Onlayn təhsil bazarı
Universitetə
getmədən keyfiyyətli ali savad almaq
mümkündürmü?
Cənubi
Nyu-Hempşir Universiteti (SNHU) ABŞ-ın onlayn-təhsil sahəsində
öndə gedən müasir ali məktəblərindəndir.
“Forbes” yazır ki, bu ali məktəb onlayn yolla 135 min nəfərə
təhsil verir və tezliklə büdcəsini 1 milyard dollara
çatdırmaq niyyətindədir. Düzdür, verilən təhsilin
səviyyəsi hamını qane etmir, bununla belə, fakt
faktlığında qalmaqdadır: ali məktəb Amerika
bazarının ən iri oyunçularından biri hesab olunur.
Qəzetimizin səhifələrində
onlayn-təhsil mövzusuna dəfələrlə toxunulub.
Bugünkü reallıq belədir ki, Qərbdə məsafədən
təhsil xidməti olmayan ali məktəb nüfuzlu sayıla
bilməz. Demək olar ki, əksər tanınmış
universitetlərin onlayn-təhsil kursları mövcuddur. Bu, sadəcə
nüfuz və reputasiya məsələsi deyil, həm də
bir biznesdir. Onlayn-təhsilin biznes olduğunu Cənubi
Nyu-Hempşir Universiteti bütün
çılpaqlığı ilə sübut edir.
Tikiş fabrikində
ali məktəb
İnanmayacaqsınız, ancaq bu universitet köhnə tikiş fabrikinin binasında “məskunlaşıb”. Universitetdə səsli-küylü tələbələri görmək istəyəcəksinizsə, əbəs yerə cəhd etməyin. Tələbə nə gəzir? Görə biləcəyiniz mənzərə yalnız bu ola bilər: Mançester şəhərciyinin yaxınlığındakı Marrimak çayının sahilində yerləşən köhnə fabrikin içində sıra ilə düzülmüş boz kabinələr. Universitet müəllimlərinin iş yeri məhz bu kabinələrdir. Nə az, nə çox - düz 1700 müəllim eyni anda dünyanın müxtəlif istiqamətlərinə onlayn-kurs keçirlər. Bu da sizin ali məktəb! “Bizim məqsədimiz təhsilin “Nordstrom”u (Amerikada yüksək servisli bahalı mallar satan dükanlar şəbəkəsi-red) olmaqdır” - deyə universitetin 61 yaşlı prezidenti Pol Leblan bəyan edir.
Fəhlə miqrant ailəsinin övladı, ingilis dili müəllimi işləmiş Leblan SNHU-nun ikinci dəfə həyata vəsiqə qazanmasının memarıdır. Leblan iki mühüm cəhəti hesabına onlayn-universiteti milyardlıq layihəyə çevrilməyi bacarıb: texnologiyalara maraq və rəqiblərin ən yaxşı cəhətlərinin mənimsənilməsi. O, kommersiya kolleclərinin gen-bol istifadə etdikləri reklam kampaniyalarından yararlanmaq siyasəti həyata keçirir. İllik büdcənin təqribən 20%-nin reklama sərf edilməsi nəticəsində universitet onlayn-tələbələrinin sayını bir neçə dəfə artırmağa müvəffəq olub. SNHU-nun qeyri-ənənəvi demoqrafik siyasəti var: müştərilərin 37%-i 24 yaşdan yuxarı olan amerikalılardır. Onların əksəriyyətinin işi və ailəsi var, bu səbəbdən ənənəvi universitetdə oxuyub kampusda yaşamaqdansa, Leblanın təklif etdiyi onlayn-təhsilə üstünlük verirlər. Bu ali məktəbdə saat hesabına dərs deyən müəllimlərin sayı 6000 nəfərə çatır, hərçənd onların aldıqları məvacib ABŞ reallıqları üçün o qədər də böyük məbləğ deyil: bir kursa 2200 dollar.
Leblanın biznes-düsturunda maddi qazanc təhsilin səviyyəsi amilini üstələyir, məhz buna görə də tələbələrin sayının dayanmadan artırılması qarşıya qoyulmuş hədəfdir.
Bu səbəbdəndir ki, ali məktəbə daxil olmaq üçün mövcud tələblər nəinki sərt deyil, bir çoxları, elə bizim üçün də gülüncdür: məktəbdən verilən attestat ali məktəbə daxil olmaq üçün yetərli sənəd hesab olunur.
“Tələbə tək tələbə deyil, həm də müştəri olmalıdır” - deyə Leblan söyləməyi sevir. Gələcək abituriyentlərin işləri ilə məşğul olan komissiyada 300 mütəxəssis çalışır. Təsəvvür edin ki, hər hansı potensial tələbə SNHU-ya müraciət edəndən cəmi 5 dəqiqə sonra onunla ünsiyyətə girirlər.
Kommersiya baxımından Leblanın layihəsi
çox uğurludur. Qiymətlərin 2011-ci ildən bu yana
qalxmadığını nəzərə alsaq, bir tələbə
üçün 4 illik təhsilin qiyməti təqribən 40
min dollardır. Deyəcəksiniz bahadır,
ancaq ali məktəb 24%-lik rentabelliklə işləyir.
2003-cü ildə Leblan universitetin rəhbərliyinə gələndə
Cənubi Nyu-Hempşir 2800 tələbəsi olan
üçüncü dərəcəli biznes-məktəb
idi. İndi isə Amerikanın iri onlayn-ali məktəblərindən
biridir. Nəzərdən
qaçırmayaq ki, büdcəyə heç bir ianə
daxil olmur, ali məktəb özünün halal qazancı
hesabına yaşayır. 2020-ci ilə olan plan belədir: 1 milyard dollarlıq
büdcə, 60 milyon dollarlıq gəlir, 300 min tələbə.
İndi gələk əsas məsələyə -
SNHU-nun verdiyi diplomun keçərliliyinə. Universitet nə
məzunlarının məşğulluq sahələri, nə
də reytinqlərdəki yeri ilə öyünə bilməz.
İllik reytinqlərdə SNHU-nu ABŞ-ın ən nüfuzlu
650 ali məktəbi arasında
gördüm deyən yoxdur. Ancaq bu, Leblan üçün dərd
deyil: “Mənim üçün əsas məqsəd status pilləkənləri
ilə yuxarı dırmaşmaq deyil”. Bununla belə,
reytinqləri kənara qoyub federal hökumətin “College
Scorecard” agentliyinin statistikasına baxsaq, görərik ki, vəziyyət
o qədər də ümidsiz deyil. Belə ki, SNHU-nun məzunlarının
təhsili bitirdikdən sonrakı 10 il ərzində
orta illik qazancları təqribən 45400 dollardır. Müqayisə üçün qeyd edək ki,
Nyu-Hempşir Universitetinin əsas kampusunun məzunlarının
bu göstəricisi 51400 dollar təşkil edir. Yəni fərq o qədər də böyük
deyil.
Ali təhsildə fermer ruhu
Leblanın uşaqlığı Nyu-Bransuik
yaxınlığındakı Geytons adlı kənddə
keçib. Ailəsi kənddə olan 16 fermadan birində
yaşayıb. Anası kiçik bostana və
bir inəyə baxır, atası isə yaşadıqları
yerdən 27 saatlıq yolda olan hərbi bazalardan birində
işləyirmiş. Bir müddət sonra əmisinin
məsləhəti ilə 4 qardaşı, bir bacısı və
valideynləri ilə birlikdə Massaçusetsə
köçürlər. Atası tikintidə,
anası fabrikdə işə düzəlir, axşamlar
imkanlı adamların evini yığışdırır.
Özünün danışdığına
görə, vaxtı olmadığından anası Leblanı
yığışdırdığı evlərin
kitabxanalarında oturdub, uşaqlar üçün kitablar
oxumağı tapşırırmış. Bacı və qardaşlarının müxtəlif sənət
arxasınca getmələrinə baxmayaraq, Pol yoldaşları
ilə birlikdə Vestfild Kollecinə daxil olur. “Mən qəflətən təhsilə yeni gözlə
baxmağa başladım” - deyən Leblan kollecdə bir semestrə
5 illik ingilis dili kursunu keçməyə müvəffəq
olur. Yayda işləyib təhsil haqqını ödəyən
P.Leblan 1982-ci ildə Boston Kollecində ingilis dili üzrə
magistr, 8 il sonra isə Massaçusets
Universitetində ritorika, kompozisiya və texnologiya üzrə
Ph.D dərəcələrinə yiyələnir. Doktor dərəcəsini o, Sprinqfild Kollecində dərs
deyərkən alıb. Artıq o vaxt dəftər-kitabla
dərs deyən mühafizəkar həmkarlarından fərqli
olaraq qulağında sırğa, saçları isə
çiyninə düşən Leblan yüksək
texnologiyaların pərəstişkarına
çevrilmişdi. Müxtəlif
konfranslarda çıxış edən Pol auditoriyanı
inandırmağa çalışırdı ki, dərsliklərin
müəllifləri rəqəmsal texnologiyalara diqqət
yetirməlidirlər.
Leblanın məsləhətlərinə ilk
reaksiyanı “Houghton Mifflin” verir. Nəşriyyat 1993-cü ildə onu
işə götürür, Pol isə öz növbəsində
sonralar “Google Docs”un ilkin versiyası kimi qələmə
verilən softun işlənib hazırlanmasında
başlıca rol oynayır. Əməkdaşlığın
üçüncü ilində ona o qədər böyük əməkhaqqı
təklif olunur ki, özünün dediyinə görə,
yatsa, yuxusuna girməzdi. “Ancaq mən həmişə
özümü universitetdə daha rahat hiss etmişəm,
düşünmüşəm ki, tələbələrlə
tələbələr üçün çalışsam,
daha böyük uğurlar əldə edərəm”, - deyə
Leblan xatırlayır.
Ucuz ideyalar və texnologiya
1996-cı ildə Leblanı Marlboro Kollecinin prezidenti vəzifəsinə
təyin edirlər. Kollecin vəziyyəti o qədər də
qənaətbəxş olmur, illik abituriyent qəbulu 300 nəfər
həddinə düşür. Pol gəlir
və 1 milyon dollarlıq kredit götürür. Sonra elə bir effektiv yığım kampaniyası
keçirir ki, məktəbin büdcəsinə 44 milyon
dollarlıq ianə daxil olur. Bax, elə bu
an o, təsisçilərə onlayn-kursların perspektivləri
barədə vədlər verir, ancaq razılıq ala bilmir.
Kollecin sahibləri hesab edirlər ki, onlayn təhsil
müəllimlərlə tələbələr arasında
sıx münasibətlərin qurulması üçün yetərli
olmayacaq. 2000-ci ildə kollecin prezidenti nəticəsiz
cəhdlərdən boğaza yığılaraq işi tərk
etmək qərarına gəlir. Xoşbəxtlikdən
Cənubi Nyu-Hempşir Universitetinin yeni rəhbər
axtarması barədə xəbəri eşidir. Bu ali məktəbin əsası 1932-ci ildə
mühasiblər və ştat katibləri məktəbi kimi
qoyulmuşdu. II Dünya müharibəsi illərində
tələbələrin əksəriyyəti Mançesterdəki
hərbi-hava qüvvələri bazasında xidmət
keçir və burada çap, işgüzar yazışma və
riyaziyyatdan təhsil alırdılar. 1950-ci
illərin əvvəllərində vəziyyət o həddə
çatır ki, məktəbdə cəmi 25 nəfər təhsil
alır. Ancaq hərbçilər
üçün nəzərdə tutulmuş peşəkar
hazırlıq proqramları hesabına məktəbin tam
süquta uğramasının qarşısını almaq
mümkün olur. Məktəb
adını dəyişib əvvəl olur Nyu-Hempşir
Kolleci, sonra isə Cənubi Nyu-Hempşir Universiteti.
Leblanın bəxti onda gətirir ki, ideyalarının
hamısı universitet təsisçiləri tərəfindən
bəyənilir. Şuranın tərkibinə daxil olan
köhnə dostu Kleyton Kristensenin bu işdə xüsusi xidmətləri
olur. Onlar Bostondakı kilsələrdən birinin zirzəmisində
keçirilən basketbol oyunu zamanı tanış
olmuşdular. Sonra Kristensen Harvard Biznes Məktəbində
müəllim vəzifəsinə düzəlir və
“Dağıdıcı innovasiyalar” konsepsiyasına müəlliflik
edir. Kristensen hesab edirdi ki, ucuz ideyalar texnologiyalar vasitəsilə
bütün təhsil bazarını alt-üst edə bilər.
2013-cü ildə “Nyu-York Tayms” qəzetində
yazı ilə çıxış edən Kristensen iddia edirdi
ki, yaxın 10-15 ildə onlayn-kurslar kolleclərin dörddəbirinin
bağlanmasına səbəb olacaq. 2017-ci
ildə o, bu proqnozunu daha da inkişaf etdirərək bildirir
ki, yaxın illərdə ABŞ-da fəaliyyət göstərən
3900 kollecin tən yarısı müflis olacaq. Bu qənaətlə
Leblan da razıdır: “Ənənəvi universitetlərin
çoxu yaşlı abituriyentdən qaçır. Uzaqgörən menecer isə onların
hamısını onlayn-kurslara cəlb edir”.
Leblan bütün sistemi dəyişməyə müvəffəq
olur. Qəbul komissiyasına o, 160 əlavə əməkdaş
cəlb edir ki, onların əsas işi gələcək tələbəyə
təhsil haqqı üçün pul tapmaq olur. Təsəvvür edirsinizmi?
Yanaşma
dahiyanədir: gəl oxu, təhsil haqqını biz sənə
taparıq.
Məsələn,
ali məktəbin tələbə
kontingentinin 15%-ni təşkil edən hərbçilər
üçün hökumət bonusları əldə edilir. Tələbələrə akademik məsləhətçilər
təhkim edilir. Kim proqramdan geri qaldı, dərhal
dəstək hiss edir, pulsuz onlayn-kurslara cəlb olunur. 2009-cu ilin maliyyə böhranına baxmayaraq, Leblan təsisçilərdən
reklam üçün əlavə 4 milyon dollar alır.
Televiziya kanallarında yayımlanan 30 saniyəlik reklam
çarxları hesabına 4 milyonluq borc 11 milyonluq gəlirə
çevrilir, 8 ilə tələbələrin sayı 125 min nəfərə
çatdırılır.
Onlayn təhsilin lokomotivi
Bu status Leblan üçün yetərli deyil. İndi o, müştəriyə
iki layihə-təklif təqdim edir: daha sıx zaman kəsiyinə
daha ucuz onlayn-kurslar (CBE) və bir neçə ilə
alınan dərəcə əvəzinə bir neçə
aya verilən sertifikat. Statistika göstərir
ki, hər iki variant müştərilər arasında
populyardır. SNHU CBE üçün hər
6 aylıq sessiyaya 2500 dollar alır. Bu
müddət ərzində tələbələr ürəkləri
istədiyi qədər kurs götürə bilərlər.
Kursların qiyməti çox
aşağıdır, çünki müəllimin saatı
30 dollara başa gəlir, özü də tələbə
ona yalnız ehtiyac duyanda müraciət edir. Məsələn,
“College for Amerika”nın tələbələri
4 sessiyaya bakalavr dərəcəsi alırlar. Qiyməti
də 10 min dollar. Leblan hesab edir ki, bu
yanaşma xüsusilə yaşlı şəxslər
üçün sərfəlidir. Çünki
ailə şirkətlərində işləmiş və
maliyyəni özü öyrənmiş abituriyentlər CBE
vasitəsilə maliyyə uçotu imtahanı verə bilərlər.
Bu imkan digər tərəfdən işəgötürənlər
üçün də sərf edir. İşçisinin
bilik və bacarığını artırmaq istəyən
şirkət sahibi qısa zaman kəsiyində ucuz pula başa
gələn və işçini işindən çox
ayırmayan kursların haqqını həvəslə ödəyir.
SNHU-nun ilk korporativ müştərisi olan “Anthem”
sığorta nəhəngi 2015-ci ildən bu yana
450 əməkdaşını onlayn-kurslara göndərib. Hazırda daha 1000 nəfərin kurs haqqını
ödəmək niyyətindədir. Bu,
olduqca böyük miqyasdır, təsəvvür edin ki,
SNHU-nun “Anthem” kimi 120 korporativ müştərisi var.
CBE-nin tənqidçiləri də yox deyil. Məsələn,
Qərbi Vaşinqton Universitetinin tarix müəllimi Cohan Nim bu
layihəni “ikinci növ təhsil” adlandırır. Onun fikrincə, bu kurslara müraciət edənlər
aşağı gəlirli ailələrin nümayəndələridir.
Onlayn-kurslar bu şəxslərin nə vaxtsa fəlsəfədən
tutmuş incəsənət tarixinədək fənlərə
dair fundamental informasiya əldə etmək imkanlarının
üzərindən xətt çəkir. CBE müəllimlərin
gördükləri işin yalnız bir aspektini ehtiva edir: qiymətləndirmə.
Bu isə sadə və natamam yoldur. Leblan təbii
ki, Nimin dedikləri ilə razı ola bilməz:
“O, ənənəvi universitetlərdə baş verənləri
həddindən artıq romantikləşdirir. Bu,
əsl elitizm təzahürüdür. Başa
düşmək lazımdır ki, amerikalıların
böyük əksəriyyəti özünü təhsilin
hazırkı modelində görmür”.
Ənənəvi təhsil sisteminə inadkarlıqla
müxaliflik etməsinə baxmayaraq, P.Leblanın hər iki
qızı ənənəvi universitet təhsili alıb. Hər ikisi
Braun Universitetində bakalavr dərəcəsinə yiyələnib.
Biri Stenfordda elm və texnologiya tarixi üzrə
doktor dərəcəsi almağa hazırlaşır, digəri
isə Oksfordda antropologiya üzrə magistr və doktor dərəcəsi
almağa müvəffəq olub. Bu faktı Leblana
xatırlatdıqda, əhvalını pozmur və deyir:
“Düşünmürəm ki, onların seçdikləri
yol mənim təklif etdiklərimlə ziddiyyət təşkil
edir. SNHU-ya gələn tələbə yaxşı iş
yeri və ailə rifahını təmin etmək şansı
əldə edir. Bu, klassik Amerika arzusudur”.
Rüstəm QARAXANLI
Azərbaycan müəllimi.- 2019.- 5 aprel.- S.9.