Məktəb direktoru: müasir
təhsildə
çox vacib aparıcı qüvvə
İki bənna
xərəklə addımlayır. Yoldan keçən
biri hər ikisinə eyni sualla müraciət edir:
- Nə iş
görürsünüz?
Birincisi cavab verir:
- Görmürsəm,
daş daşıyıram!
İkincisinin
cavabı:
- Şartr kilsəsini
ucaldıram!
Giriş əvəzi
Əgər
XII əsrin bu fransız rəvayətini müasir
dövrümüzə ekstrapolyasiya etsək əminliklə
demək olar ki, 2013-cü ildə Prezident sərəncamı
ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nın
uğurla həyata keçirilməsi məhz ikinci qrup “bənna”ların
üzərinə düşür. Həyatımda
təhsillə bağlı bir sıra dövlət əhəmiyyətli
sənədlərin, o cümlədən “Təhsil
haqqında” Qanunun layihələrinin hazırlanmasında
yaxından iştitak etmişəm. Bunların
sırasında Təhsil Strategiyası xüsusi yer tutur.
Fəxr edirəm ki, Strategiyanı hazırlayan
işçi qrupunun tərkibində fəaliyyət göstərmişəm
və təkidli səylərim nəticəsində dünya təcrübəsində
özünü doğrultmuş, böyük gücə malik
ölkələrin inkişaf sıçrayışına
möhkəm zəmin yaratmış təhsil
innovasiyalarının mühüm bir qismi (əfsuslar olsun ki,
heç də hamısı deyil!) həmin sənəddə
öz əksini tapmışdır.
Strategiyanın məqsədi ölkədə səriştəli
təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan
infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə
görə dünya ölkələri sırasında
qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Azərbaycanın
təhsil sistemi iqtisadi cəhətdən dayanıqlı və
dünyanın aparıcı təhsil sistemlərinin
standartlarına uyğun olmalıdır.
Strategiyanın
reallaşdırılması təhsil məzmununun, pedaqoji kadr
hazırlığının, təhsili idarəetmə
sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq
təcrübəyə və Azərbaycanın inkişaf
konsepsiyasına uyğun yenidən qurulmasına imkan verərək,
ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar
olmasını, informasiya cəmiyyətinin təşəkkülünü
və ölkənin davamlı inkişafını təmin edəcəkdir.
Obyektivlik
naminə təsdiq etməliyik ki, təhsilə konseptual
yanaşmanı hələ 1999-cu ilin avqustunda unudulmaz
Prezidentimiz Heydər Əliyev vermişdir:
“Təhsil
xalqımızın bu günü, millətimizin,
dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”
Heydər Əliyevin bu kəlamını təmtəraqla
səsləndirən, pafosla dilinə gətirənlərin
sayı-hesabı yoxdur. Reallıqda isə “gələcək” dedikdə
yalnız hazırkı günü nəzərdə tutan, istənilən
yenilikləri sözdə tərifləyən, əməldə
isə ona gizli müqavimət göstərən müəllimlərimiz,
rəhbər təhsil işçilərimiz az
deyildir. Məndən heç kəs inciməsin, son 30 ildə
dəfələrlə səsləndirdiyim bir fikri əminliklə
bir daha təkrar edəcəyəm: təhsil islahatlarının
həyata keçirilməsinə ciddi müqavimət göstərən
ən konservativ təbəqə məktəb
direktorlarıdır. Aydın məsələdir
ki, “ən konservativ təbəqə” ifadəsi islahatları qəbul
edən, onlar naminə fədakarcasına çalışan,
idarə etdiyi pedaqoji kollektivi yeniliklərin uğurla həyata
keçirilməsinə bacarıqla cəlb edən, daim
axtarışda olan məktəb direktorlarımıza aid
deyildir.
I. Məktəb direktoru fenomeni.
Yan Amos Komenski dövründən əvvəl də,
bundan sonra da, xüsusən də sovet dövlətində
“müəllim - təhsil prosesinin təşkilində
başlıca fiqur, əsas simadır” və buna bənzər
ifadələrə tez- tez rast gəlmək olardı. Sözsüz ki, bu, bir həqiqətdir:
axı sistemli təhsildə şagird və tələbələrlə
ən sıx təmas imkanı kimə məxsusdur? Müasir
dövrdə isə - təhsil quruculuğu və inkişafı
mərhələsində ön sıraya ikinci əsas sima
çıxmışdır: məktəb direktoru, təhsil
müəssisəsinin birbaşa idarəedicisi. Rəhbəri
yox, məhz idarəedicisi!
Haqlı olaraq, Strategiyada təhsilin idarəedilməsində
ciddi dönüşün təmin olunması 5 əsas
inkişaf istiqamətindən biri kimi seçilmiş, idarəetmənin
qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən
qurulması nəzərdə tutulmuşdur. Təhsil müəssisələrində
nəticəyönlü və şəffaf idarəetmə
modelinin qurulması, onlara idarəetmə, akademik, maliyyə və
təşkilati muxtariyyətin verilməsi, təhsil
ocaqlarında strateji idarəetmənin tətbiqi mexanizmlərinin
yaradılması, idarəetmənin dövlət-ictimai
xarakterdə və dövlət-biznes partnyorluğu əsaslarda
təşkili, təhsil keyfiyyətinin təminatı üzrə
yeni sistemin yaradılması və bunlardan başqa digər
mühüm tədbirlərin həyata keçirilməsi də
vacib hədəflər kimi müəyyən edilmişdir.
Bu mühüm islahatları uğurla həyata
keçirmək üçün güclü idarəedicilər,
xüsusilə də müasir tələblərə cavab verən,
müəllimlərin pedaqoji fəaliyyətinin yüksək
keyfiyyət səviyyəsində təşkilinə qadir olan
məktəb direktorlarına ciddi ehtiyac vardır. Bu gün belə
yanaşma yalnız avtoritar təhsil sistemindən imtina edib
demokratik təhsilin təşkili yolunu tutmuş Azərbaycan
üçün deyil, bütün ölkələr
üçün aktualdır.
2014-cü
ilin fevralında ADA Universitetindən daxil olmuş müraciətə
əsasən mən “Məktəb direktoru təhsil
islahatlarının həyata keçirilməsində
aparıcı qüvvə kimi” mövzusunda təqdimat
hazırlayıb aprel ayında interaktiv mühitdə Bakı
şəhərinin məktəb direktorları qarşısında
çıxış etdim. Həmin ildə eyni təqdimatla Təhsil
Nazirliyinin məktəb direktorları üçün təşkil
olunmuş ilk hazırlıq kurslarının, Quba rayonunda “Təhsil
üzrə gənc liderlər üçün yay məktəbi”nin müdavimləri, habelə ADPU tərəfindən
2018-ci ilin iyununda Şamaxıda təşkil olunmuş və
12 rayonun rəhbər təhsil işçilərini əhatə
edən seminar iştirakçıları qarşısında
da çıxış etmişəm.
Bu
yaxınlarda 5 il əvvəl
hazırladığım təqdimatı nəzərdən
keçirdikdə onun hazırkı dövr üçün də
aktual olduğunu dərk etdim. Hazırkı məqaləmdə
həmin təqdimatda əks olunmuş mülahizələrimlə
qısa tezislər şəklində bölüşmək
istərdim.
II. Beynəlxalq
təcrübə.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
(OECD) 2006-2008-ci illərdə 22 ölkədə “Məktəb
rəhbərliyini inkişaf etdiririk” (“Improving School Leadership”)
mövzusunda beynəlxalq layihə həyata keçirmiş,
bir sıra tədqiqatlar aparmışdır. Qeyd edim ki, bu işlər
Avstriya, Avstraliya, Belçika, Böyük Britaniya, Cənubi
Koreya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, Yeni Zelandiya, Norvec,
İsveç, İsrail kimi inkişaf etmiş ölkələri
əhatə etmişdir.
Araşdırmalar
nəticəsində bu nəticələrə gəlinmişdir:
1. məktəb rəhbərlərinin
funksiyaları ciddi şəkildə dəyişilmişdir;
2. onların hazırlanması və
ixtisasartırması real tələblərə adekvat deyildir;
3. liderlik keyfiyyətlərinə və idarəetmə
qabiliyyətlərinə malik bir çox mütəxəssislər
məktəb rəhbəri işləmək üçün
əmək şəraitini o qədər də cəzbedici
hesab etmir;
4. məktəb direktoru vəzifəsinə təyin
olunmaq təklifini rədd edənlər bunu bir sıra ciddi
problemlərlə əlaqələndirir:
* məktəbin avtonom quruma çevrilməməsi;
* məktəb direktoru öhdəliklərinin
mürəkkəbləşməsi;
* kurikulumların daim yenilənməsi, XXI əsrin
tələblərinə uyğunlaşdırılması, bu
səbəbdən müəllimlərin ixtisasartırmasına
tələbatın artması;
* məktəbin yerli icma qarşısında məsuliyyətinin
artması;
* məktəbdə yeni qiymətləndirmə mədəniyyətinin
bərqərar olması;
* məktəb idarəetməsində strateji
planlaşdırma və monitorinqin rolunun artması;
* məktəb siyasətində şagird və
valideyn müxtəlifliyi, mədəni fərqliliyin ciddi aspekt
kimi qəbul olunması.
Bütün
bu faktorlar təhsilin keyfiyyətinə təsir etməklə
yanaşı məktəb rəhbərlərinin iş
yükünü ağırlaşdırır, öhdəliklərinin
həcmini artırır.
Dünya
təcrübəsində ümumtəhsil məktəbinin
direktoru üçün 4 əsas fəaliyyət sahəsi
müəyyənləşdirilmişdir:
1. tədris və təlim keyfiyyətinin
artırılması;
2. səlahiyyətlərin
bölüşdürülməsi və məsuliyyət səviyyəsinin
artırılması;
3. idarəetmə sahəsində strateji
resursların inkişafı;
4. xarici maraqlı tərəflərlə
qarşılıqlı əlaqələrin inkişafı.
Avropa
Komissiyası (European Commission) rəqabətqabiliyyətli məktəbin
missiyası və məqsədlərinin
aşağıdakı tələblər əsasında
qurulmasını tövsiyə edir:
* liderliyin inkişafı və dəyişikliklərin
idarəolunması;
* strateji planlaşdırma;
* xarici tələblərin məktəb təcrübəsinə
transferi;
* məktəb rolunun
aydınlaşdırılması məqsədilə
kommunikasiya;
* məktəb təhsilində ədalətlilik,
qanunilik və demokratik prinsiplərin tətbiqi
üçün etik standartların inkişaf etdirilməsi.
Müəllim
və digər heyət üzvlərinin pedaqoji
potensialının dəstəklənməsinə yönəlik
mədəniyyətin formalaşdırılması prosesində
müasir məktəb direktoru qarşısında
aşağıdakı mühüm vəzifələr də
durur:
* müəllim səriştələrinin
artırılmasına dəstək;
* komanda fəaliyyətinin qurulması və idarəetmə
səlahiyyətlərinin bölüşdürülməsi;
* məktəb fəaliyyətinin müntəzəm
təhlili və səmərəliliyinin qiymətləndirilməsi;
* insan resurslarının səmərəli idarəolunmasının
inkişafı;
* innovasiyaların yaradılması, eksperimental fəaliyyət,
habelə diskussiya və peşəkar biliklərlə
bölüşmə mədəniyyətinin
formalaşdırılması.
Məktəb
işinin strukturlaşdırılması, planlaşdırma,
insan və maddi-maliyyə resurslarının idarəolunması,
kommunikasiya və qərarqəbuletmə prosedurlarının təkmilləşdirilməsi
sahəsində yaradıcı məktəb rəhbərləri
aşağıdakı məsələləri daim diqqət mərkəzində
saxlamalıdırlar:
* məktəb liderliyi və menecmentinin
inkişafı;
* pozitiv təşkilati mədəniyyətin
inkişafı;
* səmərəli idarəetmə strukturunun
qurulması;
* resursların səmərəli idarə
olunması;
* qərarların qəbul olunmasında şəffaflığın
təmin edilməsi.
Partnyorlar və məktəbdənxaric dairələrlə
(valideyn, təhsil orqanları, sosial, təhsil, mədəniyyət
qurumları və s.) işlərin idarəolunması da
müasir direktor üçün mühüm fəaliyyət
sahələrindəndir. Buraya aşağıdakılar daxildir:
* valideynlər, yerli icma, təhsili idarəetmə
strukturları ilə münasibətlərin qurulması və
dəstəklənməsi;
* yerli, milli və beynəlxalq səviyyədə
məktəbin xaricində olan agentlik və digər təşkilatlarla
əməkdaşlıq, başqa məktəblərlə
şəbəkələşmə.
III.
Ümumtəhsil məktəbimiz: reallıqlar.
Şəxsi təcrübəmdən deyə bilərəm
ki, zəif məktəb direktorunu əsasən
aşağıdakı xüsusiyyətlər səciyyələndirir. O,
* məktəbin “ağası”dır;
* kabinet hərisidir;
* konservatordur;
* üzdə demokratdır;
* idarəetməni primitiv inzibatçılıq
kimi dərk edir;
* islahatların həyata keçirilməsinə
gizli müqavimət göstərir;
* “Ortabab”
(ən yaxşı halda) müəllimdir;
* müasirlikdən uzaqdır;
* kompüterdən çap makinası kimi (ən
yaxşı halda) istifadə edir;
* pedaqoji şurada daha çox formal məsələləri
müzakirəyə çıxarır;
* idarəetmənin dövlət-ictimai xarakterdə
təşkilinə mane olur;
* etibar edilən
vəzifəni “şəxsi mülk” kimi qəbul edir;
* və s. və i.a.
IV.
Strategiya və məktəb direktorları: yeni tələblər.
Müasir
direktor:
* parlaq və yaradıcı şəxsiyyətdir;
* öz üzərində daim işləyir,
peşəkar və şəxsi keyfiyyətlərinin
inkişafına daim səy göstərir;
* şəxsi nümunəsilə pedaqoji
kollektivi axtarışa və kəşflərə
ruhlandıran liderdir;
* özünə güvənəndir, hər
şeyi bilir, hər şeyi bacarır,
bilib-bacarmadıqlarını isə tez öyrənir;
* problemlərin həllində qeyri-standart
yanaşmalara üstünlük verir;
* innovativ idarəetmə texnologiyalarını
yaratmağa və istifadə etməyə qadirdir;
* mövcud sosial şəraitə və resurslara
əsaslanaraq növbəti 4-5-9-11 illər üçün məktəbin
inkişaf perspektivlərini müəyyənləşdirməyə
qadir strateqdir;
* bu gün üçün vacib olan, sabah daha da
aktual olacaq problem və vəzifələri, ən əsası
isə - onların həlli yollarını təyin edə
bilir;
* məktəbin inkişaf rejimində fəaliyyət
göstərməsini təşkil edir;
* müəllimləri daimi əsaslarda innovasiya fəaliyyətinə
cəlb edir.
Düşünürəm
ki, hər bir məktəb direktoru öz fəaliyyətini
müntəzəm şəkildə (hər gün olmasa da, həftədə
azı bir dəfə) yuxarıda qeyd olunmuş meyarlarla - həm
çatışmazlıq, həm də müasirlik
baxımından - müqayisə etsə, bu, onun fəaliyyətində
ciddi dönüş yaradar, inkişafına müsbət təsir
göstərə bilərdi.
V. Məktəbin
idarəolunması üzrə 9 əsas prinsip.
Fikrimcə, hazırda direktor vəzifəsində işləyənlər,
habelə hazırlıq kurslarına cəlb olunan və həmin
vəzifəyə təyinatı gözləyənlər
aşağıda göstərilmiş prinsipləri yüksək
səviyyədə mənimsəyib (bəlkə də əzbərləyib)
onlara riayət etməlidirlər.
1. Fərdi
yanaşma:
* hər bir müəllimin pedaqoji fəaliyyətinin
dərindən öyrənilməsi;
* dinlənilən dərslərin təhlili
keyfiyyətinin daim artırılması;
* müəllimlərin fərdi yaradıcı
laboratoriyasının təşkili;
* müəllimlərin pedaqoji
ustalığının yüksəldilməsi;
2. Müəllimin
“zənginləşməsi”:
* ixtisasartırma, özünütəhsil və
digər peşəkar inkişaf modellərinin tətbiqi,
operativ və perspektiv tələbatlara dair müzakirə və
məsləhətləşmələrin aparılması;
* müasir tədris metodikalarına dair seminar, “dəyirmi
masa”lar və s.-in təşkili;
* müasir tədris-metodik vəsaitlərə
(çap məhsulu, internet resursları və s.) dair
müvafiq müəllim qrupları ilə müntəzəm
müzakirələrin təşkili;
3. Vahid
status:
* statusundan asılı olmayaraq, bütün
işçilər, müəllim və şagirdlər
üçün eyni demokratik şəraitin yaradılması,
qanun aliliyinin məktəb həyatında bərqərar
olması;
4. Fasiləsiz
peşəkar inkişaf:
* peşəkar inkişafın rəğbətləndirilməsi
üçün maddi (imkan dairəsində) və mənəvi stimulların müəyyənləşdirilməsi
və qəbul olunmuş reqlamentə əsasən onlardan
istifadə edilməsi;
* məktəbdaxili ixtisasartırmanın təşkili;
5.
Konsensus:
* problemlərin müzakirəsi və qərarların
qəbul olunmasında kollektiv üzvlərinin rəy və
mövqelərinin dəyərləndirilməsi və nəzərə
alınması;
* öz mövqeyinin kollektivin əksəriyyəti
tərəfindən şüurlu qəbul olunması
üçün onun dəqiq və məntiqli izah edilməsi;
* səhv rəy və təkliflərin amiranəliklə
rədd edilməməsi, onlarda olan qüsur və
uyğunsuzluqların məntiqi arqumentlərlə
açıqlanması;
6. Qərarların
kollegial qaydada qəbul olunması:
* kollektiv qərarların yalnız mühüm,
perspektiv və strateji məsələlər üzrə qəbul
edilməsi;
* vacib qərarların onları icra edəcək
işçilərin fəal iştirakı ilə müzakirə
olunması və qəbul edilməsi;
* qərarların icrasına onlara qarşı
çıxan “azlığın” cəlb olunması;
7. Müəllimlərin
idarəetmədə iştirakı və səlahiyyətlərin
ötürülməsi:
* istəyi olmadan müəllimin idarəetmə
prosesinə cəlb edilməməsi;
* idarəetmədə iştirakının
müəllim tərəfindən ona göstərilən inam
və peşəkar inkişafın bir mərhələsi kimi
qəbul edilməsi;
* tapşırılmış sahədə
müəllimə qayğı və diqqətin göstərilməsi;
* müəllimin idarəetmə fəaliyyəti
nəticələrinin ictimai rəğbətləndirilməsi;
8. Şaquli əlaqələr:
* müəllimlərin qarşılıqlı əlaqələrinin
gücləndirilməsinin əsasən şagird şəxsiyyətinin
inkişafı üzərində qurulması;
* fəaliyyətin kiçik komandalar tərkibində
müxtəlif layihələr üzərində təşkili;
9. Daimi yeniləşmə:
* dəyişikliyə başlayarkən kollektivdə
hazırlıq işləri və münasib psixoloji mühitin
yaradılması;
* dəyişikliklərə göstərilən
müqavimətlərdən çəkinməyərək
onların həyata keçirilməsi üçün zəruri
addımların atılması.
VI. Məktəb
direktoru: Lider? Menecer? Müəllim?
Əminliklə deməliyəm ki, müasir direktor həm
lider, həm menecer, həm də nümunəvi müəllim
olmalıdır. Buna Finlandiyanın təcrübəsi
bariz bir sübutdur. Əlbəttə,
Direktor:
* hər bir müəllim, işçi,
şagird üçün əlçatan olmalıdır;
* idarəetmə prosesinə digər əməkdaşların
cəlb olunmasının əhəmiyyətini anlayan, iş
vaxtının böyük hissəsini məktəb heyətinə
sərf edən, rəğbətləndirmə sisteminin tətbiqinə
daim diqqət yetirəndir;
* kabinet idarəetməsi üslubunu qəbul etmir,
problemlərin yerində müzakirəsinə
üstünlük verir, eşitməyi və dinləməyi
bacarır, qətiyyətli və inadkardır;
* tədris və təlim keyfiyyətinin idarəolunmasına
prioritet diqqət yetirir;
* müəllimlərin sinifdaxili və sinifdənkənar
fəaliyyəti, peşəkar inkişafı, innovativ pedaqoji
texnologiyaların tətbiqi və s. tədbirlər
üçün münbit şərait yaradır;
* iş
vaxtını daha çox inzibati idarəetməyə deyil,
müəllimlərin peşəkar inkişafına həsr
edir;
* istənilən problemin müzakirəsini
xoşniyyətli tərzdə aparır;
* şagirdlər üçün sağlam və
təhlükəsiz tədris, təlim, davranış
mühiti və şəraitinin yaradılmasına cavabdehliyini
dərk edir və buna böyük məsuliyyətlə
yanaşır;
* açıq səsləndirilən əks-mövqeyə
qarşı dözümlüdür, səlahiyyətlərini
icraçılara bacarıqla ötürür, münasibətləri
etibarlılıq əsasında qurur;
* məktəbin idarəolunmasına sistemli
yanaşır, idarəetmə sistemləri yaradır;
* strateji və operativ fəaliyyətlərin, bu
sahəyə cəlb olunan işçilərin və
resursların səmərəli tənzimlənməsi və əlaqələndirilməsini
təmin edir;
* hədəfləri dəqiq müəyyən
edir, onlara çatmaq üçün səmərəli plan
qurmağı bacarır;
* çətin anlarda günahkar axtarmır, kənaraçıxmaların
səbəblərini araşdırır;
* amiranəlikdən uzaqdır, ciddi nəzarəti
etibarla əvəzləyir;
* yeni ideyalara həmişə
açıqdır, onların sərbəst səsləndirilməsini
normaya çevirir;
* kollektivdə münbit psixoloji mühit
yaradır;
* tolerant, nəzakətli, optimist, gülərüzdür,
yumor hissinə malikdir;
* dəyişiklikləri təqlid etmir, pozitiv dəyişikliklərin
tətbiqinə konkret fəaliyyətdə nail olur.
Məktəb
direktoru mütləq:
* məktəb həyatını, uşaqlarla
işləməyi hədsiz dərəcədə sevməli;
* şagird, valideyn və həmkarlarının dərin
hörmət və məhəbbətini öz gərgin əməyi,
yüksək peşəkarlığı ilə qazanmalı;
* lider müəllim
kimi seçilməli, bunu uşaq və valideynlər, həmkarları
ilə iş prosesində sübuta yetirməli;
* müasir
texnologiyalardan ustalıqla istifadə etməyi, pedaqoji
innovasiyaları yaratmağı və tətbiq etməyi
bacarmalıdır.
Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu
ilə seçilmiş və direktor vəzifəsinə
iddialı olan namizədlər üçün xüsusi
treninqlərin təşkilini tam dəstəkləyirəm. Çoxillik təcrübəmə
əsaslanaraq, düşünürəm ki, bu kursların
proqramı əsasən yuxarıda sadalanmış peşəkar
keyfiyyətlərin, səriştələrin
aşılanması üzərində qurulmalıdır.
Əmin olmaq istərdim ki, bu, elə belə də
vardır. Yeri düşmüşkən və söhbətin
məntiqi davamı olaraq,
VII. Gənc
direktora 9 tövsiyəm:
* özünü olduğun kimi qəbul et,
özünə qarşı sevgi ilə yaşa, öz
unikallığına inan;
* başqalarının unikallığını
da qəbul et;
* davranışını, emosiya və
reaksiyalarını idarə etməyi bacar;
* əks fikri, mövqeyi, davranışı rədd
etməzdən əvvəl onları anlamağa
çalış;
* xarakterini təhlil et, qüsur və
çatışmazlıqlarını aradan qaldırmağa, ən
azı onları nümayiş etdirməməyə
çalış;
* konfliktləri dəf etməyi, konkret vəziyyəti
adekvat dəyərləndirməklə ondan ləyaqətli
çıxmağı öyrən;
* axırıncı sözünü əvvəlcədən
demə, buna hər vaxt imkan tapılar;
* daxili narahatlıqlarını, qorxu hisslərini
dəf etməyi bacar;
* bağışlamağı öyrən;
10-cu tövsiyəm isə bütün məktəb
direktorlarınadır. Nəzərə alın ki, III-VI bölmələrdə
əks olunmuş 78 tövsiyə heç də sizin idarəedici
fəaliyyətinizi şərtləndirənlərin
hamısı deyil. Əgər həqiqətən
müasir direktor adını şərəflə
daşımaq niyyətindəsinizsə, ən azı
yuxarıda sadalanmış mülahizələri daim diqqət
mərkəzində saxlamağı, hər zaman onlara riayət
etməyinizi tövsiyə edirəm.
Yekun əvəzi: əlavə
mülahizələrim
Yuxarıdakı qeydlərə
xeyli şərhlər verə bilərdim. Yəqin,
buna ehtiyac da vardır. Zənnimcə,
şərhlərdən əvvəl belə əqli hücum
yalnız məktəb direktorlarına deyil, digər təhsil
müəssisəsi rəhbərlərinə də faydalı
olardı. Əlavə deyəcəyim isə çox
qısadır:
* ölkənin Təhsil Strategiyasının
uğurla həyata keçirilməsi məktəb
direktorlarının peşəkarlığı və mənəvi
xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə
asılıdır!
* Azərbaycanın
təhsil müəssisələrinin rəhbərləri
sözdə deyil, konkret nəticə verən fəaliyyətdə
Strategiyaya sadiq olduqlarını nümayiş etdirməlidirlər!
* hər bir təhsil müəssisəsinin
stabillik rejimindən innovasiya əsaslı inkişaf rejiminə
keçməsi günün tələbidir!
* heç kim məktəb direktoru doğulmur, əsl
direktor olmaq isə mümkündür!
Ş.A.Amonaşvili:
“Məktəbdə pedaqoji kakofoniya deyil, pedaqoji simfoniya səslənməlidir”.
Asif CAHANGİROV,
Əməkdar müəllim
Azərbaycan müəllimi.- 2019.- 19 aprel.- S.6.