Məktəbə hazırsanmı?
Beş yaşlı uşaqların
90 faizi məktəbəhazırlıq qruplarına cəlb
olunacaq
Bu il 120 minə yaxın beş yaşlının məktəbə cəlb olunacağı gözlənilir. Özü də, sadəcə paytaxtda deyil, ən ucqar kənddə belə 2014-cü il təvəllüdlü uşaqlar məktəbə gedəcəklər. Bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən hər cür imkan yaradılıb. Odur ki, məktəbəhazırlıq təhsili ölkədəki bu yaşda olan bütün uşaqların 90 faizini əhatə edəcək.
2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili ilə bağlı qərarda məktəbə gedəcək 5 yaşlı uşaqların sayının proqnozlaşdırılması, IV sinifdə dərs deyən müəllimlərin seçilməsi və məktəbəhazırlıq siniflərinin onlara həvalə olunması, həmin müəllimlərlə təlimlərin keçirilməsi və bir sıra başqa məsələlərin həlli üçün zəruri tapşırıqlar verilib. Həmin tapşırıqlara uyğun olaraq müvafiq addımlar atılıb.
Beləliklə, ümumi hesablamalara görə, 5432 qrupda məktəbəhazırlıq təlimi keçiləcək. Kənd məktəblərində məktəbəhazırlıq qruplarında uşaqların sayı minimum 10 nəfər, şəhərdə 15 nəfər, maksimum isə 30 nəfər nəzərdə tutulub. Uşaqlar burada oyunlar oynayacaq, şəkil çəkəcək, rəqəmlərlə tanış olacaq, hərflərin çap şəklini öyrənəcəklər.
Öyrəndiyi hərflə düzələn sözləri tapacaq, sadə cümlələr quracaqlar. Ən önəmlisi, məktəbi görəcək, mühitə alışacaq, müəllimlərini tanıyacaqlar. Beləcə, ailədən məktəbə keçid edəcəklər.
Bu keçidin rahat və şəffaf baş tutması üçün dövlət öz üzərinə düşəni edib. Belə ki, ölkəmizdə 5 yaşlıların məktəbə cəlb olunması prosesinə 2016-cı ildən start verilib. Elə həmin il Nazirlər Kabinetinin qərarı ilə dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkilinə başlanılıb və nəticədə 5 yaşlıların 55 faizi məktəbəhazırlıq qruplarına cəlb edilib. Sonrakı illərdə məktəbəhazırlığın əhatə dairəsi genişləndrilib və məktəbə cəlb edilənlər əvvəlcə beşyaşlıların 65, sonrakı illərdə 75 faizini təşkil edib. 2020-ci ildən beşyaşlıların 90 faizinin məktəbəhazırlığa cəlbi nəzərdə tutulub. Bu hədəfə çatmaq üçün atılan addımlardan biri də onlayn qeydiyyatının aparılmasıdır ki, nəticədən də göründüyü kimi, dövlət təhsildə istəyinə nail olur. Dövlət orqanlarının elektron xidmətlərinin təşkili ilə bağlı ölkə Prezidentinin qərarına uyğun olaraq bu prosesin elektronlaşdırılması, şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Odur ki, bu istiqamətdə bütün xidmətlər elektronlaşdırılıb. Məktəbəhazırlıq qruplarına qəbul da artıq 4 ildir ki, elektron sistem vasitəsilə həyata keçirilir. Nəticədə ölkə vətəndaşları olduğu yerdən peşə, ali məktəb, ümumtəhsil məktəbi, sinif, hətta müəllim seçir, seçimini təsdiqləyir və heç kimlə görüşmədən, heç yerə getmədən övladını istədiyi yerə, o cümlədən məktəbəhazırlıq qrupuna yerləşdirir.
Ölkəmizdə internet, kompüter imkanları olmayanların narahatlığı da nəzərə alınıb. Belə valideynlər və ya qanuni nümayəndələrə onlayn və ya məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş Alternativ Qeydiyyat mərkəzləri yaradılıb.Təkcə Bakı şəhərində 50-dən artıq belə mərkəz yaradılıb. Regionlarda, hətta kəndlərdə belə Alternativ Qeydiyyat mərkəzləri valideynlərə kömək etmək üçün hazırdır. Həmin mərkəzlər Təhsil Nazirliyi tərəfindən sürətli internetlə tam təmin olunub. Təhsil Nazirliyinin məsul şəxsləri bəyan edir: Alternativ Qeydiyyat mərkəzlərində məlumatlı şəxslər onlara kömək etmək üçün valideynlərin yolunu gözləyir.
Qeyd edək ki, məktəbəhazırlıq
qruplarına onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün
məktəblərini və ümumtəhsil proqramı ilə
təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir. Sistem elə qurulub ki, uşağı
mütləq valideyn və ya
qanuni nümayəndə qeydiyyatdan
keçirməlidir.
Sənin məktəbin
hansıdır?
Beləliklə, məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur. Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Həmin məktəblər Bakı şəhərindəki təhsil müəssisələrinin təxminən 15 faizini təşkil edir. Ərazi prinsipi tətbiq olunan həmin məktəblərdə, ilk növbədə, təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan başlayaraq həyata keçirilir. Bu proses sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti sentyabrın 2-dən 27-dək həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək müəyyən edilib. Xüsusən Bakı şəhərində yaşayan valideynlərə əsas tövsiyə ondan ibarətdir ki, onlayn qeydiyyat prosesinin təxminən 1 ay davam etdiyini nəzərə alaraq tələsməsinlər. Amma uşağı məktəbə gecikdirmək də olmaz.
Bəs, bu yolda valideynin üzərinə nə düşür?
5 yaşına çatmış uşağı olan valideyn bilməlidir ki, artıq məktəb seçməyin vaxtıdır. Bunun üçün bəzi məqamlara diqqət yetirməlidir. Həmin məqamlardan ən önəmlisi odur ki, uşağı üçün ərazi baxımından ən yaxın məktəb seçməlidir. Ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşağın qəbul olunması üçün digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna müraciət edə bilər.
Seçdiyi məktəbin yerləşdiyi ərazidə qeydiyyatda deyilsə, orada yaşamırsa, valideyn bilməlidir ki, bu halda ilk növbədə həmin ərazidə qeydiyyatı olan, bacısı və ya qardaşı həmin məktəbdə oxuyan, valideynlərindən biri həmin məktəbdə işləyən uşaqlara üstünlük veriləcək. Onun və onun kimi digər müraciətlər boş qalan yerlərə uyğun olaraq sıralamaya müvafiq şəkildə dəyərləndiriləcək.
Bəs, qeydiyyatda problem yaranarsa...
Öncəliklə qeyd edək ki, hər hansı problem ehtimalına qarşı ehtiyat tədbiri olaraq Apelyasiya komissiyaları yaradılıb. Valideynlər yerli təhsil idarələri və Təhsil Nazirliyinin 146-1 qaynar xətt xidməti vasitəsi ilə əlaqə yaradıb yaranan problemlə bağlı məsləhət və kömək ala bilərlər.
Maraqlıdır, valideyn qeydiyyat zamanı nə cür problemlərlə qarşılaşa bilər?
Tutaq ki, məktəbəhazırlıq qrupunda təhsil alacaq uşağın şəxsiyyət vəsiqəsi yoxdur. Bu halda valideyn onun doğum haqqında şəhadətnaməsinin seriya nömrəsini sistemə daxil edir. Məlumatlar tapılırsa, valideyn prosesi davam etdirir. Məlumatlar çıxmazsa, doğum haqqında şəhadətnamə ilə istənilən Alternativ Qeydiyat Mərkəzinə müraciət edilməlidir.
Başqa bir misal. 5 yaşlı uşağı olan ailə məcburi köçkün ailəsidirsə, qeydiyyat zamanı məcburi köçkün vəsiqəsinin nömrəsini sistemə daxil edəcək. Vəsiqə nömrəsi əsasında ailə haqqında məlumat çıxmalıdır. Ancaq hər hansı məlumat tapılmırsa, onlar yaşadıqları rayonun icra nümayəndəliklərinə müraciət etməlidirlər. Məktəb məcburi köçkünlər üçün nəzərdə tutulan təhsil müəssisəsidirsə, məcburi köçkün olan ailə vəsiqə nömrəsini yazmaqla qeydiyyat prosesini davam etdirə bilər.
Qeyd edək ki, məcburi köçkün ailəsi
uşağını yaxınlığında olan hər hansı başqa
məktəbdə təşkil edilən məktəbəhazırlıq
qrupuna qeydiyyatdan
keçirə bildiyi kimi,
məcburi köçkün olmayan ailə də yaxınlıqda başqa məktəb yoxdursa,
övladlarını məcburi köçkün
məktəblərindəki hazırlıq qruplarına qeydiyyatdan keçirə bilər.
6 yaşlılar
5 yaşlılarla bir sinfə
buraxılsalar
da, 4 yaşlılara istisna
qəbul edilmir
Ümumiyyətlə, məktəbəhazırlıq qruplarının təşkili təcrübəsində bunun kimi bir çox istisnalar var. Həmin istisnalardan ən çox rastgəlinəni valideynin 6 yaşlı uşağını birinci sinfə deyil, məktəbəhazırlığa qoymaq cəhdidir. Bu il məktəbəhazırlıq qruplarına 2014-cü ildə doğulan beşyaşlı uşaqlar cəlb olunsalar da, 2013-cü ildə doğulan uşaqların da beşyaşlıların təhsilinə cəlb olunması xahişi ilə müraciət edənlər olacağı gözlənilir. Bəs, belə müraciətlər müsbət dəyərləndiriləcəkmi? İndiyədək qarşıya çıxan bu qəbildən olan istisnalara diqqət çəkən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib: “Əvvəlki illərdə də qarşımıza çıxan faktlar 6 yaşı tamam olmuş uşağını valideynin məktəbəhazırlıq qrupuna yerləşdirməsidir. Halbuki 6 yaşı tamam olan uşaqlar birinci sinfə getməlidir. Müxtəlif səbəblərdən qeydə alınan müraciətlərdə çalışırıq ki, valideynlərə kömək edək”.
Maraqlıdır ki, valideynlər arasında 4 yaşlı uşağını da 5 yaşlılarla birlikdə məktəbə göndərmək istəyənlərə rast gəlinir. Ancaq 6 yaşlılardan fərqli olaraq, 4 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına qəbulunda hər hansı istisnaya yol verilmir.
Nəhayət, qeydiyyat uğurla başa
çatdısa, məktəbini, sinfini və
müəllimini seçdisə, valideyn bir bildiriş alır. Qeydiyyatdan
keçən valideynin və ya uşağın qanuni
nümayəndəsinin şəxsi kabinetinə və telefonuna elektron ərizəsini
tamamlayib təsdiqlədikdən sonra daxil olan
həmin bildirişdə övladının məktəbəhazırlıq
qrupuna qəbul edildiyi
və sənədləri məktəbə təqdim etmə
vaxtı bildirilir.
Qeydiyyatdan sonra valideyndən
hansı sənədlər
tələb ediləcək?
Məktəbəhazırlıq
qruplarına uşaqların qəbulu zamanı ölkə vətəndaşları
üçün valideynin şəxsiyyətini təsdiq edən
sənədin, uşağın doğum haqqında şəhadətnaməsi
və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti
tələb edilir.
Azərbaycan vətəndaşlığını
sonradan almış və
övladının doğum haqqında
şəhadətnaməsi əvvəllər vətəndaşı
olduğu ölkə tərəfindən verilmiş şəxslər ölkəmizdə
16 yaşına çatanadək vətəndaşa verilən
şəxsiyyət vəsiqəsi və ya
xarici ölkənin doğum haqqında şəhadətnaməsi ilə
məktəblərə yaxınlaşmalıdır. Xarici ölkə
vətəndaşlarından isə məktəblərdə valideynin xarici pasportu, Azərbaycan ərazisində müvəqqəti
və ya varsa, daimi yaşamaq üçün verilən icazə vəsiqəsi,
uşağın doğum haqqında şəhadətnaməsinin
əsli və surəti tələb ediləcək. Nəhayət, digər ölkələrin vətəndaşları
olan, qaçqınlıq statusu
almış şəxslər Birləşmiş Millətlər
Təşkilatının Qaçqınların İşləri
üzrə Ali
Komissarlığının Himayə Sənədini də təqdim
etməlidirlər. Məktəbə şəxsiyyəti
təsdiq edən sadalanan sənədlərlə
yanaşı, uşağın sağlamlığı
haqqında tibbi arayış (forma 26U), 2 ədəd 3x4 ölçüdə
rəngli fotoşəkil, valideynin (qanuni nümayəndənin)
https://mektebeqebul.edu.az/az/ saytında yaradılmış “Şəxsi
kabinet”indən çap olunmuş
“Ərizə”si təqdim olunmalıdır.
Sağlamlıq
imkanları məhdud
uşaqlar üçün də
şərait yaradılacaq
Ölkəmizdə
təhsil hamı üçün əlçatan
olmalıdır. Bu, sağlamlıq
imkanları məhdud olanlar üçün də keçərlidir. Belə
şəxslər üçün əsasən
internat tipli məktəblərdə
ümumi təhsil proqramı ilə tədris
həyata keçirilir. Artıq qeyd etdiyimiz kimi, həmin məktəblərdə də məktəbəhazırlıq
qrupları yaradılır. Odur ki, sağlamlıq imkanları məhdud olan uşaqların təhsili ilə
bağlı valideynlərdən müraciət daxil
olarsa, onların da məktəbəhazırlığa
cəlbi təmin ediləcək.
Məktəbəhazırlıq
qrupunda
tədris dili seçimi sərbəstdir
Uşağının tədrisi başqa dillərdə aparılan məktəbəhazırlıq
qruplarında təhsil almasını arzulayan
valideynlər üçün də hər
hansı məhdudiyyət yoxdur. Belə ki, tədrisi başqa dildə
aparılan məktəbəhazırlıq qruplarında təhsil
almaq müsahibəsiz olacaq.
Uşağın fikrini ifadə edə bildiyi dildə təhsil alması
haqqıdır. 5 yaşlı uşaqlara da başqa dildə təhsil
almaq imkanı verilir. Dili mənimsəyəcəksə, həmin
dildə təhsilini davam etdirəcək.
Əks halda, bu, mümkün olmayacaq. Belə ki, gələcəkdə
tədris dili ilə bağlı
uşağın daha ciddi
problemlərinin ortaya çıxmaması
üçün məktəbəhazırlıq
qruplarında hansı dildə təhsil almasından
asılı olmayaraq, I sinfə qəbul
zamanı digər dildə tədris aparılan bölmə
seçilərsə, uşağın şifahi
nitq bacarıqlarının qiymətləndirilməsi
üçün təşkil edilmiş müsahibədə iştirakı
mütləqdir.
Şagird yerdəyişməsi məktəbəhazırlıq
qruplarının üzvləri
üçün də tətbiq edilir
Məktəbəhazırlıq qrupuna qəbul olunan uşaqların yerdəyişməsi də mümkündür. Ancaq bunun üçün şagird öncə məktəbə qəbul olunmalıdır. Məktəbəhazırlıq qruplarında dərslər oktyabrın 1-də başlayır. Həmin vaxt valideyn uşağının yerini dəyişmək istəyirsə, şagird yerdəyişməsi sisteminə daxil olub, istədiyi məktəbdə, sinifdə yer varsa, yerdəyişməni gerçəkləşdirə bilər.
Nəhayət, uşaqların məktəbəhazırlıq
qruplarına getməməsi onların birinci
sinfə qəbulunda problem yaratmayacaq.
Bağçada məktəbəhazırlıq
qrupuna cəlb edilən uşaqların da birinci sinfə qəbulunda
problem olmayacaq.
5 yaşlı məktəblilərin
geyimi
Bəs, balaca məktəbliləri ilk dərs günü təhsil müəssisəsinə aparan valideyn ona nə geyindirəcək? Onların da xüsusi geyimi olacaqmı?
Təhsil Nazirliyində oktyabrın 1-dən məktəblərə
cəlb edilən balaca məktəblilərin,
onlar üçün
yeni olan mühitdə
sərbəst olmaları daha məqsədəuyğun
hesab edilib. Odur ki, onları xüsusi geyimlərlə sıxmağın doğru olmadığını
düşünürlər. Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdir
müavini İlhamə Abdullayeva
deyir: “5 yaşında uşaqları məktəbə
ona görə cəlb edirik
ki, məktəbin ab-havasına
alışsınlar. Özlərini məktəbdə daha sərbəst hiss etmələri
üçün təhsil müəssisələrinə
cəlb etdiyimiz balacaların hər
hansı çərçivəyə salınmasının tərəfdarı
deyilik”.
Məktəbəqədər
hazırlıq qruplarında
dərs deyəcək müəllimlərə
təlim keçilir
Hazırda isə müəllimlərə təlim keçilir. Avqust ayından 2019-2020-ci tədris ilində Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinə başlanılıb. Təlimlərdə məktəbəhazırlıq qruplarında dərs deyəcək 1000 ibtidai sinif müəllimi iştirak edir.
“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimlər Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilir. Təlimlərin monitorinqi və qiymətləndirilməsi isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən aparılır.
Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir. Bu təlimlərin məqsədini Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev belə izah edib: “Məktəbəhazırlıq qrupları artıq dörd ildir təşkil olunur. 4 il əvvəl ilk dəfə məktəbəhazırlığa başlamış müəllimlər artıq yeni məktəbəhazırlıq qrupunda dərs deyəcəklər. Ancaq təəssüf ki, hələ də ibtidai sinif müəllimləri məktəbəhazırlıq qruplarında ibtidai sinif metodikasını tətbiq edirlər. 5 yaşlı uşaqlar üçün nəzərdə tutulan vəsaitlərlə aşılamalı olduqları bilik, bacarıq və vərdişlər əvəzinə, onları birinci sinif materialları ilə yükləyirlər. Araşdırmalarımız belə müəllimlərin kifayət qədər çox olduğunu göstərir”.
Qeyd edək ki, ixtisasartırma təlimlərinin müdavimlərinə TİPİİ tərəfindən təşkil ediləcək yekun qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq sertifikatlar veriləcək. Həmin müəllimlər oktyabrın 1-dən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qruplarında məşğələlər keçəcəklər.
Artıq Bakıdan başlamış təlimlər növbəti həftələrdə rayonlarda da həyata keçiriləcək. Bütövlükdə ölkə üzrə 5000 müəllim həmin təlimlərdə iştirak edərək müvafiq sertifikat alacaq.
Artıq beşinci ildir ki, ölkəmizdə beşyaşlılardan ibarət qruplar təşkil edilir. Aparılan araşdırmalar göstərir ki, bu, təhsilin keyfiyyətində artıq özünü göstərməyə başlayıb. Bu prosesə təhsil ekspertləri, tədqiqatçılar böyük ümidlə baxırlar. Elə valideynlər də 5 yaşından oxuyub-yazmağa başlayan övladına böyük ümidlərlə baxır. Bunu artıq 4 gündür davam edən məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi də təsdiq edir. Avqustun 26-da saat 12:00-da məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb. İndiyədək 17200 nəfər qeydiyyatdan keçib.
Ruhiyyə
DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2019.-
30 avqust.- S.1; 3.