“Xaricdə təhsil hədəflərimizi qətiləşdirməyə
stimul oldu”
Aysel Tahirova: “Prezident İlham
Əliyevin gənclər üçün yaratdığı
imkanlar üzərimizə böyük məsuliyyət qoyur”
Azərbaycanı xarici universitetlərdə təhsil aldığı illərdə layiqincə təmsil edərək peşəkar mütəxəssis kimi vətənə dönən və hazırda ölkəmizin inkişafı naminə öz töhfələrini verən gənclərimizdən biri də Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsil şəxsi vəzifəsində çalışan Aysel Tahirovadır. Aysel olduqca məsuliyyətli bir sahədə çalışır və özünü bu işə tam səfərbər etdiyini deyir. Bu günlərdə redaksiyamızın qonağı olan Ayselin fikirləri məzunlarımızın uğur formuluna bir nümunə hesab oluna bilər. Mançester Universitetinin məzunu ilə söhbətimizdə ilk olaraq ölkəmizdə gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil alması üçün yaradılan şəraitdən bəhs etdik.
TANITIM. Aysel Tahirova 1988-ci ildə Sumqayıt şəhərində
anadan olub. 2006-cı ildə Sumqayıt
şəhərindəki 12 nömrəli tam orta məktəbi
bitirib. Elə həmin ildə Qafqaz
Universitetinə daxil olub. 2011-ci ildə
bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib.
Məzun olduqdan sonra “ERA” şirkətində
layihə meneceri vəzifəsində çalışıb.
Daha sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində 2014-2015-ci illərdə
Böyük Britaniyanın Mançester Universitetində
magistratura təhsili alıb.
– Əlbəttə, gənclərimizin
dünyanın müxtəlif ölkələrində peşəkar
mütəxəssislər kimi yetişməsi
üçün yaradılan şərait tələbələrimiz
üçün böyük imkanlar açıb. Prezident İlham Əliyevin
diqqət və qayğısı Azərbaycan gənclərinin
özlərini inkişaf etdirmələrinə,
dünyanın nüfuzlu ali təhsil
ocaqlarında təhsil almalarına imkan yaradıb. Ölkəmizdə həyata keçirilən gənclər
siyasəti də Azərbaycanın inkişaf istiqamətlərini
müəyyən edir. Bu sahədə biz gənclərin
də üzərinə böyük məsuliyyət
düşür. Biz gənclər də
üzərimizə düşən məsuliyyəti dərindən
qiymətləndirməli, hansı fəaliyyət sahəsində
çalışmağımızdan asılı olmayaraq,
dövlətimizin güclənməsi naminə öz töhfələrimizi
verməliyik.
Mən təhsil almaq
üçün Böyük Britaniyaya yola düşməzdən
əvvəl də peşəkar mütəxəssis kimi
yetişib, ölkəmin inkişafı üçün
çalışmağı özümə hədəf
seçmişdim. Xaricdə təhsil bizim üçün
öz hədəflərimizi bir daha qətiləşdirməyə
stimul oldu. Biz gənclər
üçün yaradılan belə bir şərait və
imkana görə Prezident İlham Əliyevə dərin təşəkkürümü
bildirirəm.
Düşünürəm ki, burada məsələ
təkcə xaricdə ali təhsil almaqla
yekunlaşmır. Xaricdə oxuyan gənclər
həm də ölkəmizi təmsil edir, Azərbaycan mədəniyyətini,
adət-ənənələrini tanıtdırırlar.
– Yeri gəlmişkən,
Mançesterdə keçirdiyiniz tədbirlər barədə
də məlumat verərdiniz.
– Qeyd edim ki, Mançester Universitetində
Azərbaycanlı Tələbələrin Cəmiyyəti fəaliyyət
göstərir. Universitetdə oxuduğum
müddətdə mən cəmiyyətin fəaliyyətində
yaxından iştirak etmişəm. Biz 20
Yanvar, Xocalı faciələrinin ildönümləri ərəfəsində
stendlər, bukletlər və broşürlər
hazırlamışdıq. Universitetdə təşkil
etdiyimiz “Azərbaycan gecəsi” ali məktəbdə
təhsil alan əcnəbi tələbələr, müəllimlər
tərəfindən maraqla qarşılandı. Başqa
ölkələrdən olan tələbələr tədbirlərə
çox maraqla qatılır, ölkəmiz barədə daha
çox məlumat almaq istəyirdilər. Onlara
ölkəmiz barədə daha dolğun məlumat
çatdırmağa çalışırdıq. Əcnəbilərə Azərbaycanın mədəniyyəti,
təbiəti, adətləri, ölkəmizdə hökm
sürən multikiltural dəyərlər barədə ətraflı
məlumatlar verilirdi. Bu da onlarda ölkəmizə
qarşı marağı daha da artırırdı.
– Xaricdə təhsil
sizə nə verdi?
– Xaricdə təhsil, şübhəsiz
ki, mənə çox böyük dividendlər verdi. Ən əsası, mənim
akademik biliklərimi artırdı, özümü inkişaf
etdirdim. Mən dünyanın müxtəlif ölkələrinin
mədəniyyətləri ilə tanış
oldum. Avropa təhsil sistemi ilə yaxından tanış
ola bildim. Orada həm təhsildə, həm də idarəetmə
sahəsində tətbiq olunan yeniliklərlə, həm də
onların verdiyi effektlə tanış
oldum. Onların çox maraqlı işə
yanaşma metodları var. Hesab edirəm ki, Azərbaycan da o
yolu gedir. Avropada öyrəndiklərimizi
ölkəmizdə çox rahatlıqla tətbiq edə və
bunun çox müsbət effektlərini görə bilərik.
Adicə şagird-müəllim münasibətlərini
deyə bilərəm. Bu məsələdə biz təhsil
müəssisələrimizdə nə qədər irəliləyişlərin
olduğunu hiss edirik.
– Aysel, necə
oldu ki, ictimaiyyətlə əlaqələr sahəsində
işləməyə qərar verdiniz?
– 2016-cı ildə Böyük
Britaniyada magistr təhsilimi başa vurub vətənə
döndüm. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr
üzrə məsul şəxs vəzifəsi
üçün verdiyi elanla tanış
oldum və müsabiqədə iştirak etmək
üçün Təhsil Nazirliyinə müraciət etmək
qərarına gəldim. Bir sıra müsahibələrdən
keçdim və Abşeron Rayon Təhsil Şöbəsində
ictimaiyyətlə əlaqələr üzrə məsul
şəxs vəzifəsinə təyin olundum.
– Təhsil sahəsi
olduqca məsuliyyətli sahədir. Siz görəcəyiniz
işlər barədə məlumatlı idinizmi?
– Bəli. Bu vəzifəyə
təyin olunana qədər məlumatlar əldə etmiş,
müəyyən araşdırmalar aparmışdım.
Bu vəzifə səlahiyyətləri çərçivəsində
görəcəyim işlərlə tanış
idim. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr
üzrə gördüyü işlərlə də maraqlanmışdım.
Rayon təhsil şöbələrində bu
işin təşkilinin çox zəruri olduğunu, buna
ehtiyacın duyulduğunu öyrəndim. Bu
sahə mənə çox maraqlı gəldi, məni
çox cəlb etdi.
– Məsələn,
sizi daha çox nələr cəlb edirdi?
– Mütəmadi olaraq insanlarla
ünsiyyətdə olmaq, insanların gördükləri
müsbət işlərlə tanışlıq, məktəblərdə
keçirilən tədbirləri yaxından izləmək və
iştirak etmək, istedadlı şagirdlərin üzə
çıxarılması, onların rayon ictimaiyyətinə
təqdim olunması, həmçinin qabaqcıl müəllimlərin
tanıdılması, iş təcrübələrinin
yayılması, onlar haqqında məlumatların
paylaşılması məni cəlb edirdi. Bu, həm
müəllimlərin, həm də şagirdlərin özləri
üçün stimul idi.
– Fəaliyyətiniz
dövründə keçirdiyiniz hansı layihələri
qeyd edə bilərsiniz?
– Mütəmadi olaraq Abşeron Rayon
Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil
məktəblərində müxtəlif tədbirlər
keçirilib. Uşaqlar, təhsil işçiləri
tədbirlərə çox mütəşəkkil şəkildə
hazırlaşırlar. Həmçinin biz
məktəblərdə hazırda Azərbaycanın sosial- mədəni
həyatında mühüm xidmətləri olan görkəmli
şəxslərin şagirdlərlə
görüşünü təşkil edirik. Məsələn,
ötən il bizdə görkəmli
uşaq yazıçısı Zahid Xəlillə
görüş olub. Bu yaxınlarda isə
paralimpiya çempionumuz İlham Zəkiyev şagirdlərimizin
görüşünə gəldi. Bu kimi
tədbirlər mütəmadi olaraq keçirilir. 20 Yanvar ərəfəsində universitetlərin
tarixçi alimləri, professorları məktəbimizə dəvət
olunur, şagirdlərimiz onlara maraqlandıqları suallarla
müraciət edirlər. Və ya
uşaqlar özləri ölkəmizin həyatında
xüsusi rol oynamış hər hansı tarixi hadisə ilə
bağlı araşdırmalar aparırlar. Bununla bağlı çıxışlar, təqdimatlar
hazırlayırlar. Eyni zamanda, uşaqlar
müxtəlif ekskursiyalara aparılır.
– Siz bu tədbirlərin
iştirakçısı kimi şagirdlərin fəallığını
hiss edirsinizmi?
– Son vaxtlar məktəblərin sosial
həyatında bir canlanma hiss olunur. Uşaqlar
mütəmadi olaraq, hətta müəllimlər də
söhbət zamanı bunu deyirlər ki, özləri təşəbbüs
irəli sürürlər. Məsələn, biz
keçən il 1 iyun Uşaqları Beynəlxalq
Müdafiə Günü ilə əlaqədar olaraq
şagirdlərlə təhsil şöbəsinin
görüşünü keçirdik. Uşaqlar
çox maraqlı təkliflərlə çıxış
etdilər. Dedilər ki, gəlin məktəblərarası
kitabxanalar yaradaq. Oxuduğumuz kitabları,
bədii əsərləri bir-birimizlə dəyişək,
birlikdə oxuyaq. Daha sonra sinif otaqlarını
gəzsəniz görərsiniz, uşaqların təşəbbüsü
ilə bitkilərdən ekoloji mühit yaradılıb.
– Bu tədbirlər
həm də istedadlı uşaqların üzə
çıxarılmasına xidmət edir…
– Biz 2017-2018-ci tədris ilində hər
ayı müəyyən fənn aylığına həsr
etmişik. Bu, məktəblərimizdə, mən
deyərdim ki, hədsiz dərəcədə böyük həyəcana
səbəb olub. Bütün müəllimlərimiz
öz fənləri üzrə nümunəvi dərslər
keçirlər. Məsələn, bu ay bizdə xarici
dil aylığıdır, alman, rus dili müəllimləri
“açıq dərs”lər keçirlər, tədbirlər
hazırlayırlar, bədii qiraət gecələri təşkil
edirlər. Texnologiya aylığında
şagirdlər məktəbyanı sahədə ağac əkdilər,
yəni bu işə çox böyük həvəslə
yanaşırdılar.
– Yəni, bu
işlərdə həm müəllimlərin, həm də
şagirdlərin fəallığı özünü
göstərir?
– Bu kimi tədbirlər zamanı həm
müəllimlərdə, həm də şagirdlərdə
qarşılıqlı anlaşma, etimad münasibətləri
baş qaldırır, bir ailə mühiti yaranır.
Uşaqlar tək sinif yoldaşları ilə deyil, həm də
digər siniflərdə oxuyan həmyaşıdları ilə
bir sosial mühitdə tanış olur,
iş birliyi qurulur, komanda halında işləməyi öyrənirlər.
Onlarda komanda ruhu formalaşır, indidən, məktəb
yaşlarından onlarda layihələr işləmək
istedadı üzə çıxır.
– Siz 10 il əvvəl məktəbdən məzun
olmusunuz. Müəllimlərimizin dəyişdiyini hiss
edirsinizmi?
– Fərq çox böyükdür.
Hərdən deyirəm ki, kaş bizim vaxtda da
indiki tədris proqramı tətbiq olunaydı. Müəllimlər keçdikləri mövzular
üzrə slaydlar hazırlayır, internetdə müxtəlif
materiallar tapırlar. Uşaqların
kimya-biologiyadan olan reaksiyaları məktəbdə etmək
şansları daha yüksəkdir. Dərslərin
slaydlarla keçilməsi, elektron lövhədən istifadə
olunması, dərs vaxtı birbaşa internetə
çıxışın olması çox müsbətdir.
Bu həm də şagirdlərdə keçilən
dərsə xüsusi maraq yaradır. Onlar
çox həvəslidirlər, özləri təqdimatlar
hazırlayırlar. Məktəb dövründən
artıq şagird bilir ki, təqdimat necə olmalıdir, necə
araşdırma aparmaq lazımdır. Dərsdə
elektron resurslardan istifadə olunur. Şagirdlər
elektron dərslik portallarından da faydalanırlar. Düşünürəm ki, kaş mənim
oxuduğum dövrdə də informasiya bu qədər əlçatan
olaydı.
– Dərslərdə
iştirak edəndə hərdən sizdə elə bir hiss
yaranırmı, kaş mən də müəllim olaydım?
– Bəli. Bu yaxınlarda müəllimlərimizin dərsinə qatılmışdım. Onların mühazirələrini dinlədikcə, tətbiq etdikləri yenilikləri gördükcə, məndə bir həvəs yaranır ki… Özüm də istəyirəm ki, gedim araşdırım. Çünki bilirsən ki, sənun gördüyün işin bir faydası var. Sinifdə ən azı 20 uşaq olur və sən bilirsən ki, bu 20 uşağa təsir edə, onlarda motivasiya yarada, yönləndirə bilərsən. Elə bunun faydasını düşünmək insanda bir həvəs yaradır.
– Uşaqlarda hansı yaşdan tədqiqatçılığa
maraq aşılamağı düşünürsünüz?
– Bizdə ibtidai sinif müəllimləri var ki, şagirdləri qruplara ayırırlar və onlara mövzular verilir. Uşaqlar bir neçə gün ərzində kağızlar üzərində araşdırma edir. Yəni, birinci sinif şagirdlərinin hazırlaya biləcəkləri bir formada bu işi görməyə çalışırlar. 4-5 şagird bir yerə yığışıb komanda formasında həmin mövzunu təqdim edir. Bu, onlarda kiçik yaşlardan tədqiqatçılığa maraq yaradır, sinifdə olduğumuz zaman onların necə həvəsli olduğunu görə bilərik. Təkcə dərs gedişində deyil, həm də kənarda öyrəndiklərini başqaları ilə paylaşmağa, “Bunu mən elədim” deməyə can atırlar. Yəni, bu, onlarda həm də özünəgüvən hissini artırır. Situasiyaya, mövzuya hakim olduqlarını düşünürlər. Bu da onların digər dərslərinə da sirayət edir. Yəni, daha çox araşdırma, tapşırıq yerinə yetirməyə, layihə həyata keçirməyə həvəs yaradır. Bunlar bizim ibtidai siniflərdə tətbiq olunur.
– Şagird-müəllim münasibətləri sizi qane
edirmi?
– Müəyyən müqayisələr aparmaq olar. Bizim dövrdə uşaqlar daha çəkingən idi. Müəllimdən qorxurduq. Müəllim avtoritar idi. Sözümüzü, fikrimizı çatdırmaqda çətinlik çəkirdik. İndi belə deyil, uşaqlar öz fikirlərini rahat şəkildə izah edə bilirlər. Dərslər uşaqların istəyinə, səviyyəsinə uyğun bir şəkildə qurulur. Əvvəllər dərslər konkret proqrama əsaslanırdısa, hamıya eyni şəkildə yanaşılırdısa, indi daha fərqlidir, biliklər uşaqlara anlaya biləcəkləri şəkildə çatdırılır. İndiki uşaqlar daha yaradıcı, daha həvəsli, təşəbbüskardır. Məktəblərimizin çoxunda təklif və şikayətlər qutusu var. Şagirdlərin şansı var ki, öz təkliflərini verə bilsinlər. Bu təklifləri açıb oxuyanda çox maraqlı fikirlərlə qarşılaşırıq.
– Valideynlərlə işi necə qurursunuz?
– Məktəblərimizdə “açıq qapı” günləri var. Valideynlər həftənin şənbə günləri gəlib dərslərdə iştirak edə bilirlər. Bu, çox gözəl effekt verir. Dərsdən çıxandan sonra valideynlər deyirlər ki, indiki dərslərin belə maraqlı keçdiyini heç gözləmirdik. Məktəblərdə daim valideynlərlə marifləndirmə işləri aparılır. Məktəblərimizdə sıx-sıx valideyn iclasları olur. Buna ciddi nəzarət olunur ki, valideynlər məktəb həyatına cəlb olunsunlar. Təbii ki, bu üçlüyü – məktəb, valideyn, şagird – qorumaq bizim aktual məsələmizdir, buna çox böyük önəm verilir. Məktəblə mütəmadi əməkdaşlıq edən valideynlərimiz çoxdur.
– Sizin
üçün uğur formulu nədir?
– 2016-cı ildən məktəb həyatı ilə bağlıyam, gördüyüm qədər də biz günbəgün irəli gedirik. Çox böyük inkişaf yolu keçmişik. Bundan sonra da təbii ki, hədəflərimiz böyükdür, ona doğru gedirik. Şagirdlərimizin uğurları artır, onlar daha çox oxumağa həvəslidirlər. Hədəf qoyublarsa, ona nail olmaq niyyətindədirlər. Mənim düşüncə tərzim həmişə belə olub ki, hədəf varsa, ona çatmaq üçün mütləq əlindən gələni etməlisən. Yəni, bir-iki dəfə cəhd edirsən, 3-cüdə mütləq alınacaq. Çox çalışmaq lazımdır. Kimdənsə nəsə gözləmək ki, möcüzə olacaq, ona inanma. Ola bilsin ki, möcüzə olsun, lakin insan öz üzərində daim işləməlidir, hədəfinə fokuslanmalıdır. Daim çalışmalı və yaradılan bütün imkanlardan istifadə etməlidir. Durmadan əzmlə çalışmaq lazımdır, əsas budur.(Muallim.edu.az)
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2018.- 26 yanvar.- S.11.