“Hədəflərimizin əksəriyyətinə
nail olmuşuq”
Ceyhun Məmmədov:
“Başqa ölkələrin vətəndaşları olan azərbaycanlıların
pulsuz təhsil almaq imkanları üzərində
düşünürük”
III hissə
Fəaliyyətə
başlamasının bir ili yenicə tamam
olmuş Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov
“Azərbaycan müəllimi” qəzetinə müsahibəsində
instituta qəbul olacaq abituriyentlərdən gözləntilərindən,
tələbələrinə yaratdıqları şəraitdən,
həm də məzunlarına verə biləcəkləri vədlərdən
danışıb.
İlahiyyat İnstitutunu kim seçə bilər?
- Azərbaycan
İlahiyyat İnstitutunda kimlər, hansı ölkələrin
vətəndaşları təhsil ala bilərlər? Kimlər üçün burada təhsil imkanları
var?
- İnstitutun qarşısında duran bir neçə əsas
hədəf var. Onlardan biri də, Azərbaycan
hüdudlarından kənarda yaşayan azərbaycanlıları
təhsil prosesinə cəlb etməkdir. Bununla
bağlı cənab Prezidentin tövsiyələri, göstərişləri
var. Bilirsiniz ki, xarici ölkə vətəndaşları Azərbaycanda
ödənişsiz təhsil ala bilməzlər. Amma biz başqa ölkələrin vətəndaşları
olan azərbaycanlıların pulsuz təhsil almaq imkanları
üzərində düşünürük. Növbəti illərdə, institut olaraq tam
formalaşdıqdan sonra xaricdən tələbələrin
daha geniş şəkildə cəlbini
düşünürük. Bunun
üçün də ingilis, rus, ərəb dillərində
qrupların yaradılması ilə bağlı fikirlərimiz
var. Düşünürəm ki, bu planımızın
reallaşdırılması zamana bağlı olacaq.
-
Maraqlıdır, bu fikrin arxasında dayanan məqsəd nədir?
- Azərbaycan
İslam dünyasında böyük nüfuza malikdir. Müsəlman ölkələrində keçirilən
böyük miqyaslı tədbirlərdə, layihələrdə
fəal iştirak edirik. İlahiyyat
İnstitutunun məqsədyönlü fəaliyyəti sayəsində
ölkəmiz yaxın vaxtlarda əsas dini təhsil mərkəzlərindən
birinə çevrilə bilər. Hesab edirəm
ki, buna imkanımız var. Müəllimlərimizin
böyük əksəriyyəti ingilis, ərəb dillərini
yüksək səviyyədə bilirlər. Fars və ivrit dillərini bilənlərimiz də
var. Bu baxımdan imkanlarımızın geniş və əhatəli
olduğunu düşünürəm.
- Tələbələriniz
arasında sağlamlıq imkanı məhdud olanlar var?
- Hələlik
təhsil alanlar yoxdur, ancaq istəyənlər var. Hətta
artıq bu barədə müraciətlər belə olub. Gələcəkdə institutumuzda bu imkan da
yaradılacaq. Ağır və uzun proses olsa da, artıq
işlərə start verilib. Növbəti tədris
ilinə yeni binada başlayacağıq. Həmin
binada sağlamlıq imkanı məhdud şəxslərin hərəkəti,
təhsili üçün nəzərdə tutulan
bütün şərait yaradılacaq.
- Yeni bina
harada yerləşir?
-
Naxçıvanski küçəsində 4 mərtəbəli
binadır. Binanın bir mərtəbəsinin də
artırılması nəzərdə tutulur.
- Yataqxana
necə, nəzərdə tutulub?
- Bəli,
gələcəkdə yataqxana da olacaq. İlahiyyat
İnstitutu üçün kampus tikilməsi nəzərdən
keçirilir.
- Yəni
institutun tezliklə yerləşəcəyi beşmərtəbəli
bina da müvəqqətidir?
- Bəli.
Ölkə Prezidentinin tövsiyəsi ilə yataqxana və başqa zəruri
şəraitin tam təmin olunacağı bir kampus qurulması
planlaşdırılır. Hazırda Mənəvi
Dəyərlərin Təbliği Fondunun hesabına xüsusi
ehtiyacı olan tələbələrimizi yataqxana, evlə təmin
etməyə çalışırıq. Gələcəkdə bu imkan bütün tələbələrimiz
üçün yaradılacaq. Nəinki
yataqxana və müasir tədris prosesi üçün şərait,
həmçinin məscid də olacaq. Həmin
yerlərdə tələbələrimiz təcrübə
keçəcəklər.
- Getdikcə
böyüyən bina tələbələrinizin
sayının artırılacağından xəbər verir?
- Əlbəttə. Azərbaycan İlahiyyat İnstitutu
dünyanın sayılıb-seçilən təhsil müəssisələrindən,
dini təhsil verən mərkəzlərindən biri olmağa
iddialıdır. Gələcəkdə fəaliyyətimizi
böyütməyi, istiqamətimizi genişləndirməyi, tələbələrimizin
sayını artırmağı planlaşdırırıq.
Abituriyentlərin bu sahəyə həvəsi nəzərə
alınacaq
- Növbəti
tədris ili üçün neçə
plan yeri ayıracağınız bəllidirmi?
- Hələlik,
72 plan yerinin ayrılması nəzərdə tutulub.
- 72 plan
yerinə indiki abituriyentlərdən kimlər iddia edə bilər?
-
Ümumiyyətlə, istənilən məktəbli Azərbaycan
İlahiyyat İnstitutunu seçə bilər. Bunun
üçün III ixtisas qrupu üzrə imtahanlarda iştirak
etmək kifayətdir. Yalnız
İslamşünaslıq ixtisası üzrə qabiliyyət
imtahanı tələb ediləcək. Belə ki,
Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali məktəblərə qəbul
imtahanından keçərək tələb olunan müvafiq
keçid balını toplayanlar İslamşünaslıq
ixtisası üzrə qabiliyyət imtahanı da verməlidirlər.
- Bu
ixtisas üzrə əlavə qabiliyyət imtahanına ehtiyac
duyulması nədən qaynaqlanır?
- İlk
növbədə onların bu sahəyə marağı nəzərə
alınacaq. Çünki bu ixtisas üzrə
hazırladığımız kadrların əsasən din
xadimi kimi fəaliyyəti nəzərdə tutulur. Ona görə də bu ixtisasa din xadimi kimi fəaliyyət
göstərməyə marağı olanların seçilməsini
nəzərdə tuturuq. Qabiliyyət
imtahanı da götürməklə həmin ixtisasa
hazırlığın səmərəliliyini
artırmağı düşünürük. Əvvəlcədən bu ixtisası seçən
abituriyentlərlə mütləq görüşür,
onları psixoloji testdən keçiririk.
- Psixoloji
test onların gələcəkdə din xadimi olaraq fəaliyyətində
iradəsini yoxlamaq məqsədi daşıyır?
-
Yanaşmamız ondan ibarətdir ki, din xadimləri gələcəkdə
kütlə ilə işləyəcəklər. Əhali, insanlarla daimi münasibətdə olacaqlar.
Ona görə də bu ixtisasa qəbul
olunanların qabiliyyəti, düşüncəsi, psixoloji
durumu, iradəsi, təsirə nə dərəcədə məruz
qalması, ən əsası, ixtisasa marağı nəzərə
alınmalıdır. Bu sahədə kadrlara ehtiyac var və
həmin ixtisasa qəbul olunanların bu sahəyə
marağı onların həmin sahədə işləyəcəyinin
təminatı ola bilər. Hesab
edirəm ki, Azərbaycan İlahiyyat İnstitutu artıq
tanınır. Cəmiyyətdə bu təhsil
müəssisəsi ilə bağlı kifayət qədər
məlumat var. Öz tələbələrimiz də fəal
şəkildə institutun təbliğatını
aparırlar. Müşahidələr
göstərir ki, institutumuza rəğbət get-gedə
artır. Azərbaycan İlahiyyat
İnstitutunda təhsil almaq istəyənlərin sayı
çoxdur. Bununla bağlı kifayət qədər
müraciət alırıq. Bir faktı
qeyd edim. İnstituta qəbul elan olunanda keçid 150 bal müəyyənləşdirdik. Fəaliyyətə
yenicə başlayan bir ali təhsil müəssisəsi
üçün kifayət qədər ürəkaçan nəticələr
qeydə alındı. Ali məktəblərə keçirilən
qəbul imtahanlarında institutumuzu seçən abituriyentlər
arasında ən aşağı nəticə 177 bal idi. Həmin qəbulda 400-440
balla instituta qəbul olunan tələbələrimiz oldu.
Növbəti tədris
ilində institutumuza daha yüksəkballı tələbələrin
qəbul olacağını düşünürük. Ancaq düşünməklə, gözləməklə
kifayətlənmirik. Hesab edirik ki, bölgələrdə
institutumuzu seçəcək çoxsaylı gənclər
var. Onların da müəyyən fikirləri, sualları, tərəddüdləri
ola bilər. Odur ki, tələbəmiz ola biləcək həmin uşaqları və
onların valideynlərini məlumatlandırmaq məqsədi
ilə bundan sonrakı mərhələdə ciddi təbliğat
aparmağı planlaşdırmışıq. Bunun
üçün də 2019-2020-ci tədris ili
üzrə instituta yüksək intellektli və savadlı gənclərin
cəlb olunması məqsədilə respublikanın bir
sıra bölgələrində yerləşən orta məktəblərin
yuxarı sinif şagirdləri üçün maarifləndirici
xarakterli məlumatlandırma tədbirləri həyata
keçiririk. Artıq biz Lənkəran rayonu və
Gəncə şəhərində olduq. Burada
abituriyentlərlə görüşdük, onlara institut
haqqında ətraflı məlumat verdik. Qeyd
edim ki, tədbirlərimiz davam etdirilir. Sumqayıt
şəhərində, Zaqatala, Şəki, Qəbələ,
Quba, Bərdə, Ağcabədi, Şirvan, Neftçala, Biləsuvar,
Salyan və digər rayonlarda təşkili nəzərdə
tutulub.
- Abituriyentlər Aİİ-ni niyə seçməlidirlər? Bu institutun ali
təhsil verən digər müəssisələrdən
üstünlüyü nədir?
- Tələbə
mərkəzli bir ali məktəb
olmağımız ən böyük
üstünlüyümüzdür. Artıq
qeyd etdiyim kimi, təhsil tamamilə ödənişsizdir.
Tələbələrimiz minimum 75 manat təqaüd
alır. Onlara yemək pulu da verilməsi nəzərdə
tutulub. Bu da əlavə olaraq onlara 80-100
manat veriləcəyi deməkdir. Hazırda
30 tələbəmizə Mənəvi Dəyərlərin Təbliği
Fondunun xətti ilə hər ay 100 manat təqaüd verilirsə,
gələcəkdə onların da sayı artırılacaq.
Bütün tələbələrimizin yataqxana ilə təmin olunması və
ya yaşayış yeri üçün xərcinin ödənilməsi
də nəzərdə tutulub. Hazırda tələbələrimizin
bir qismi üçün bu vəsaiti ödəyirik. Ancaq gələcəkdə bu, bütün tələbələrə
şamil olunacaq. Tezliklə tələbələrimiz
vahid geyimdə olacaq və həmin geyim də təhsil müəssisəsi
tərəfindən təmin ediləcək. Başqa təhsil
müəssisələrində ödənişli olan, amma
bizdə tamamilə pulsuz yaradılan imkanlardan da danışa
bilərəm, məsələn: ölkədəki
bütün ali təhsil müəssisələrində
tələbənin buraxdığı, iştirak etmədiyi dərslərin
sayı 25 faizi keçərsə, onlar üçün
sonradan təşkil edilən imtahanlar mütləq ödənişli
olmalıdır. Lakin institutumuzda tələbələrin
alt qrupda oturması və imtahan verməsi ödənişsizdir.
Bir sözlə, İlahiyyat İnstitutunda nəinki
imtahan, hətta dərs vəsaiti belə ödənişli
deyil. Dərslikləri də biz təmin
edirik. Hazırda tələbələrimiz
heç nəyə vəsait ödəmir. Onların bütün ehtiyacını dövlət
qarşılayır. Bunun
qarşılığında yeganə istəyimiz isə
oxumaqlarıdır.
Uğurumuz onda olacaq ki...
- Bəs
hazırkı abituriyentlərə nə vəd edirsiniz? Oxuyub kim olacaqlar? Məzun olduqdan sonra iş tapa biləcəklərmi?
Onlar üçün əmək bazarında iş
mövcuddur?
-
İnstitutumuz ali təhsil verir. Tələbələrimiz
dövlət qurumlarında çalışmaq
imkanına malik olacaqlar. İlahiyyat İnstitutunu bitirənlər
tam ali təhsilli şəxslərdir. Hətta hüquq-mühafizə orqanlarında, təhsil
sistemində çalışa bilərlər. Hazırda
isə daha çox din xadimlərinin fəaliyyətinə
ehtiyac var. Ölkəmiz məscidlərlə təmin olunub,
ancaq burada çalışacaq əlavə din xadimlərinə
ehtiyac var. Odur ki, İslamşünaslıq ixtisası üzrə
institutu bitirən məzunlarımızın din xadimi kimi fəaliyyət
göstərmələrinə daha böyük tələbat
var. Qeyd edim ki, bu, məcburi deyil.
- İndi
ali təhsil müəssisələri məzunlarının
işlə təminatını da izləyir. Aİİ-nin
bunu etmək imkanı varmı?
- Bu
gün qarşımızda qoyulan hədəf və məqsədlərdən
biri məzunlarımızın işlə təmin olunması
məsələsidir. Uğurumuz onda olacaq ki, onlar özlərinə
uyğun iş tapsınlar. Bu istiqamətdə də
işləməyə başlamışıq. Karyera Mərkəzi
ilə bağlı iş aparılır. Müəyyən uğurlara da nail olmuşuq.
- Bir il üçün nəzərdə tutulan
planların hamısını yerinə yetirdinizmi, yoxsa
yarımçıq qalanlar da oldumu?
- Bu bir
ildə çox gərgin işlədik. Hədəflərimizin
əksəriyyətinə nail olmuşuq. Hesab
edirik ki, qısa müddətdə bir çox layihələri
həyata keçirdik. Görüləcək
işlər isə çoxdur. Bizdən
asılı olmayan işlər də var. Ümumən
götürdükdə, bir kollektiv olaraq bu müddətdə
kifayət qədər səmərəli və məhsuldar
çalışdıq.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2019.- 12 aprel.- S.11.