Məktəb idarəetməsinin yeni modelini yaratmalıyıq

 

Təhsil müəssisələrinin direktorları liderlik bacarığına malik olmalıdırlar

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Layihədə məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoymağa da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal, şəxsi və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur.

Ümumi təhsil məktəblərində uğur əldə etmək üçün idarəetmənin düzgün qurulması vacib məsələdir. Bu işdə məktəb direktorunun üzərinə mühüm vəzifə düşür. Çünki məktəbin müəllim və şagirdləri, məktəb-valideyn əlaqələri, həmçinin, ümumi təhsil müəssisəsinin maddi-texniki təchizatı ilə bağlı yekun qərarı məhz direktor verir. Bu qərarlar isə hökm etməyə deyil, demokratikkollegial idarəçilik üsuluna əsaslanmalıdır.

Məktəb mühitində demokratikkollegial idarəçilik üsulu ləyaqətli, tərifəlayiq xidmətə, nəcib rəftar və əməllərə, yəni düzgünlük, səmimiyyət, şəxsiyyətə hörmət və etibara söykənməli, müəllim, şagird və valideynlər təhsil müəssisəsini doğma məkan hesab etməlidirlər. Məktəb rəhbərinin fəaliyyəti səmərəli, şəffaf və hamıya açıq olmalıdır. Direktor pedaqoji kollektivin bütün işlərinə yaxından kömək göstərməli, hər bir şagirdlə ayrı-ayrılıqda maraqlanmalıdır.

Məktəb rəhbəri olaraq, həm də bilməliyik ki, biz təhsil meneceriyik. Bununla yanaşı, pedaqoq, təhsil prosesinin təşkilatçısı və iştirakçısıyıq. İnanıram ki, idarəçilik işini bu prinsiplər üzərində qursaq, məktəbdən hər bir şagird bəhrələnər, müəllimlər çəkdikləri əziyyətin nəticəsini görə bilərlər.

 

Məktəb direktorunun liderlik bacarığı

 

Nəzərə alaq ki, məktəbin təməl işi tədrisi həyata keçirmək, direktorun əsas vəzifəsi bu prosesi düzgün qurmaq və asanlaşdırmaqdan ibarətdir. Təcrübə də göstərir ki, bu işi liderlik bacarıqlarına malik direktorlar daha yaxşı təşkil ediruğur qazanırlar. Məhz şagirdlərin, müəllimlərin gözlənti və ehtiyaclarını lazımınca qarşılaya bilən, ədalətli, qərəzsiz, cəsarətli, çevik, çalışqan, inamlı, dəyərləndirməyi bacaran məktəb rəhbəri uğurlu direktor kimi qəbul olunur.

Bu amilləri nəzərə alaraq, həmişə özümdə liderlik bacarıqlarını aşılamağa çalışıram. Düşünürəm ki, direktorun liderlik bacarıqlarına malik olmasının həm özü, həm də məktəb, müəllim və şagirdlər üçün böyük əhəmiyyəti var. Məhz liderlik bacarıqlarına sahib direktorun rəhbərlik etdiyi məktəbin müəllimləri işlərinə daha məsuliyyətlə yanaşır, bilik və bacarıqlarını artırırlar. Şagirdlər də dərslərinə daha ciddi hazırlaşır, istedadlarını üzə çıxarmağa çalışır, uğur əldə etməyə həvəs göstərirlər.

Həmçinin, liderlik bacarıqları olan direktor təhsil müəssisəsinin uğur əldə etməsi üçün aydın hədəfləri müəyyənləşdirməli və səmərəli Fəaliyyət Planı hazırlamalıdır. Fəaliyyət Planı əsasında hədəfə çatmaq üçün ilk növbədə proqram, tədris və dəyərləndirməni əlaqələndirmək lazımdır. Bu işin üzərində bütün kollektiv işləməlidir. Ətrafımızda dəstəkləyici çevrə yaradaraq akademik olaraq istiqamətləndirilmiş, məqsədyönlü məktəb modelini təşviq etməliyik. Rəhbər kimi müəllimlərin, şagirdlərin bilik və bacarıqlarına bələd olmalı, onların istəklərini öyrənməli və münasib təkliflərini məktəbdə reallaşdırmağa çalışmalıyıq.

Bütün bunların nəticəsində isə məktəbin nailiyyətləri artır və uğurlu bir təhsil müəssisəsinə çevrilir.

Yüksək göstəriciləri olan məktəbin rəhbəri isə daim üzərində çalışmalı, özünü təkmilləşdirməli və idarəetmə, xüsusilə də liderlik bacarığını inkişaf etdirməlidir. Eyni zamanda, rəhbərlik etdiyi kollektiv qarşısında vəzifələr qoyarkən bu işi inamla görməlidir. Hər kəsdə işinin öhdəsindən layiqincə gələcəyinə ümid yaratmalıdır.

 

Sağlam mühitin əhəmiyyəti

 

Məktəb direktorunun bacarığı özünü təlim-tərbiyə işinin təşkilində də göstərir. Təcrübəyə əsasən deyə bilərəm ki, bu məsələdə məktəbdə sağlam mühitin formalaşdırılmasının böyük əhəmiyyəti var. Təlim-tərbiyə işinin təşkili zamanı ilk növbədə sağlam psixoloji mühit yaratmaq lazımdır. Buna görə də hər bir təhsil müəssisəsinin rəhbəri pedaqogika, metodika və idarəetmə ilə yanaşı, psixologiyanı da mükəmməl bilməlidir.

Bu baxımdan daim məktəbimizdəki demokratik mühit, şəffaf və kollegial idarəçilik formasından istifadə edərək məktəbdaxili pozitiv münasibətlərin inkişafına çalışıram. Müəllim-şagird münasibətlərinin düzgün qurulmasına xüsusi diqqət yetirirəm. Məktəbimizdə valideyn, şagird və müəllimlər üçün mütəmadi olaraq psixoloji mühazirələr təşkil edirəm. İdarəçiliklə bağlı qərarların qəbulunda və icrasında məktəb təşkilatlarının, müəllimlərin iştirakına xüsusi diqqət yetirirəm.

Məktəbimizdə şagirdlərin dünyagörüşünün formalaşması və təlim-tərbiyəsi ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edir, onlara dəstək oluram. Yarışların, müsabiqələrin keçirilməsi, ədəbi-bədii kompozisiyaların hazırlanması üçün valideyn və müəllimlərdən ibarət məktəbdaxili ictimai nəzarət qrupları yaradıram. Bu hal şagirdlər arasında nizam-intizam qaydalarının təkmilləşməsinə müsbət təsir göstərir.

Düşünürəm ki, sabahın böyük şəxsiyyəti ola biləcək bu günün şagirdinə bilik və bacarıqlarla yanaşı, etik qaydalara yiyələnməyi də aşılamaq lazımdır. Bu işdə valideynlərlə işin sıx qurulması səmərəli olur. Yeri gəlmişkən qeyd edim ki, məktəbimizdə “Valideyn universiteti” yaradılıb. “Valideyn universitetini formalaşdırmaqda məqsədimiz valideynlərin məktəblə əlaqələrini genişləndirmək və şagirdlərin daha yüksək nailiyyətlər əldə etməsinə nail olmaqdan ibarətdir.

 

Yüksək nəticə və gözləntilər

 

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, məktəbimizin uğurları ilbəil artır. Şagirdlərimiz müsabiqə, olimpiada və yarışlarda yüksək nəticə göstərir, ali məktəblərə daxil olan məzunlarımızın sayı çoxalır. Bu amillər bizi ruhlandırır və daha çox nailiyyət əldə edəcəyimizə inamı artırır.

Yekun olaraq bildirmək istəyirəm ki, uğurlu məktəb modelini formalaşdırmaqdan ötrü inkişaf üçün şərait, təşkilati və metodiki dəstək əsas amillərdəndir. Bacarıqlı direktor bu amillərə əsaslanaraq məktəbdə böyük nailiyyərlər əldə edə bilər.

 

Könül HƏSƏNOVA,

Bakı şəhəri 7 nömrəli tam orta məktəbin direktoru

 

Azərbaycan müəllimi.- 2018.- 26 yanvar.- S.6.