Pedaqoji ictimaiyyət üçün dəyərli töhfə

 

Naxçıvan Muxtar Respublikasında təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlər, imzalanan dövlət sənədləri mütərəqqi təhsil imkanlarını artırmaqla yanaşı, milliliklə bəşəriliyin nümunəvi modelini, tarixiliklə müasirliyin vəhdətini təqdim edir. Naxçıvan Muxtar Respublikasında təhsil quruculuğu sahəsində aparılan işlərin məntiqi ardıcıllığı, sistemli xarakteri diqqəti çəkməkdədir. Əgər bir neçə il bundan öncə təhsilimizin əsas qayğısı müasir təhsil infrastrukturuna malik məktəb binalarının inşası idisə, ikinci mərhələni məktəbin kadr potensialının gücləndirilməsi təşkil edirdi. Daha sonrakı mərhələdə müasir təlim metodlarının uğurlu tətbiqinə yönəlmiş strateji əhəmiyyətli tədbirlər həyata keçirilib. Təhsil müəssisələrinin müasir kitabxana potensialının gücləndirilməsi və məktəbin kitab fondunun zənginləşdirilməsinə nəzarətin təşkili və qayğıyla əhatə olunması, əlbəttə ki, əsas hədəf kimi mütaliəyə olan marağın artırılmasını zəruri edirdi. Bunun üçün təhsil müəssisələrinin kitabxanalarında elektron kataloq yaradılıb, kitabxanalara 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat verilib. Bugünkü mərhələdə kitabların oxunmasının zəruriliyinin dövlət səviyyəsində təbliği və təşviq olunması tam zamanında və obyektiv maraqlar çərçivəsində yüksək əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixdə imzaladığı “Oxunması zəruri olan kitablar” haqqında Sərəncamı ilə təqdim olunan kitablarzaman-zaman bu siyahıya yeni əsərlərin əlavə edilməsi oxucu zövqünün sistemli formalaşdırılması ilə yanaşı, mütaliəyə olan marağı da gündən-günə artırmaqdadır.

Bu günlərdə işıq üzü görən “Pedaqoji fikir tarixindən” adlı kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən 10 min nüsxədən ibarət nəfis şəkildə tərtib olunaraq pedaqoji ictimaiyyətə təqdim edilib. Bu nəşr mahiyyət etibarilə pedaqoji ictimaiyyət üçün dəyərli mənbə, stolüstü kitab səciyyəsi daşıyır. Kitabda pedaqoji fikir tarixində mühüm əhəmiyyəti olan pedaqoji-didaktik mətn nümunələrinin seçilib yerləşdirilməsi oxunaqlılıq baxımından və tərbiyəvi əhəmiyyətinə görə tədqiqatçılıq səriştəsi ilə ümumiləşdirilmiş mənbə kimi diqqətimizi çəkməkdədir.

Pedaqoji fikir tarixindən” adlı kitabın “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilməsi bu siyahını zənginləşdirməklə yanaşı, müəllimlik fəaliyyətinə, pedaqoji prosesə dövlətimizin yüksək qayğısını ifadə edir. Əsərdə pedaqoji fəaliyyət zamanı cəmiyyətin bütün təbəqələrini yalnız bir amala – təhsil, tərbiyə, mütərəqqi təlim metodları istiqamətinə yönəldən fikirlər toplanıb.

Əsərin əhəmiyyətli cəhətlərindən biri də məktəbimizin və pedaqoji fikrimizin keçmişini öyrənməklə, onun hazırkı vəziyyəti və perspektivlərinin müəyyənləşdirilməsindəki rolundan ibarətdir. Təqdim olunan kitaba diqqətlə nəzər saldıqda bu günün nailiyyətlərinin keçmişdən qidalandığını, ondan qüvvət aldığını da aydın görmək mümkündür.

Kitabda XIX-XX əsrlərdə yaşayan Azərbaycan və Rusiya pedaqoqları, yazıçıları və ictimai xadimlərinin maraqlı fikirləri verilib. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub, görkəmli pedaqoq-nəzəriyyəçilərdən­­ olan Uşinski, Çernyayevski, Suxomlinksinin pedaqoji görüş və düşüncələri, Maksim Qorki, Cəlil Məmmədquluzadə, Məhəmməd Tağı Sidqi, Nəriman Nərimanov, Hüseyn Cavid, Eynəli bəy Sultanov, Məhəmməd ağa Şahtaxtlı, Məmməd Səid Ordubadinin əsərlərindən seçmələrin kitabda yer alması nəşrin elmi-pedaqoji dəyəri ilə yanaşı, onun mükəmməl xarakteristikası və sistematikasını da ifadə edir.

Kitabı vərəqlədikcə bir daha aydın olur ki, bu maarifpərvər pedaqoqlar yalnız dərs deməklə kifayətlənməyiblər. Həmin ziyalılar bədii əsərlər yazır, qəzet və jurnallar çap etdirir, yeni üsullu məktəb açır, qiraətxana və kitabxanalar təşkil edir, dərsliklər hazırlayırdılar. Təqdim olunan kitabda əsərləri əks olunan müəlliflər məhz bu mühüm göstəricilərə malik olan şəxsiyyətlərdir.

Bu baxımdan publisist-politoloq Reyhan Mirzəzadənin “Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin əziz xatirəsinə” və “Pedaqogikada misli görünməmiş təcrübə” adlı tədqiqatlarının kitabda yer alması məhz bu mütərəqqi düşüncəli pedaqoqların irsinin öyrənilməsinə həsr edilmiş dəyərli araşdırma kimi diqqəti cəlb edir. Rusdünya pedaqogika elmininxalq məktəblərinin görkəmli nümayəndəsi hesab olunan Konstantin Dmitriyeviç Uşinski pedaqoji prosesdə müəllimin rolunu yüksək qiymətləndirərək deyirdi: “Müəllim nə qədər ki, oxuyur, öyrənir, o yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür”. Demokratizm və xəlqilik Uşinskinin pedaqoji fəaliyyətində əsas istiqamətdir. O deyirdi ki, “Xalqı öyrənmək gərəkdir, lakin xalqdan öyrənmək daha vacibdir”.

Azərbaycanın maarifpərvər ziyalıları pedaqoji fəaliyyətində Uşinskinin irsindən, xüsusilə onun ana dilinin tədrisinə dair qiymətli fikirlərindən bəhrələniblər. Bu gün dünyada model kimi təqdim olunan təhsil məsələləri haqqında hələ uzun illər bundan öncə danışan Uşinski şagirdlərin ev tapşırığı ilə həddindən artıq yüklənməsinin zərərindən bəhs edərək, ibtidai siniflərdə, xüsusilə I sinifdə şagirdlərin bütün dərslərini sinifdə müəllimin nəzarəti və rəhbərliyi altında öyrənməli olduqlarını göstərirdi. Bu faktın özü onu sübut edir ki, təqdim olunan əsər zamanında olduğu kimi bu günçox mühüm aktuallıq kəsb edir.

Azərbaycanda və ümumən, Zaqafqaziyada pedaqoji fikrin inkişafı tarixində görkəmli yer tutan tanınmış simalardan biriAleksey Osipoviç Çernyayevskidir. Uşinski ideyalarının Azərbaycanda ilk təbliğatçılarından biri olan Çernyayevski Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə 14 il rəhbərlik etmiş, azərbaycanlı uşaqların ana dilində ibtidai təhsilinin elmi cəhətdən əsaslandırılan metodikasını işləyib hazırlamışdı.

Kitabda haqqında bəhs olunan digər görkəmli pedaqoq Anton Semyonoviç Makarenko uşaq kollektivi, tərbiyə prinsipləri, valideynlərin vəzifələri haqqında nəzəri görüşləri ilə məşhurdur. O, məktəbəqədər təhsilin vacibliyini qeyd edərək, valideynlərə xitabən deyirdi ki, “uşağın necə olacağı əsas etibarilə sizin onu 5 yaşına kimi necə tərbiyə edəcəyinizdən asılıdır. Əgər siz uşağı 5 yaşına kimi lazımi qaydada tərbiyə etməmişsinizsə, sonra yenidən tərbiyə etmək lazım gələcəkdir, yenidən tərbiyə isə çox çətindir. Buna görə də ailədə uşağın ilk yaşlarından tərbiyə edilməsi çox mühümdür”.

Kitabda haqqında bəhs olunan görkəmli­­ pedaqoq Vasili Aleksandroviç Suxomlinskinin pedaqoji ideyalarının təməlini təhsilə mənəvi yanaşma təşkil edirdi. Suxomlinski hər bir uşağın uşaqlıq dövrünün uzadılmasını vacib sayırdı. Onun fikrincə, uşaqların saflığını qorumaq üçün onlarda dünyaya müsbət baxış formalaşdırmaq önəmlidir. Estetik tərbiyəni lap kiçik yaşlardan başlamağı, onlara uşaq oyunları, nağıllar, mahnılar öyrətməyi, şəkilli kitablar, teatr, kino, sərgilərdən istifadə etməyi məsləhət görürdü.

Böyük ədib Maksim Qorkinin kitaba daxil edilmiş “Mən necə öyrənirdim?”, “Oxumaq lazımdır”, “Mən necə oxumuşam?” adlı məqalələrində kitabaoxumağa olan həvəsin yolları açıqlanır.

Cəlil Məmmədquluzadə pedaqoq kimi daim məktəb həyatı ilə bağlı olub. “Maarif” məqaləsində də o, cəmiyyət həyatının nicatını məhz maarifdə görür.

Kitabda pedaqoji fikrimizin əsas simalarından biri kimi təqdim olunan Məhəmməd Tağı Sidqinin açdığı yeni üsullu məktəblər xalqımızın bütöv bir ziyalı nəslini yetişdirib. Elm bir çox kitabları oxuyub yazmaqdan ibarət deyil, oxuduqca anlamaqdan ibarətdir”, – deyən Məhəmməd Tağı Sidqi məktəbdə tədrisin səviyyəsinə, müəllimlərin dərsə hazırlığına, şagirdlərin bədii nitqinə, biliklərinin inkişaf etdirilməsinə xüsusi fikir verməklə Azərbaycan məktəbdarlığında yeni ənənələrin əsasını qoyub, milli maarifçilik tariximizdə özünə böyük abidə ucaldıb.

Nəriman Nərimanovun həyatında pedaqoji-maarifçilik fəaliyyəti ayrıca əhəmiyyət kəsb edir. Onun pedaqoji irsində mərkəzi yerlərdən birini də müəllim, onun şəxsiyyəti, müəllim kadrlarının hazırlığı məsələsi tutur. Nəriman Nərimanov xalq arasında savadın yayılmasında, xalqın ümumi tərəqqisində müəllimin rolunu yüksək qiymətləndirirdi. O, “müəllim” sözünü geniş mənada başa düşür, müəllimin geniş xalq kütlələri arasında işinə, ictimai fəaliyyətinə böyük əhəmiyyət verirdi. Nərimanov dövrün görkəmli müəllimlərinin yaxından iştirakı ilə 1894-cü ildə Bakıda ilk milli kütləvi kitabxana­-qiraətxananın əsasını qoyub. Nəriman Nərimanov təkcə praktik pedaqoq deyil, eyni zamanda pedaqogika tarixi, psixologiya, Azərbaycan dilionun tədrisi metodikasının bir sıra nəzəri məsələləri ilə də məşğul olub.

Kitabda pedaqoji fikir nümunəsi kimi Hüseyn Cavid yaradıcılığına da müraciət edilib. O, “Həsbi-hal” məqaləsində ibtidai siniflərin dərslik və proqramları haqda ayrıca söz açıb. Hesab edib ki, dərslik və proqramlar olduqca düşünülmüş, aydın və mənfəətli olmalıdır. Onlarda mövhumatxurafata aidvarsa islah edilməlidir. Başqa sözlə, dərsliklər, pro­qramlar elmi-pedaqojimetodik prinsiplərə uyğun hazırlanmalıdır. Çünki bu, zamanın tələbidir. Cavid mütaliə ilə bağlı müəllimin qarşısına ciddi vəzifələr qoyurdu. Yazırdı ki, müəllim öyrənib və şagirdlərə öyrətdiyi kitablarla kifayətlənməməlidir. Müntəzəm olaraq pedaqogikaya, təbiətə və əxlaqa aid kitabları mütaliə etməlidir. Sadəcə, mütaliə etməli deyil, oxuduğu kitablardan faydalı nəticə çıxarmalı və bunu öz işində tətbiq etməlidir.

Kitabda, həmçinin Eynəli bəy Sultanov, Məhəmməd ağa Şahtaxtlı, Məmməd Səid Ordubadi kimi görkəmli mütəfəkkirlərin elm, maarif, məktəb, təlim və tərbiyəyə dair qiymətli fikirlərini ifadə edən əsərlərindən parçalar verilib.

Əminik ki, “Pedaqoji fikir tarixindən” kitabının kütləvi nəşr edilib, pedaqoji ictimaiyyətə hədiyyə edilməsi, cəmiyyətimizin mütaliəyə, təhsil və tərbiyəyə istiqamətləndirilməsi, müəllim nüfuzunun yüksəldilməsi, milli təhsil islahatlarına mühüm yanaşma baxımından əvəzsiz mənbə rolunu oynayacaq. Geniş oxucu kütləsi, hətta valideynlər üçün qiymətli sayılan bu əsərin pedaqogika tarixinə faydalı olacağına tam əminliklə inanırıq.

 

Elbrus İSAYEV

Naxçıvan Müəllimlər İnstitutunun rektoru

 

Azərbaycan müəllimi.- 2019.- 26 aprel.- S.11.