O gün...

 

Hekayə

 

Zəngin səsi uşaqları sinfə yığdı. Hamı yerinə keçib kitablarını açdı. Pıçıldaşan, gülüşən uşaqlar da, nəhayət, dərsə başlamağa hazır idilər. Onlar zəngin vurulmasına baxmayaraq, nədənsə hələ də pəncərədən çölə baxan müəllimi seyr edir, sual dolu baxışlarla bir-birinə baxırdılar. Birdən həmişə şıltaqlığı ilə seçilən Zeynəb yerindən qalxıb müəllimə yaxınlaşdı.

- Zəng vuruldu, müəllim!

Müəllim çətinliklə də olsa gözlərini uzaqlardan dartıb sinif otağına gətirdi. Çox uzun, qanlı yol gəlmiş gözlərini sinfə gəzdirdi. Uşaqların tərtəmiz, parlaq gözləri ona zillənmişdi, dərsə başlamağını gözləyirdilər. O isə sanki uyğun söz tapıb dərsə başlaya bilmirdi...

Xocalı faciəsini izah etməliydi bu məsum uşaqlara. “Necə də çətindir, İlahi!”. Vətən mövzusunda danışarkən sözləri alov saçan, gözlərində ildırım çaxan biridir Günəş müəllim. Söhbət Xocalıdan düşəndə isə başqa bir hüzn çökürdü qəlbinə. Onun Xocalı yarası çox dərindir. Sanki gizli bir utanc sarır bütün varlığını o günləri xatırladıqca.

Tənəffüs boyu xəyallar onu həmin ilin fevralına apardı. Toyu olmuşdu fevralın iyirmi üçündə. Sevinclə fevralın iyirmi səkkizini gözləyirdi. Gəlin köçəcəkdi o gün. Nə gözləyirdi, nə oldu...

Rayona elə bir xəbər gəldi ki, bu, bütün rayon camaatını kədərə boğdu. Hamı Xocalıda öldürülmüş, əsir götürülmüş insanlardan, təhqir olunmuş qızlardan, yandırılmış evlərdən danışırdı. Əlini-ayağını doğma torpaqlarında qoyub gələnlərin, balasını itirənlərin, qardaşı, atası gözləri önündə qətlə yetirilənlərin acısından söhbət açırdılar. Onların danışdığı ağlasığmaz hadisələr insanları dəhşətə salmışdı. Bütün rayon yas içində idi.

Günəş bu yas içində olan ailənin bir üzvü idi. Bu dəhşətli hadisələr onu da sarsıtmışdı. On doqquz yaşlı bir gənc qız duyğuları ilə onu ən çox incidən təhqir olunmuş qız-gəlinin hissləri idi. Neçə qız sevgilisini, qardaşını, atasını itirmişdi, ayağını, ürəyini, qol-qanadını itirmişdi.

Səbirsizliklə gözlədiyi, xəyallar qurduğu toy gününü artıq gözləmirdi. İndi onu yalnızca o nakam qızların əzabları düşündürürdü. Yuxularında özünü qanlı gəlinlikdə görürdü. Bu yuxu onu rahat buraxmırdı. “Xeyr, bu toy çalınmayacaq, mən o gəlinliyi geyməyəcəm. Əsir qız-gəlinin qanına bulaşıb o gəlinlik”.

Bu qərarla sanki hadisələrə etirazını bildirirdi. Onların heç vaxt geyməyəcəyi gəlinliyi əyninə keçirmək istəmirdi. Ən azından bunu edə bilərdi onlar üçün. Başqa heç nə gəlmirdi əlindən...

O hadisələrin nakam qoyduğu, toyu çalınmayan, xınası yaxılmayan, duvağı taxılmayan qızlardan biri idi Günəş... Ürəyində itkilərinin ağrısı, əlacsızlığın yanğısı vardı. Xoşbəxt olmağa utandı elə bil. Qəlbindəki ağrılar bu sevinci onun əlindən aldı.

Beləcə günlər həftələri, həftələr ayları, aylar bir - birini qovub ilə yaxınlaşdı. Ana olacaqdı. Səbirsizliklə yolunu gözlədiyi övladı fevral ayında dünyaya gələcəkdi. Bu onu elə qorxudurdu ki...

Fevralın 20-si idi. Gecə yuxu gördü. Gördü ki, həmin gecə 25-dən 26-na keçən gecə oğlu dünyaya gəlir. Sevinərək alır qucağına, amma bir dəhşətli səs qulaqlarını batıracaq qədər uğuldayır. İnilti, ağlaşma, qışqırıq səsi gəlir. Səs artır, hər tərəfdən qan axmağa başlayır. Ona tərəf durmadan qan axır sel kimi. Yerdə oğlunu bağrına basaraq qışqırır, amma səsi çıxmır. Qan sinəsinə doğru qalxır, nəfəsi daralır, gözlərini yumub möhkəm qışqıraraq ayılır. Yataqda dik atılır. Qan-tər içində idi. Gördüyünün yuxu olduğuna şükür etdi. Əllərini Allaha qaldıraraq övladını o lənətlənmiş gündən əvvəl dünyaya gətirməsini dilədi. “Ana olmaq sevincimi də alma məndən, İlahi” dedi. Allah eşitdi onun duasını, oğlunu 24-də gətirdi dünyaya. Ana olmasından çox sevincliydi. Zaman keçir, övlad sevgisi, bala sevinci onu ağuşuna alırdı. Bu qədər şirin bir payın itirilməsinin nə qədər acı olacağını anlayırdı artıq. Daxildə, lap dərində bir yerdə bu xoşbəxtliyin utancını yaşadı gizlincə... Bir müəllim kimi hər dəfə şagirdlərə bu faciə haqqında məlumat verərkən o hisləri yenidən yaşayırdı. Cəhənnəmi görüb gəlirdi sanki. İstəmirdi körpə balalarımız bu hisləri duysunlar, istəmirdi... İstəyirdi onlar utanc yox, qürur duysunlar millətiylə. O, tək öz oğlunu böyütmürdü bu vətən üçün, həm də onlarla şagirdi bu ruhda tərbiyə edir, vətən üçün hazırlayırdı. Özünü toplayıb dərsə başladı. Onların o körpə ürəklərinə vətən sevgisi əkmək onun başlıca qayəsidir. Öz kökünə bağlı böyüməlidir bu uşaqlar. Vətənini, millətini, torpağını tanımalıdır. Millətinin başına gətirilənləri bilməli və unutmamalıdır. Bu millət qanı bahasına olsa da, bu təhqiri, bu haqsızlığı cavabsız qoymamalıdır.

 

Gülşən MUSTAFA,

 

Bakı şəhəri 64 nömrəli tam orta

məktəbin ibtidai sinif  müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Azərbaycan müəllimi.- 2019.- 12 aprel.- S.14.