Dinşünaslar pedaqoq kimi də
fəaliyyət göstərə biləcəklər
Ceyhun Məmmədov:
“Nə qədər diqqətlə seçilsə də, kənardan
gələn ədəbiyyatda bəzən problemlər
çıxır”
II hissə
Artıq öz dəst-xətti
olan bir institutdur. Tezliklə doktorantura pilləsində
də təhsil verməyə hazırlaşan Azərbaycan
İlahiyyat İnstitutunda, sadəcə, din xadimləri deyil, həmçinin
pedaqoqlar da hazırlanır. Gördükləri
işi layiqincə etməkdə də qərarlıdırlar.
Rektor Ceyhun Məmmədov “Azərbaycan müəllimi”
qəzetinə müsahibəsində keyfiyyətli təhsil
vermək, tarixinə, mədəniyyətinə, dilinə
bağlı insan yetişdirmək, zəngin
dünyagörüşü olan din xadimləri hazırlamaq
üçün göstərdikləri səydən
danışıb.
-
Heç də ənənəvi olmayan sahə üzrə
işlər aparan, cəmi bir ildir fəaliyyət göstərən
ali məktəbdə hansı ixtisaslar
üzrə hazırlıq görülür? Neçə
tələbəniz var?
- Bir
fakültəmiz var: İlahiyyat fakültəsi. Fakültədə
3 kafedra fəaliyyət göstərir:
İslamşünaslıq, Dinşünaslıq, Dillər və
ictimai fənlər kafedraları. Bakalavr səviyyəsində
İslamşünaslıq və Dinşünaslıq
ixtisasları üzrə 102 tələbə, 5 ixtisas üzrə
7 magistrant magistratura pilləsində təhsil alır.
Magistratura səviyyəsində İslamşünaslıq,
Dinin psixologiyası, Dinin sosiologiyası və
Dinlərin tarixi ixtisasları üzrə hazırlıq həyata
keçirilir. Magistraturada ixtisaslaşma
aparılmalı olduğu üçün bu pillədə
daha çox ixtisas üzrə hazırlıq həyata
keçirilir. Onlar gələcəkdə
həm də pedaqoji fəaliyyətlə məşğul
olacaqlar.
- Yəni,
institutun verdiyi təhsil pedaqoji fəaliyyətə imkan
yaradır?
-
Qarşımızdakı məqsədlərdən biri də
məhz budur ki, məzunlarımız pedaqoq kimi də fəaliyyət
göstərsinlər. Bildiyiniz kimi, ölkə ali
məktəblərinin bir çoxunda Dinşünaslıq,
Dinlərin tarixi tədris olunur.
Akademiya sistemində mütəxəssislərə
ehtiyacımız var.
Dinşünasların həm də pedaqoq kimi
hazırlanması nəzərdə tutulub. Belə bir
planımız da var ki, dinşünas pedaqoq ixtisası üzrə
ayrıca hazırlıq təşkil edək.
“Şikayətlərin
olmaması institutda qurulan sistemin nəticəsi idi”
- Bir ali
təhsil müəssisəsi olaraq ilk imtahan sessiyasını
başa vurdunuz. Nəticələrinizi necə dəyərləndirirsiniz?
- İlahiyyat İnstitutunda imtahana çox fəal
hazırlıq prosesi keçdik. İmtahanlarla
bağlı qərarların hamısında kollektiv iştirak
etdi. Əvvəlcə müəllimlərin
iştirakı ilə Elmi Şuranı topladıq. İmtahanların hansı formada keçiriləcəyi
də həmin toplantıda geniş müzakirə olundu və
yekdil qərar verildi. Tələbələrin
bilik və bacarıqlarının yoxlanılmasında
yazılı imtahanlara üstünlük verilsə də, fənlərdən
asılı olaraq, həm də şifahi imtahan və testlə
sınanmalar məqbul sayıldı. İmtahanların
şərtlərinə, qaydalarına qərar verildikdən
sonra bu barədə tələbələrə də məlumat
çatdırıldı. Keçirilən
növbəti toplantıda onlara imtahan qaydaları,
qarşılarına qoyulan şərtlər
açıqlandı. İmtahanlarda
operativliyi, çevikliyi təmin etmək, şəffaf imtahan,
obyektiv qiymətləndirməni həyata keçirmək
üçün qərargah yaratdıq. Prosesdə
baş verə biləcək problemləri həll etmək,
müraciətləri dəyərləndirmək, ədaləti
bərqərar etmək üçün Apelyasiya Şurası
formalaşdırdıq. Hazırlıq imtahan başlayan
günədək tamamlandı və yanvar ayının 7-də
2018-2019-cu il payız semestrinin qış
sessiyasına, yəni Aİİ-nin bir institut kimi ilk imtahan
sessiyasına start verdik. Yanvarın 31-dək
davam edən bu prosesdə ictimaiyyət nümayəndələrinin
də fəal iştirakını təmin etdik. Bu məqamda bir məsələni də qeyd etmək
istərdim. İnstitutun
yarandığı ilk gündən media ilə sıx əməkdaşlıq
qurmuşuq və bu ənənəyə hazırda da sadiqik.
İnstitutda baş verən hər bir yenilik
gecikdirilmədən ictimaiyyətə ötürülür.
Rektor olaraq otağımın qapısı həmişə
açıqdır. Tələbələr
istənilən vaxt yaxınlaşıb sözünü deyir.
Elə imtahan dövründə də yaranan
narazılıqlarla şəxsən maraqlandım, şikayəti
olan tələbələri qəbul etdim, mübahisəli məsələləri
onlarla araşdırdıq və vaxtında aradan
qaldırdıq.
Aİİ-də rektora müraciət hər hansı
narazılığı bildirməyin yeganə yolu deyil. İmtahan
günlərində tələbələrə şikayətlərini
bildirmələri, fikirlərini, təkliflərini rəhbərliyə
çatdırmaları üçün hər cür şərait
yaradılmışdı. İmtahan gedəcək
otaqlarda bu məqsədlə ayrıca qutular yerləşdirilmişdi.
Tələbələrin şəxsən
müraciətlərində hər hansı əngəl
olmadığından və onlara rektorla istənilən
problemi müzakirə etmək imkanları
yaradıldığından auditoriyalara qoyulan qutulara müraciət
edən, şikayət məktubu atan olmadı. Qürurla qeyd etməliyəm ki, imtahan sessiyasında
ciddi şikayətlərin olmaması əvvəldən
institutda qurulan sistemin nəticəsi idi. Bu sistemdə tələbə
istənilən vaxt istənilən rəhbər şəxsin
qəbulunda ola bilir. Ancaq bu,
yeganə faktor deyil. Başqa bir amil də
Azərbaycan İlahiyyat İnstitutunda müəllimlərin
işə müsahibə yolu ilə qəbul edilməsidir.
Buna baxmayaraq, payız sessiyasında tələbələrin
bilik və bacarıqlarını yoxlamazdan əvvəl
institutumuzda müəllimlərlə bağlı tələbələrin
rəyi öyrənildi. Semestrin sonuna
doğru sorğular keçirdik. Tələbələrin
fikrini, təkliflərini, müəllimlərə münasibətlərini
həmin sorğular əsasında müəyyənləşdirdik.
- Müəllimlər
buna etiraz etmədi?
- Qətiyyən.
Əksinə, onlar bu barədə əvvəlcədən
məlumatlıydılar. Müəllim
olaraq işə götürülərkən şərtlərimizə
uyğun gələn namizədlərə xəbərdarlıq
edilmişdi ki, tələbələr arasında keçirilən
sorğularla onların verdiyi təhsilin keyfiyyəti
ölçüləcək.
-
Sorğuda nəyi öyrənməyə
çalışırdınız?
- Müəllimin
davranışından tutmuş fənn biliklərinədək,
bunu tələbələrə necə çatdırması
ilə bağlı hər bir amili. Sorğu
anketlərində 23 sual qoyulmuşdu. Həmin
suallara cavab əsasında qiymətləndirmə
aparıldı. Bu sorğunun nəticəsi
olaraq, bir müəllimlə bağlı araşdırma
aparıldı.
-
Araşdırmanın nəticəsi necə oldu?
- İnstitutun aidiyyəti şöbələri müəllimlə
görüşdü. Kafedra müdiri müəllimin dərsində
oturdu. Müəllimə tədris prosesinin
təkmilləşdirilməsi ilə bağlı məsləhətlər
verildi. Artıq problemlərimizin
qalmadığını əminliklə deyə bilərəm.
-
Ümumiyyətlə, müəllimlərlə bağlı
sorğuların nəticələrinin təhlili nə
göstərdi?
-
Sorğuların nəticəsi olaraq elə bir ciddi problem
ortaya çıxmadı. Sadəcə metodologiyada fərqlər
ola bilər və biz də bunu vaxtında
müəyyənləşdirməyə
çalışırıq.
- Deməli,
müəllim seçiminizdə yanılmamısınız?
- Əlbəttə, yanılmamışıq. Bütün
müəllimlər üzərlərinə düşən vəzifələrin
öhdəsindən maksimum gəlməyə
çalışırlar. Mən
xüsusilə vurğulamaq istəyirəm ki, dərslər
ingilis və ərəb dillərində sərbəst şəkildə
mühazirə oxuya bilən, öz sahəsində dərin
akademik biliyə malik olan alimlər tərəfindən
aparılır. Onların arasında Azərbaycanla
yanaşı, Türkiyə, Böyük Britaniya, ABŞ,
İran, Suriya və Portuqaliya kimi dünyanın müxtəlif
ölkələrində akademik fəaliyyətlə məşğul
olmuş elm adamları var.
-
Artıq magistratura səviyyəsi üzrə təhsil
verirsiniz. Müsahibənizin əvvəlində
(buradan bax: https://www.muallim.edu.az/news.php?id=4912) qeyd etdiniz ki,
növbəti tədris ilindən Aİİ bakalavr və
magistratura pillələri ilə yanaşı, doktorantura səviyyəsində
də təhsil verə biləcək. Bu barədə
Nazirlər Kabinetinin müvafiq qərarı da var. Tələbə
sayının artacağı gözləniləndir. Bəs, ixtisasların sayını necə,
artırmağı düşünürsünüzmü?
- Bəli,
ixtisasla bağlı da planlarımız var.
Düşünürük ki, yəhudilik və xristianlıq
üzrə kadr hazırlığını həyata
keçirək. Amma bu, növbəti tədris
ilinin planı deyil. Qarşıdakı illərdə
reallaşdıracağımız planlar
sırasındadır. Müxtəlif
ölkələrdə fərqli modellər var. İslam
iqtisadiyyatı, Xarici dillər, Jurnalistika ixtisasları üzrə
tədris aparan dini mərkəzlər, məktəblər,
universitetlərin təcrübəsi ilə də
maraqlandıq. Amma İlahiyyat İnstitutu
hazırda konkret olaraq ilahiyyat ixtisası üzrə kadr
hazırlayır. Ən böyük
üstünlüklərimizdən biri odur ki, bu istiqamətdə
hazırda tədris prosesini həyata keçirə biləcək
kadrlarımız kifayət qədərdir.
- Din
xadimi olmaq istəyənlər harada fəaliyyət göstərirlər?
İnstitut tələbələri
üçün təcrübə sahəsi sadəcə dini
ibadətgahlardır?
- Əlbəttə ki, yox, məscidlər,
kilsələr, sinaqoqlar öz yerində. Ancaq tələbələrimiz
ixtisaslarına uyğun olaraq Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsində, AMEA-nın müxtəlif
institutlarında, ali təhsil müəssisələrində
təcrübə keçəcəklər.
-
Maraqlıdır, İlahiyyat İnstitutunu bitirən şəxs
dini kitabların hamısını - “İncil”i,
“Tövrat”ı “Qurani-Kərim” kimi dərindən mənimsəyəcək,
yoxsa nəyi hansı səviyyədə mənimsəməsi
ixtisasından asılı olacaq?
- Daha
çox ixtisasından asılı olacaq. Artıq qeyd etdiyim
kimi, bakalavr üzrə hazırda iki ixtisas üçün
kadr hazırlığı həyata keçirilir:
Dinşünaslıq və İslamşünaslıq.
İslamşünaslıq sırf islam
üzrə mütəxəssislərin yetişdirilməsi
üçündür. Təbii ki,
islamşünaslara da digər dinlərlə bağlı
ümumi məlumat veriləcək. Amma onlar əsasən
islam elmləri sahəsində
ixtisaslaşıb püxtələşəcəklər. Dinşünaslıq ixtisası üzrə təhsil
alanlar isə bütün dinləri geniş şəkildə
öyrənəcək. Bu ixtisas üzrə
təhsil alanlar həm islamı, həm xristianlığı,
həm də yəhudiliyi yaxşı səviyyədə bilməli,
onların kitabını mənimsəməlidirlər.
Bizdə bir fənn var: Müqəddəs kitabların
müqayisəsi. Orada bütün dini kitablar
haqqında geniş şəkildə məlumat verilir. Hesab edirik ki, dinşünasların bu biliyə yiyələnməsi
olduqca vacibdir. Axı onlar gələcəyin
dinşünaslarıdır.
Dinşünas isə yalnız islamın deyil,
xristianlığın və yəhudiliyin də
ehkamlarını, dəyərlərini, kitablarını bilməlidir. Bunun
üçün də əlimizdən gələni edirik.
Sadəcə, tədris prosesinin təşkili ilə
kifayətlənmirik. Müəllimlərin
keyfiyyətli təhsil vermələri və tələbələrimizin
onlar üçün qaranlıq qalan mövzularla bağlı
əlavə bilik, məlumat, hətta dərs almalarını
təmin edirik.
Qeyd
etdiyim kimi, bu məsələdə müəllimlərimizdən
tələb və
gözləntilərimiz çox
böyükdür.
- Bu
gözləntilərinizi doğrulda bilirmi pedaqoji heyət?
- Müəllimlərimiz
tələbələrin mövzunu daha yaxşı mənimsəməsi
üçün onlara əlavə dərslər verməyə,
suallarını istənilən vaxt cavablandırmağa
çalışırlar. Tələbələr
arasından öz ixtisasları üzrə fərqlənənləri
seçib xüsusi yetişdirmələri üçün hər
birinə tövsiyələrimiz olub. Bir
sözlə, tələbələrlə işimizi bir
neçə istiqamətdə qurmuşuq. İstiqamətlərdən
biri də odur ki, institutda davamlı olaraq seminarlar, treninqlər
keçiririk. Bununla tələbələrimizin
fəallığını da təmin edirik. Layihələrimizdən
biri sırf tələbələr
üçün nəzərdə tutulub. Tələbə
seminarlarında uşaqlarımızın əksəriyyəti
fəallıq göstərir. Bu layihədə
bir tələbəmiz mövzu seçib araşdırır,
həmin mövzuda təqdimatla öz tələbə
yoldaşları qarşısında çıxış
edir. Tələbə arzu edərsə, həmin
dərsə müəllimi də qatılır. Bu layihənin effektiv nəticələri də var.
Dinimizi də
öyrənirlər, tariximizi, mədəniyyətimizi də...
-
Sorağınız tez-tez ayrı-ayrı bölgələrimizdən
gəlir...
- Bəli,
layihələrimizdən biri tələbələrimiz
arasında vətənpərvərliyin təbliğinə xidmət
edir. Gənclərimizə qəhrəmanlıq
ruhunun aşılanması, Azərbaycan bölgələrinin
tanıdılması məqsədi ilə müxtəlif ərazilərimizdə
olan xalqımızın qəhrəmanlığını,
tarixini anladan yerlərə, o cümlədən dini ibadət
yerlərinə səfərlər təşkil edirik. Bu günlərdə tələbələrimizin və
kollektivimizin 31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar Quba
rayonuna səfərini həyata keçirdik. Qubada fəaliyyət
göstərən “Səkinə xanım”, “Cümə məscidi”,
“Ərdəbil”, “Hacı Cəfər” məscidlərini ziyarət
etdik. Azərbaycandakı Dağ Yəhudiləri
Dini İcmasının sədri Milix Yevdayevin müşayiəti
ilə Qubada yerləşən “Qırmızı qəsəbə”yə
baş çəkdik. Aİİ heyətinə
yəhudilərin adıçəkilən qəsəbədə,
həmçinin Azərbaycanda məskunlaşması tarixi,
ölkəmizdəki multikultural mühit və tolerantlıq ənənələri
haqqında ətraflı məlumat verildi. Kollektivimiz bu səfər
zamanı “Giləki” və “Altı günbəz” sinaqoqları
ilə yaxından tanış oldu. Sinaqoqların birində Yəhudi Mədəniyyət
Mərkəzi fəaliyyət göstərir. Bizə bu Mərkəz haqqında da ətraflı məlumat
verildi. Əvvəlki səfərlərimizdə
isə Avropa və gürcü yəhudiləri sinaqoqunda
olmuşuq. Cocuq Mərcanlıya
getmişik. Hətta qeyd edim ki, qəsəbəyə
kollektiv gedən ilk təhsil müəssisəsi biz idik.
Qəbələnin Nic
kəndində, Şamaxı rayonunda olduq.
- Elə
Bakıda da tədbirləriniz az olmur...
- Elədir.
Əlamətdar günlərlə bağlı
Bakıda çoxsaylı tədbirlər keçiririk. Həftə ərzində müxtəlif tarixi-fəlsəfi
mövzularda seminarlarımız olur. Adətən,
həftənin cümə günləri keçirilən belə
seminarlarda aktual olan, ölkəmiz, onun tarixi, mədəniyyəti
ilə bağlı Azərbaycanın ayrı-ayrı alimlərinin
konkret mövzu ətrafında çıxışı dinlənilir.
Maraqlı layihələrimizdən biri də “Oxu” layihəsidir. Bu layihəyə
əsasən bir kitab müəyyənləşdirilir. Yəni, xarici və ya yerli müəllif
olmasından asılı olmayaraq, hər hansı müəllifin
bir kitabını seçirik. Tələbələr
kitabı oxuduqdan sonra onun birgə müzakirəsi təşkil
edilir. Müzakirələr o qədər maraqlı
keçir ki... Müzakirələrin sonunda fərqlənənləri
mükafatlandırırıq. Bu yolla tələbələrimizə
bədii ədəbiyyat oxumağı da təşviq edirik.
Açıq
rəfdən elektron kitabxanaya
-
Kitabxanada vəziyyət necədir? Tələbələrinizin
tələbatını ödəyə bilirmi?
- İnstitut kitabxanasında 12 minə yaxın əsər
mövcud idi.
Hamısı dinlə, islamla bağlı ədəbiyyat
idi. Son vaxtlar müxtəlif qurumlarla - Mərkəzi Elmi
Kitabxana, M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanası, universitetlərlə danışıb xeyli
bədii kitablar əldə etmişik. Kitabxanamızı
zənginləşdirmək üçün keçirdiyimiz
“Hərəyə bir kitab” kampaniyasına qoşulan bəzi
alimlər təşəbbüsümüzə müsbət
cavab verərək bizə kitablar gətirdilər. Kitabxanamızı başqa dillərdə, fərqli
mövzularda olan ədəbiyyatla zənginləşdirdik.
Artıq kitabxanamızda 15 mindən artıq
kitab var.
- Bəs,
elektron kitabxana varmı və ondan istifadə hansı səviyyədədir?
-
Kitabxanamıza Misirdən 10 min elektron kitab daxil olub. Burada hələlik
beş kompüter internet şəbəkəsinə
qoşularaq tələbələrin ixtiyarına verilib. Tələbələrimiz həmin kompüterlərdən
istifadə edərək elektron kitabxananın verdiyi imkanlardan
yararlana bilirlər. Ancaq həmin kitabxanaya hələlik
yalnız təhsil müəssisəsindən
çıxış var. Hazırda proqram üzərində
iş gedir. Həmin proqram imkan verəcək ki,
tələbələrimiz instituta gəlmədən də
kitabxanamızdakı əsərlərdən istifadə edə
bilsin. Əvvəlcə açıq rəf
sistemi mövcud idi. Bu sistem yeni sistemdən
fərqlənirdi. Artıq kitabxana təzə
sistemlə qurulacaq.
Kitabxananın üstünlüyü ondan ibarətdir ki,
burada ana mənbələr, ərəb və türk dillərində
qaynaqlar var.
- Tələbələriniz
dini ədəbiyyat sıxıntısı hiss edirlərmi?
- Çalışırıq hiss etməsinlər. Ölkəmizdə ən aktual məsələlərdən biri dini ədəbiyyata ehtiyacın olmasıdır. Hazırda dərsliklərimiz üzərində işləyirik. İstəyirik ki, bütün fənlər üzrə dərsliklərimiz olsun. Əski əlifba ilə yazılan ədəbiyyatlarımız var. Onların latınqrafikalı Azərbaycan əlifbası ilə yazılması üzərində iş gedir. Dini terminlər lüğəti hazırlayırıq. Nəşr olunmuş dini kitablar üzərində işləyirik. Dini ədəbiyyatın dili, məzmunu, əhatə etdiyi məsələlərlə bağlı zaman-zaman müxtəlif məsələlər ortaya çıxır. Bununla əlaqədar olaraq öz müəllimlərimiz, müəlliflərimiz var. İşimizi elə qurmağa çalışırıq ki, kitablarımızı özümüz çap edək. Nə qədər diqqətlə seçilsə də, kənardan gələn ədəbiyyatda bəzən problemlər çıxır.
(Ardı var)
Ruhiyyə
DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2019.-
5 aprel.- S.5.