Fransada elmi dərəcə
və adların verilməsi təcrübəsi
Bu sahədə
mərkəzləşdirilmiş tənzimləmə mexanizmi
mövcuddur
Fransa elmi dərəcə və
adların verilməsi sahəsində bir sıra cəhətləri
ilə özünəməxsus
xarakter daşıyan təcrübəyə malikdir. Əsas cəhət
elmi dərəcə və elmi adların verilməsində mərkəzləşdirilmiş
tənzimləmə mexanizminin mövcud olmasıdır. Belə
ki, Fransada Universitetlərarası Milli Şura (CNU) elmi dərəcə
və elmi adların verilməsində çox böyük səlahiyyətlərə
malikdir. Şura, elmi və elmi-pedaqoji kadrların karyera məsələlərini
tənzimləyən rəsmi orqandır. Üzvlərinin
2/3-ü üniversitet professorları tərəfindən
seçilir, 1/3-i isə Ali Təhsil və Tədqiqat Nazirliyi
(MESR) tərəfindən təyin edilir. Şura, elmi dərəcə
və adların verilməsinin əsaslarını müəyyən
edir və bu sahədə müvafiq attestasiya
komissiyalarını təşkil və koordinasiya edir.
Fransada “doktor (PhD)” elmi dərəcəsi,
“dosent (maître de conférence – MCF)” və “professor
(professeur des universités)” elmi adları (vəzifələr)
və Almaniyada olduğu kimi “habilitat (habilitation)”
kvalifikasiyası mövcuddur.
“Doktor (PhD)” elmi dərəcəsi
universitetlərdə doktorantura təhsili əsasında və
elmi rəhbərlərin nəzarəti altında
dissertasiyaların yazılaraq müdafiə edilməsi ilə əldə
edilir. Universitetlərarası Milli Şura müdafiə
edilmiş dissertasiyaları attestasiya edir, dissertasiya məqbul
hesab edilmədiyi təqdirdə onun sahibi aldığı elmi
dərəcəni itirmir, sadəcə universitetlərdə vəzifə
tutmaq üçün müsabiqələrə
buraxılmır.
Universitetlərdə daimi vəzifələr
hesab edilən “dosent” və “professor” vəzifələrindən
öncə “təhsil və tədqiqat üzrə müvəqqəti
attaşe (ATER)” və ya “araşdırmalar üzrə əlaqələndirici
monitor” kimi müvəqqəti və müqaviləli akademik vəzifələri
tutmaq mümkündür.
Fransa universitetlərində “dosent
(maître de conférence – MCF)” elmi vəzifəsini tutmaq
üçün “doktor (PhD)” dərəcəsini
almış və bir neçə il (əsasən 3 il)
post-doktorantura fəaliyyəti göstərmiş şəxslər
müraciət edirlər. Onlar bunun üçün ilk
növbədə Universitetlərarası Milli Şuradan (CNU)
“dosent (maître de conférence – MCF)” kvalifikasiyasını
qazanır və dosentlər üçün müvafiq
kvalifikasiya sahibi olanların milli siyahısına əlavə
edilirlər. Bu kavalifikasiya onlara elmi-pedaqoji fəaliyyətlərinin
nəticələri əsasında verilir. Kvalifikasiya əldə
edildikdən sonra vakant dosent vəzifələrini tutmaq
üçün universitetlərə müraciət etmək
hüququ əldə edilir. Universitetlər də seçki
komitələri vasitəsilə bu vəzifələrə rəqabətli
şərtlərlə seçki keçirirlər. Hər
hansı bir universitetdə bu vəzifəyə seçilənlər
daimi əsaslarla seçilir və dövlət qulluğu
statusu alırlar.
Universitetlərdə “professor
(professeur des universités)” vəzifəsini tutumaq
üçün dosent elmi vəzifəsinə sahib olan və
“habilitat” kvalifikasiyasını qazanan şəxslər
müraciət edirlər. “Habilitat”
kvalifikasiyasını da Universitetlərarası Milli
Şura (CNU) verir. Bunun üçün 3-10 il ərzində
tutarlı bir tədqiqat, həmçinin də elmi-pedaqoji fəaliyyət
və çoxlu sayda elmi əsər nəşr etdirmək tələb
edilir. “Professor” elmi adı (vəzifəsi) ən yüksək
elmi addır və bu ad da Universitetlərarası Milli Şura
(CNU) tərəfindən verilir. Namizədin tədqiqatları,
tədris və inzibati fəaliyyətləri
yaradılmış seçki komitəsi tərəfindən
qiymətləndirildikdən sonra bu vəzifəyə
seçilməsi ilə bağlı qərar qəbul edilir.
“Professor” daimi vəzifədir və dövlət qulluğu
statusu sayılır.
Elşən
Bağırzadə
iqtisad üzrə
fəlsəfə doktoru
Azərbaycan
müəllimi.- 2019.-2 avqust.- S.11.