasən
UFAZ-da qiymətləndirmə semestr boyu 3 mərhələdən
ibarət olub, sonda yekun imtahanlarla tamamlanır.
İmtahan sualları fənn müəllimlərindən
ibarət xüsusi qrup tərəfindən tərtib olunub.
İmtahan nəticələri yoxlandıqdan sonra qərar vermək
üçün Strasburq Universitetinin ekspertlərindən təşkil
olunmuş münsiflər heyətinə təqdim olunacaq, daha
sonra qiymətlər tələbələrə elan ediləcək.
Son 5 gün ərzində tələbələrin
imtahan prosesində iştirakı ilə bağlı hər
hansı texniki problemin və tələbələrin şikayətlərinin
olmadığı və imtahan prosesinin yüksək şəraitdə
davam etdiyi qeyd olunub.
ADNSU-nun rektoru, professor Mustafa
Babanlı UFAZ-ın yaradılmasının əhəmiyyəti
barədə toplaşanlara məlumat verib, dünyanın
nüfuzlu ali məktəblərindən biri - Strasburq
Universiteti ilə birgə gerçəkləşdirilən bu
layihənin ADNSU-da təhsilin standartlarının daha da
yüksəldilməsinə müsbət təsir göstərəcəyini
vurğulayıb. Rektor M.Babanlı ADNSU-nun İctimai Etimad
Şurası üzvlərinə UFAZ-da imtahan prosesini
müşahidə etdikləri üçün təşəkkürünü
bildirib.
Millət vəkili, İctimai Etimad
Şurasının sədri Aydın Mirzəzadə UFAZ-da
yaradılmış şərait, qabaqcıl təhsil standartlarını
yüksək dəyərləndirərək bu layihənin əhəmiyyətini
vurğulayıb. Azərbaycanda sənayenin inkişaf etdirilməsi
fonunda UFAZ-ın yaradılmasını Azərbaycan
Respublikası Prezidentinin uzaqgörənliyinin bariz nümunəsi
kimi dəyərləndirən millət vəkili tələbələrin
onlar üçün yaradılmış bu imkandan səmərəli
istifadə etməli olduqlarını bildirib. İctimai Etimad
Şurasının digər üzvləri də tələbələrin
təhsil alması üçün UFAZ-da yaradılmış
şəraiti yüksək qiymətləndirib, bu layihəni
dövlətin azərbaycanlı gənclərin təhsilinə
göstərdiyi diqqət və qayğının nümunəsi
kimi səciyyələndiriblər.
Azərbaycan
müəllimi.- 2018.- 26 yanvar.- S.1; 4.