Valideyn səriştəsinin
artırılması
Məqsəd və istiqamətlər,
prinsip və formalar
XVII əsrdə çex pedaqoqu və yazıçısı Yan Amos Komenski indi də mövcud olan sinif-dərs sisteminin əsasını qoymuş, sonrakı dövrlərdə isə tədrisin alman modeli formalaşmışdır. Alman modeli Vilhelm Humboltun təşəbbüsü ilə universitet təhsili mütərəqqi formasına (mühazirə-seminar) çevrildi və bütün Avropaya yayıldı. Bu model müəllim və tələbələr arasında qarşılıqlı ünsiyyəti yeni mərhələyə qaldıraraq, təhsil azadlığı ideyasına söykənirdi. Alman modeli və klassik təhsil sistemi dayanmadan, bizim dövrümüzə qədər dəyişməyə başladı. Dəyişməyən forma və cəhətlər də qalmaqdadır, amma innovasiyalarla yanaşı, yeni paradiqmalar və ideyalar da ortaya çıxmışdır.
Hazırda bütün dünyada səriştələrə yönəlik təhsilin qurulması bizim çağın yeni təhsil ideyasına çevrilib. Şagirdlərə və tələbələrə hazır bilikləri mənimsətmək modeli artıq səriştə və bacarıqların yaradılması ilə əvəzlənir. Biliklər səriştələrə keçməli, təcrübədə özünü doğrultmalıdır.
Klassik yanaşmada təhsil insanı həyata hazırlayırdı, indi bu hazırlıq bütün həyat boyu davam edir və “ömürlük təhsil” sistemi formalaşır. 1990-cı ildə Tailandda YUNESKO-nun təşəbbüsü ilə keçirilən “Hamı üçün Təhsil - Ümumdünya Konfransında” isə Hamı üçün Təhsil haqqında Ümumdünya Bəyannaməsi qəbul olundu və ölkələrə çağırış edildi ki, “təhsil dünyanın hər yerində hamının, yaşından asılı olmayaraq bütün qadın və kişilərin təməl hüququdur”.
Biliklərə əsaslanan təhsil sisteminin səriştələr sisteminə keçməsi, ömrü boyu öyrənmə və hamı üçün təhsil ideyalarının qəbul edilməsi, nəhayət, şəxsiyyətyönümlü təhsil məqsədinin aparıcı olması müasir təhsildə başqa bir faydalı istiqamətə də yol açdı: səriştəli valideynlərin hazırlanması.
Valideynlərin təhsil və tərbiyədə
rolu əvvəl də vacib idi. Lakin indi daha vacib sayılır və
onların rolu yeni forma alır. Onların səriştələndirilməsi,
özlərinin pedaqoji bacarıqlarına inanmaları, təhsil
və tərbiyənin vacib prinsiplərini mənimsəməsi,
təhsil prosesinin ayrılmaz hissəsinə çevrilməsi
çağımızda vacib məqsədə
çevrilmişdir.
Valideynlərlə əməkdaşlığa
yeni baxış
Valideyn və övlad olmaq tamamilə eyni olmaq deyil, bu,
iki fərqli insanın münasibətlərinin qurulmasından
yaranan çətinliklərlə bağlıdır. Bu, iki fərqli
emosiyaların uyğunlaşma çətinliyidir. İki fərqli baxışın,
dünyagörüşünün, dəyərlər
sisteminin, seçimlərin qarşılaşdığı,
çulğalaşdığı hallardır.
Hələ araya şəxsi iddialar, maddi münasibətlər,
çətin vəzifələr, zəhmət və əziyyət
çəkmək tələbləri, məsuliyyət və
intizam qayğıları, pis vərdişlər, konfliktlər
girdikdə çox mürəkkəb bir problemdən söhbət
açdığımızı tam ciddiliyi ilə anlaya bilərik.
Ailə fərdin həm fiziki, həm də mənəvi
cəhətdən formalaşması üçün vacib
institutdur. Uşaqların dəyərlər sisteminin
yaranmasında, ehtiyac və motivlərinin istiqamətlənməsində,
dünyagörüşünün təməlinin
qoyulmasında, sosiallaşmasında, insana, vətənə,
tarixə və mədəni irslərə münasibətinin
formalaşmasında ailə mühitinin ciddi rolu var.
Ailə və məktəb arasında
qarşılıqlı münasibətlərin artıq kifayət
qədər böyük təcrübəsi mövcuddur. Buna qədər
təhsillə bağlı istənilən məsələdə
məktəb diktə edə biləcək rola sahib idi. Söhbət yalnız sovet dönəmində
olduğu kimi, dövlətin təmsilçisi kimi
çıxış edən məktəbin üstün
mövqeyindən getmir. Məktəb daha
hazırlıqlı tərəf idi, müəllimlər təkcə
tədris bilikləri ilə deyil, daha geniş
dünyagörüşü ilə seçilirdi. Ona görə də məktəb təhsilə aid
bütün parametrləri müəyyən edir, çox vaxt
bunun üçün valideyn və şagirdlərin rəyinə
önəm verilmirdi.
Zaman dəyişmişdir, yeni təcrübələr,
yeni paradiqmalar, o cümlədən valideynlərin dəyişməsi
onların rolunun artmasına səbəb olmuşdur. Valideynlər
indi daha çox uşaqların təhsilinə təsir
göstərir, bununla daha çox maraqlanır, uşaqları
yönəltməyə çalışırlar. Ona görə də valideyn-məktəb münasibətlərinin
əhəmiyyəti artmışdır. Bu,
bir sosial sifarişdir.
Belə bir dövrdə valideyn-məktəb münasibətlərinə
yenidən baxmaq obyektiv zərurətdir. Ən müxtəlif
ölkələrin təcrübəsi göstərir ki,
uşaqların tərbiyəsində və dərslərinə
hazırlığında problemləri həll etmək ailənin
iştirakı ilə daha asan başa gəlir, eyni zamanda, ailələrlə
birlikdə daha ciddi uğurlara imza atmaq mümkündür.
Mütəxəssislər
hesab edir ki, məktəb müəllimin avtoriteti üzərində
qurulduqda uşaqlar “məktəbli-məktəbli”, “məktəbli-müəllim” münasibətləri çərçivəsində
qalır ki, bu da heç vaxt daha emosional və heç bir
marağa söykənməyən doğma valideyn-övlad
münasibətləri qədər təsirli deyil. Valideynlərin təhsilə cəlb edilməsi bu qədər
incə əhəmiyyətə söykənir. Ailə uşaqlara dünyaya göz
açdığı andan bağlı olduğuna görə
onun təsiri daha sonrakı yaşlarda da güclü olmaqda
davam edir.
Ailə uşaqların intellektual inkişafında da təsirli
rola sahibdir. Amerikalı tədqiqatçı Hovard Blum çox
ciddi hipotezlə bütün dünyanın diqqətini
özünə cəlb edə bilib. Onun tədqiqatlarına
görə, maddi və mənəvi təminatlı ailədə
böyüyən uşaqlarla bu sahədə problemləri olan
ailələrin uşaqlarının əqli
inkişafındakı fərq əmsalı 20 balı
ötür. Ailənin biliklərin mənimsənilməsinə
təsiri danılmazdır.
Uşaqların mədəni səviyyəsi, ictimai dəyərlərə
sayğısı, şəxsi motivasiya və əzmi də
ailədən birbaşa asılıdır. Valideynlər
təhsil sisteminin vacib halqasına daxildir. Məhz
onların köməyi və iştirakı ilə ailənin
təsirini müsbətə doğru və daha yüksəyə
çatdırmaq olar. Ona görə də
məktəb və müəllim üçün valideynin
etimadını qazanmaq və onu müttəfiqə çevirmək
çox vacibdir.
Yapon məktəblərində çox maraqlı bir təcrübə
var, xüsusi gündəlik vasitəsi ilə daim valideyn və
müəllim arasında danışıqlar gedir, fikir
mübadiləsi və ünsiyyət qurulur. Valideyn
gündəliyə öz müşahidələrini, uşaq
haqda düşüncələrini, onun necə
çalışması, nə zaman
çalışmaması, digər davranışları və
maraqları barədə qeydlər yazır. Buna cavab olaraq müəllim də öz qeydlərini
və təbii ki, valideynin yazdıqlarına münasibətini,
təklif və izahlarını yazır. Bu
yazışma daim davam edir.
Bu, yalnız bir nümunə və bir formadır. İndi
bütün dünyada valideynlərlə məktəb
arasında münasibətlərin yenidən qurulması ilə
bağlı axtarışlar gedir. Ölkəmiz
də “Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası” sənədi ilə bu
axtarışlara qədəm qoyub. Sənəddə
nəzərdə tutulan “Səriştəli valideyn”
Proqramı isə həmin istiqamətdə fəaliyyətin
bazasına çevrilməlidir.
Valideynin təhsil prosesində
iştirakı
yüksək nəticələrə yardım edən amil kimi
Valideynlərlə
əməkdaşlığın əhəmiyyəti və
effektivliyi ondadır ki, buna valideynlər özləri də
can atır. Biz bu əməkdaşlığa məktəbin,
təhsil sisteminin vəzifəsi kimi baxırıq, işin ən
yaxşı cəhəti isə odur ki, əksər hallarda
valideynlər özləri təşəbbüs göstərirlər.
Tarixə müraciət etsək, bunun ən
yaxşı nümunəsini görərik.
Vətəndaş müharibəsi başa
çatdıqdan sonra ABŞ-da müxtəlif amillər təhsil
sahəsində böyük çətinliklər və
qayğılar ortaya çıxarmış oldu. Bu zaman bir qrup
ana ABŞ vitse-prezidentinin xanımına müraciət
ünvanladı. Bu, valideynlərin təhsil
prosesinə ən ciddi və tarixi müdaxilələrindən
sayıla bilər. Nəticədə
ABŞ prezidenti və vitse-prezidentinin xanımlarının təşəbbüsü
ilə Milli Valideyn-Müəllim Assosiasiyası
yaradıldı və məktəb-valideyn əməkdaşlığında
rəsmi xarakter aldı.
Güclü təhsil sistemi ilə tanınan Yaponiyada
valideynlər uşaqların təhsilində o qədər
yaxından iştirak edir ki, xəstələnmiş uşağın
əvəzinə onlardan birinin, xüsusən də ananın
dərsə getməsi, qeydlər götürməsi adi hal
alıb.
Təbii ki, biz daha ətraflı bir inteqrasiyadan söhbət
açır, onun yeni üfüqlərini axtarırıq. Bunun qarşısında isə
yüksək nəticələrə nail olmaq istəyi durur. Biz yuxarıda məşhur tədqiqatçı
Hovard Blumun ailənin uşaqların əqli inkişafına
necə ciddi təsir etməsi ilə bağlı
araşdırmalarına toxunmuşduq. Hədəflər
bununla bitmir, biz valideynlərlə əməkdaşlığın
səriştə amili əsasında qurulması ilə yeni təhsil
sisteminin inkişafına, o cümlədən bir çox
istiqamətlərdə nəticələrin yüksəldilməsinə
töhfə verməliyik. Bunlar
aşağıdakılardır:
- Dərslərə
hazırlıq və marağın yüksəldilməsi;
- Biliklərə
yiyələnmənin səriştələrə keçməsi;
-
İstedad və maraqların üzə çıxarılması,
düzgün yönləndirilməsi;
-
Davranışların nümunəviliyinə nail olmaq və
arzu olunan məktəb mühitinin yaradılması;
-
Kommunikativliyin artırılması, ehtiyac və tələblərin
düzgün qiymətləndirilməsi;
- Konfliktlərin
aradan qaldırılması və yaranmasına imkan verilməməsi;
- Nitq
qabiliyyətinin, diskussiya mədəniyyətinin
yaxşılaşdırılması;
-
Uşaqların fiziki inkişafının və
sağlamlığının qorunması;
- Pis vərdişlərin,
çətinliklərin, problemlərin həlli;
- Ailənin
özünün daha doğru yanaşmalara sahiblənməsi;
- Şəffaflıq, hüquq və
vəzifələrin dərk edilməsi, demokratikliyin təmin
edilməsi;
- Nəzarət
və monitorinq imkanlarının artırılması;
-
Resursların genişləndirilməsi və düzgün
istifadəsi.
Təhsilin
inkişafı həm də resursların artırılması
və keyfiyyətlənməsi hesabına
mümkündür. Çağdaş tələblərə
cavab vermək üçün dövlətlər təhsil
büdcəsini artırmaqda davam edirlər. Azərbaycan mütərəqqi və uğurlu
dünya təcrübəsinə çatmaq üçün
bu sahədə ciddi vəzifələr müəyyənləşdirib.
“Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası” sənədində
deyilir ki, müasir tələblərə cavab verən bir
sistem qurmaq üçün “təhsilin maliyyələşdirilməsi
xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə
5-6 faizə çatdırılması, nəticəyönlü
büdcə planlaşdırılması və müxtəlif
mənbəli maliyyələşdirmə mexanizmlərinin
yaradılması” nəzərdə tutulur. Təhsil müəssisələrinin
informasiya-kommunikasiya texnologiyaları ilə təmin
edilməsi, müasir təminatlı peşə-tədris mərkəzlərinin
və komplekslərinin yaradılması, təhsillə
bağlı media və internet resurslarının
inkişafının təmin edilməsi və s. vəzifələr
qarşıya qoyulub.
Eyni
zamanda, təhsilin dayanıqlı və müxtəlif mənbələrdən
istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin
yaradılması, dövlət və bələdiyyə təhsil
müəssisələrində özünümaliyyələşdirmə
prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin
göstərilməsinin dəstəklənməsi, büdcədənkənar
vəsaitlər hesabına formalaşdırılan Təhsilin
İnkişafı Fondunun yaradılması sözügedən
sənəddə qeyd olunur.
İstər təhsil müəssisələrinin
özünümaliyyələşdirməsi, istərsə də
büdcədənkənar vəsaitlərin cəlb edilməsi
olsun, valideynlərin könüllü iştirakı, təşviqi,
çağırışı və müsbət rəyi
olmadan bu sahələrdə uğur qazanmaq mümkün deyil. Hətta
özəl şirkətlərin və imkanlı şəxslərin
maliyyə dəstəyi üçün valideynlərin
çağırış və təşviqi daha effektlidir.
O cümlədən,
büdcədənkənar vəsaitlər hesabına
formalaşdırılan Təhsilin İnkişafı Fondunun
yaradılmasında valideynlərin şəffaflıqla
bağlı müsbət rəyi uğurun təməli
sayılmalıdır.
Valideynlər
müasir məktəb kitabxanasının üzvü və zənginləşdiricisi
kimi
Məktəb kitabxanaları təhsil sisteminin və təhsil
müəssisələrinin ayrılmaz hissəsidir. Onlar daim yenilənməlidir.
Bütün dünyada kitabxana fondlarının
zənginləşdirilməsində valideynlərin
böyük rolu var. Hər valideynin kiçik dəstəyi
böyük zənginliyin əsasını qoya bilir. Bu məsələ ilə bağlı müxtəlif
ölkələrdə maraqlı və faydalı təcrübələr
var.
Məktəb kitabxanası həm də valideynlər
üçündür. Onları bura cəlb etmək, üzv etmək
səriştəli valideyn proqramının bir hissəsi
olmalıdır. Gözəl mütaliə
müəllim-şagird-valideyn ünsiyyətinin yeni və
maraqlı platformasına çevrilə bilər. Kitab bu birliyi daha da gücləndirə bilər.
Kitabxana üzvü olan, mütaliə edən
valideynlər həm də uşaqlar üçün kitab təşviqatçısı
olacaqlar.
Bu
baxımdan Təhsil Nazirliyinin artıq bir neçə ildir
ki, məktəblilər arasında keçirdiyi “Ədəbiyyat
biliciləri” müsabiqəsi və “Oxu günü” kimi dəyərli
tədbirləri olduqca böyük əhəmiyyət kəsb
edir.
Valideynlərin təhsil prosesində
iştirakı
ictimai nəzarət və monitorinq kimi
Valideynlər təhsilin keyfiyyətində maraqlı tərəfdir. Təhsil
müəssisəsinin fəaliyyətinin qanuniliyi, səriştəliliyi,
tədrisin keyfiyyəti, bir sözlə, hər bir vacib cəhət
onların qayğılarına aiddir. Ona
görə də valideynlərin təhsil prosesində
iştirakı etibarlı ictimai nəzarət və monitorinq
formasıdır.
Valideynlər öyrənənləri hamıdan çox
və daha yaxından izləyir, onlarla daim təmasdadır. Ən müxtəlif şəraitlərdə
onların davranış və səriştələrini hiss
edə bilir. Onların
çalışqanlığını, marağını
müşahidə edir, nəticələri sezmiş olur.
Məktəblinin qiymətlərinin aşağı
düşməsinə səbəb nədir? Ona məktəbdə
münasibət necədir? Hansı fəndən geri
qalır və bunun gerçək səbəbi nə ola bilər? Valideynlər
bütün bunların əsasında təhsil prosesinin
gedişi və keyfiyyəti barədə bəlli qənaətlərə
sahib olur.
Müəllimlər onun övladına lazımi qədər
diqqət ayırırmı? Məktəbdə
hansı problemlər var? Qanunsuzluq və
özbaşınalıqlar olurmu? İntizamsızlıq
varmı? Mühit tələblərə
cavab verirmi? Rəhbərlik necə işləyir?
Maddi-texniki vəziyyət yerindədirmi? Qışda istilik sistemi işləyirmi? Kitabxanada durum yaxşıdırmı?
Bütün bu suallar valideynləri daim
düşündürür, qayğılandırır. Ona görə
də valideynlər daha hazırlıqlı olmalıdırlar
ki, düzgün nəzarət həyata keçirib, doğru nəticələr
çıxarsınlar. Nələrə
diqqət ayırmağın vacibliyini öyrənsinlər.
Bu problemləri qaldırmağa səriştələri
çatsın. Bunun üçün onlar
həmçinin öz hüquqlarını və tədris
müəssisəsinin vəzifələrini bilməlidirlər.
Valideyn-övlad münasibətləri istər-istəməz
həm də tarixi nəsillər problemidir. Qədim Misir
ehramlarında tapılmış iki fərqli daş kitabə
bu problemin qədimliyinə və tarixiliyinə gözəl
izah verir. Həmin kitabələrin birində
“Ax, bu cavanlar, heç ümidlərimizi doğrultmadı!”
- deyə şikayət edilir, digərində
isə cavan bir müəllif
yaşlılardan gileylənir: “Yaşlı nəsil bizi
heç cür başa düşmür, hər addımda bizə
əngəllər yaradırlar!”.
Bu cür mürəkkəb münasibət indi həm psixologiya
elminin, həm də pedaqoji fənlərin maraq dairəsindədir. Bütün
dünyada “necə valideyn olmaq arzu ediləndir?” kimi çətin
suala cavab tapmaq üçün həm nəzəri tədqiqatlar
davam edir, həm də təcrübələr öyrənilir.
Bir çox ölkələrin təcrübəsində
ayrıca “Valideyn klubu” şəbəkələri, “Valideyn məsləhət
mərkəzləri” var ki, insanlar özləri valideynlik etmək
kimi çətin vəzifənin öhdəsindən gəlmək
üçün bilgi və bacarıqlarını
artırmağa can atırlar. Yəni
valideynlər özünütəlimə can atırlar.
Bizim çağımızda səriştəli valideyn
paradiqmasının yaranması da buna görədir. Çətin
bir vəzifənin öhdəsindən gəlmək
üçün valideynləri hazırlamaq, onların səriştəli
olmasını təmin etmək artıq dövlətin və
təhsil sisteminin üzərində vacib bir öhdəlik kimi
durur.
Etibar ƏLİYEV,
“XXI əsr Təhsil Mərkəzi”
İctimai
Birliyinin sədri, fəlsəfə
üzrə fəlsəfə doktoru
Azərbaycan müəllimi.- 2019.- 19 aprel.- S.1; 7.