Tədris rus dilində aparılan

məktəblərdə ikidilli təhsil modeli

 

Bilinqval təhsil ana dilində və xarici dildə fənlərin paritet gözlənilməklə paralel tədrisini mümkün edir

 

Latviya hökuməti milli azlıqların məktəblərində tədrisin latış dilinə keçilməsi barədə islahata hazırlaşır. 2021-2022-ci tədris ilində tətbiq edilməsi planlaşdırılan islahat məktəbəqədər təhsilin bilinqval həyata keçirilməsini nəzərdə tutur. İbtidai sayılan I-VI siniflərdə üç ikidilli tədris modelindən istifadə olunacaq, VII-IX siniflərdə fənlərin 80 faizi, X-XII siniflərdə bütün tədris yalnız latış dilində aparılacaq. Bu islahat sayəsində Latviyada latış dilinin mövqeyinin addım-addım möhkəmlənəcəyini düşünürlər.

Bilinqval təhsil modeli tədris dili rus dilində aparılan bir çox Azərbaycan məktəblərində mövcud problemlərdən ən yaxşı çıxış yolu ola bilər. Filologiya üzrə elmlər doktoru, professor, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru Telman Cəfərov rus bölməsi olan Azərbaycan məktəblərində bilinqval (ikidilli) təhsil modelinin tətbiqini təklif edir. Onun fikrincə, bu model paytaxtdakı təhsil situasiyasını nizamlaya biləcək.

 

İkidilli təhsil

 

Çoxumuza da bəlli olduğu kimi, iki dilin əvəzedilmə ilə istifadəsi təcrübədə “bilinqvizm” (ikidillilik), iki dildə danışanlar “bilinqval” (ikidilli) adlanır.

Bilinqval təhsil modeli ana (dövlət) dilində və xarici dildə (rus və sair) fənlərin paritet gözlənilməklə paralel tədrisini mümkün edir. Bu zaman xüsusən ibtidai sinif pilləsində rus dilində tədris üstünlük təşkil edir. Ümumi orta təhsilin müxtəlif mərhələlərində ana dili və ədəbiyyat, tarix, coğrafiya, musiqi, həyati biliklər üzrə fənn və kurslar ana dilində tədris olunur və tədricən orta siniflərdə tam bilinqval təlim mühiti yaranır. Şagirdlərin ingilis dili üzrə dil-danışıq bacarıqları və orta təhsil müəssisəsinin kadr potensialı imkan verdikcə isə yuxarı siniflərdə üç dildə (Azərbaycan, rus, ingilis) multilinqval tədris modeli tətbiq edilir. Bununla yanaşı, yuxarı siniflərdə tədrisin tam olaraq ingilis dilində aparılması üçün eksperimental məktəb və siniflərin seçilməsinə də şərait yaranır.    

 

Bakıda bilinqval təhsil modelinin

tətbiqini zərurətə çevirən situasiya

 

Müasir təhsil modelinin tətbiqini təklif edən Telman Cəfərov hesab edir ki, paytaxtda təlim rus dilində aparılan məktəblərə və siniflərə şagird qəbulu hər il artan dinamika ilə davam edir: “Hazırlıq siniflərinə və uşaq bağçalarına builki qəbul da göstərir ki, növbəti illərdə də paytaxt məktəblərində rus bölməsinə qəbul azalmayacaq.

Bu isə mənəvi tərəfi bir yana, həm də tədris Azərbaycan dilində aparılan məktəblərin nüfuzuna və siniflərdə dərs yükünə mənfi təsir edə bilər”.

Danılmaz faktdır ki, təlim rus dilində aparılan ibtidai siniflərdə müəllim çatışmazlığı nəzərəçarpacaq dərəcədə hiss olunur. Bu isə o deməkdir ki, 2-3 il sonra bu, orta və yuxarı siniflərdə fənn müəllimlərinin çatışmazlığında da özünü göstərəcək: “Rus bölməsində işləyən fənn müəllimləri hazırda normadan artıq yükləniblər. Rəsmi statistikaya görə, Azərbaycan və rus dilində təlim aparılan məktəblərin sayı 342, təlimi yalnız rus dilində həyata keçirən orta təhsil müəssisələrinin sayı isə 16-dır. Göstərilən tendensiya məktəblərin rus bölmələrində tədrisin keyfiyyətinin və rus dilində təlimin nüfuzunun aşağa düşməsinə səbəb olursa, bu, məzunların müvafiq bilik, bacarıq və kompetensiyalar əldə etmələrinə, əmək bazarında layiqli yer tutmalarına, eyni zamanda, respublikamızda rusdilli təhsilin ənənələrinin qorunmasına imkan verəcəkmi? Digər tərəfdən, övladlarımızın bir qismini dövlət dilində, ana dilində savadlı danışıb-yazma və ünsiyyətqurma imkanından məhrum etmirikmi?”.  

 

 Çıxış yolu bilinqval təhsil modelinin tətbiqidir

 

Bütün bunları nəzərə alaraq, Telman Cəfərov vəziyyətdən çıxış yolu olaraq Azərbaycan məktəblərində bilinqval təhsil modelinin tətbiqini məqsədəuyğun hesab edir: “Təbii ki, bu modelin tətbiqinin uşaq bağçaları və məktəblərin hazırlıq siniflərindən başlanması daha məqsədəuyğundur. Bu təhsil modelinin paytaxtın məktəbəqədər və orta ümumtəhsil müəssisələrində reallaşması təlimdə rus dilinin istifadəsinə xələl gətirməməklə dövlət dilində təhsil imkanlarını genişləndirəcək, şagirdlərin milli-mənəvi dəyərlərə yiyələnmələrinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına imkan verəcək”.

Telman Cəfərovun fikrincə, istənilən cəmiyyətin inkişaf səviyyəsi orada tətbiq olunan təhsil modeli və onun səviyyəsi ilə ölçülür. Qloballaşma prosesləri gücləndikcə, cəmiyyətlərdə multikultural və tolerant mühit formalaşdıqca, dünyanın sivil xalqları, qabaqcıl mədəniyyətləri yeni, mövcud sosial-ictimai və siyasi duruma uyğun təhsil modelinin tətbiqi barədə düşünürlər: “Son bir neçə il ərzində Azərbaycan cəmiyyətində tolerant və multikultural mühitin mövcudluğu, bu mühitin unikallığı barədə istər ölkədə, istərsə də xaricdə müsbət rəy formalaşıb. Bu, respublikamızın ərazisində, tarixi torpaqlarımızda əsrlərin sınağından çıxmış birgəyaşayış mədəniyyətinin bu gün də mövcudluğunu sübut etməklə yanaşı, həm də yeni nəsillərin bu ruhda tərbiyə olunması, ən əsası isə bu kontekstdə milli-mənəvi dəyərlərin, ruh və mentalitetin qorunması məsələsini aktuallaşdırır. Bu mənada məktəb və universitetlərdə, xüsusən də ümumtəhsil müəssisələrində təhsilin məzmun və standartları mühüm əhəmiyyət kəsb edir. Uzun müzakirələrdən sonra 18 iyul 2018-ci il tarixdə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında ömürboyu təhsil üzrə  Milli Kvalifikasiya Çərçivəsi”ndə səkkiz təhsil səviyyəsi üzrə müəyyən edilmiş konkret kompetensiyalar da buna sübutdur”.

 

Dünya belə edir

 

Telman Cəfərov deyir ki, qloballaşma dövründə bilinqval və multilinqval təhsil modellərinin qaçılmazlığı qabaqcıl təhsil sistemlərinə malik ölkələr üçün artıq normaya çevrilir. Amerikada Kanadanın, Avropada Almaniya və Finlandiyanın, Asiyada Sinqapur və Malayziyanın, MDB-də Qazaxıstanın bu sahədə təcrübəsi maraqla qarşılanır.

 

Bu təlimin Azərbaycanda bazası var

 

Azərbaycana gəlincə, ölkəmizdə də bilinqval və multilinqval təlimə keçidin kifayət qədər güclü elmi-nəzəri bazası var: “Qabaqcıl cəmiyyətlər onilliklər və yüzilliklər boyu mədəniyyətlərarası dialoq, Şərq-Qərb əməkdaşlığı, müqayisəli dilçilik və ədəbiyyatşünaslıq, fərqli və oxşar mədəniyyətlərdə tipoloji və ideya-mövzu yaxınlığı, tədrisdə etnomədəni təhsil komponenti kimi məsələləri təkcə elmi müstəvidə nəzərdən keçirmir. Onların tətbiqinə nail olmaqla ciddi nəticələr əldə etməkdədirlər. Ölkəmizdə də bilinqval və multilinqval təlimə keçidin kifayət qədər güclü elmi-nəzəri bazası var”.

Telman Cəfərov etnik zənginlik, tolerant və multikultural mühiti elmi-nəzəri bazanı təşkil edən amillər siyahısında ilk sırada qeyd edir: “İkincisi, respublikamızın malik olduğu geosiyasi mövqe, iqtisadi potensial, siyasi iradə, üçüncüsü, bu gün Avrasiya arealı və türk dünyasında gündəmə gətirilən avrasiyaçılıq görüşlərinin kökündə duran mədəni dominant ideyasına cavab verən milli-mənəvi dəyərlərimizin, ədəbi-tarixi abidələrimizin mövcudluğudur. Bu siyahıda yuxarıda sadaladığımız elmi-nəzəri aspektlərin postsovet Azərbaycan elminin, filoloji, kulturoloji və fəlsəfi təfəkkürünün diqqət mərkəzində olması da var. Ən başlıca cəhət ondadır ki, məktəblərimizdə Azərbaycan və rus dilində böyük təlim təcrübəsi var. Bu təcrübəni məktəb miqyasından sinif miqyasına endirmək, yaş xüsusiyyətlərini, dilmənimsəmə standartlarının tələblərini nəzərə almaqla tədris planlarını qurmaq, müvafiq tədris resursları bazası yaratmaq lazımdır. Bu işi məhz təlim rus dilində təşkil olunan siniflərdə aparmaq olduqca asandır”.

Telman Cəfərov fikrini belə əsaslandırır ki, Azərbaycan və rus dillərinin, ədəbiyyatlarının, xalqlarımızın tarix, mədəniyyət, iqtisadiyyatının, fəlsəfi fikir tarixinin və s. müqayisəli təhlili və bir-birinə təsiri uzun onilliklərdir ki, həyata keçirilir. Türk-slavyan birgəyaşayışının, Azərbaycan-rus əlaqələrinin dərin kökləri və gözəl nümunələri var. Bütün bunları əks etdirən ədəbi-tarixi abidələri, canlı nitq və ünsiyyət nümunələrini, praktikasını məktəblərimizə gətirmək asan və vacibdir.

 

Gəlin, bunları həyata keçirək

 

Odur ki, Telman Cəfərov təklif edir ki, ilk növbədə məktəbəqədər təhsilin məzmun və standartlarına yenidən baxılmalı, müəyyən olunan kurslar və maraqlar üzrə kurikulumlar (tədris proqramları), tədris vəsaitləri hazırlanmalıdır. Orta təhsili əcnəbi dillərdən birində alması nəzərdə tutulan uşaqlara dövlət dilinin mənimsədilməsi, məhz məktəbəqədərki təhsil dövründə onlara ana dili üzrə müvafiq nitq vərdişlərinin aşılanması üçün xüsusi tədris proqramı işlənilməlidir: “Uşaqların yaş psixologiyası, müasir linqvodidaktikanın gəldiyi nəticələr, ana və əcnəbi dillər üzrə dil-danışıq vərdiş və bacarıqlarının 7 yaşadək dövrdə və 8-12 yaş arasında daha intensiv mənimsənilməsi mümkündür. Məktəbəqədər təlim-tərbiyənin və ibtidai təhsilin dillərin, məntiqi təfəkkürün və həyati biliklərin inkişafı yönümlü olması üçün I-IV siniflərdə tədris planları, təhsil standartları, fənn kurikulumları, dərsliklər yenidən nəzərdən keçirilməlidir”.

Telman Cəfərovun sözlərinə görə, V-VI siniflərdə texniki və təbiət fənlərinə ayrılmış saatların azaldılması hesabına xarici dillərin  tədrisi üzrə saatlar artırıla bilər. Bundan başqa, hazırda təlim rus dilində aparılan siniflərdə bilinqval təhsil modelinin tətbiqi və bu zaman dövlət dilində və rus dilində fənlərin yanaşı tədrisinə tədricən keçməklə VIII-IX siniflərdə tam paritetə, yəni rus və Azərbaycan dillərində paralel tədrisə nail olmaq mümkündür. Bu zaman ana (dövlət) dilində təlim ana dili və ədəbiyyat, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, musiqi və s. fənləri əhatə edə bilər.

Telman Cəfərov VII-IX siniflərdə tədrisin təmayüllər üzrə aparılması məqsədilə dərs saatlarının maraqlar əsasında bölüşdürülməsi və göstərilən siniflərdə xarici dilin ən azı 3-4 saat həcmində verilməsini məqsədəuyğun hesab edir. Onun fikrincə, təmayül və profil üzrə fənlərin dərindən mənimsədilməsi üçün 10-11-ci siniflərdə həftəlik dərs yükünün 26-28 saatadək azaldılması, yuxarı sinif şagirdlərinin sərbəst, yaradıcı və layihəyönümlü fəaliyyətinin dəstəklənməsi də mümkündür: “Bəzi ölkələrin təcrübəsindən çıxış edərək, geniş eksperiment şəklində tam orta təhsil pilləsində (X-XI siniflərdə) tədrisin yalnız ingilis dilində təşkili və sair kimi məsələlərin həlli bu gün təhsil sistemimizin qarşısında durur. Bu isə respublikamızda təkcə bilinqval yox, həm də eksperiment şəklində multilinqval tədris modelinin tətbiqinin mümkünlüyünü gündəmə gətirir. Göstərilənlərə uyğun olaraq, ali təhsil pilləsində, xüsusilə də pedaqoji ixtisaslar üzrə mütəxəssis hazırlığı proqramında bilinqval və multilinqval təlimi, xarici dillərin məqsədli və intensiv tədrisini dəstəkləyə biləcək tədris standartları və planlarının reallaşdırılması mümkündür. Bu, həm də dünya əmək bazarına ixtisaslı insan resurslarını təklif etmək niyyətində olan Azərbaycanda digər istiqamətlər üzrə də mütəxəssis hazırlığına təkan verər”.

 

Bilinqval təhsil modelinin tətbiqinin uğurlu nəticəsi ola bilər

 

Telman Cəfərov sadaladıqları həyata keçirilərsə, müasir təhsil modelinin tətbiqinin uğurlu nəticəsinə də əmindir. Bu əminliyi isə Azərbaycandakı elmi-nəzəri bazadan əlavə, həm də təcrübə yaradır: “Bizə maraqlı görünən fakt odur ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində rus-tatar məktəblərində (bu məktəblər özləri də bilinqval idi. Təhsil tariximizdə bu, olduqca uğurlu təcrübə olub), Sankt-Peterburq, Moskva, Kiyev və b. universitetlərdə təhsil almış azərbaycanlılar təpədən-dırnağadək milli ruhlu ziyalılar kimi formalaşmışdılar. Kosmopolitizmdən, qərbçilikdən, slavyanofil ideyalarından və sair “izm”lərdən uzaq idilər. Məşhur  Üç mədəniyyət” kitabının müəllifi Əhməd Bəy Ağayev rus ədəbiyyatı üzrə professor elmi adını daşıyırdı. Təlim rus, ingilis, fransız, alman və ölkəmizdə yaşayan azsaylı xalqların dilində aparılan bugünkü Azərbaycan məktəblərini bitirən gənclərin azərbaycanşünaslıq ideyaları ruhunda yetişdirilməsi təhsil sistemimizin, ideoloji işə cavabdeh qurumların, ümumiyyətlə, hər birimizin ən ümdə vəzifəsidir”. 

Telman Cəfərovun fikrincə, Azərbaycan ictimai-siyasi, etnik və təhsil reallıqları üçün açıq bilinqval (multilinqval) təlim tipi xarakterikdir. Xarici dillərdən, beynəlxalq əlaqələrdən ustalıqla bəhrələnməklə, ümumavropa və dünya məkanına inteqrasiyaya, mədəniyyətlərarası kommunikasiya, gənc nəslin multikultural ruhda tərbiyəsinə nail olmaqla yanaşı, əsas məqsəd dövlət dilimizin işlənmə dairəsini, milli-mədəni özünəməxsusluğumuzu qorumaq, gənc nəsli milli ruhda tərbiyə etmək kimi məsələlərin diqqətdə saxlanılmasıdır. Bu məsələlərin həlli müasir çağırışlara cavab verən çevik və dinamik təhsil modellərinin tətbiqindən asılıdır.

 

Ruhiyyə DAŞSALAHLI

 

Azərbaycan müəllimi.- 2019.- 1 fevral.- S.1; 7.