“Lənkəranda ən
müasir universiteti quracağıq”
Natiq İbrahimov: “LDU-da həyata
keçirdiyimiz dəyişikliklər müsbət reaksiya
doğurur”
I hissə
Lənkəran Dövlət
Universitetinin fəaliyyəti müstəqillik
dövrünü əhatə etsə də, inkişafı
son illərdə Azərbaycanda, o cümlədən təhsil
sahəsində gedən böyük prosesin nəticəsidir.
Universitetdə inkişafa yön verən isə rektor əvəzi,
riyaziyyat üzrə elmlər doktoru, professor Natiq
İbrahimovdur.
Rektor vəzifəsini icra etməyə
başlayandan keçən müddətdə Lənkəran
Dövlət Universitetində görülən işləri
indi ölkəmizin ən sanballı, nüfuzlu, hətta
adı beynəlxalq reytinq cədvəllərinə düşən
universitetləri ilə müqayisə etmək
mümkündür.
LDU-da rektor vəzifəsini
icra edən Natiq İbrahimov “Azərbaycan müəllimi” qəzetinə
vəzifəsinin icrasına başlayandan bəri
qarşısına çıxan problemlərdən,
universitetin həyatında baş verən yeniliklərdən,
dəyişən təhsil mühitindən danışıb.
Tələbələrimizi əsl təhsil
ab-havasında qəbul etdik
- Artıq 3 ilə yaxındır ki,
Lənkəran Dövlət Universitetinə rəhbərlik
edirsiniz. Qarşınıza qoyduğunuz hədəfə nail ola bilirsinizmi?
- Lənkəran Dövlət Universiteti 1991-ci ildən
BDU-nun filialı kimi, 1992-ci ildən Universitet kimi fəaliyyət
göstərir. Ancaq bir neçə il öncəsinə
qədər universitetin həm maddi-texniki bazasında, həm
kadr potensialında, həm də laborator təchizatında, eləcə
də təhsilin keyfiyyətində ciddi
çatışmamazlıqlar mövcud idi. 2016-cı
ildə universitetə göndəriləndə qarşıma
məqsəd qoyulmuşdu ki, bu vəziyyəti dəyişim.
Lənkəranda bir universitet olduğu bu təhsil
müəssisəsinin fəaliyyətindən aydın
görünməlidir. O qədər problem vardı ki, həllinə
hansından başlayacağıma qərar verməkdə
çətinlik çəkirdim. Çünki
həllini gözləyən problemlərin hər biri bir
universiteti ayağa qaldırmaq üçün çox önəmli
idi. Təsəvvür edin ki, bir korpus
vardı, hətta üçnövbəli sistemlə də
orada tələbələri yerləşdirmək
mümkün deyildi. Yer
çatışmazlığı bu korpusla bağlı yeganə
problem deyildi. Ətrafa yayılan xoşagəlməz iy səbəbindən
oturub iş görmək mümkün deyildi. Təhsilin
keyfiyyətinin artırılması istiqamətində nəzərdə
tutduğumuz böyük islahatları bir kənara qoyub bu
problemin həllindən başlamalı olduq. Belə bir şəraitdə necə keyfiyyətli təhsil
vermək olar ki? Üfunətin mənbəyini
araşdıranda öyrəndik ki, sən demə, çirkab
suları binanın zirzəmisinə axır. Odur ki, yay semestri başlayan kimi həmin binanın və
mikrorayonda yerləşən yararsız binanın əsaslı
təmirinə başladıq. Yeni tədris
ilinə mövcud binanın təmiri, ikinci tədris korpusunun
açılışı ilə başladıq və
növbəti dərs ilinə təmiri başa
çatdırıb tələbələrimizi əsl təhsil
ab-havasında qəbul etdik. Amma yer
çatışmazlığını həll etmək
mümkün olmadı. 2018-ci ildə də
bu problemi həll etmək üçün yollar axtardıq.
Mövcud binanın yanında əlavə korpus
tikmək üçün imkan vardı və bu imkandan
yararlanmağa qərar verdik. Tikintiyə
başlamaq üçün söküntü işləri
başladı. Çünki orada
yarımtikili vardı. 80-ci illərdə
texnikum üçün tikilən bina yarımçıq
qalmışdı. Yarımçıq
binanı kol-kos basmış, köhnə armaturlar, betonlar
yığılıb qalmışdı illərlə. Təsəvvür edirsinizmi, həmin
tör-töküntünün altından nə qədər
ilan çıxdı? Təmizlik işləri
xeyli vaxt apardı. Sonra yeni korpusun tikintisinə
başladıq.
Planımıza görə, növbəti tədris ilinə
iki yeni korpus təhvil verəcəyik. Həm birinci korpusa əlavə
olaraq tikilən, barəsində danışdığım bu
bina hazır olacaq, həm də yataqxana ilə eyni yerdə
tikilməkdə olan tədris korpusu.
Bu binanın da tikintisinin başlanması oradakı
söküntü işlərinə görə xeyli gecikdi. Ancaq hesab edirəm
ki, həmin binanı nəzərdə tutulduğu vaxtda istifadəyə
vermək mümkün olacaq.
- Təcrübənizdən
belə görünür ki, burada daş üstə daş
qoymaq üçün əvvəlcə sökmək lazım
gəlib?
- Söz
ki, sökülməkdən düşdü, söküləcək
daha bir binamız da vardı. Universitetin çox
bərbad vəziyyətdə olan qonaq evi sökülməliydi.
Bunun üçün FHN-ə müraciət
etdik, ancaq köhnə bina olması səbəbindən rədd
cavabı aldıq. Məcbur olub binanı təmir
etdik. Həmin binanı Turizm fakültəsinin
turizm bazasına çevirdik. Qonaq evi
hazırda turizm bazasından əlavə, həm də otel kimi
fəaliyyət göstərə bilər. Otellə bağlı da çox böyük
planlarımız var. Hazırda respublika və beynəlxalq
miqyaslı hər hansı tədbir keçirsək,
qonaqlarımızı burada tam yerləşdirmək
imkanımız var. Bunu 2017-ci ilin yayında sınaqdan da
çıxartdıq. Universitetin təşkil
etdiyi beynəlxalq tədbirə qatılmaq üçün
xaricdən gələn bütün qonaqlarımızı burada
yerləşdirdik. Düzdür, otel kimi hələlik
tam gücü ilə işləmir, universitetin xeyrinə
qazanc gətirmir. Ancaq gələcəkdə buna nail olacağımızı
düşünürəm. Nəzərdə
tutmuşuq ki, müdirindən və təmizlik işçilərindən
savayı bütün işləri tələbələr
görsün. Tələbələrimiz
qonaq olub-olmamasından asılı olmayaraq, hər gün otelə
gedirlər. Qida mühəndisliyi və turizm
ixtisasları üzrə təhsil alan tələbələrimiz
burada təcrübə keçir, ixtisasları üzrə
xidmətləri öyrənirlər.
Elektron sistemə keçildi
- Tədrisdə
vəziyyət necə idi? Nəyi dəyişə
bildiniz, nə qaldı?
- Yeni
standartlara uyğun tədris planları işlənilməli
idi. Ali təhsil müəssisələrində
həyata keçirilən və artıq köhnələn
bir çox tətbiqlər Lənkəran Dövlət
Universitetinə hələ gəlib çatmamışdı.
Özünüz təsəvvür edin, yenicə
rektor vəzifəsinin icrasına başlamışam,
laborantlardan biri yarım gün icazə almaq üçün
qəbula gəlib. Təəccübləndim
ki, icazə üçün rektora müraciət etmək
lazımdır? Gördüm ki, bu təhsil
müəssisəsinin işlək strukturu yoxdur. Odur ki, məsləhətli şəkildə xarici təcrübədən
də yararlanaraq işlək struktur yaratdıq. Çox operativ bir struktur oldu. Həmin
struktura daxil olan bölmələrin əsasnamələrini
yazıb təsdiq etdik və hər birinə öz əsasnaməsini
təqdim etdik. Universitetin kafedraları
ixtisaslara uyğunlaşdırıldı. Bu
struktur islahatları ilə yeni universitet həyatının əsasını
qoyduq. İndi hər kəs öz
işini, vəzifəsini, məsuliyyətini bilir. Bu struktur həm də optimaldır. Ona görə xərclərimiz də qənaətli
olur. Yəni, heç kimi işdən
çıxartmadan strukturu optimallaşdırdıq. Bu islahatlar çərçivəsində tyutor xidməti
yaratdıq. O vaxta qədər bu təhsil müəssisəsində
tyutor xidmətinin nə olduğunu belə bilmirdilər. Bakıdan mütəxəssis dəvət edib kurslar
təşkil etdik. 2 aylıq kurs nəticəsində
sertifikat alanları işə götürdük. Düzdür, işə götürülən həmin
şəxslər bu sahədə təkmilləşəndən
sonra digər universitetlərə getdilər. Bu da normaldır. Əsas odur ki,
universitet bu sahədə də kadr yetişdirmiş oldu və
gedən kadrlara görə özümüzdə boşluq
yaranmadı. Çünki artıq
universitetin tyutor xidməti qurulub, elektron sistemə
keçilib.
Universitet saat mexanizmi kimi işləyir. Artıq tədris
proqramı da dəyişdirilərək müasir proqramlara
uyğunlaşdırılıb. Bəzi
ixtisaslar üzrə isə BDU, ADPU, ADİU, ADNSU ilə eyni
proqram üzrə mütəxəssis hazırlığı
aparılır. Növbəti semestrdən
isə ADİU ilə müəllim və tələbə
mübadiləsinə qərar verilib. Ancaq
tətbiq etmək istədiyimiz çox şey qalıb. Yavaş-yavaş Lənkəranda ən müasir
universiteti quracağıq.
- Yeni
struktur yaradarkən, ya da hər hansı islahata başlamadan
kiminlə məsləhətləşirsiniz? Rektorun
məsləhətçisi kimdir?
- Mənim
məsləhətçi müşavirim var - professor
Mikayıl Məhərrəmov. Tədrislə
bağlı məsələlərdə tədris işləri
üzrə prorektorla müzakirə edib qərar verirəm.
Bir çox hallarda İctimai Şuranın sədri
ilə məsləhətləşmələrimiz olur. Onunla ayda azı bir dəfə görüşürəm.
Cəmiyyətdə olan siqnalları birgə
müzakirə edirik və işimi ona uyğun qururam. Gördüyümüz işlərin necə
qarşılandığını, necə qəbul edildiyini də
məhz bu görüşlərdə müəyyənləşdirirəm.
Elə bu görüşlərdən bilirəm
ki, LDU-da həyata keçirdiyimiz dəyişikliklər
müsbət reaksiya doğurur.
- Təkbaşına
qərar vermirsiniz?
- Niyə
ki? Elə qərarlar var ona məşvərət
lazım deyil, mənim səlahiyyətim daxilindədir. Universitetdə işə qəbulu həyata
keçirən komissiya fəaliyyət göstərir. Daxil olan müraciətləri komissiya dəyərləndirir
və həmin şəxsləri müvafiq vəzifələrə
onlarla məsləhətləşərək təyin edirəm.
Gələcəyin müəllimləri
müasir laboratoriyalarda,
aqronomları plantasiyalarda formalaşır
- Ölkədə
pedaqoji kadr hazırlayan təhsil müəssisələrinin
özünəməxsus öhdəliyi var. Yəni,
yaxşı müəllimi, sadəcə tədris
proqramını yeniləməklə yetişdirmək
mümkün olmur...
- Əlbəttə. Ölkədə bu sahədə
böyük işlər görülür. Müasir tələblərə
cavab verən pedaqoji kadrların hazırlanması son 5 ilin ən
əsas tələblərindəndir. Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyasının əsas istiqamətini təşkil edən
bu məsələ bizim də əsas vəzifəmizdir.
Vəzifəmizin öhdəsindən gəlmək
üçün işə başladığım ilk
gündən müvafiq addımlar atmışıq. Bu addımlardan biri kadr hazırlığında
xüsusi əhəmiyyət kəsb edən
laboratoriyalardır. Müəllim
hazırlığının keyfiyyətini artırmaq məqsədi
ilə elə ilk iş günümdən etibarən
laboratoriyaların təşkilinə diqqət edirəm. 2 laboratoriyanı vəzifənin icrasına
başlayan kimi qurduq. Sonradan daha 4
laboratoriya və 4 kabineti də tələbələrimizin
istifadəsinə verdik. “Baytarlıq cərrahiyyəsi”,
“Aqrokimya” və “Torpaqşünaslıq” laboratoriyaları isə
tezliklə qurulacaq. Onu da qeyd edim ki, universitetimizdə
olan kimya və biologiya üzrə müəllim
hazırlığını təmin edən laboratoriyalar
ölkənin digər ali təhsil müəssisələrinin
heç birində yoxdur.
- LDU-da
neçə ixtisas üzrə tədris təşkil edlib?
- Hazırda universitetimizdə 27
ixtisas üzrə tələbə, 19 ixtisas üzrə magistr
hazırlığı həyata keçirilir. 2017-2018-ci
tədris ilindən 12 ixtisas üzrə doktorantura və
dissertantura pillələrində də təhsil təşkil
olunub. Ölkə rəhbərinin
tapşırığı ilə LDU-ya aqrar və kənd təsərrüfatı
ixtisasları da verilib. Regionların
inkişafını təmin etmək istiqamətində
hazırlığı həyata keçiriləcək həmin
ixtisaslar üzrə təhsilin təşkilini səmərəliləşdirmək
məqsədi ilə Rusiya istehsalı olan cərrahiyyə
kabineti alınıb. 4 yeni laboratoriya
qurulub. “Baytarlıq”, “Qida məhsulları
texnologiyası”, “Qida təhlükəsizliyi və
ekologiyası” laboratoriyaları İngiltərə, Amerika,
Çin, Rusiya istehsalı olan cihazlarla tam təchiz olunub.
Qida və qida təhlükəsizliyi
laboratoriyaları qida mühəndisliyi ixtisası üzrə
kadrların hazırlanması məqsədi ilə qurulub.
Baytarlıq, aqronomluq, torpaqşünaslıq, qida mühəndisliyi
üzrə təhsil alan tələbələrin
istifadə edəcəyi bu laboratoriya nəzəri biliklərin
təcrübədə tətbiqini öyrətmək
baxımından universitet üçün çox
böyük əhəmiyyət daşıyır. Magistrlər, həmçinin doktorantlar da
laboratoriyalardan istifadə edəcəklər. Laboratoriya onların tədqiqat işini maksimum səmərəli
apara bilməsinə kömək edəcək.
- Həmin
laboratoriyalardan tələbələr istifadə edə bilirlərmi?
Ən əsası, müəllimləriniz yeni və
müasir avadanlıqlardan istifadə etməyi öyrəniblərmi?
-
Laboratoriyada işləyə bilmək üçün
avadanlıqları istehsal edən firmanın mütəxəssisləri
universitetin müəllimləri üçün treninqlər
keçdilər. Həmin treninqlərdə iştirak edən
müəllimlər laboratoriyada iş zamanı tələbələrinə
kömək edə bilirlər.
-
Müasir universitetlər müxtəlif yollarla gəlir əldə
edir, hətta tələbələrin təhsil haqqına
ehtiyac duymurlar. Sizcə, qurduğunuz müasir
laboratoriyalar universitetin gəlir mənbələrindən
birinə çevrilə bilərmi?
- Şübhəsiz. Gələcəkdə
laboratoriyaların universitetin gəlir mənbələrindən
birinə çevrilməsi üçün əlimizdən gələni
edirik.
“Qida mühəndisliyi” laboratoriyasına qidanın tərkibini
müəyyən etmək üçün bütün
cihazlar gətirilib. I kurslar ikinci semestrdən başlayaraq
laboratoriyadan istifadə edirlər. Yuxarı kurslarda təhsil
alan tələbələrimiz bu
laboratoriyaların çoxdan daimi istifadəçisinə
çevriliblər. Doktorantura pilləsinədək
bütün tələbələrimizin ən çox işlədiyi
otaq məhz bu laboratoriyadır.
Laboratoriyada azot birləşmələrini, nitratın
miqdarını müəyyənləşdirmək, ya da
modifikasiya olunmuş məhsulu ayırd etmək çətinlik
törətməyəcək. Eyni zamanda, həmin
laboratoriyaların imkanlarından həm fermerlər, həm də
regionda yerləşən digər müəssisə və təşkilatlar
yararlana bilərlər. Laboratoriyalar ixtiyari
məhsulun tərkibini tam təyin etmək qabiliyyətindədir.
Eyni zamanda, torpağın tərkibini tam öyrənərək
fermerlər üçün təkliflər vermək
imkanımız da var.
- LDU-nun
çay plantasiyaları, dəmirağacı bağları, limon, narıngi istixanaları barədə də
eşitmişik...
- Bəli,
3.2 hektar ərazidə çay və sitrus bağı
salmışıq. Damcı üsulu ilə
suvarma sistemi qurulub. Ölkədə
elektrik böhranı yarananda xeyli bitkilərimiz məhv oldu.
Biz də bu hadisədən dərs
çıxarıb damcı üsulu ilə suvarma sistemi qurduq.
Bu üsulla həm bitkinin daim sulanması təmin
edilir, həm də suya qənaət. 5
hektar əlavə sahə almışıq. Orada da kənd təsərrüfatı bitkiləri
becəririk. Ötən məhsul
mövsümündə pomidora qədər hər şey əkmişdik.
Düzdür, becərdiyimiz, ərsəyə gətirdiyimiz
məhsuldan hələlik maddi qazanc əldə edə bilmirik.
Ancaq universitet olaraq üzərimizə
götürdüyümüz missiyanı yerinə yetirə
bilirik.
Tələbələrimiz arpadan, buğdadan tutmuş
pomidora, sarımsaq, soğana qədər bütün məhsulların
yetişdirilmə prosesini gördülər və öyrəndilər. Ən
böyük qazancımız da məhz bu oldu.
Lənkəranda müasir təhsil
mühiti
- Artıq Avropa tələbə
mühitini qurmağa başlamısınız?
- Tam elə
deməzdim. Lənkəran Dövlət
Universitetində müasir təhsil mühiti olmalıdır.
Tələbə üçün təhsilin əlçatanlığı
təmin edilməlidir. Gələcəkdə
Lənkəran Dövlət Universitetinin çox müasir
kampusu olacaq. Burada müəllimlər
üçün evlər, kafe, yataqxana qururuq. Növbəti tədris ilində artıq yataqxana da tələbələrin
ixtiyarına veriləcək. Bu, tələbə
ilə müəllimin işləməsi üçün də
əlverişli olacaq. Müəllimə də,
tələbəyə də əlaqə saxlamaq imkanları
yaradılacaq. Bu da o deməkdir ki, tələbə
hər hansı sualına cavab tapmaq üçün növbəti
günü gözləməyəcək. Hazırda
universitetin 50 nəfərlik qızlar yataqxanası var. Ancaq
tezliklə 160 yerlik, beşmərtəbəli yeni yataqxana
binası da təhvil veriləcək. İndi
həmin binanın da tikintisi davam edir. Bina
keçmiş Peşə liseyinin LDU-nun balansına
verilmiş qəzalı yataqxana binasının yerində
tikilir. Yaşayış sahəsi 1100
kvadratmetr olacaq yataqxana binasında tələbələrin
normal istirahəti, asudə vaxtlarının təşkili
üçün bütün şərait yaradılacaq.
Burada kompüter otaqları, kitabxana, xidmət
otaqları fəaliyyət göstərəcək.
- Ancaq
qızları düşünürsünüz. Bəs, oğlanlar?
- Bina məhz
elə oğlanlar üçün nəzərdə tutulur.
Ardı var
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2019.-
1 fevral.- S.5.