Çingiz Abdullayev Füzuli rayonu 50 nömrəli

tam orta məktəbdə şagirdlərlə görüşüb

 

Aprelin 23-də Qaradağ rayonu Müşviqabad qəsəbəsində yerləşən  Füzuli rayon 50 nömrəli tam orta məktəbdə  Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, publisist, hüquq elmləri doktoru, “Şöhrət” ordenli Çingiz Abdullayevlə görüş keçirilib. Görüşdə məktəbin müəllim-şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan təhsil ocağının direktoru Günel Kazımova “Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün təsis edilməsi tarixindən söz açıb.  G.Kazımova bildirib ki, bu əlamətdar günün elan edilməsi barədə qərarda mədəni ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması üçün  kitabların ən böyük vasitə və ən etibarlı üsul olması vurğulanır, müəllifin cəmiyyətdəki xüsusi rolu qeyd olunurbununla müəlliflik hüququ institutunun dəstəklənməsi göstərilir.

Ölkəmizdə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün 1997-ci ildən qeyd olunmasını vurğulayan   direktor bu münasibətlə hər il Müəllif Hüquqları Agentliyinin təşəbbüsü ilə silsilə tədbirlərin təşkil olunmasından da söhbət açıb. Belə bir əlamətdar gündə böyük oxucu kütləsi qazanmış yazıçı Çingiz Abdullayevin rəhbərlik etdiyi məktəbdə olmasından məmnun olduğunu deyib, məktəb kollektivinin dəvətini qəbul etdiyinə görə yazıçıya dərin təşəkkürünü bildirib.

Görüşdə çıxış edən Çingiz Abdullayev iştirakçıları salamlayaraq təhsil ocağında, şagirdlərin ətrafında olmağın xüsusi bir hiss olduğunu bildirib.  Belə tədbirlərin əhəmiyyətindən söz açan Çingiz Abdullayev kitabların insan həyatındakı rolundan danışıb. Müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanılmasındakı  rolundan da söz açan yazıçı, bu cür məsələlərin təbliğində pedaqoqların, məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrdən bəhs edib. Şagirdlərdə mütaliə vərdişlərinin formalaşması məsələsinin ən vacib amillərdən olduğunu deyən nasir məktəblilərə bir sıra tövsiyələr verib.

Çingiz Abdullayevin məktəbə gəlişini böyük sevinclə qarşılayan şagirdlər yazıçıya həm həyat, həm də yaradıcılığı ilə bağlı xeyli suallar verib. Yazıçı şagirdləri maraqlandıran sualları cavablandırıb və məktəblilərin ona verdiyi sualların məzmunlu və dolğun olduğunu xüsusilə qeyd edib.

Sonda fəxri qonaq məktəb kollektivi ilə xatirə şəkli çəkdirib.

 

Niyazi RƏHİMOV           

 

Azərbaycan müəllimi.- 2019.- 26 aprel.- S.11.