“Qələbə qazanacağımıza əmin idik

 

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində çoxlu sayda istedadlı, yüksək yaradıcılıq potensialı olan uşaq və yeniyetmə məşğul olur. Təcrübəli  müəllimlərsə  bu  mərkəzdə  istedad sahiblərini  aşkara çıxarmaq və inkişaf etdirmək  üçün əllərindən gələni əsirgəmirlər. Onların hər uğuruna sevinir, hər birinə  diqqət və qayğı ilə yanaşırlar. Və şübhəsiz  əzmkar müəllimlərin əməyi də hədər getmir, yetirmələri istər  paytaxtımızda,  istərsə də  ölkədən  kənarda keçirilən beynəlxalq festival və müsabiqələrə qatılaraq  birincilik qazanırlar. Hər müsabiqədə qazanılan qələbə isə təkcə qaliblərə verilən diplommükafatlarla deyil, eyni zamanda  Azərbaycan  bayrağının qaliblərin şərəfinə ucaldılması ilə də yaddaşlara həkk olunur. Razılaşarsınız ki, bunun sevincini yaşamaqsa  başqa bir aləmdir, yəni böyük  bir xoşbəxtlikdir. Mərkəzdə məşğul olan belə istedad sahiblərindən  biri ilə də bu günlərdə tanış oldum.  Rəqs dərnəyinin üzvü Esmər Əlixanovanı deyirəm. Məşqdən sonra onunla söhbət edərkən sözün tam mənasında  qeyri-adi bir istedad sahibi ilə tanış olduğumu qət  etdim. Rəqsin dərin fəlsəfəsini dərindən dərk edən yeniyetmə rəqqasənın söylədiyi fikirlər onun bu sənətə  ürəkdən vurğunluğunun təzahürü idi. O, danışdıqca mən sanki  bir rəqqasənin  deyil, bu sənətin  mükəmməl  bilicisinin fəlsəfi duyumlarının qanadlarında pərvazlanır, ilk baxışda adi bir idman növünü xatırladan rəqsin nə qədər dərin məzmun daşıdığına əmin olurdum. Tərcümeyi-halı da geniş və məzmunlu idi. Söhbət zamanı  Esmər  əslində olduqca mürəkkəb olan rəqs sənətinin  incəlikləri ilə də məni sadə dillə ətraflı tanış etdisonda böyüyəndə hökmən  tanınmış bir rəqqas olacağına da söz verdi.

 

Rəqs müəllimimiz hər birimizə  öz balası kimi yanaşır

 

12 yaşımdan millidünya  rəqslərini  peşəkar müəllimim Samirə Müsaimdən sevə-sevə öyrənirəm. Müəllimim özü  bu peşədən  zövq alır. Çoxlu tələbələri var. Qeyd edim ki, Samirə  Müsaim 20 ildən artıqdır ki, mərkəzimizdə  çalışır və ilk   dəfə  olaraq mərkəzimizə  qran-pri  mükafatını  da o  qazandırıb.  Bacım Ülkərlə də Samirə  xanım məşğul olur.  Bu il o da beynəlxalq festivala qatılacaq.  İnanın ki, rəqslə məşğul olan  bütün uşaqlar  Samirə  müəllimi  çox  sevirlər. Çünki o, ustaddır. Hər uşağa öz balası, öz doğması  kimi yanaşır. Ona görə də  mərkəzin uşaqlarının  əksəriyyəti beynəlxalq festivallara qatılır və mükafatlar qazanırlar. Qətiyyətlə bəyan edirəm  ki, bütün uğurlarımız onun hədsiz əməyinin bəhrəsidir. Samirə müəllim  bizim  üçün rəqs seçimində  yüksək professionallıq nümayiş etdirməklə bərabər  arzularımızı da nəzərə alır. Bunun nəticəsində də biz həmişə həm ona, həm də mərkəzimizə başucalığı qazandırır, müxtəlif dərəcəli diplomlarmükafatlar  sahibi oluruq. Əks-təqdirdə əgər rəqs nömrələri zövqümüzə uyğun seçilməzsə, ancaq müəllimin  seçimi ilə onu ifa etməyə məcbur olarıqsa bu halda heç bir  uğurdan söhbət gedə bilməz.  Hətta rəngarəng rəqs geyimlərimizi  bizim üçün sevimli Samirə müəllimimiz özü hazırlayır. Beynəlxalq  festivallarda təqdim etdiyimiz milli rəqslərimizi  - “Tərəkəmə”, “Uzundərə”, “Sarı gəlin”, “Qaval rəqsi” və s. bəyənirlər.  Mən mərkəzdə asudə vaxtlarımda  teatr studiyasında da məşğul oluram. “Cırtdan”, “Tıq-Tıq xanım”, “Küpəgirən qarı”, “Quldur” obrazlarını həvəslə  canlandırmışam.  

 

Suvinerləri az qala unudacaqdım

 

Yeri gəlmişkən, 2001-ci ildə  Bakıda anadan olmuşam. Uğurlarım barədə danışmaqla  qurtaran deyil. 2017-ci il  həyatımda  ən unudulmaz izlər buraxıb. O vaxt yaşadığım sevincli anları heç vaxt unutmayacağam. Mümkündeyil ki, unudum. Bilirdim ki, İtaliyaya yola düşəcəyik  və beynəlxaq rəqs festivalında iştirak  edəcəyik. Həmin  gün gözümə yuxu getmədi.  Çox istəyirdim ki, səhər  tez açılsın.  Açığı  səhərə qədər yata  bilmədim. Axşamdan  bütün əşyalarımı toplasam da yenə təkrarən çamadanımı açıb baxdım ki, nəyisə yaddan  çıxara bilərəm. Sən demə, elə düz də eləmişəm, dostlarım üçün aldığım   suvenirləri  az qala unudacaqdım və orada pərt olacaqdım. Valideynlərimiz bizi hava limanına yola salırdı.

 

Həm sevinc, həm də məsuliyyət hissləri

 

Hamı həyəcanlı idi.  Rəqs müəllimimiz Samirə Müsaim də bizimlə idi. O,  inanırdı ki,  qələbə ilə qayıdacağıq. 23 nəfər bizim mərkəzdən  idik. Qrupda müxtəlif dərnəklərin üzvləri var idi.  Gözlərimizdə həm sevinc, həm də məsuliyyət hissləri  oxunurdu. Hamımız qələbə qazanacağımıza əmin idik. Çünki qüvvəmizə inanırdıq.  İtaliyaya çatmazdan öncə  bir gün Berlində, sonra isə 10  gün  İtaliyada qaldıq. Günlərimiz o qədər maraqlı keçirdi ki, vaxtımızın nə vaxt ötüşdüyünü hiss etmirdik.

 

Dostlarımıza  ölkəmizin

üçrəngli bayrağını  hədiyyə  etdik

 

Oteldə olarkən italiyalı, həmçinin qazaxıstanlı  uşaqlarla da tanış olduq. Onlarla rus  və ingilis dillərində  ünsiyyət qururduq, hədiyyə olaraq  ölkəmizin üçrəngli bayrağını təqdim etdik. Eyni  zamanda  bayrağın  rənglərinin mənasını da onlara izah etdik. Milli geyimlərimizdən də bəzilərinə bağışladıq. Dostlarımız elə sevinirdilər ki! Sonra onlarla Azərbaycan  paxlavası ilə çay  içdik və  mərkəzimizin üzvü olan  İlham Qasımovun  ad gününü də  dostlarımızla bir yerdə qeyd etdik. Bəli, 14 ölkənin nümayəndələri arasında biz də öz ölkəmizi təmsil edirdik.

 

Əcnəbi həmyaşıdlarımız

Azərbaycana gəlmək arzusundadırlar

 

Şəhərin  maraqlı  yerlərini  gəzdik. Romanın  ziyarət edilən məkanlarından biri Kolizeydə olduq. Roma Kolizeyi Böyük Roma İmperiyasının ən qədim abidələrindən biridir. Böyüklüyü barədə məlumat  hətta onun adında da əks olunmuşdu. Orada  xatirə  şəkilləri  çəkdirdik. Dostlarımızla   ayrılanda elə məyus olmuşdular ki! Bir-birimizə telefon nömrələrimizi və  ünvanlarımızı  verdik. Hazırda onlarla yazışıram. Həm də skayp vasitəsilə ünsiyyət qururuq. Dostlarıma Azərbaycanın  tarixi, mədəniyyəti,  tarixi abidələri, park və  xiyabanları  haqqında kifayət qədər məlumat verdim. Artıq həvəslənib  Azərbaycana gəlmək arzusunda olduqlarını bildirirlər. Mən ingilis dilini  gözəl bildiyim üçün   dostlarımla sərbəst yazışıram.

 

Qran-pri mükafatı qazandıq

 

Nə qədər günlərimiz xoş  keçsə də vətənimiz üçün darıxırdıq. Paytaxtımıza üzüağ döndük. Qrupumuz Qran-pri mükafatı  qazandı. Mərkəzimizdə hamılıqla bizi təbrik etdilər. Təəssüratlarımızı dostlarımızla  bölüşdük. Gördüklərimiz barədə  danışdıqca hamı  özünü İtaliyada hiss edirdi. Sevinirəm ki, Ukraynada, Batumidə, Bolqarıstanda keçirilən  beynəlxalq festivallara  da tez-tez qatılıram.  Hər il  İstanbulda keçirilən  “23 Nisan” Beynəlxalq  Uşaq Festivalında iştirak edirəm.  20 nəfərdən  çox dərnək üzvümüzlə birlikdə  İstanbulda uşaq  bayramında iştirak etdik. “Çiçəyim” uşaq teatr  studiyasının  üzvləri də bayrama qatılmışdılar.  2015-ci ildə isə  Gürcüstanda keçirilən “Vonderland  beynəlxalq konsert festivalında ölkəmizi təmsil etdik. 2018-ci ildə Moskvada keçirilən   musiqi  festivalına qatıldıq və  laureat adına layiq görüldük.  Yeri gəlmişkən, qeyd edim ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano şöbəsində də məşğul olmuşam. Asudə vaxtlarımda isə  uşaqlıqdan maraq göstərdiyim rəsmlə də məşğul oluram. Söhbətimizin əvvəlində söylədiyim fikri bir daha təsdiqləyirəm ki, gələcəkdə  rəqs sənətimlə Azərbaycanı dünyanın hər yerində təmsil etməyə çalışacağam. Bu, mənim ən böyük arzumdur.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2019.- 19 aprel.- S.14.