Peşə təhsili zamanın tələbinə
çevrilir
Avqustun
5-dən 2019-2020-ci tədris ili üzrə dövlət
peşə təhsili müəssisələrinə elektron
qaydada sənəd qəbulu prosesinə start verilib. Artıq
peşə təhsili müəssisələrində oxumaq istəyən 4000-dən artıq şəxsin
müraciəti qeydə alınıb.
Dördüncü ASAN qəbul
Qəbul prosesinin
rahatlığını və şəffaflığını
təmin etmək məqsədilə artıq dördüncü
ildir ki, peşə təhsili
müəssisələrinə qəbul Peşə Təhsili
üzrə Dövlət Agentliyi ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi
(ASAN xidmət) arasındakı əməkdaşlıq
çərçivəsində həyata keçirilir.
ASAN xidmət mərkəzlərinin fəaliyyət göstərmədiyi
şəhər və rayonlar üzrə
vətəndaşlara müvafiq peşə
təhsili müəssisələrində elektron
qaydada qeydiyyat üçün şərait yaradılır.
Peşə təhsili müəssisələrinə qəbul
şəhadətnamə və ya attestat əsasında müvafiq
fənlərin orta balı nəzərə
alınmaqla müsabiqə yolu ilə həyata
keçirilir.
Birini seç
Beləliklə, vətəndaş harada qeydiyyatda olmağından, harada yaşamağından asılı olmayaraq, hətta istirahət etdiyi yerdən belə, yaxınlığında olan ASAN xidmət mərkəzinə gələrək yiyələnmək istədiyi ixtisasları seçə və seçdiyi 5 ixtisasdan biri üzrə təhsil ala bilər. Sadəcə beşini seçmək imkanı verilən siyahıda nə az, nə çox, 145 ixtisas var. Həm ödənişli, həm də dövlət sifarişi əsasında hazırlığı təşkil ediləcək ixtisasların 14-ü - İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı, sənayedə quraşdırma işləri üzrə usta, plastik boru qaynaqçısı, üzlükçü dizayner, turizm təşkilatçısı, torna və frezer dəzgahların operatoru, turizm sahəsində iaşə üzrə mütəxəssis, rəngsaz və suvaq ustası, avtomobil diaqnostikası və təmiri ustası, elektronika ustası, inşaat ustası, veb dizayner və proqram təminatçısı, avtomatika üzrə usta, kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi peşə təhsili təsnifatına yeni daxil edilib. 9 ixtisasın - çörək ustası, daş frezerçisi, gəmi tornaçısı, hərəkət tərkibinin təmiri çilingəri (Metropoliten üzrə), misgər, növbə matorçusu, növbə matrosu, paylayıcı qurğuların təmiri və istismarı üzrə elektrik montyoru, Yüksəkgərginlikli hava xətlərinin və kontakt şəbəkələrinin quraşdırıcısı üzrə elektrik montyoru-xətçi - isə adı peşə təhsili təsnifatında olsa da, indiyədək onlar üzrə kadr hazırlanmayıb. Beləliklə, peşə məktəblərində növbəti tədris ilində hazırlığı təşkil ediləcək 145 ixtisasdan 23-ü yenidir.
Yeni ixtisaslar,
əsasən sənaye sahəsi üzrədir. Həmin
sahə üzrə kadrlar Torna
və frezer dəzgahların operatoru, Avtomobil
diaqnostikası və təmiri ustası, Sənayedə quraşdırma
işləri üzrə usta, Elektronika ustası, Elektrik
avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, İnşaat ustası, Veb
dizayner və proqram təminatçısı,
Avtomatika üzrə usta
Torna və frezer dəzgahların
operatoru ixtisasları üzrə Koreya standartları əsasında yeni yaradılan Sənaye və İnnovasiyalar
üzrə Bakı Peşə Təhsili Mərkəzində
hazırlanacaq. Mərkəzdə hazırlığı təşkil
ediləcək.
Bu ixtisaslar sevilir
Ötən il aşpaz, əməliyyatçı mühasib, bərbər ixtisasları üzrə hətta ödənişli əsaslarla da təhsil almaq istəyənlərin sayı kifayət qədər çox olub. Nəticədə, aşpaz, veb dizayner və turizm agenti ixtisaslarına güclü rəqabət formalaşıb və həmin istiqamətlər üzrə orta attestat balı 4 baldan yuxarı olanlar qəbul olunub. Bəs, bu il?
Təhsil Nazirliyi yanında Dövlət Peşə Agentliyinin direktor müavini Amil Əlilinin sözlərinə görə, artıq bir neçə gündür davam edən müraciətlərin təhlili göstərir ki, ötən ilin sevilən ixtisasları bu il də seçiləcək. Məsələn, bir il ərzində münasibətin dəyişmədiyi aşpaz, dərzi, bərbər kimi ixtisaslar var. Bu il turizm təşkilatçısı, neft və qaz operatoru, heyvandarlıq mütəxəssisi də ən çox seçilənlərdəndir. Ancaq bəzi ixtisaslar da var ki, artıq zamanın tələbi ilə ayaqlaşmır. Nəticədə ya tamamilə sıradan çıxır, ya da bazara yeni daxil olan başqa ixtisaslarla birləşir. Misal üçün, bir neçə il bundan əvvəl kompüter operatoru ixtisası üzrə kadr tələb olunurdusa, sonradan həmin ixtisas sıradan çıxıb və kompüter ustası və operatoru, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə kadr hazırlığına başlanılıb.
Yəni, iqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq ixtisasların qovuşması həyata keçirilir. Nəticədə bir sıra ixtisaslar sıradan çıxır, əvəzinə yeniləri bazara daxil olur. A.Əlili deyir ki, bu proses o qədər sürətlə baş verir ki, hər il kadr hazırlığı həyata keçirilən ixtisasların sayı və siyahısı dəyişir: Bu gün peşə təhsili təsnifatına daxil olan ixtisasların çoxu mövcud əmək bazarının tələblərinə uyğun gəlmir. Odur ki, adı tarixə düşən ixtisasların sayı az deyil.
Hər il siyahıya əmək bazarının tələblərinə uyğun olan yeni ixtisaslar daxil edilir. Ötən il 168 ixtisas üzrə kadr hazırlığına başlanılıb. Daha əvvəl isə bu say 176 idi. Bu il isə kadr hazırlığı aparılan ixtisasların sayı azalaraq 145-ə düşüb. Son 3 ilin statistikasının müqayisəsi fərqi görməyə imkan verir. Ona görə də peşə ixtisası üzrə təsnifatın yenilənməsinə ehtiyac duyulur. Bu, qısamüddətli iş deyil.
Ona görə də əmək bazarının sürətlə
dəyişən tələblərinə uyğun
olaraq hər il dəyişikliyə
məruz qalan peşə təhsili təsnifatının
yenilənməsinə qərar verilib.
Əmək bazarını təmsil edən işəgötürənlərin,
peşə təhsili müəssisələrinin və
maraqlı tərəflərin nümayəndələrinin
iştirakı ilə yaradılan İşçi
Qrup peşə təhsili üzrə
ixtisasların təsnifatına yenidən baxacaq.
İşəgötürənlə
əməkdaşlığın nəticəsi:
məzunların 60 faizindən
çoxu işlə təmin olunurlar
Peşə təhsili müəssisələri isə işəgötürənlərin çoxsaylı müraciəti əsasında əmək bazarının tələbinə uyğun yeni ixtisaslar və həmin ixtisaslar üzrə kadr hazırlığını təklif edirlər. İxtisaslar üzrə tədris olunan proqramların hazırlanması prosesində işəgötürənlər də birbaşa iştirakçıdırlar. A.Əlilinin sözlərinə görə, işəgötürənlərin nümayəndələri builki qəbul planının hazırlanması prosesinə də fəal qoşulublar. Peşə təhsili müəssisələrinə qəbul planı həm peşə təhsili müəssisələrinin maddi-texniki bazası, infrastrukturu, həm də işəgötürənlərin sifarişi əsasında əmək bazarının dəyişən tələbi nəzərə alınmaq şərti ilə formalaşıb, - deyə direktor müavini bildirib.
A.Əlili onu da əlavə edib ki, ildən-ilə genişlənən əməkdaşlığın, işəgötürənlərin peşə təhsilinin təşkilində fəal iştirakının nəticəsidir ki, peşə məktəblərini bitirənlərin işlə təminatında ürəkaçan statistika qeydə alınır: Məsələn, turizm, xidmət, informasiya texnologiyaları və başqa sahələr üzrə həyata keçirilən layihələrin nəticəsində məzunlarımızın 60 faizindən çoxu işlə təmin olunurlar.
A.Əlili deyib ki, işəgötürənlərin prosesə cəlbi getdikcə daha böyük miqyasa çatacaq. Bunun üçün Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını stimullaşdırmaq məqsədilə qaydalar layihəsi hazırlayıb. Qaydalar layihəsi peşə təhsili ilə bağlı qəbul edilən Strateji Yol Xəritəsinə uyğundur: İşəgötürənlərin peşə təhsilinə inteqrasiyasını stimullaşdıran bir sıra müddəalar həm Peşə təhsili haqqında Qanunda, həm də Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb. Bununla bağlı ilkin qaydalar hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Hazırda müvafiq qurumların rəy və təklifləri nəzərə alınmaqla layihə üzərində iş davam etdirilir. Yaxın vaxtlarda layihə yenidən aidiyyəti qurumlara təqdim ediləcək.
Direktor müavini
nəzərə çatdırıb ki, qaydalarda Peşə təhsili haqqında Qanunda nəzərdə tutulan
məsələlərlə bağlı təkliflər irəli
sürülüb: Qanunda işəgötürənlərin
stimullaşdırılması ilə bağlı qısa və
uzunmüddətli perspektivdə maliyyə, hüquqi
və digər sahələr üzrə müvafiq
güzəştlərin verilməsi nəzərdə tutulur ki, bu
da özəl sektorun
peşə təhsili ilə tərəfdaşlığa daha çox maraq göstərməsinə imkan
yaradacaq. Peşə təhsili
müəssisələri ilə işəgötürənlər
arasında əməkdaşlığın əsas istiqamətlərindən
biri işəgötürənlərin
peşə təhsili və təlimi sisteminə
inteqrasiyası, yüksək ixtisaslı kadrlarının tədris
prosesinə cəlb edilməsidir. Qanunda peşə təhsili
alanların təcrübə keçmələri üçün xüsusi
meyarlar əsasında seçilmiş
idarə, müəssisə, fermer təsərrüfatı
və təşkilatlara müəyyən imtiyazların verilməsi,
işəgötürənlərin istehsalat
təcrübəsinə rəhbər təyin etdiyi
mütəxəssislərə təhsil müəssisəsi
tərəfindən əlavə əməkhaqqının
ödənilməsi də nəzərdə tutulub.
Strateji Yol Xəritəsinə
görə, işəgötürənlərin peşə təhsilinə
inteqrasiyasını təmin etmək üçün
kadr hazırlığı onların tələbatı
nəzərə alınmaqla aparılmalıdır. Bunun nəzərə alınmaması diplomlu işsizlərin sayının
artması deməkdir. Buna görə də
istənilən sahədə kadr tələbatı
müəyyənləşdirilərkən ilk
növbədə işəgötürənlərin tələbi
nəzərə alınmalıdır.
ASAN Peşədən
ixtisas seçin ki, işiniz asan olsun!
Beləliklə, vətəndaş seçir, işəgötürən
sifariş verir, peşə məktəbləri isə əmək
bazarının tələb etdiyi kadrları hazırlayır. Hər il tələb dəyişdiyi
kimi, təkliflər də dəyişir. Ayrı-ayrı
ixtisaslar üzrə kadr hazırlığını təşkil
edən peşə məktəblərinin sayı və keyfiyyəti
də tələblərin fonunda yenilənir. Növbəti tədris
ili üçün peşə təhsili sahəsində ən
böyük yenilik tamamilə yeni standart, yeni təhsil
proqramı ilə təhsil verəcək Sənaye və
İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzinin
fəaliyyətə başlaması olacaq. Yeni Peşə Təhsil
Mərkəzinin hazırlığı təşkil ediləcək
8 ixtisası da peşə məktəbində oxumaq istəyənlərin
qarşısına qoyulan təkliflər
siyahısındadır.
Bir
sözlə, nəinki bu 8 ixtisas, ümumiyyətlə, Azərbaycandakı
peşə məktəblərinin təklif etdiyi 145 ixtisasdan
hansına yiyələnəcəyiniz öz əlinizdədir.
Ancaq bir önəmli məqamı da unutmayın. Seçiminiz
düzgün olmalıdır ki, avqustun 21-də elan olunacaq
uğur qazananlar siyahısına adınız
düşsün.
ASAN
Peşə, sadəcə peşə məktəblərinə
qəbul məqsədi ilə həyata keçirilən layihənin
adı deyil, istənilən peşəyə yiyələnməyin
də ən asan yoludur. Təhsil səviyyəsindən,
ixtisasından asılı olmayaraq, hər kəsin yolu burdan
düşə bilər. Odur ki, vaxtikən ASAN Peşədən
ixtisas seçin ki, işiniz də asan olsun!
Ruhiyyə DAŞSALAHLI
Azərbayxcan müəllimi.-
2019.- 9 avqust.- S.1; 8.