Təhsil fədaisi
Ömrünün 56 ilini məktəb
direktorluğuna həsr edən pedaqoq
Ömrünün yarım əsrindən çoxunu təhsilə, yetişən gənc
nəslin həyatın enişli-yoxuşlu
yollarında mətin addımlar atmağa,
onların hərbi vətənpərvərlik ruhunda
böyüməsinə həsr etmişdi. Çalışdığı
rayonların hansı kəndlərində təhsil səviyyəsi
aşağı olan məktəb olubsa, xüsusilə, şagirdlərin dərsə
davamiyyəti problemli idisə, həmin kəndə
haqqında söhbət açmaq istədiyimiz
təhsil fədaisi Mirzəxan Hüseynovu
göndərərdilər və bir
neçə aydan sonra
həmin məktəbə gedən nümayəndələr
gördüklərinə inana bilmirdilər.
Çünki
valideynlərin və pedaqoji kollektivin qarşılaşdıqları
problemlər aradan
qaldırılmış olurdu.
Hamısı da Mirzəxan müəllimin
səbri, təmkini, pedaqoji
ustalığı sayəsində.
...Yaxın günlərin söhbətidir. Mirzəxan Hüseynovun yaşı 90-ı
haqladığı bir vaxtda dünyasını dəyişmişdi
və onun dəfn mərasiminə toplaşanlar müxtəlif vəzifə sahibləri,
elm xadimləri, tanınmış şəxslər
idi. Onlar “Mirzəxan
bulağı”nın gözündən su
içənlər idi. Hamısı bu təhsil fədaisinin yetirmələri, rəhbərlik
etdiyi məktəblərdən pərvazlananlar
idi.
Orta məktəbi bitirən kimi müharibəyə yollanmaq, Vətən torpaqlarını ələ keçirmək istəyən faşistlərə qarşı vuruşmaq arzusunda olan Mirzəxan Hüseynov hərbi komissarlığa gedir. Lakin yaşı az olduğundan onu müharibəyə göndərmirlər. Ancaq faşistlərdən intiqam almaq hissi ilə alışıb-yanan M.Hüseynov yaşının çox olduğunu, lakin bunun sənədlərdə öz əksini tapmadığını deyir və müharibəyə getməkdə israrlı olduğunu bildirir. Hətta təvəllüdünü də artırtdırıb cəbhəyə yollanır.
Cəbhədə ilk döyüşü “Kiçik torpağ”ın düşməndən azad edilməsi uğrunda olur. Bu ağır döyüşlərdə çoxlu qurban verilsə də, düşmən geri otuzdurulur. Həmin döyüşlərdə faşist gülləsi Mirzəxan Hüseynovdan da yan keçmir. Bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanır. O, qələbəni Berlində qarşılamaq arzusunda idi. Lakin bu istəyinə qovuşa bilmir. Müharibədən yarımçıq qayıdır, II qrup əlil kimi. Onun ağır döyüşlərdə göstərdiyi şücaət I və II dərəcəli “Vətən müharibəsi” ordenləri, çoxlu sayda döyüş medalı ilə qiymətləndirilir.
Müharibədən sonra həyatını təhsilin inkişafına, gənc nəslin savadlı, təhsilli, hərtərəfli dünyagörüşə malik, vətənpərvərlik ruhunda böyüməsinə həsr etdi. Bu, onun uşaqlıq arzusu idi. Pedaqoji təhsilini başa vurduqdan sonra bir müddət Şamaxı rayonunun kəndlərində müəllimlik etdi. İşgüzarlığı, təşkilatçılığı ilə fəqlənən Mirzəxan Hüseynovu rayonun Xınıslı kəndində ibtidai məktəbə direktor təyin edirlər. Bir müddət sonra məktəbin maddi-texniki bazası zənginləşdirilir, çoxdan məktəbdən üz döndərmiş şagirdlər yenidən təhsil müəssisəsinə ayaq açırlar. Məktəbdə həyat tədricən öz axarına düşür. Sonra Mirzəxan müəllimi Sis kənd məktəbinə direktor təyin edirlər .Əminliklə deyirlər ki, yəqin bu məktəb də Xınıslı kənd məktəbi kimi qabaqcıl olacaq. Elə də olur.
Şamaxı Rayon Partiya Komitəsinin qərarı ilə Mirzəxan müəllimi Bakıda yeni açılan hüquq məktəbinə göndərirlər. Təhsilini başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikasının Culfa rayonuna Xalq hakimi təyin edirlər. Respublikada ilk dəfə Xalq Məhkəməsinə seçkilər keçirilərkən onu Naxçıvan şəhər 1 saylı Xalq Məhkəməsinə hakim seçirlər. Bir neçə il bu sahədə işlədikdən sonra yenidən müəllimlik sənətinə olan məhəbbət onu pedaqoji sahəyə qaytarır. Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirən Mirzəxan Hüseynovun qarşısında daha geniş imkanlar, perspektivlər açılır.
1953-cü ildə Mirzəxan Hüseynovun təyinatını Saatlı rayonuna verirlər. O, pedaqoji fəaliyyətinin sonuna qədər bu rayonda çalışır.
Yadımdadır, Mirzəxan müəllim təqaüdə çıxmaq üçün rayon rəhbərliyinə müraciət etmişdi. Lakin onu buraxmaq istəmirdilər. Dedi ki, artıq səhhəti imkan vermir. Onun yolasalınma mərasimi çox izdihamlı keçdi. Rayon icra hakimiyyətinin akt salonunda təntənəli mərasim təşkil olunmuşdu. Bir vaxtlar rəhbərlik etdiyi məktəblərin pedaqoji kollektivləri, yetirmələri, rayonun ziyalıları, hətta qonşu rayonun tanınmış simaları da tədbirdə iştirak edirdilər. Çıxış edənlərin hamısı Mirzəxan müəllimi yenilikçi direktor kimi tanıdıqlarını deyirdilər. Bəli “Yenilikçi direktor”. Mən bunun canlı şahidiyəm...
O vaxt Mirzəxan Hüseynov Saatlı rayonunun Nərimankənd orta məktəbində direktor idi. Buna qədər rayonun bir neçə kəndində məktəb direktoru işləmişdi. Ancaq Nərimankənd orta məktəbi Mirzəxan müəllimin axırıncı iş yeri oldu. O, bu məktəbə təyin olunan günə qədər bu təhsil ocağı rayonun ən geridə qalmış məktəblərindən biri idi. Sonralar isə təkcə rayonda yox, respublikada sayılıb-seçilən məktəblərdən oldu. Nərimankənd məktəbinin geniş həyəti var idi. Mirzəxan müəllimin ilk fəaliyyəti valideynlərin və şagirdlərin köməyi ilə burada bağ salmaq oldu. Sonra həmin bağı təcrübə-sınaq sahəsinə çevirdi. Bakıdan gələn mütəxəssislər burada görülən işləri yüksək dəyərləndirdilər və məktəbin direktoru 10 nəfər şagirdlə birlikdə Ümumittifaq Sərgisinin diplomu ilə təltif olundu. Saatlıda ilk dəfə məhz Nərimankənd orta məktəbində sadə idman qurğuları quraşdırıldı. Tezliklə rayonun bütün məktəbləri bu təşəbbüsə qoşuldu. Hətta respublikanın digər rayonlarından da buraya gəlib qabaqcıl təcrübəni öyrənirdilər.
1980-ci il idi. Bir gün eşitdim ki, Saatlı rayonunun Nərimankənd orta məktəbində bütün şagirdlər-həm qızlar, həm də oğlanlar eyni formada məktəbə gəlirlər. Jurnalist marağı məni həmin məktəbə gətirdi. Məktəbdə bir nəfər də olsun başqa geyimdə şagird yox idi. Kiçik ölçülü məktəbli formalarının haradan alındığı sualına Mirzəxan müəllim gülümsəyərək cavab verdi:
- Özümüzdədir. Məktəbimizdə tikiş dərnəyi fəaliyyət göstərir. Məktəbli forması böyük olanda həmin dərnəyin üzvləri dərhal ölçüb-biçir və geyimi həmin şagirdin ölçüsünə uyğunlaşdırırlar.
Bundan sonra respublikanın bütün rayonları Nərimankənd orta məktəbinin bu təşəbbüsünə qoşuldu. Kənd məktəbi köhnə və kiçik olduğundan pedaqoji kollektivə və şagirdlərə tədrisin keyfiyyətində problemlər yaranırdı. Tezliklə respublikada yenilikçi məktəb kimi tanınan Nərimankənd məktəbi üçün 480 yerlik yeni bina tikildi. Məktəbdə zəngin iki emalatxana, iki rus dili, linqafon və digər fənlər üçün ayrı kabinetlər yaradıldı. Bu da rayonda ilk dəfə Nərimankənddə təşkil olundu. Məktəbin həyətində kollektivin gücü ilə ucaldılan “Ana abidəsi” həm kənd sakinləri, həm də şagirdlər üçün əsl ziyarətgaha çevrildi. Hətta o vaxtlar kənddə yeni ailə quranlar da əvvəlcə “Ana abidəsi”ni ziyarət edirdilər.
Sonradan Mirzəxan müəlimin təşəbbüsü ilə məktəbdə “Döyüş şöhrəti” və “Əmək şöhrəti” muzeyləri, Nəriman Nərimanovun ev muzeyi yaradıldı. Ev muzeyinə 250-dən çox eksponat toplanılmışdı. Bütün bunlar şagirdlərin və valideynlərin köməyi, Mirzəxan müəllimin təşkilatçılığı ilə ərsəyə gəlmişdi. Məktəbdə təşkil olunmuş özfəaliyyət dərnəyi rayonda keçirilən təntənəli mərasimlərdə öndə olardı. Hər il rayon özfəaliyyət dərnəkləri arasında birinci olan nərimankəndlilər respublika miqyasında da fərqlənirdilər.
1980-ci illərin sonu, 1990-cı illərin əvvəli hər birimizin ağrılı yeri olan Dağlıq Qarabağ uğrunda gedən döyüşlərin tüğyan etdiyi vaxtlar idi. Cəbhədən rayonlarımıza ardı-arası kəsilməyən şəhidlər gəlirdi. Bu, yetişən gənc nəslin ermənilərdən intiqam almaq hissini getdikcə alovlandırırdı. Həmin vaxt Nərimankənd orta məktəbinin dörd məzunu Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Onların dəfn mərasimləri məktəbin şagird və pedaqoji kollektivi tərəfindən böyük təmtəraqla keçirilmişdi. Bir neçə aydan sonra isə məktəbdə həmin məzunların “Xatirə lövhəsi”nin açılışı oldu. Respublikamızın əksər rayonlarından iştirak edən nümayəndələr, hərbi hissənin zabitləri bu lövhənin yetişən gənc nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsində müstəsna rol oynayacağını bildirmişdilər. Belə yeniliklər həddindən artıq çox olub və sadalamaqla qurtaran deyil.
Ömrünün yarım əsrdən çoxunu-56 ilini məktəb direktorluğuna həsr edən Mirzəxan Hüseynovun təltifləri - “Qabaqcıl maarif xadimi”, “SSRİ maarif əlaçısı”, “Sosializm yarışının qalibi” döş nişanları, SSRİ Mədəniyyət Nazirliyinin medalı, SSRİ Nazirlər Sovetinin, ÜİHİK -in və o dövrün digər ali mükafatları ilə təltif olunması pedaqoji fəaliyyətinə verilən yüksək qiymət idi. Hələ əksəriyyətini qeyd etmirəm. Çünki siyahı xeyli uzanacaq.
O, həm də gözəl ailə başçısı id. Ömür-gün yoldaşı, şərqşünas Cəmilə xanımın vəfatından sonra, demək olar ki, 30 ilə yaxın müddətdə ailə həyatı qurmadı. Bununla da kişi sədaqəti, dəyanəti, ər etibarı, müəllim etikası nümayiş etdirdi. Böyüdüb ərsəyə çatdırdığı oğlu və qızları da ali təhsilli kimi müxtəlif peşələrə yiyələndilər. Atanın pedaqoji fəaliyyətini davam etdirən Yeganə Hüseynova filologiya üzrə elmlər doktorudur. Hazırda dövlət unuversitetlərinin birində pedaqoji fəaliyyətini davam etdirir.
Mirzəxan Hüseynovun xatirəsi daim əziz tutulur. Onun rəhbərlik etdiyi məktəbin yetirmələri bu gün republikamızın müxtəlif bölgələrində, paytaxtda müxtəlif elm, təhsil, sənaye və istehsal müəssisələrində, ali məktəblərdə çalışırlar. Onlar təhsil fədasi “Mirzəxan Hüseynov məktəbi”nin yetirmələri oduğundan qürur duyurlar.
Əliqismət
BƏDƏLOV,
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Azərbaycan müəllimi.- 2019.- 12 aprel.- S.13.