İbn Sina - Bəhmənyar: müəllim-tələbə
Ustadından sonra yeni fəlsəfi
məktəb yaratmış tələbə
Pedaqoji fəaliyyətlə məşğul
olanlara yaxşı məlumdur ki, öyrətmənin və
öyrənmənin səmərəli olması ən
çox müəllim-şagird münasibətindən
asılıdır.
Öyrədənin
elmi, savadlı olması, öyrətmə metodunu yaxşı
bilməsi başlıca şərtdir. Bununla yanaşı
şagird psixologiyasını bilmək, ona cəmiyyətdə
davranış qaydalarını öyrətmək az əhəmiyyətli
deyildir.
Təsadüfi
deyildir ki, bir çox hallarda şagird öz gələcək
həyatı üçün müəllimini örnək
seçir.
Dünyanın
elm nəhəngləri olan İbn Sina və Bəhmənyar
nümunəsi bu baxımdan daha diqqətçəkəndir.
Müəllim -
İbn Sina
İbn Sina 980-ci ildə Buxara şəhəri yaxınlığında Əfşana kəndində anadan olmuşdur. Sonradan avropalılar onu Avisenna kimi təqdim ediblər.
İbn Sina öz tərcümeyi-halında yazır: “Atam Abdulla İbn Həsən Əfşanadan əvvəlcə Əfqanıstanın şərqində olan Balax şəhərinə, sonra isə Buxaraya köçmüşdür. Anam Sitara - Ulduz mənasında tanınır. Əvvəlcə mən, sonra qardaşım anadan olub”.
Buxarada yazıb-oxumaq fars dilində ikən İbn Sina da bu dildə savad almağa başlamışdır.
İbn Sina mədəniyyət mərkəzi, X-XI əsrdə Samanid dövlətinin paytaxtı olan Buxarada böyümüşdür.
İbn Sina ötəri də olsa onun yetişməsində Əl-Təbərinin rolunu qeyd edir.
Bir qədər sonra məşhur filosof Abu Abdullah an Natili Buxaraya gəlir və İbn Sinanın ailəsi ilə qalır. İbn Sina ondan dini, hüquqi və vətəndaş hüququ məsələlərini öyrənir.
Təhsil dövründə o, öz sualları ilə müəllimləri heyrətə gətirir. O, eyni vaxtda təbiət elmlərini, həndəsəni, astronomiyanı dərindən öyrənir.
Əbu Nasir Mühəmməd Fərabi (873-950) ilə tanış olur, ondan çox şey öyrənir.
Əsrləri
adlayan “Tibb qanunu”
İbn Sina tibb elmi ilə ciddi maraqlanır. Elə bunun nəticəsidir
ki, onun 10 cildlik “Tibb qanunu” əsərləri əsrlər boyu həkimlərin
stolüstü kitabına çevrilib.
İbn Sina ensiklopedik biliyə malik olmaqla xəstələri
pulsuz qəbul edərmiş.
1000-ci ildə İbn Sina Xarəzm şəhərinə
gəlir. Bu vaxt Xarəzm başçısı II Mamuna bilikli
adamları saraya dəvət edir. Onların
arasında Əbu Reyhan Biruni də olur.
İbn Sina dövrünün məşhur alimləri
arasında fəaliyyət göstərir. Son dərəcə
işgüzarlığa malik olan İbn Sina eyni bir zamanda
güclü təfəkkürə və yaddaşa malik şəxsiyyət
kimi tanınır.
İbn Sina xeyli müddətdə Həmədan və
İsfahanda olur. O, böyük Azərbaycan mütəfəkkiri, gənc
Bəhmənyarla burada tanış olur və
onu özünə şagird götürür. Elm tarixində
qeyd edilir ki, İbn Sina Həmədan şəhərində
bir dəmirçi dostunun yanında olarkən Bəhmənyar
ora gəlir və deyir: “anam od istəyir”, dəmirçi ona
deyir ki, bir qab gətir od apar.
Bəhmənyar fikirləşmədən kənardan əlinin
içinə quru torpaq yığır və dəmirçiyə
deyir ki, odu yığ bura. Bu, İbn Sinanın
diqqətini çəkir, elə bu dərrakəli hərəkətinə
görə onu özünə şagird götürür.
İbn Sinanın “Həkimlik elminin qanunu” əsəri
ingilis, rus, özbək dillərinə çevrilir və SSRİ
dövründə bu dillərdə nəşr olunur.
Haşiyə:
- Biz bu yazıya sığışdıra bilmədiyimizdən
onlar barədə yaza bilmədik. Müsəlman
alimləri mövcud olduğu zamanlarda başqa millətlərin
nümayəndələrinə rast gəlmədik.
Azərbaycanda isə İbn Sina çoxdan
tanınır.
SSRİ Rəssamlıq Akademiyasının üzvü Fuad Əbdürrəhmanov
Tacikistanda İbn Sinaya qoyulan heykəlin müəllifidir.
Tələbə - Bəhmənyar
Böyük Azərbaycan filosofu Əbül Həsən
Bəhmənyar haqqında ilk dolğun məlumata XII əsrdə
yaşamış Əli - Əl - Beyhakinin “Tatimma Sivai Əl -
Hikmət” (Hikmətlik xəzinəsinə əlavə)
adlı əsərində rast gəlirik. O yazır: “...İbn
Sinanın tələbəsi, filosof alim Bəhmənyar dini
etiqadına görə atəşpərəst olmaqla
yanaşı əslən azərbaycanlı idi. İbn
Sina tədqiq etdiyi mücərrəd problemlərin
böyük hissəsini Bəhmənyar ilə birlikdə
aparmışdır. Bəhmənyarın şəxsən
özünün yaratdığı əsərlərdən
“İdrak”, “Ziynət”, “Sevinc”, “Xoşbəxtlik”, ‘‘Musiqi” və
s. haqqında çoxlu sayda traktatları göstərmək
olar. Bəhmənyar İbn Sinadan 30 il sonra
1065-ci ildə vəfat etmişdir”.
Əl - Beyhakinin bu əsəri əsasən İbn
Sinanın yaratdığı fəlsəfə məktəbinə
və bu məktəbin 111 tələbəsinə həsr
edilmişdir.
Əsər 111 elmi məqalədən ibarətdir.
Müəllif qeyd edir ki, bu tələbələrin
içərisində yalnız Bəhmənyar İbn
Sinanın vəfatından sonra yeni fəlsəfi məktəb
yaratmış və Yaxın Şərqdə elmi daha da
inkişaf etdirmişdir.
Bəhmənyar bütün əsərlərini ərəb
dilində yazmışdır. Həmin əsərlər hazırda
Tehran, Beyrut, London, Leyden və s. kitabxanalarda saxlanılır. Onun “İdrak” (“At - təhsil”) əsəri ilk dəfə
Azərbaycan EA Rəyasət Heyətinin təşəbbüsü
və təkidi ilə 1980-1982-ci illərdə rus dilindən tərcümə
olunaraq “Elm” nəşriyyatı tərəfindən çap
edilmişdir. Əsər 3 hissədən ibarətdir:
1. Məntiq
haqqında;
2.
Metafizika adlanan elm haqqında;
3. Dəqiq
mövcud olan şeylər haqqında.
Üçüncü hissənin VIII fəsli “Fizika”
adlanır.
“Fizika” fəslində Bəhmənyar əsasən
aşağıdakı məsələləri
işıqlandırmışdır.
Materiyanın quruluşu və onun bölünməz hissəciklərdən
təşkil edildiyi haqda elmi fikirlərin
araşdırılması və tənqidi.
Atomun bölünməsi fikri
Bəhmənyar tərəfindən söylənilib
Atom haqqında ilk anlayışlar orta məktəbdə
öyrədilərkən onun Demokrit dövründən
1903-cü ilə qədər bölünməzliyi qeyd edilir. Elm tarixi
göstərir ki, atomun daha kiçik zərrəciklərə
bölünməsi fikri hələ XI əsrdə Bəhmənyar
tərəfindən söylənilmişdir.
Mexanika kursunda hərəkət, sükunət, hərəkətin
trayektoriyaya görə növlərə ayrılması XVI əsrdə
italyan alimi Q.Qaliley dövrünə yazılır. Halbuki mexaniki hərəkət,
nisbi-sükunət, hərəkətin trayektoriyaya görə
növləri haqqında ilk fikirlər Bəhmənyarın adı ilə
bağlıdır.
Fizika tarixində XVII əsrin ünvanına yazılan hərəkət
və sükunət, hərəkətin trayektoriya və təbiətinə
görə növləri; məkan, zaman və onların
xüsusiyyətləri; işıq hadisələri, günəş
şüalarının təbiəti və insan
gözünün görmə mexanizmi və s.
hadisələrin şərhini Bəhmənyar
hələ eramızın X əsrində vermişdir.
Bəhmənyar elmi araşdırmalarda özünün
orjinal fikir və mülahizələrini “Fizika”, “Metafizika” əsərlərində
irəli sürür.
Yunan filosofu Aristotelə görə materiya özlülüyündə
heç bir xassəyə malik deyildir. Materiya o vaxt öyrənilə,
mənimsənilə bilər ki, təbiətdə hər
hansı bir şeyin - əşyanın formasını
almış olsun. Aristotel həm də belə
hesab edir ki, materiya fəzanın müəyyən hissəsini
bütöv doldurur və onu sonsuz sayda hissələrə
parçalamaq olar.
Digər yunan filosofu Demokrit isə materiyanı
bütöv hesab etmirdi. O, göstərirdi ki, materiya bir-biri ilə boşluqda
ayrılır və bölünməz olan çox kiçik
hissəciklərdən, atomlar adlandırılan zərrəciklərdən
təşkil edilmişdir (atom sözü yunanca bölünməz
deməkdir). Bu fikir sonralar bəzi müsəlman
alimləri tərəfindən irəli sürüldü.
Bəhmənyarın “İdrak” əsərində
“Cisimlərin bölünməz hissəciklərdən təşkil
edildiyi haqda olan fikrin inkarı haqda” fəslində bu problemdən
bəhs edilir.
Bəhmənyar materiya haqqında
Bu fəsildə Bəhmənyar göstərir ki,
müxtəlif xassəli (bərk, maye, şəffaf,
qeyri-şəffaf və s.) maddələr eyni xassəli
bölünməz hissəciklərdən təşkil oluna
bilməz. Digər tərəfdən o, materiyada (maddədə)
sonsuz sayda hissəciyin olmasını da qəti olaraq rədd
edir. O, yazır: “... Cisimlərdə sonsuz
sayda aktiv hissəciklərin olması haqda fikrə gəldikdə
isə ... isbat etmək olar ki, o, yanlış fikirdir” (II hissə,
səh. 43).
Beləliklə, Bəhmənyar belə bir elmi nəticəyə
gəlir ki, cismi təşkil edən hissəciklər
bölünməli və alınan hissəciklər müxtəlif
xassəyə malik olmalıdır. Sonralar XX əsrin kəşfləri
(atomun Rezerford - Bor modeli) göstərdi ki, atom bölünəndir.
O, müsbət yüklənmiş proton və mənfi yüklənmiş
elektronlardan təşkil olunub. Bu elmi
kəşflərin nəticəsi Bəhmənyarın hələ
XI əsrdə irəli sürdüyü məntiqi fərziyyələr
və fikirlərin necə düzgün olduğuna tam mənada
sübutdur.
Bəhmənyar göstərir ki, mexaniki hərəkət
trayektoriyasına görə iki yerə (düzxətli, əyrixətli)
və mahiyyətinə görə iki yerə (təbii - yəni
təcilsiz, məcburi - yəni təcilli) bölünür.
“Düzxətli olmayan istənilən
hərəkət təbii hərəkət deyildir”
Bəhmənyar
belə bir mühakimə yürüdür ki, düzxətli hərəkət təbii
və məcburi olmaqla iki cür ola bilər. Lakin əyrixətli
hərəkət Bəhmənyara görə təbii ola bilməz. O, yazır: “Düzxətli olmayan
istənilən hərəkət həmçinin təbii hərəkət
deyildir” (III hissə, səh. 19). Halbuki, Aristotel
fırlanma hərəkətini (məsələn, planetlərin
hərəkətini) “təbii və daimi davam edən hərəkət”
adlandırırdı.
Elm aləmində
məlumdur ki, fırlanma zamanı yaranan mərkəzəqaçma
qüvvəsinin analitik ifadəsini ilk dəfə XVII əsrdə
Hollandiya alimi Xristian Hügens kəşf etmiş və bu
qüvvənin analitik ifadəsi sonralar Nyuton tərəfindən
yaradılan planetlərin hərəkət nəzəriyyəsinin
əsasını təşkil edərək, bilavasitə
qravitasiya sahəsi ilə bağlanmışdır.
Nyuton bu
qanunu kəşf etməklə, öz dövrünə qədər
yunanları Xalley, Babil astroloqlarını, məşhur
astronom - heliosentrik sisteminin banisi Kopernik və dahi fizik Qalileo
Qalileyi çıxılmaz vəziyyətdə qoyan
“Fırlanan ay və planetləri öz orbitində saxlayan
qüvvə hansı qüvvədir” sualına birdəfəlik
cavab tapmış, yəni ümumdünya cazibə qanununu kəşf
etmişdir. Bütün göy cisimləri
bir-birini kütlələrinin hasili ilə düz,
aralarındakı məsafənin kvadratı ilə tərs
mütənasib qüvvə ilə cəzb edir.
“Fırlanma hərəkətinin
yaranması
üçün kənar səbəbin olması vacibdir”
Bu qanuna əsasən İsaak Nyuton Günəş
sistemi modelini yaratdı. Məlumdur ki, fırlanma hərəkətinin
baş verməsi üçün mütləq qüvvənin
varlığı vacibdir. Həmin qüvvə
günəş sistemində qravitasiya qüvvəsidir.
Bu elmi qanunauyğunluğu hiss edən Bəhmənyar isə hələ
XI əsrdə yazırdı: “... Fırlanma hərəkətinin
yaranması üçün kənar səbəbin olması
vacibdir” (III hissə, səh. 21). Bu, elm aləmində
fırlanma hərəkəti haqqında deyilən ilk
düzgün elmi fikirdir.
Bəhmənyar daha sonra əyrixətli hərəkətin
kainatda yeganə hərəkət növü olduğu nəticəsinə
gəlməklə, belə bir fərziyyə irəli
sürür ki, bu, məkan və zamanın xassəsi ilə
bağlıdır. Bəhmənyar yazır: “...Ölçülərin
sonlu olması xassəsindən asılı olaraq sənə
aydın olmalıdır ki, sonsuzluğa gedən düzxətli
hərəkət yoxdur” (III hissə, səh. 25). Bu mühüm elmi mühakimədən zaman və məkanın
əyrilik xassəsinə malik olması xüsusiyyəti
aydın görünür.
İsaak Nyuton cazibə nəzəriyyəsindəki fəza,
Evklit xarakteri daşıyır, yəni fəzada mütləq
düz xəttin mövcud olduğu qəbul edilir. Lakin XX əsrin əvvəllərində
Eynşteyn tərəfindən yaradılan “Ümumi nisbilik nəzəriyyəsi”
göstərdi ki, fəza ümumiyyətlə qeyri-Evklit
xarakteri daşıyır, yəni fəzada olan bütün xətlər
qapalıdır, mütləq düz xətt yoxdur.
Ümumi nisbilik nəzəriyyəsində Eynşteyn tənliyi
materiyanın paylanması və hərəkəti ilə məkan
və zamanın həndəsi xassəsi arasında mövcud
olan əlaqəni müəyyən edir - hissəciklər və
sahələr məkan - zaman daxilində yerləşərək
onları əyir, yəni əyilmiş məkan - zaman
ümumi nisbilik nəzəriyyəsinin simvolu hesab olunur.
Zamandan kənar hərəkət
qeyri-mümkündür...
Yuxarıda qeyd etdiyimiz kimi, Bəhmənyar məkanın
əyrilik xassəsini qəbul etdiyinə görə sonsuzluq
anlayışını real qəbul etmir. O, yazır: “... Deyilənlərdən aydın olur ki, sonsuzluq yoxluq təbiətinə
malikdir” (III hissə, səh. 26).
O, daha
sonra müəyyən zaman intervalında qüvvənin təsiri
ilə hərəkətin yaranma prosesini araşdırır və
yuxarıdakı fərziyyəni təsdiq edərək yazır:
“... Beləliklə aydın olur ki, məcburi hərəkət
üçün heç bir cisim sonsuz intensivlikli qüvvəyə
malik deyil, çünki hadisə müəyyən zaman
intervalı daxilində baş verməlidir, belə ki, zamandan
kənar hərəkət qeyri- mümkündür. Bu halda isə hərəkət zamandan kənar
baş verməli idi, çünki qüvvə artdıqca
zaman intervalı kiçilir” (III hissə, səh. 29). Bu, o dövrdə deyilən ən qiymətli elmi
fikirlərdən biridir.
Məlumdur ki, işıq hadisələrinin təbiəti,
mahiyyəti və insan gözünün görmə mexanizmi
insanları çox qədim zamanlardan maraqlandırıb. Yəni, eradan üç əsr
əvvəl yaşamış məşhur yunan
riyaziyyatçısı Evklid belə hesab edirdi ki, insanlar əşyaları
o zaman görür ki, insan gözündən çıxan
“görmə şüaları” cismin üzərinə
düşür və ona görə də insan o cisimləri
görür. Bu zaman göz elə bil “görmə
şüaları” ilə cisimləri axtarır. Platon və Aristotel də bu baxışı, fikri
müdafiə edirdilər. Bu baxışa qarşı
ilk dəfə qəti çıxış edən Bəhmənyar
yazır: “... Bu baxışın səhv
olması aydındır. Belə ki,
görmə orqanlarından çıxan səlt mühitin yarımdünyanı
dolduraraq tərpənməz ulduzlar sferasına çatması
və göz qırpımına qədər geri
qayıtması, sonra kirpiklər açılan kimi ondan yenidən
həmin cismin çıxması mümkün deyil” (III hissə,
səh. 133). Görmə prosesi mexanizmini izah edən Bəhmənyar
sonra yazır: “...İnsan gözündən görünən
cismə çatan səlt maddə çıxmağa aid
baxışın yalan olması təsdiq edilir, onda qərara gəlmək
olar ki, insan gözü o vaxt görür ki, görülən
cisim insan gözündə dəyişikliklər yaratsın. Lakin görülən cismin özünün cismə
çata bilmədiyindən edilən dəyişikliklər
görmə orqanlarında görülən cismin xəyalının
yaranması ilə bağlanmalıdır” (III hissə, səh.
135). Bəhmənyar sonra xəyalın
alınmasını “buzabənzər maye”
adlandırdığı göz bəbəyi, onun daha sonra
verildiyi sinir sistemi ilə əlaqələndirilir. Müasir baxışa görə mexanizm
“şüşəyəbənzər maddə” və selikli
qişa ilə bağlıdır. Bu
baxımdan Bəhmənyarın o zamankı baxışı
müasir nəzəriyyəyə çox yaxındır.
Bəhmənyar günəş
şüalarının təbiəti haqqında
Günəş şüalarının təbiətinə
gəldikdə isə, Bəhmənyar onları materiya kimi qəbul
etmir və göstərir ki, şüalar materiya olsaydı,
günəş qurtarmalı idi. O, yazır:
“Əgər günəşdən
çıxan şüalar ondan çıxan materiya ilə
bağlı olsaydı, o, kiçilməli idi və ya ondan
heç nə qalmamalı idi” (III hissə, səh. 85). Bu termonüvə reaksiyasının məlum
olmadığı bir dövrdə deyilmiş cəsarətli
fikirdir. Ümumiyyətlə isə Bəhmənyar
istilik hadisələrinin mahiyyətini dərk edə bilmir və
yazır: “Biz həmçinin onu bilmirik ki, nə
üçün sürtünmə zamanı bir cisim başqa
bir cismi qızdırır?” (III hissə, səh. 86).
Səs hadisələri də alimləri çox qədim
zamanlardan maraqlandırmışdır. Səslə
ilk təcrübi tədqiqi XVII əsrdə Qalileo Qaliley
aparmışdır. Sonrakı tədqiqatlar nəticəsində
müəyyən edilmişdir ki, səs dalğaları tezliyi
17 hs-lə 20000 hs arasında olan və mühitdə
yayılan elastiki rəqslərdir.
Səsin
yaranma və onun insan tərəfindən eşidilmə
mexanizmini araşdıran Bəhmənyar isə hələ XI əsrdə
yazırdı: “... Aydındır ki, səs hansı bir
şeyin zərbəsi və ya sınması nəticəsində
yaranır, lakin istənilən zərbədən və
sınmadan səs yaranmır ... Səs zərbənin və ya
sınmanın özü deyil, onları insan gözü ilə
görür... Havanın və ya suyun rəqsləri
qulağa çatdıqda orada olan havanı rəqsə gətirir.
Qulağın arxasında isə üzərində
səsə həssas olan əsəb pərdəsi - membran yerləşir
və onun sayəsində insan səsi eşidir” (III hissə,
səh. 131). Aydındır ki, Bəhmənyar
ilk növbədə istənilən zərbədən səs
yaranmır dedikdə tezliklər intervalını
xatırlayırıq. Digər tərəfdən,
səsin yalnız mühitdə yayıla bilməsini dahiyanə
tərzdə görən Bəhmənyar müasir
baxışla uyğun gələn bir elmi nəticəyə gəlir.
Səsin vakuumda yayılması barədə Bəhmənyarın
xüsusi baxışı var. O, ümumiyyətlə vakuumda hərəkətin,
xüsusən məcburi (təcili) hərəkətin
mümkünlüyünü inkar edib göstərir ki, cismi məcburi
hərəkət etdirmək üçün səbəb, yəni
kənar təsir lazımdır. Boşluqda
isə kənar cismin olması qeyri-mümkündür. Bəhmənyar bu ideyanı söyləyərkən
hələ impulsun saxlanma qanunu məlum deyildi.
Bəhmənyarın elmi irsi elə tükənməz xəzinədir
ki, o, bizi dünyanın mədəni xalqları arasında
alnıaçıq, üzüağ edir.
Tacəddin VAHİDOV,
Azərbaycan müəllimi.- 2019.-
12 aprel.- S.12.