Ana dili kimliyimizdir
Dil həmən millətdir.
M.Ə.Rəsulzadə
Avqustun 1-i ölkəmizdə
Ana dili günüdür. Bu gün
ölkəmizin hər
bir guşəsində
öz dilini öyrənənlərin, sevə-sevə
danışanların, başqalarına
öyrədənlərin günüdür. Bu gün, eyni zamanda bizlərə
dilin milli kimliyimizin var olmasının təməl prinsipi
olduğunu göstərərək milli intibahımızın günüdür.
Azərbaycan dili adlandırdığımız Ana dilimiz Firudin bəy Köçərlinin.
Nəriman Nərimanovun,
Cəlil Məmmədquluzadənin,
Üzeyir Hacıbəylinin,
Abdulla Şaiqin və daha bir çox ziyalılarımızın səyi nəticəsində
başqa dillər
arasında “əriyib”
yox olmaqdan yan keçərək
gələcək nəsillərin
bir millət kimi formalaşmasının
əsas atributlarından biri olmuşdur. Uzaq tarixlərə varmadan Azərbaycan dilinin XX yüzillikdə inkişaf
tarixinə və onun necə adlandırılmasına nəzər salsaq, son dərəcə
acınacaqlı faktlarla
rastlaşarıq: “müsəlman
dili”, “tatar dili”, “Türk dili”, “Azərbaycan dili”. Fikrimcə, dünyada elə bir dil yoxdur
ki, bir əsrdə
onun adı dəfələrlə
dəyişikliyə məruz
qalsın. Bir-birinin ardınca baş verən bu addəyişmələr
nəticəsində dilimizin
ictimai-mədəni funksiyasının
müəyyənləşdirilməsinə
və nəhayət, onun dövlət dili statusunu almasına böyük maneələr
yaradılmışdı. Dilimizin sıxışdırılması
siyasəti yaxın keçmişimizdə - sovetlər
dönəmində daha
geniş vüsət almışdı. Və
bu proses ölkəmizdə çox
böyük ustalıqla
həyata keçirilərək
Ana dilinin bir
dövlət dili kimi tətbiqi və istifadə olunması sahələrinin
məhdudlaşdırılması, kargüzarlıqda rus dilindən istifadənin genişləndirilməsi fonunda
baş verirdi. Elə bir vəziyyət
yaranmışdı ki,
dövlət idarələrində kargüzarlıq
işləri tam olaraq
rus dilində aparılırdı və
bu hal tədricən
rayonlara da sirayət edirdi. Anadilli məktəblərin
sayının get-gedə
azalaraq öz yerini rusdilli və beynəlmiləl məktəblərə verməsini,
ali məktəblərə qəbulda
rus bölməsinə
üstünlük verilməsini,
bütün elmi-texniki
ədəbiyyatların rus
dilində olması və s. istiqamətlərdə
imperiyanın
apardığı düşünülmüş,
ardıcıl siyasətini
bizim nəsil yaxşı xatırlayır. 80-ci illərin sonunda baş verən ictimai-siyasi hadisələr burulğanında
xalqımız hər
səhifəsi mübarizə
dolu bir tarix yazdı: milli kimliyimiz, milli dövlətimiz, milli qürur və vicdanımız olan dilimiz bərqərar
oldu. Bu dəyərləri yaşatmaq hər birimizin borcudur. Təəssüflər
olsun ki, son zamanlarda Ana dilimizin
yabançı söz,
ifadə və şəkilçilərlə yüklənməsi
halları artmaqdadır. “Müəllim” sözünün
işlədilməsi ilə
bağlı bir örnək vermək istərdik. Ərəb kökənli bu
söz artıq bizim dilimizdə “vətəndaşlıq” almış
bir sözdür.
Amma bizlər qadınlara müraciət
edəndə bu sözə bir “ə” şəkilçisi əlavə
edərək “müəllim+ə” deyirik. Dilimizin qayda-qanunlarına zidd olan bu hal
son zamanlar kütləvi bir
xarakter alıb. Belə ki, qrammatikamızda
şəxs əvəzliyinin
III şəxs təkində
cins fərqi yoxdur: yəni, istər kişi, istərsə də qadın cinsi olsun, “O” dəyişməzdir.
Bu bizim dilin gözəlliyidir.
Amma ingilis və rus dillərində III şəxsin təkində
bu fərq vardır. Məsələn,
ingilis dilində III şəxsin təkində
qadına
She, kişiyə isə
He, rus dilində də analoji olaraq On və Ona deyə müraciət
edilir. Ehtiyac olmadan dilimizə gətirilən bu qəbildən nümunələri çox
göstərmək olar.
Ancaq bunu söyləməkdə məqsədimiz
heç də son illərdə elmin və texnikanın inkişafı ilə əlaqədar dilimizə gətirilmiş alınma sözlərə qarşı
çıxmaq deyil. Dilin tərkibinin dəyişməsi, yeni sözləri alması qloballaşan dünyamızda təbii
bir prosesdir. Bizim söylədiyimiz ehtiyac olmadan edilən əlavə və dəyişikliklərdən bəhs
edir. Gəlin, “dilimizin ekologiyası”nı
çirkləndirməyək, Ana dili gününüz mübarək olsun!
Məlahət MÜRŞÜDLÜ,
pedaqogika üzrə fəlsəfə
doktoru
Azərbaycan müəllimi.-
2019.-3 avqust.- S.13.