Təlim
məqsədləri düzgün müəyyənləşdirilməlidir
Azərbaycan dili fənni üzrə təlim
nəticələrini (10-cu sinif) necə çıxarmalı
Kurikulum əsaslı yeni dərsliklərin
tam orta təhsil səviyyəsində ilk nəsli artıq
müəllim və şagirdlərimizin istifadəsindədir. Məktəbi yeni-şəxsiyyətyönümlü
təhsil hədəfinə çatdırmaqda ən
mühüm tədris resursu olan müasir dərsliklərə
münasibət cəmiyyətdə birmənalı deyil.
Ənənəyə öyrəşmiş bəzi müəllim
və valideynlər bu dərslikləri elə bu gün də
qınaqla qarşılayırlar, yeni təlim
strategiyası tərəfdarları isə həmin kitablarla
işləməyin üstünlüklərini göstərərək
faydalı olduğunu deyirlər. Təbii ki, zaman keçdikcə
bu dərslik və vəsaitlər daha da mükəmməlləşəcək,
müəllim və şagirdləri daha yüksək səriştə
və vərdişlərə yiyələndirməkdə
öz müsbət rolunu oynayacaqdır.
Bununla belə,
bu gün müəllimlərə düzgün metodik istiqamət
verən vəsaitlərin olması daha vacibdir. Çünki
heç də hər yerdə bütün müəllimlərin
lazımi texniki təminatı yoxdur, bütün müəllimlər
yaradıcı və novator düşüncəyə malik
deyil, hamı bu sahədə kifayət qədər təcrübə
qazanmamışdır və s.
İstifadədə olan
mövcud metodik vəsaitlər bu tələbi ödəyə
bilirmi? Təəssüf ki, yox. Dərslik komplektinə daxil
olan “Müəllim üçün metodik vəsait”lər
bütünlüklə kompas təyinatlı olmalı, müəllimləri
hədəflərə çatdırmağa kömək etməlidir.
Hazırda
istifadədə olan 10-cu sinif üçün “Azərbaycan
dili” (Müəllim üçün metodik vəsait)
kitabında çətinlik doğuran məsələlərdən
biri barədə-təlim məqsədlərinin düzgün
müəyyənləşdirilməsi ilə bağlı
yazını həmkarlarımla bölüşürəm. Məlumat
üçün bildirim ki, bu material 2017-ci ilin may ayında
metodik kömək məqsədilə DİM-ə də təqdim
olunmuşdur. Hər bir standarta uyğun təlim məqsədləri
çıxarmağa çalışmışıq.
Standart 1.1.1. Dinlədiyi və
KİV-dən aldığı məlumatlarda yol verilmiş məntiqi
nöqsanları müəyyən edir.
- Mətndə yol verilmiş
hadisə və ya faktların, onların səbəb-nəticə
əlaqələrinin bilərəkdən təhrif
olunmasını müəyyənləşdirir.
- Nitqin
düzgünlüyünü pozan bədii təsvir vasitələrini,
sinonimləri, obrazlı ifadələri, yeri gəldikcə
atalar sözlərini, zərb-məsəlləri, aforizmləri
mətndəki fikrə uyğun şəkildə istifadə
edir.
- Mətndəki şərhi
ağırlaşdıran, məzmunun dinləyicilərə
çatdırılmasını çətinləşdirən,
həcmcə böyük, dolaşıq, təmtəraqlı
cümlələri sadələşdirir.
- Cümlələrin
qrammatik cəhətdən düzgün qurulmamasını,
sözlərin yerli-yerində işlədilməməsini,
fikrin aydın, dəqiq, məntiqi ardıcıllıqla və
ədəbi tələffüz normalarına uyğun ifadə
olunmaması hallarını müəyyənləşdirib
aradan qaldırır.
-Dialekt sözlərinin,
alınma sözlərin lüzumsuz işlədilməsi nəticəsində
oxucu və dinləyiciyə qaranlıq qalan cümlələri
sadələşdirir.
St. 1.1.2. Dinlədiyi və
KİV-dən aldığı məlumatları təqdimedilmə
formalarına görə fərqləndirir.
- İstinad olunan məlumatın
şərh kimi başlıca xüsusiyyətlərini müəyyənləşdirir.
- Üzərində işlədiyi
mətnin müsahibə kimi xüsusiyyətlərini izah edir.
- Təqdim olunmuş materialı eyni informasiya ifadə edən
başqa materialla müqayisə edir.
- Akademik üslublu mətni publisistik üslublu mətndən
fərqləndirir.
St.1.2.1. İfadə edəcəyi fikrə
uyğun üslub seçir.
- Azərbaycan ədəbi dilinin üslublarını fərqləndirir.
- Mövzu ilə bağlı ifadə ediləcək fikrə
uyğun üslubun seçir.
- Bədii, elmi, məişət və s.
üslubların dil xüsusiyyətlərini müəyyənləşdirir
(ayrı-ayrılıqda).
- Mətnin üslubunda digər üslubun əlamətlərini
ayırır.
- Öz müstəqil fikirlərini bu və ya digər
üslubda ifadə edir.
St. 1.2.2. Müfəssəl faktlardan, əyani
vəsaitlərdən, müvafiq KİV-dən istifadə etməklə
fikrini əsaslandırır.
- Məlumat kitablarından əldə etdiyi məlumatları
arqumentləşdirir.
- Müxtəlif mənbələrdən əldə
etdiyi məlumatları müqayisə edir.
- Ensiklopediyalardan, müxtəlif ədəbiyyatlardan və
KİV-dən istifadə etməklə əldə etdiyi məlumatlara
istinad edir.
- Əldə etdiyi məlumatları
arqumentləşdirərək fikrini əsaslandırır.
St. 1.2.3. Fakt və sitatlardan istifadə etməklə
nitqini zənginləşdirir.
- Mətn üzrə araşdırma aparmaq
üçün əlavə fakt və sitatlara istinad edir.
- Əlavə mənbələrə
müraciət etməklə mövzu ilə bağlı fakt və
nümunələr tapır.
- Digər mənbələrdən möqsədyönlü
sitatlar gətirərək fikrini əsaslandırır.
- Əlavə fakt və sitatlar gətirməklə
nitqinin zənginliyini nümayiş etdirir.
- Gətirilmiş fakt və sitatları mətnin
ideyası ilə uyğunlaşdırır.
St.1.2.4. Müzakirələrdə söylənilmiş
mülahizələri dəyərləndirməklə təqdimatlar
hazırlayır.
- Müzakirələrdə söylənilmiş
mülahizələrə hörmətlə yanaşır.
- Söylənilmiş mülahizələri nəzərə
alır və dəyərləndirir.
- Müzakirə zamanı daha məqsədəuyğun
söylənilmiş mülahizələri seçir.
- Təqdimat hazırlayarkən söylənilmiş
mülahizələrdən istifadə edir.
St. 2.1.1. Mətndəki söz və ifadələri
üslubi xüsusiyyətinə görə fərqləndirir.
- Verilmiş söz və ifadələri poetik
xüsusiyyətlərinə görə izah edir.
- Söz və ifadələr içərisindən
terminoloji ifadələri seçib ayırır.
- Adi informativ sözlə poetizmləri müqayisə
edir və fərqləndirir.
St. 2.1.2. Söz və ifadələrə əsasən
oxuduğu mətnin üslubunu müəyyənləşdirir.
- Mətnin dil xüsusiyyətlərinə əsasən
onun üslubunu müəyyənləşdirir.
- Mətndəki söz və ifadələri üslubi cəhətdən
təhlil edir.
- Mətnin hansı funksional üsluba aid olduğunu səciyyəvi
dil faktlarına əsasən müəyyənləşdirir.
- Sözün konkret üslubdakı vəzifəsinə
istinad edərək onu başqa üslublarla müqayisə
edir.
- Seçdiyi mətndə publisistik üslubu şərtləndirən
xüsusiyyətləri müəyyənləşdirir.
- Bədii üsluba aid mətndə müəllif dilini
tipin dilindən fərqləndirir.
- Bədii üsluba aid mətndə məcazları
müəyyənləşdirir və seçir, fərqləndirir.
- Bədii üsluba aid mətndə işlənmiş mətnaltı
mənanı müəyyənləşdirir.
- Bədii üsluba aid mətndə şeir, nəsr və
dramaturgiya dilini müqayisəli təhlil edir.
- Elmi üslublu mətndə sözlərin terminoloji vəzifəsini
müəyyənləşdirir.
- Bədii üsluba aid mətndə məişət
üslubuna aid olan xüsusiyyətləri müəyyənləşdirir.
- Bədii üsluba aid mətndə
obrazlılığın müxtəlif səviyyələrdə
təzahürünü müəyyənləşdirir.
St. 2.2.1. Mətni ədəbi dilin
normalarına uyğun oxuyur.
- Mətndə ədəbi dilin fonetik, leksik və
qrammatik normalarına aid xüsusiyyətləri müəyyənləşdirir.
- Mətndə fonetik, leksik və qrammatik norma
tələblərinin pozulduğu məqamları müəyyənləşdirir.
- Fərqləndirilmiş cümlələrdə məntiqi
vurğulu sözü müəyyənləşdirir.
- Mətndə yerinə düşməyən sözləri
müəyyənləşdirir.
- Mətndə işlənmiş alınma sözləri
milli qarşılığı ilə əvəz edir.
- Mətnin lüğət tərkibində işlənmiş
özləşmə göstəricilərini müəyyənləşdirir.
- Mətndə qrammatik normanın pozulduğu cümlələri
fərqləndirir.
- Poetexniki tələblərlə bağlı söz
sırasının pozulma hallarını müəyyənləşdirir.
- Şeiri nəsrə çevirir,
onların sintaksisi arasında fərqləri göstərir.
St.2.2.2. Mətnin hissələrini tezislər
şəklində ifadə edir.
- Mətni oxuyub əsas tərkib hissələrini müəyyənləşdirir.
- Mətnin girişindəki fikrin məntiqi
davamını müəyyənləşdirir.
- Əsas hissədə böyük
abzasları tezislər şəklində ifadə edir.
- Nəticəni ayırır, fikrin ifadəsində
rolunu müəyyənləşdirir.
- Nəticə hissəsini tezislər şəklində
ifadə edir.
St. 2.2.3. Mətnin məzmununu xülasə
şəklində ifadə edir.
- Mətndən əsas fikri ifadə edən cümlələr
seçir, fərqləndirir.
- Əsas fikri saxlamaqla mətnin məzmununu
öz cümlələri ilə qısa və lakonik şəkildə
ifadə edir.
- Mətnin məzmununun əsas məğzini əks etdirən
xülasəsini təsvir edir.
St.3.1.1. Mövzuya uyğun üslub
seçir.
- Müxtəlif mənbələrdən verilmiş
mövzuya dair materiallar tapır.
- Yazısında ifadə edəcəyi fikrə uyğun
üslub seçir.
- Seçilmiş üsluba uyğun dil vasitələrindən
istifadə edir.
- Bədii üslublu yazısında bədii suallardan,
xitablardan, məcazlardan istifadə edir.
- Məqsədinə uyğun olaraq poetik və ya elmi
sitatdan istifadə edir.
- Fikrini ifadə edərkən şərhlərində
xüsusi ifadələr (“mənbələrdən öyrəndim
ki...”, “belə nəticəyə gəlmək olur ki...”, “bu
nöqteyi-nəzərdən...” və s. kimi) işlədir.
St.3.1.2. Mövzu ilə bağlı
müxtəlif mülahizələri müqayisə etməklə
mətni formalaşdırır.
- Toplanmış materiallardakı müxtəlif
mülahizələri müəyyənləşdirir.
- Topladığı materiallardakı fikirləri
müqayisə edir.
- Mövzu ilə bağlı topladığı
materiallardakı fikirləri təhlil edir.
- Mövzu ilə bağlı topladığı
materiallardakı fikirləri ümumiləşdirir.
- Mövzu ilə bağlı topladığı
materiallardakı fikirlər əsasında mətn
fomalaşdırır.
St.3.1.3. Mətnin üslubu üzərində
işləməklə yazıya düzəlişlər edir.
- Özünün və ya başqasının
yazdığı mətni oxuyur və dil xüsusiyyətlərini
müəyyənləşdirir.
- Mətnin üslubunda çatışmayan cəhətləri
tapıb müəyyənləşdirir.
- Yazının vahid üsluba uyğunsuzluğunu yaradan
xüsusiyyətləri müəyyən edir.
- Uyğunsuzluqları aradan qaldırmaq üçün
yazıya düzəlişlər edir.
St.3.1.4. Müxtəlif əməli
yazılar (rəy, məruzə) yazır.
- Rəsmi-işgüzar üslubun tələblərini
öyrəndiyini nümayiş etdirir.
- İşgüzar üslubda müvafiq dil
materiallarından istifadə etməklə müxtəlif rəy,
məruzə və s. əməli yazılar yazır.
- Əməli yazılar yazmaqla yazı vərdişlərini
inkişaf etdirir.
- Rəy, məruzə və digər əməli
yazılar yazarkən dilin yığcamlığına və
mükəmməlliyinə əməl edir.
St. 4.1.1. Ədəbi dilin normalarına
uyğun müxtəlif cümlə konstruksiyaları qurur.
- Mətnin ədəbi dilin normalarına
uyğunluğunu müəyyənləşdirir.
- Ədəbi dilin normalarına (fonetik,
leksik, qrammatik) müvafiq olaraq müxtəlif cümlə konstruksiyaları
qurur.
- Mətndə ədəbi dil normalarına tabe olmayan
xüsusiyyətləri tapır.
- Müxtəlif cümlə konstruksiyalarını dilin
normallılığı baxımından təhlil edir.
- Yazılı və şifahi nitqində fonetik, leksik və
qrammatik normaların tələbinə əməl edir.
St.4.1.2. Sözün qrammatik-məna
xüsusiyyətlərini gözləməklə ədəbi
dil normalarına riayət edir.
- Yazılı və şifahi nitqində sözün
qrammatik-məna xüsusiyyətlərini gözləyir.
- Yazısında və nitqində ədəbi dil
normalarına (leksik, qrammatik) riayət edir.
- Mətnin fonetik, leksik və qrammatik dil normalarına
uyğun olaraq düzgün yazıldığını müəyyənləşdirir.
- Fikirlərini ifadə edərkən sözün məna
və qrammatik xüsusiyyətlərini nəzərə
alır.
St.4.1.3. Müxtəlif cümlə
konstruksiyalarında durğu işarələrindən istifadə
edir.
- Yazısında ayrı-ayrı cümlə
konstruksiyalarında durğu işarələrindən
düzgün istifadə edir.
- Sadə cümlələrdə tələb olunan
durğu işarələrini düzgün işlədir.
- Müxtəlif tipli mürəkkəb cümlələrdə
vergül, qoşa nöqtə, tire, nöqtəli vergüldən
düzgün istifadə edir.
- Dialoqlarda və vasitəsiz nitqli cümlələrdə
durğu işarələrini yerində işlədir.
St. 4.1.4. Mətnin tərtibatı zamanı
müxtəlif yazılış formalarından istifadə
edir.
- Verilmiş hər hansı mövzuya uyğun yazı
forması seçir.
- İfadə, inşa, hekayə və s. yazı
formalarından istifadə edərək mətn tərtib edir.
- Mövzuya uyğun mətn tərtib edərkən
yaradıcılıq qabiliyyəti nümayiş etdirir.
- Mövzuya uyğun təqdimatlarında rəngarənglik
nümayiş etdirir.
- Mövzuya uyğun müxtəlif yazılış
formasında mətn tərtib edərək onu təkmilləşdirir.
Göründüyü kimi, təlim məqsədləri
fənn üzrə alt-standartların fəaliyyət hissəsinə
istinad edilməklə çıxarılmışdır. Ümid edirəm ki, müəllimlərimiz
yaradıcı şəkildə alt-standartlardan strateji hədəflərinə
daha uyğun olan məqsədlər çıxarmağa nail
olacaqlar.
Hüseyn ŞAHBƏNDƏYEV,
Avropa Azərbaycan Məktəbinin
Azərbaycan dili və ədəbiyyat
kafedrasının rəhbəri,
Əməkdar müəllim, “Azərbaycan
dili” dərslikləri üzrə ekspert
Azərbaycan müəllimi.-
2018.- 26 yanvar.- S.8.