Azərbaycan
multikulturalizm
və
tolerantlığın mərkəzidir
Müasir dövrdə həyata
keçirilən multikulturalizm siyasəti dövlətin
tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz
nümunəsidir
Azərbaycan
müxtəlif
sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər
boyu milli-mədəni rəngarənglik mühitinin
formalaşdığı, ayrı-ayrı millətlərin və
konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma və dialoq şəraitində
yaşadığı diyar kimi tanınmışdır. Azərbaycanın
ərazisində üç mühüm dinlərdən zərdüştlüyə
(barış və sülh dini), Şimal bölgələrdə
xristianlığa (Qafqaz Albaniyada)
və VII ə. bəri islama ibadət olunur. Multikulturalizm və
tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi
olub. Bu gün isə milli kimliyindən, dilindən,
dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər
bir vətəndaşının gündəlik həyat tərzinə
çevrilib.
Azərbaycan
xalqının zəngin multikultural keçmişi təkcə
xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də
yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi,
siyasi-hüquqi qaynaqlarda, sənədlərdə
yaşayır. Multikulturalizm ingilis dilindən tərcümədə
“çoxlu mədəniyyətlər” deməkdir.
Multikulturalizm ayrıca götürülmüş ölkədə
və bütövlükdə dünyada müxtəlif millətlərə
və dinlərə məxsus insanların mədəni
müxtəlifliklərinin qorunması, inkişafı və
harmonizasiyasına, azsaylı xalqların dövlətlərinin
milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.
Multikulturalizm
modeli dedikdə, bir dövlətin sərhədləri daxilində
müxtəlif etnomədəni tərəflərin dinc yanaşı
yaşaması və öz mədəni xüsusiyyətlərini,
həyat tərzini rəsmən ifadə etmək və qoruyub
saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və
sivilizasiyaların dialoqunun zəruri alətidir.
Multikultural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır. Tolerantlıq müxtəlif mədəniyyətlərdə
çoxşaxəli və birmənalı anlayış deyil.
Tolerantlıq latınca “tolerare” kökündən
törəyib “dözmək, səbir etmək, tab gətirmək,
göz yummaq, icazə vermək, fikir verməmək,
yaxşı qarşılamaq” mənalarını verir. Tolerantlıq türk dilində “xoşgörü”, ərəb
dilində “musamihə” terminləri ilə paralellik təşkil
edir. Tolerantlığın
başqalarının inanc və düşüncələrinə
hörmət etmək mənaları mövcuddur.
Müasir dövrdə tolerantlıq problemi ilə məşğul
olan tədqiqatçılar tərəfindən
tolerantlığa bir neçə məna verilir. Alimlərin
bir qismi tolerantlığı “ideal və həyatın vacib
prinsipi” kimi qəbul edir, sivilizasiya mövcudluğuna bir
şans kimi qiymətləndirir. Tədqiqatçıların
o biri qismi isə tolerantlığı bəşəriyyətdə
hökm sürən parçalanma və laqeydliyi gizlədən
simvolik bir pərdə kimi göstərir. Tolerantlıq problemini
araşdıran tədqiqatçı Uoltser ictimai
şüurda tolerantlıq ideyasınının
yaranmasını və inkişafını bir neçə mərhələyə
bölür: I mərhələ - XVI-XVII əsrlər dini
tolerantlıq (katolik və protestantların arasında
müharibə İspaniyada Kordof) krallığı
sülhün qorunması naminə- fərqliliklərə - təmkinli
və dözümlü olmaq; II mərhələ - passiv etap,
digərlərə və fərqliliklərə laqeydlik; III mərhələ
- mənəvi stoisizm, yəni digərlərin, fərqlilərin
də hüquqları var, qəbul edilməz də olsa onu qəbul
etmək. IV mərhələ- münasibətlərdə
açıqlıq, hörmətlə yanaşma, bir-birini
öyrənmək və maraq göstərmək; V və
sonuncu mərhələ - fərqliliyi mədəniyyətlərarası
qəbul etmək, müxtəlifliliyə heyran olmaq və
tolerantlığın bir individlə ölçülməməyi.
Dözümlülük ideyası heç də yeni
deyildir, qeyd etmək lazımdır ki, tolerantlığa fəlsəfi
yanaşmanın antik dövrə aparan dərin kökləri
vardır.
İnsan təbiətinin və mədəni-tarixi fərqlərinin
dialektik vəhdəti
iki fərqli anlayışla izah
olunurdu: “özümünkü” və “digərı”. Məsələn, Solonun və Anaxarsisin əfsanəsində
ellinlərin və barbarların bir-birinə çox fərqli
olmaqlarına baxmayaraq, dostluq anlayışına etnosdan
üstün tutub böyük dəyər verməkləri nəzərə
çarpır. Ksenofontun ideal cəmiyyət
modelinin quruluşu üçün nümunə kimi ilkin Fars
Çarlığı götürülür.Sokrat və
Platonun da fikirlərində dözümlülük intellektual
asketizmlə bağlıdır və insanların mənəvi
və sosial birləşməsi kimi izah olunur.
Tertulianın nəzəriyyəsində
dözümlülük - ilahi bir varlıq kimi təqdim olunur. Kassiodorun
fikrincə “dözümlülük - müdriklərə xas
olan xüsusiyyətdir” Bundan başqa insanın universal təbiətinin
milli fərqlərindən üstün olması qədim yunan
fəlsəfəsində “kosmopolitizm” kiniklərin məktəbində,
Roma stoisizmi və digər məktəblərdə
müşahidə etmək olur. Orta əsrlərin
xristian fəlsəfəsində tolerantlıq şovinizm və
fanatizmə qarşı olan bir anlayış kimi izah olunur.
Bu zaman dözümlülük yalnız din və
vicdan ilə bağlı olmuşdur. 1648-ci
ildə imzalanmış Vestfal sülhü dini
dözümlülüklə bağlı ilk sənəddir.
Qərb fəlsəfəsində Con Lokkun “Din
dözümlülüyü” əsəri tolerantlıq
anlayışının klassik liberal izahı oldu. Yeni
dövrdə Kantın “Əbədi sülhə doğru” əsərində
dözümlülük - əxlaqi qəti imperativ kimi izah
olunur və sülhdə mövcud olmaq üçün cəmiyyətdə
münasibətlər qarşılıqlı hörmət üzərində
qurulmalıdır,
tolerantlıq subyektin
ümumbəşəri əxlaqi dəyəri kimi qeyd edilib. Rerixin - tolerant münasibət- yüksək tərbiyənin
nəticəsidir. Solovyov
“Xeyirxahlığın bəraəti” əsərində
dözümlülüyü- təmkinliklə eyniləşdirir
və digərlərin də azad olmağını qəbul
edir. Baxtinin dözümlülük dialektikası “Mən - Özüm”, “Mən
və digəri”, “Digərləri mənim üçün”
kimi anlayışlarla izah olunur və dözümlülük
dialoq üstündə qurulmalıdır. Lev Tolstoyun “Vətənpərvərlik
və sülh” əsərində dözümlülük
insanın həyata məhəbbətindən
yaranır. Nitşeyə
görə tolerantlıq - təmkinlik özünə qalib gəlmək
və intellektual azadlığın axtarışı kimi fikirləri
irəli sürülür. Nizaminin “İqbalnamə” və “Yeddi
gözəl”, Cəlil Məmmədquluzadənin “Kamança”,
Seyid Yəhya Bakuvinin Xəlvətiyyə təriqətinin
banilərindən biri kimi əsərlərində
tolerantlığa və multikultural cəmiyyətin
qurulmasına xüsusi yer ayırmışdır.
2013-cü ildə UNESCO-nun Baş Konfransının
36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin
dünya səviyyəsində qeyd olunması haqqında qərar
qəbul edilməsi təsadüfi deyil. Azərbaycanda
multikulturalizm, tolerantlıq və dini
dözümlülüyün dövlət siyasəti səviyyəsində
inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim
dövlətçilik tarixi və bu ənənələrin
inkişafı təşkil edir. Tarixi ənənələrə
nəzər salsaq görərik ki, istər Səfəvilər
dövləti, istər XIX-XX əsrlər maarifçilik
dalğası, istərsə də Xalq Cümhuriyyəti
dövründə Azərbaycan ərazisində yaşayan digər
etnik xalqlar və dini qrupların nümayəndələrinin
təmsilçiliyini özündə cəmləyən bu
siyasi davranış XX əsrin sonlarında ümummilli lider
Heydər Əliyev tərəfindən dövlətçilik
ideologiyası formasına çevrilmış, tolerantlıq və
multikulturalizm ənənələri bərpa edilmişdir. Azərbaycan
multikulturalizminin siyasi əsasları Azərbaycan
Respublikasının Konstitusiyasının bəndlərində,
qanunvericilik
aktlarında, fərman və sərəncamlarda
öz əksini tapmışdır. Azərbaycanın
zəngin mədəni-mənəvi irsə və
tolerantlıq ənənələrinə malik olması bu
gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir.
Mövcud milli-mədəni müxtəliflik və
etnik-dini dözümlülük mühiti onu çoxmillətli,
çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası
dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan
Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik
rəngarəngliyin qorunmasına yönəldilən və
uğurla həyata keçirilən
dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən
bəri toplanmış böyük tarixi təcrübənin
xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini,
cəmiyyətdə bu istiqamətdə qazanılmış
unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin
gücləndirilməsini zəruri edir. Azərbaycan
Respublikası Prezidentinin 11 yanvar 2016-cı il
tarixli Sərəncamı ilə 2016-cı il “Multikulturalizm
ili” elan edilmişdir. Ölkəmizdə mədəniyyətlərarası
dialoqun formalaşmasını şərtləndirən əsas
amillərdən biri də Azərbaycanın coğrafi
baxımdan qərarlaşdığı məkanın Şərqlə
Qərbin qovuşağında yerləşməsidir. Azərbaycan bu gün
iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla,
Şərq və Qərb yarımkürələrində
öz nüfuzunu gücləndirməkdədir. Bu ideya dövlətin
xarici siyasət kursunda da kifayət qədər
özünü əks etdirir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa
Şurası, İslam Konfransı Təşkilatı kimi
mötəbər təşkilatların tamhüquqlu
üzvüdür. Azərbaycan Avropa
İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı”
layihəsi çərçivəsində Avropaya inteqrasiya
prosesini uğurla davam etdirir.
Azərbaycanda
tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə
olduğu üçün burada multikulturalizm, millətlər
və dinlər arasında olan münasibətlərə,
dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər,
elmi konfranslar keçirilir. Dünyanın
müxtəlif ölkələrini, dinlərini təmsil edən
200-dən çox nümayəndənin iştirak etdiyi
“Qloballaşma, din, ənənəvi dəyərlər”
mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı
şəhərində keçirilmişdir. Bunu Azərbaycanın
beynəlxalq aləmdə tanınması, tolerantlıq
mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək
olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir
Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin
Sivilizasiyalar Alyansı, Avropa
Şurası, Avropa
Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO,
BMT-nin Dünya Turizm Təşkilatının
tərəfdaşlığı ilə
reallaşdırılır. Respublikamızda dini
dözümlülüyün, dini müxtəlifliyin, milli və
dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin
inkişafında və təbliğ edilməsində Heydər Əliyev
Fondunun əvəzolunmaz xidmətləri vardır. 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu
sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun
2016-cı ildə Bakıda keçirilməsi barədə qərar
qəbul edilmişdir. 2016-cı il aprelin
25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının
Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu
keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən
nümayəndə heyətləri, çoxsaylı beynəlxalq
təşkilatların, dini konfessiyaların, QHT-lərin
nümayəndələri iştirak etmişlər.
BMT-nin Sivilizasiyalar
Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda
keçirilməsi ölkədə multikultural və tolerant
mühitin olmasının göstəricisidir. Multikulturalizmin
bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın
dünyaya olan töhfələrindən biridir. İzolyasionizm (təcrid etmə), assimilyasiya və
aparteiddən fərqli olaraq, multikulturalizm - cəmiyyətdə
yalnız bir hakim etnik qrupun deyil, həmçinin digər milli
azlıqların və immiqrantların mədəni müxtəlifliyinin
və rəngarəngliyinin mövcudluğudur. Dünyada
fərqli adlarla öz mədəniyyətlərinin
üstünlüyünü təmin etməyi
qarşılarına məqsəd qoyan, digər etniklərə,
immiqrantlara assimilyasiya obyekti kimi baxan, cismən, yaxud mənəvi
cəhətdən əritmək, yox etmək fəaliyyətlərini
tarixdə və müasir dövrümüzdə dövlət
siyasətlərində ənənə halına salmış bəzi dövlətlər mövcuddur.
Multikulturalizmin
müxtəlif modelləri - ABŞ, İsveç, Avstraliya,
Kanada modelləri olmasına baxmayaraq, Azərbaycanın
dünyaya təqdim
etdiyi model bir çox mütərəqqi dövlətlər
tərəfindən rəğbətlə
qarşılanır və nümunə kimi tətbiq edilməkdədir.
Bu model tarixi
köklərə bağlı olduğu üçün daha
dayanıqlıdır. ABŞ-ın Yuta və Oreqon
ştatlarının Senat və Nümayəndələr
Palataları tərəfindən Azərbaycanın
tolerantlıq modelini təqdir edən geniş bəyannamənin
qəbul olunması qeyd edilənlərə bariz nümunədir.
Multikulturalizm dövlət siyasəti olmaqla
yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz
həyat tərzi kimi təzahür edir. Azərbaycanda
olan tolerant və multikultural reallığın təkcə azərbaycanlıların
deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin,
siyasət nümayəndələrinin, həmçinin tələbələrin
gözü ilə dünyaya təqdim edilməsi də
müsbət ənənəyə çevrilməkdədir.
“Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə
universitetlərində tədrisi” layihəsi çərçivəsində
hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan
multikulturalizmi tədris edilir.
Qış və yay məktəblərinin məqsədi
həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini
multikultural və tolerant dəyərlərin qorunub
yaşandığı ölkəmizdə öz gözləri
ilə görüb şahid olmasına şərait
yaratmaqdır.
25 fevral 2015-ci il tarixdə Bakı Slavyan
Universitetinin Elmi Şurası Azərbaycan multikulturalizmi
kafedrasının açılması barəsində qərar
qəbul etdi. Bu kafedra bakalavr və magistratura səviyyələrində tədris
olunan “Multikulturalizmə giriş” və “Azərbaycan
multikulturalizmi” fənlərinin elmi-nəzəri və tədris-metodiki
bazasının təşkil olunması və respublikada bu
istiqamətdə həyata keçirilən layihələrə
qoşulmaq məqsədilə yaradılmışdır. “Azərbaycan
multikulturalizmi” kafedrası spesifik bir kafedra olaraq 7
mart 2015-ci ildə fəaliyyətə
başlamışdır. Kafedranın müəllimləri mütəmadi
olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və
Bakı Slavyan Universitetinin təşkilatçılığı
ilə keçirilən yay və qış məktəblərində
əcnəbi və yerli tələbələrə mühazirə
oxuyurlar.
Azərbaycan
Respublikası
Prezidentinin 11 mart 2016-cı il tarixli Sərəncamı
ilə “Azərbaycan Respublikasında 2016-cı ilin
“Multikulturalizm ili” elan edilməsi ilə bağlı təsdiq
olunmuş Tədbirlər Planı”nın icrasını təmin
etmək məqsədi ilə kafedranın müəllimləri
orta ümumtəhsil məktəblərində “Azərbaycanda
multikulturalizm və tolerantlıq” mövzusunda səyyar
mühazirələrdə fəal iştirak edirlər. Qeyd etmək
lazımdır ki kafedranın əməkdaşları beynəlxalq
konfranslarda da məruzələrində Azərbaycan
multikulturalizm siyasətindən geniş auditoriyanı tanış edirlər. Və təbii ki,
qısqanclıq nəticəsində erməni nümayəndələri
və ermənipərəst qüvvələr tərəfindən
suallar və təzyiqlərə məruz qalmağımıza
baxmayaraq elmi mənbələrə, tarixi sənədlərə
istinad edərək
onların sualları layiqincə
cavablandırılır. Müasir dövrdə informasiya
müharibəsi şəraitində tələbələrimizə
tövsiyəmiz bilikli, savadlı olmaq, tarixi və elmi tədqiqatlara
istinad edərək
dünyaya vətənimizin zəngin mədəniyyətini
və tariximizi tanıtmaq Azərbaycanın hər bir
ziyalısının və vətəndaşının mənəvi borcudur.
Ölkəmizdə multikulturalizm artıq
alternativi olmayan həyat tərzinə çevrilmişdir.
Müasir dövrdə Azərbaycanda həyata
keçirilən multikulturalizm siyasəti dövlətin
tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz
nümunəsidir.
Sevda AXUNDOVA,
Bakı Slavyan Universitetinin
“Azərbaycan multikulturalizmi və
ölkəşünaslıq”
kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə
doktoru
Azərbaycan müəllimi.- 2019.- 19 aprel.- S.12.