“Nəsimi ili” müəllimlərin
qarşısına yeni
vəzifələr qoyur
Azərbaycanın
dahi şairi İmadəddin Nəsiminin anadan olmasından 650
il keçir. İmzaladığı fərman və sərəncamlarla
klassiklərimizin irsinin ölkəmizdə və bütün
dünyada tanıdılmasına ardıcıl fikir verən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ili
ölkəmizdə “Nəsimi
ili” elan edib.
Bu barədə
verilən sərəncamda Azərbaycan xalqının çoxəsrlik
ənənələrə malik bədii və fəlsəfi
fikrində dərin iz qoymuş mütəfəkkir şair Nəsiminin
zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi
kamilləşməsində mühüm əhəmiyyətə
malik olduğu vurğulanır. Nəsimi irsinin müasir
humanitar düşüncənin tələbləri kontekstində
aktuallığı xüsusi qeyd olunan sərəncam Nəsimi
irsinə verilən dəyərin, hörmət və
ehtiramın ən yüksək göstəricisidir. Eyni zamanda,
bu sənəd Azərbaycan mədəniyyətinin, zəngin
tarixi mədəni irsinin təbliğinə yol açan
çox böyük töhfədir. Nəsimi dünyada
layiqincə tanıdılmalıdır. Bu sərəncam bir
daha təsdiq edir ki, Nəsimi yaradıcılığı,
onun şeirləri və qəzəllərini öyrənmək,
irsini araşdırmaq elmimizin, pedaqoji fikrimizin vacib məsələlərindən
biridir.
Təhsil
islahatları aparıldığı, təhsilimizin inkişaf
etdirilməsi yolunda əməli addımlar
atıldığı bir zamanda cari
ilin “Nəsimi ili” elan edilməsi qarşıya qoyulan qlobal vəzifələrə
yeni məzmun, yeni məna verir. Aydındır ki, “Nəsimi
ili”ndə Nəsimi irsinə dair tədqiqlər genişləndiriləcəkdir.
Bütün bunlar isə Nəsiminin yaddaşlarda əbədi
qalmasına təkan verəcəkdir. Əminik ki, dahi
şairimizin yubileyi onun adına layiq səviyyədə
keçiriləcəkdir. Ölkəmizdəki sabitlik, əmin-amanlıq
da buna əsas verir. “Nəsimi ili”ndə böyük şair
bir daha xatırlanacaq, arxivlərdə, yaddaşlarda yatıb
qalan qiymətli incilər üzə
çıxarılacaqdır. Nəsimi şair, Nəsimi
filosof, Nəsimi aşiq, Nəsimi-sufi, Nəsimi-hürufi, daha
ümumiləşmiş tərzdə Nəsimi azərbaycanlı
kimi rəngarəng yanaşmalar bir daha həm aydın, həm
də geniş mənada səsləndirilmək imkanı
qazanacaqdır. Əlbəttə, uzun illər Nizamini,
Füzulini Azərbaycan şairi kimi tanımayan sovet rejimi
böyük ideyalar carçısı, humanist şairimiz Nəsimini
də azərbaycanlı kimi tanımağa razı ola bilməzdi.
Buna düşmənlərimiz də razı olmazdılar.
Etiraf etməliyik ki, bu yöndə təşəbbüslər
də az olurdu. Əsl həqiqəti söyləyənlər
də susdurulurdu.
Bu istiqamətdə
ilk təşəbbüs ümummilli lider Heydər Əliyevə
məxsus olmuşdur. O, 70-ci illərdə Suriyaya səfəri
zamanı Nəsiminin qəbrini ziyarət etmiş, problemi
dünya səviyyəsinə qaldırmış və Azərbaycanda
YUNESKO-nun xətti ilə Nəsiminin 600 illik yubileyini qeyd etməyə
nail olmuşdur. “Nəsimi” filmi də məhz bundan sonra çəkilmiş, Bakıda
böyük şairə heykəl də qoyulmuşdur.
Uğurlu “Nəsimi” filmi şairi daha da məşhurlaşdırmışdır.
Bununla yanaşı Nəsiminin özünəlayiq şəkildə
öyrənilməsi və təbliği hələ davam
edirdi. Bu yubileydən sonra canlanma başlandı, lakin nədənsə
Nəsiminin ümumtəhsil proqram və dərsliklərinə
gətirilməsi ləngiyirdi. Məsələn, Nizamiyə,
Füzuliyə, Vaqifə, Sabirə proqramlarda xüsusi saatlar
ayrıldığı halda, Nəsimi icmal qaydasında tədris
olunurdu. Nəsiminin ölməz ideyaları və bu ideyalara
hakim ideologiya baxımından yanaşmalar dərslik, proqram
müəlliflərini də çətin vəziyyətdə
qoyurdu. Nəsimi isə dillər əzbəri idi:
“Məndə
sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri
laməkan mənəm, kövni məkana sığmazam”,
sətirlərini
bilməyənlər az tapılardı. Belə sərt tələblər
hətta aşağı siniflərdə də Nəsiminin həyatına
dair maraqlı məlumatların
verilməsinə mane olurdu.
Məlumdur
ki, 1369-cu ildə Şamaxıda anadan olan Nəsimi öz mürşidi Nəiminin
ideyalarını yaymaq üçün Şərq ellərini,
türk dünyasını qarış-qarış gəzmiş,
yaddaşlara çoxlu xatirələr yazmışdır.
Lakin hec zaman o, öz doğma Şirvanını yaddan
çıxarmamış, Şamaxıda Şahxandan qəbiristanlığında
dəfn olunan şair
qardaşı Şahxandanı tez-tez yad etmişdir:
Mən
öləndə Şahxandanda basdırın
Çünki
onun şahidi-Xəndanı var.
Lakin tale
onun bu arzusunu da ona nəsib etməmişdir. Onun
ölümünə dair müxtəlif əfsanələr
bütün Şərqi dolanmışdır. Bu bir həqiqətdir
ki, Nəsimi dinsiz olmamışdır. O, siyasi
görüşlərinin qurbanı olmuşdur. Belə
olmasaydı 910-cu hicri ilində
Sultan Qansuva əl-Furi kimi nüfuzlu şəxs ona məqbərə
tikdirməzdi. Onun haqqında yazan təzkirəçilər də
bu fikirdə olmuşlar.
Şərqin
ən böyük sənətkarlarından biri kimi tanınan
Nəsimini Nəvai, Füzuli ilə bərabər
bütün türk aləmində böyük şöhrətə
malik ustad kimi qəbul etmişlər. Azərbaycanın
tanınmış tədqiqatçılarından
H.Qayıbov, F.Köçərli, Y.Çəmənzəminli,
S.Mümtaz şairin Hindistanda, Türküstanda,
Əfqanıstanda, məşhur olduğunu, Yaxın Şərqdə
ondan tez-tez bəhs edildiyini qeyd edirdilər. Nəsimi poeziyasındakı
işıqlı fikirlərin parlaq bədii boyalarla ifadəsi
şair haqqında yüksək fikirlər doğururdu. Nəsiminin
qəzəlləri də “çox gözəl və mənidar”
sayılırdı.
Qeyd etmək
lazımdır ki, XX əsrə qədər hürufilik
haqqında dəqiq nəzəri fikirlər
olmadığından nəinki hürufilik, ümumiyyətlə,
orta əsr ədəbi cərəyanları ətraflı
öyrənilməmişdir. Bu cərəyanlara dini
baxışlar kimi yanaşırdılar. Ona görə də
sovet rejimi dövründə Nəsimini böyük ideallar
şairi kimi təqdim etmək mümkün olmamışdır. Ümumiyyətlə,
ötən əsrin 20-30-cu illərində mədəni irsdən
istifadə etmək sahəsində bir sıra ciddi nöqsanlar
buraxılmışdır. Bunların çoxu Stalinin
ölümünə qədər davam etmişdir. Ona görə
də belə şairlər haqqında kitablar yazılmırdı. Həm də
bütün bunlar böyük cəsarət tələb
edirdi.
Ötən
əsrin 70-ci illərində
Heydər Əliyevin Suriyaya səfərindən sonra bu məsələ
gündəmə gəldi. Bu zaman Xalq şairi Rəsul Rza Nəsiminin
qəbri haqqında geniş açıqlama vermiş, bu sahədəki məlumatları genişləndirmişdir.
Sovet hakimiyyəti illərində Nəsimi haqqında çoxlu
tədqiqatlar aparılsa da, kitablar yazılsa da “Nəsimi
boşluğu” hələ öz həllini gözləyirdi.
Ulu öndər Heydər Əliyevin Nəsiminin 600, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin şairin 650 illik yubileylərinin qeyd edilməsinə
dair sərəncamları Nəsimi
irsinə marağı bir daha artırdı və bütün bunlar alimlər,
pedaqoqlar, o cümlədən məktəb rəhbərlərini
düşündürən yeni vəzifələr ortaya qoydu.
Nəsimini öyrənmək, təbliğ etmək Azərbaycan xalqının zəngin mədəni
irsini bütün dünyaya çatdırmaq üçün
yeni imkanlar açdı. Bu sahədə Heydər Əliyev
Fondunun gördüyü işlər də təqdirəlayiqdir.
Dərs
ilinin ortasıdır. “Nəsimi ili” isə yeni başlayıb.
Qarşıda təhsil işçilərini çoxlu işlər gözləyir.
Məktəblərdə
dərs prosesində və məktəbdənkənar məşğələlərdə
böyük humanist şairin irsinin öyrənilməsinə
ardıcıl fikir verilməsi artıq öz
başlanğıcını götürmüşdür.
İnanırıq ki, vaxtı çatdıqda bütün
bunlar proqram və dərslikdə
də öz əksini tapacaqdır. Təhsil işçiləri
“Nəsimi ili”nin onlara verdiyi imkanlardan səmərəli istifadə
etməlidir.
Bizim məktəbimizdə bu sahədə
başladığımız işlər maraqla
qarşılanır və ilk nəticələrini verir.
İndi uşaqlar Nəsimini daha yaxşı tanıyır,
daha çox sevirlər. Biz Prezidentimizin bu sərəncamına
milli mədəniyyətimizi ümumdünya mədəniyyətinə
qovuşduran mənəvi dəyərlərimizdən biri kimi
baxırıq. İnanırıq ki, bu sərəncam məktəblərimizdə
şagirdlərin Nəsimi haqqında biliklərinin zənginləşdirilməsinə
yardım edəcək, onları ərazi
bütövlüyümüz uğrunda mübarizəyə
ruhlandıracaq.
Elnarə
MƏMMƏDOVA,
Bakı şəhər
165 nömrəli tam orta
məktəbin təlim-tərbiyə
işləri üzrə direktor
müavini, pedaqogika üzrə fəlsəfə
doktoru
Azərbaycan müəllimi.- 2019.-
1 fevral.- S.12.