Gənc ixtiraçıların ABŞ-da
özünü göstərməsi
zamanı yetişib
Leyla
Tağızadə: “Layihələrin yalnız elmi
konsepsiyası yox, həm də verəcəyi iqtisadi səmərə
qiymətləndirilir”
Şagirdlərin
istedad və bacarıqlarının üzə
çıxarılması, onların elmi tədqiqatçılığa
stimullaşdırılmasında ölkəmizdə artıq ənənəyə
çevrilmiş “Sabahın alimləri” müsabiqəsinin
böyük əhəmiyyəti var. Təhsil Nazirliyinin təşəbbüsü
ilə keçirilən “Sabahın alimləri” müsabiqəsinin
miqyası ildən-ilə genişlənməkdədir. Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə
uyğun olaraq ölkəmizi ABŞ-ın Arizona
ştatındakı Finiks şəhərində mayın
12-17-si tarixlərində keçiriləcək Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik
Sərgisində təmsil edəcək qaliblər artıq məlumdur. Final mərhələsi
yaxınlaşdıqca dünyanın 70-dən artıq ölkəsinin
təmsil olunacağı elm yarışına diqqət hər
gün artmaqdadır.
Azərbaycanın
gənc ixtiraçıları ABŞ-da qalib gələ biləcəkmi?
Müsabiqənin qaliblərindən olan “Rainergy” və “PictoFy”
layihələrinin mentoru Leyla Tağızadə ilə
söhbətimizdə “Sabahın alimləri” və şagirdlərimiz
üçün maraqlı olacaq məsələlərə
aydınlıq gətirməyə çalışdıq.
- Bütün dünyada şagirdlərin elmi tədqiqatlara
axını var. Bunu nə ilə izah edirsiniz?
- Son
zamanlar texnologiyalar və innovasiyalarla zəngin dünyada
böyük 4-cü sənaye inqilabı baş verir. Bu, o deməkdir ki, texnologiyalar bütün sahələrə
nüfuz edir. Özünə qarşı
tələbkar olan bir şəxs kimi mən də həmişə
innovasiyalardan xəbərdar olmağa
çalışmışam. İnnovasiyalardan
öz sahəmdə istifadə etməkdən əlavə,
qarşıma belə bir məqsəd də qoydum ki, nədən
bu innovasiyaları biz özümüz yaratmayaq? Beləliklə,
mən 4 il əvvəl startap aləminə
qatıldım. Sosial İnnovasiya
Laboratoriyasının həmtəsisçisi oldum. Biz iki
il ərzində 1400-ə yaxın məzun
sahibkar hazırladıq. Məzunlar 100-ə yaxın startap yaradıblar ki,
onlardan 16-sı 9 beynəlxalq proqramda iştirak edib.
Hazırda onların arasında İngiltərədə öz
biznesini quranlar var. Bizim proqramın məzunları ötən
il kreativ biznes layihəsində 1-ci yerin
sahibi olub, Danimarkada Qlobal finalda iştirak üçün vəsiqə
qazanıblar. Azərbaycana səs salmış “Rainergy” layihəsində
Reyhan və Zəhranın mentoru mən olmuşam. Bizim məzunlar arasında İngiltərədə fəaliyyət
göstərən bir startapımız var, akselerasiya
proqramına layiq görülüb, vulkan tozu əsasında
katalizator hazırlayır. Startapçılarımız
çoxdur, onların arasında ABŞ-da fəaliyyət
göstərən “Uvba”-nı göstərmək
olar.
- “Sabahın alimləri” müsabiqəsinin builki nəticələrini
necə qiymətləndirirsiniz?
-
Çox yüksək. “Sabahın alimləri”
müsabiqəsində müşahidə etdiyim ən
mühüm tendensiyalardan biri odur ki, layihəyə müraciət
edən şagirdlərin, eləcə də layihələrin
sayı ildən-ilə artmaqdadır. Təqdim olunan layihələrin
keyfiyyətində də kifayət qədər müsbət dəyişikliklər
var. Mən ikinci ildir ki, “Sabahın alimləri” müsabiqəsində
elmi rəhbər kimi iştirak edirəm. Ötən il bizim komandamız tibb layihəsi ilə təmsil
olundu. Layihəmiz beyinlə idarə oluna bilən
interfeyslə bağlı idi. Bu, nədir? Düşünmə vasitəsilə
əşyaları hərəkətə gətirmək, məsələn,
işığı yandırıb-söndürmək,
kompüteri idarə etmək mümkündür.
Düşüncənin köməyi ilə işləyən
interfeysin prototipini
uşaqlar ötən il “Sabahın alimləri”
müsabiqəsində nümayiş etdirdilər. Bu, böyük rezonansa səbəb oldu. Nəticədə IX sinifdə oxuyan şagirdlərimiz
Ayan Abdulova və Nəsibə Məmmədova tibb üzrə
1-ci yeri tutdular. Builki müsabiqədə
bizim 3 layihəmiz qalib oldu. Biri kimya sahəsinə aid
“TermoNorth” layihəsi idi. Bu, parafin əsaslı
yeni nəsil antifrizdir. Avtomobil mühərrikini
aşağı temperaturlarda donmaqdan qoruyur, neft əsaslı məhsuldur.
İkinci layihəmiz “PictoFy” layihəsidir.
Bu layihə böyük idman tədbirlərində
peşəkar fotoqrafların çəkdiyi sevdiyiniz
idmançı və ya komandanın şəkillərinin ani
olaraq mobil telefonunuza göndərilməsidir. Onlar kompüter mühəndisliyi
üzrə II yerə layiq
görüldülər. Eyni zamanda mənim mentor olduğum
“Rainergy” layihəsi də I yeri tutdu.
“ABŞ-a gedən layihələr
üzərində mütləq işlənilməlidir”
- Qalib
layihələr ABŞ-da uğur qazana biləcəkmi?
- “Sabahın alimləri” müsabiqəsində ölkəmizi
ABŞ-da təmsil edəcək layihələr artıq bəllidir. Onların
arasında “Rainergy” də var. “Rainergy” layihəsi üzərində
işləri davam etdirmək lazımdır ki, Amerikada
özünü, ölkəmizi layiqincə təmsil edə
bilsin. Yəni,
komanda işi qurulmalıdır, hazırda komandada 2 nəfər
var. Orada ixtisaslı mühəndislərin olması mütləqdir.
Eyni zamanda, çox güclü biznes-plan
hazırlanmalıdır. Çünki
ABŞ-da təqdim olunan layihələrin yalnız elmi
konsepsiyası yox, həm də verəcəyi iqtisadi səmərə
qiymətləndirilir. Yəni bu layihə sabah
iqtisadi cəhətdən nə dərəcədə səmərəli
olacaq. Əgər təqdim olunan layihənin
biznes planı, iqtisadi səmərəliliyini sübut edən
hesablamalar yoxdursa, onun ABŞ-da yer tutması çox çətindir.
Bu baxımdan, ABŞ-a gedən layihələr
üzərində mütləq işlənilməlidir.
Müsabiqədə işirak edən bir elmi rəhbər kimi
tövsiyə edə bilərəm ki, seçilən layihələr
üzərində işlər ciddi şəkildə davam
etdirilsin. Bu müsabiqə layihələrə məşhurluq
gətirir, ancaq bu ajiotajın arxasında real bir işin
olub-olmadığını sübut edə biləcək elmi
araşdırmalar və möhkəm elmi konsepsiya
olmalıdır ki, siz tədqiqat işinizi ABŞ-da layiqincə
təqdim edə biləsiniz. Çünki bu layihələr
ancaq burada tanınır, xaricdə onları heç kim tanımır. Mövzunu
doğrultmaq üçün elmi əsaslandırılmış
konsepsiyanın olması vacibdir.
- Elmi
konsepsiyanın hazırlanmasında alimlərimizin rolunu necə
qiymətləndirirsiniz?
Bizim kifayət qədər güclü akademik
bazamız, universitetlərimizdə güclü
professorlarımız, elmi rəhbərlər var. Şagirdlərimiz
onlarla işləsələr, kifayətdir. Uşaqlardan tələb
olunan odur ki, layihələrinə ciddi yanaşsınlar. Təəssüflə deməliyəm
ki, bəziləri
sadəcə olaraq xarici görmək naminə gedirlər,
müsabiqədə yer tutub-tutmamaq onlar üçün o qədər
vacib olmur. Ancaq əgər gedirlərsə, uğurlu iş
ortaya qoymalıdırlar. Azərbaycanda artıq
8-ci dəfədir ki, “Sabahın alimləri” müsabiqəsi
keçirilir.
ABŞ-da final mərhələsində isə ölkəmiz
bu vaxta qədər yer tuta bilməyib. Yalnız ayrı-ayrı mövzular üzrə
mükafatlar almışıq. Məncə, artıq zaman yetişib. Azərbaycanın
ABŞ-da özünü göstərməsi zamanı
yetişib. Bu baxımdan, Amerikaya gedən
komandalara izah etmək lazımdır ki, oraya ölkəmizi
layiqli şəkildə təmsil etmək naminə gedirsiniz və
layihələr üzərində ciddi surətdə işləmək
lazımdır.
-
ABŞ-da qaliblərin seçim mühiti necədir?
- Olduqca
çətindir. Siz təsəvvür edin,
Amerikaya dünyanın 70-dən artıq ölkəsindən
komandalar gedir. Hər bir ölkə müsabiqəyə
özünün ən yaxşılarının
yaxşısını seçib göndərir və onlarla rəqabət
aparmaq çox çətindir. Layihələr ancaq öz
ölkələrində tanınır, ABŞ-da onları heç kim
tanımır, münsiflər üçün hamı eynidir.
Komandalar üçün birinci növbədə
təqdimat etmək qabiliyyəti olmalıdır, bu, birinci
şərtdir. İkincisi, suallara
arxayın, tam hazırlıqla cavab verməlidirlər. Üçüncüsü, layihənin elmi konsepti
tam işlənmiş, əsaslandırılmış
olmalıdır. Elmi əsaslandırma kifayət qədər yüksək
olmalıdır ki, münsiflər tərəfindən yüksək
qiymət alsın. Dördüncüsü,
layihələr iqtisadi səmərəlilik cəhətdən
qiymətləndirilir, əgər layihə iqtisadi cəhətdən
uğurlu deyilsə, yer tutması böyük sual
altındadır. Bütün layihələr
bu 4 istiqamət üzrə qiymətləndirilir və
ümumi məcmuda layihəyə yer verilir.
- Fərqli
ölkələrdən fərqli mövzular. Şagirdlər
Intel ISEF-ə ən çox hansı mövzularda layihə təqdim
edirlər?
- Təbii
ki, hər bir ölkə üçün xarakterik təqdiqat
sahələri var. Məsələn, ABŞ hazırda süni
intellekt, əşyaların interneti ilə məşhurdur. Bu sahədə tədqiqatlar müsabiqədə
birinci dərəcəli əhəmiyyət qazanır. Süni intellekt mövzusu isə hazırda
sıçrayışlı istiqamətlərdən biridir.
Layihənizdə süni intellektlə bağlı tədqiqatlara
yer vermisinizsə, müsabiqədə sizə böyük üstünlük qazandıracaq. Ancaq hər bir
ölkənin öz ənənəvi tədqiqat sahələri
var. Məsələn, Azərbaycan ənənəvi olaraq kimya, neft, kənd
təsərrüfatı sahələrində tədqiqatları
ilə tanınan bir ölkədir. Bu sahələrdə
bizim əldə etdiyimiz nəticələr Amerikanın əldə
etdiyi nəticələrdən qat-qat yüksəkdir. Eləcə də neft sənayesində yeni maddələrin
sintezində, kimya mühəndisliyi və kənd təsərrüfatı
sahələrində. Mən həmişə
startaplara məsləhət görürəm ki, hər dəfə
xaricə gedəndə ölkəmizin ənənəvi sahələrinə
dair tədqiqatları ilə getsinlər. Bu
mövzularda layihələrinin olması onlara daha çox
şans qazandıra bilər. Təbii ki, Amerikanın
süni intellekt və kibernetika üzrə layihələri
bizimkilərdən üstün olacaq. Çünki
bu sahələr ənənəvi olaraq bizdə inkişaf etməyib.
Yəni bunu qəbul etmək lazımdır ki,
biz kompüter mühəndisliyi sahəsində kifayət qədər
geridəyik. Onların bu sahədə
mühəndisləri bizimkilərdən üstündür. Bizdə kifayət qəfər
istedad var, ancaq iş istedadlı insanlarla qurtarmır, gərək
universitetlərdə aparılan son tədqiqatlarda öndə
olmağa çalışaq. Bu mənada bizim ənənəvi
sahələrdə özümüzü göstərməkdə
şansımız çoxdur.
“Yeni bacarıq və peşələrə
yiyələnmək lazımdır”
-
“Sabahın alimləri” həm də bizim fokuslanmalı
olduğumuz tədqiqat sahələrini üzə
çıxardı. Süni intellektdən bəhs
etdiniz. Süni intellektin insanı əvəz
etməsi barədə proqnozlara münasibətiniz?
- Hazırda
süni intellektin insanları əvəz etməsinə dair
qorxunc proqnozlar verirlər. Yəni insanlar işsiz qalacaq, qlobal işsizlik
baş verəcək. Əslində, mən
buna o qədər də mənfi münasibət bəsləmirəm.
Baxın, XX əsrin əvvəllərində
avtomobillərin ixtira olunduğu dövrə qayıdaq.
Avtomobil nəyi əvəz etdi: atı. Ata qulluq
edən bir işçi qüvvəsi də vardı. Faytonları sürən insanlar da vardı.
Əgər ata qulluq edən insanların iş yerlərini itirməsi baxımından
avtomobili rədd etsəydilər, onda indiki inkişaf da ola bilməzdi.
Mən belə deyərdim: gələcəkdə 2 cür
iş olacaq: biri süni intellektə əmr edən, ikincisi isə
süni intellektin əmrini yerinə yetirən insanlar. Bu baxımdan köhnə işlər məhvə məhkumdur,
ancaq insanlardan tələb olunacaq ki, zamanın tələbinə
uyğun olaraq yeni biliklər, yeni imkanlar, vərdişlər
qazansınlar, süni intellekt əsrinin peşələrinə
yiyələnsinlər. Transformasiya baş
verəcək. Köhnə iş yerləri sıradan
çıxacaq, yeniləri yaranacaq. Süni intellektin həyatımıza
daxil olması ilə yeni peşələr, yeni iş yerləri
formalaşacaq. Süni intellekt əsrində rəqabətə
davam gətirmək üçün sadəcə olaraq yeni
bacarıq və peşələrə yiyələnmək
lazımdır.
- “Sabahın alimləri” kimi müsabiqələr
şagirdlərimizin tədqiqatçılığa
marağını üzə çıxardı. Şagirdlərin
nələrisə kəşf etmək həvəsini necə
dəyərləndirirsiniz?
Uşaqlarda anadangəlmə maraq hissi çox
güclüdür. Bu marağı biz valideynlər, təəssüflər
olsun ki, bəzən dəf edirik. Hər
bir valideynin borcudur ki, uşaqlarında anadangəlmə
marağı hiss etsin, onu elmə yönləndirsin.
Uşaqların çoxunda bu maraq nədən
başlayır? Məsələn, adi bir oyuncağı və
ya maşını sındırıb onun içinə baxmaq
istəyirlər. Ancaq valideynlər “niyə
sındırdın” deyə uşağı danlayırlar.
Bu, anadangəlmə, daxildən gələn
maraqdır ki, uşaq hər hansı əşyanı
sındırmaqla onun necə çalışmasını
öyrənmək, onu tədqiq etmək istəyir.
Valideynlər anlamasalar da, bu, artıq erkən tədqiqatçılıqdır.
Sındırıb, çox gözəl. Valideyn uşaqla birlikdə oturub maşının
daxilən necə işləməsini ona başa
salmalıdır. Uşaqda olan öyrənmək
marağını inkişaf etdirmək, dəstəkləmək
lazımdır. Hər bir uşağın
müəyyən sahələrə marağı olur. İstedadsız
uşaq, ümumiyyətlə, yoxdur. Hər bir uşağın öz istedadı
var. Sadəcə olaraq, valideynlər bu istedadı üzə
çıxara və inkişaf etdirə bilmirlər. Və yaxud da bu marağı boğurlar. Sonda isə özləri belə istəmədikləri
nəticələri alırlar. Uşaqlar
artıq körpə yaşlarından bir sıra texnoloji
qurğularla, telefonlarla ünsiyyətdədirlər. Bu, texnologiyalardan kor-korənə istifadə deyil, məhz
texnologiyaları onlara öyrədərək, kəşf edə-edə
bu marağı onlara aşılamaq lazımdır ki,
uşaqlar texnologiyaların istifadəçiləri yox,
yaradıcıları olsun.
“Valideynlə ünsiyyəti heç
bir
mobil qurğu əvəz edə bilməz”
-
Uşaqlar üçün texnoloji qurğulardan istifadənin
bəlli bir norması varmı?
- Əlbəttə ki,
texnologiyalardan bəlli normada istifadə olunmalıdır.
Xüsusən də uşaq yaşlarından
mobil telefonlardan asılılıq yaranır. Xəstəliklərin Ümumdünya Təsnifatının
11-ci buraxılışında artıq telefonlardan
asılılıq xəstəlik pozuntusu kimi qəbul edilib.
Yəni, mobil telefon, digər elektron qurğular və qadjetlərdən
asılılıq artıq davranış pozuntusu kimi xəstəliklər
sırasına daxil edilib. Təəssüflər olsun ki, onun
müalicəsini heç kim fikirləşə
bilməyib, çünki yeni fenomendir. Onun
qabağını dərmanla yox, uşaqlarınızla daha
çox ünsiyyətdə olmaqla özünüz ala bilərsiniz.
Onlar da
telefona bir o qədər qaçmazlar. Burada yenə
də valideynlərin səhvi var. Uşaqlar ağlamasın deyə,
əllərinə telefon veririk. Böyüyəndən
sonra isə artıq uşaq bizimlə deyil, telefonla ünsiyyət
qurmaq istəyir. Virtual aləmdə olan həmyaşıdları ilə
ünsiyyətə alışır və özünə
qapanır. Uşaqlarla daha çox
özümüz ünsiyyətdə olmalıyıq. Yəni
valideynlə ünsiyyəti heç bir mobil qurğu əvəz edə bilməz. Əgər bu məqamlara diqqət edilsə, onlarda
telefonlardan asılılıq yaranmaz. Mobil telefonlar əvəzinə
uşaqları idmana, məsələn, futbola,
velosiped sürməyə alışdırmaq
lazımdır. Belə
olarsa, uşaqlarda texnologiyalardan ifrat asılılıq olmaz.
- İndiki şagird, indiki müəllim. Onların
münasibəti barədə nə deyə bilərsiniz?
-
İndiki şəraiti nəzərə alsaq, müəllim və
şagirdlər, əlbəttə ki, birmənalı olaraq dəyişiblər.
Dəyişməyə də bilməzlər,
çünki mühit, zaman dəyişib, informasiyanın ani
sürətlə yayıldığı dövrdə
yaşayırıq. İnformasiyanın bir
məkandan digərinə yayılması üçün əvvəllər
günlər tələb olunurdusa, indi 2 saniyə bəs edir.
İndi şagirdlər müəllimə qarşı daha tələbkar,
bir az da təkəbbürlü olublar. Şagirdlər onlara qarşı hörmətsizlik
edən müəllimlərə qarşı dözmək istəmirlər.
Ona görə də indiki müəllim şagirdinə özündən
aşağı bir insan kimi yox, bərabər səviyyəli
bir insan kimi hörmət bəsləməlidir. İndiki
şagirdlərin tələbləri 20-30 il
bundan əvvəlki şagirdlərinkindən qat-qat
üstündür. Onlar özlərinə
qarşı daha çox hörmət, diqqət, müəllimdən
daha çox bilik tələb edirlər.
- Təhsilin
həyatımızda rolunu necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, uğurlarımız təhsil və
müəllimlərimizdən başlayır.
İnsanı insan, şəxsiyyət edən
onun müəllimləridir. Çox xoşbəxtəm
ki, Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunuyam. Bizim direktorumuz Nizami müəllim olub. Çox güclü müəllimlərdən dərs
almışam. Onlar həqiqətən də
elmin sirlərini, bilikləri beynimizə yeridiblər. Hər bir insanın uğurunda müəllimin 50 faiz
payı var. İnsanlar
uğur qazananda, təəssüflər olsun ki, müəllimlər
arxa planda qalır. Hesab edirəm ki, hər
bir insan uğurlarına görə müəlliminə
borcludur. Dünyagörüşümüzün
formalaşmasında, şəxsiyyət kimi yetişməyimizdə
müəllimin əvəzedilməz rolu var. Biz
özümüz də böyüyüb gələcək nəslin
müəlliminə çevrilə bilərik. Mən də çalışıram ki, gənclərə
bu yöndə öz töhfələrimi verim. Bu,
şöhrət qazanmaq deyil, yalnız insanlara kömək etmək məqsədi
daşıyır. Dərs deməkdən əvvəl
motivasiya da böyük əhəmiyyət daşıyır.
Yəni müəllim şagirdinə təkcə
bilik yox, həm də motivasiya verirsə, bunun ikiqat effekti olur. Müəllim öz
sözlərinə, dediyi hər sözün məsuliyyətinə
fikir verməlidir. Çünki məktəb
yaşlarından insanlar çox həssas olurlar. Hətta
deyilən hər bir söz ömürboyu insan
psixologiyasında iz qoya, hətta özünə
inamsızlığın yaranmasına səbəb ola bilər. Buna görə də
bilikdən əlavə, müəllimin motivasiyaedici rolunun da əhəmiyyəti
var.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2019.-
5 aprel.- S.7.