Birgə fəaliyyət, müştərək layihələr
Moskvalı məktəb direktorları Bilik
Fondunda olub
Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı - Rusiyanın Moskva şəhərinin ölkəmizdə səfərdə olan bir qrup məktəb direktoru ilə görüş keçirildi. Əvvəlcə qonaqlar fondun əməkdaşlarının müşayiəti ilə Şəhidlər xiyabanını və Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Bilik Fondunun dəvəti və Moskva Şəhərt Təhsil Departamenti (MŞTD) Konkovo və Tyoplıy Stan rayonları təhsil müəssisələrinin Rayonlararası Direktorlar Şurasının (RDŞ) dəstəyi ilə reallaşan layihənin iştirakçılarını - Konkovo və Tyoplıy Stan rayon təhsil müəssisələrinin başçıları, 1532 nömrəli dövlət büdcə ümumtəhsil məktəbinin direktoru, RF-nin fəxri təhsil işçisi M.Butırskaya, 1273 nömrəli məktəbin direktoru M.Popov, 1507 nömrəli məktəbin direktoru A.Şuvalov, 49 nömrəli məktəbin direktoru V.Mixaylov və Moskvadakı “Hüquqi Yardım Mərkəzi”nin rəhbəri S.Kondrikovu salamlayan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqaməti və həyata keçirdiyi layihələr barədə məlumat verib. O.Səmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2014-cü ildə yaradılan Bilik Fondunun ölkənin regionlarında da filiallarının yaradıldığını və uğurla fəaliyyət göstərdiyini, orta ümumtəhsil məktəblərində bir sıra elm sahələri, ingilis, rus dili, İKT üzrə kursların təşkil edildiyini, xarici ölkələrdən olan elm, mədəniyyət xadimlərinin iştirakı ilə diskussiyaların, debatların keçirildiyini qonaqların diqqətinə çatdırıb. O, ölkə məktəblərində rus dilinin tədrisi səviyyəsinin yüksək, rus dilinin tədris olunduğu məktəblərin sayının 200-dən artıq olduğunu, 50 məktəbdə rus dilinin əsas dil kimi tədris edildiyini, 18 ali məktəbdə rus dili bölmələrinin fəaliyyət göstərdiyini qeyd edib. Görüşdə Rusiya məktəbləri ilə birgə əməkdaşlıq, Moskva məktəblərində tədrisin təşkili, texniki təchizat məsələləri ilə bağlı təcrübə və bilik mübadiləsinin aparılması kimi məsələlərə toxunulub. Moskva məktəblərində pedaqoji kadr hazırlığı, müəllimlər üçün nümunəvi, ustad dərslərin, onlayn konfransların keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Rusiya nümayəndə heyətinin rəhbəri Marqarita Butırskaya, ilk növbədə, belə bir görüşün keçirilməsində göstərdiyi dəstəyə görə Bilik Fonduna minnətdarlıq etdi. Layihədə iştirak edən təhsil müəssisələrinin Moskvanın ən reytinqli məktəblərinin siyahısına daxil olduğunu bildirən M.Butırskaya təmsil etdikləri tədris ocaqları və orada tədrisin təşkili barədə maraqlı məlumatlar verdi. Məlum oldu ki, adıçəkilən məktəblər özündə uşaq bağçası, orta və yuxarı təhsil səviyyələrini cəmləşdirir və tam muxtariyyət əsasında fəaliyyət göstərir. Həmin məktəblər Moskva şəhər Departamentinə tabe olsa da, təhsilin keyfiyyəti, idarə olunması kimi məsələlərdə tam sərbəstdir. Bütün fənlər üzrə - humanitar, texniki, xarici dil, musiqi, idman və s. profil siniflər mövcuddur. Gələcəkdə tibb profilli siniflərinin yaradılması da nəzərdə tutulub. Bütün layihələrin icrasına təhsilin aşağı səviyyəsindən - uşaq bağçasından başlanılır. Məktəbdə fiziki qüsurlu, inkişafdan geri qalan, loqopedik problemləri olan azyaşlıların təliminə xüsusi diqqət ayrılır. Fəaliyyətin əsas istiqamətlərini özündə ehtiva edən “Yol xəritəsi” hazırlanıb və layihə əsasən inkişafdan geri qalan uşaqlar üçün nəzərdə tutulub. Sosial və tədris fəaliyyətinin inteqrasiya olunduğu təhsil ocağında həyata keçirilən layihələrə şəhər merliyi tərəfindən dəstək göstərilir. M.Butırskaya xüsusi olaraq qeyd etdi ki, uğaq bağçası və orta məktəbin inteqrasiya nümunəsi bir sıra xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirilib. Tədris prosesində bir sıra fənlərə dair şagirdlərin texnoparklara, muzeylərə səfərləri təşkil olunur və bəzi mövzular bu məkanlarda şagirdlərə keçilir. Adıçəkilən məktəblərdə ingilis, fransız, latın və Çin dilinin tədris olunduğunu deyən M.Butırskaya qeyd edib ki, profil siniflər olaraq şagirdlər VIII sinfə qədər əcnəbi dillərdən birini öyrənə, daha sonra isə istədikləri fənni seçə bilərlər. Qeyd olunmalıdır ki, bütün şagirdlərin 100 faizi əlavə məşğələlərə cəlb olunub. Məktəb daxilində əlavə təhsil dərnəkləri mövcuddur.
Qonaqlar qeyd ediblər ki, məktəblər tam təsərrüfathesablı subyekt kimi fəaliyyət göstərir. Məktəb özünü idarəetmədən əlavə, zəruri olan digər məsələlərdə, təhsil ocağının təmiri, texniki vəsaitlərin alınmasında tam müstəqilliyə malikdir. Tam muxtariyyət statusu olan məktəbin fəaliyyəti dünyanın ən nüfuzlu təhsil sisteminə malik Sinqapur mütəxəssisləri tərəfindən də yüksək qiymətləndirilib. Məktəbdə müəllimlərin ixtisasartırma və yenidənhazırlanmasına, nüfuzunun yüksəldilməsinə də ciddi əhəmiyyət verilir. Müəllimlərin əməkhaqlarının ən azı 1000 dollara çatdırılması da onların əməyinə verilən qiymətin göstəricisidir. Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub, birgə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb. Sonda Moskva şəhər Təhsil Departamenti Konkovo və Tyoplıy Stan rayonları təhsil müəssisələrinin Rayonlararası Direktorlar Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Beynəlxalq layihələr və İnformasiya təminatı sektorları arasında əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər elmi-texniki sahədə maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət, müştərək layihələrin icra edilməsinin təmin olunması və informasiya mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, səfər çərçivəsində qonaqlar Bilik Fondunun layihələrində fəal iştirak edən Bakı şəhərinin bir sıra orta məktəblərində müəllim-şagird kollektivi ilə görüşüb.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi. - 2018.- 26 yanvar.-
S.7.