Ana dilimiz
milli-mənəvi sərvətimizdir
“İnkişaf
etmiş zəngin dil mədəniyyətinə
sahib olan xalq əyilməzdir, ölməzdir,
böyük gələcəyə
malikdir. Ona
görə də xalqımıza ulu babalardan miras qalan bu ən
qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Heydər ƏLİYEV
Bir xalqın,
bir millətin var olmasının başlıca amillərindən
biri və ən vacibi özünəməxsus dilinin
olmasıdır. Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır.
Dahi şəxsiyyət, ümummilli
liderimizin də dediyi kimi hər
bir xalq öz dili ilə
yaranır.
Fəxrlə deyə bilərik ki, biz bir xalq,
bir toplum kimi zamanın cürbəcür sınaqlarından
keçərək dilimizi,
milliliyimizi, mənəvi
dəyərlərimizi qoruyub
bu günümüzə
qədər gətirib
çıxarmışıq. Dərin
tarixi kökləri olan öz dilimiz,
öz mədəniyyətimiz,
öz tariximiz var. 50 milyondan çox həmvətənimizin danışdığı
bu dil dünyaya
səs salan şairlər, ədəbiyyatçılar, alimlər,
siyasətçilər, dahilər
yetişdirib. Bu dil ilə tanıtmışıq
ədəbiyyatımızı, kimliyimizi, bu dil ilə elan
etmişik dünyaya müstəqilliyimizin əbədiliyini.
Bu dil müqəddəsdir,
doğmadır anamız
kimi, Vətənimiz kimi. Qürurumuz, fəxrimizdir dilimiz.
Nəsimilər, Füzulilər,
Xətailər, Zərdabilər,
Vaqiflər, Vidadilər,
Sabirlər, Müşfiqlərin
dilidir Azərbaycan dili.
Bütün sahələrdə olduğu
kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək
mərtəbəyə qaldırılmasında
ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Heydər Əliyev ana
dili ilə bağlı dövlət siyasətinin təməlini
ölkəmizin müstəqilliyinin
ilk günlərindən qoyub.
Azərbaycan dilinin inkişafı
ilə əlaqədar
müntəzəm olaraq
fərman və sərəncamlar imzalayıb.
Məhz ümummilli liderimizin apardığı məqsədyönlü
və düşünülmüş
siyasətin nəticəsidir
ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilib.
2001-ci ilin iyul
ayında ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərman imzalayıb, daha sonra isə 2001-ci ildə imzaladığı
fərmana əsasən,
avqustun 1-i respublikamızda
Azərbaycan Əlifbası
və Azərbaycan Dili Günü kimi təsis olunub. Azərbaycan dilinin beynəlxalq
aləmdə nüfuz
qazanması dilimizi ən mükəmməl formada təqdim etməyi bacaran Heydər Əliyevin adı ilə bağlıdır.
Millətini, milliliyini, zamanın
keşməkeşlərindən, sınaqlarından üzüağ
çıxan qədimliyini
və tarixini yüksək dəyərləndirən
Heydər Əliyev ana dilimizlə bağlı bu fikirləri səsləndirib:
“Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur
və biz həyatın
bütün sahələrinə
aid olan fikirlərimizi
öz ana dilimizdə ifadə edə bilərik”. Ulu öndərin bu fikirləri dilimizə verilən yüksək qiymətin təzahürüdür.
Bu gün də əsası ulu öndər tərəfindən
qoyulan Ana dilinin inkişafına və qorunmasına yönəlik
dövlət strategiyasını
Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycan dili tarixi həqiqətlərimizin dünyaya
çatdırılmasında yüksək tribunalardan səslənir, bu dildə oxunan muğamımız qəlbləri
riqqətə gətirir.
Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin
təbliğinə, qədim
tarixə malik mədəniyyətimizin tanıdılmasına
böyük həssaslıqla
yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın
12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”
Sərəncam Azərbaycan
dilinin saflaşdırılması
və inkişafı istiqamətində çox
mühüm addımdır.
Bu gün milli sərvətimiz, varlığımızın
və bütövlüyümüzün
təcəssümü, təsdiqi
olan ana dilimizi qorumaq, bütün gözəllikləri
və incəlikləri
ilə bu günün şagirdlərinə
tədris edib, gələcək nəsillərin
təməlini möhkəm
qoymaq biz müəllimlərdən
asılıdır. Şagirdlərin ünsiyyət imkanlarını
genişləndirmək, onlarda
nitq fəaliyyətinin
növləri ilə yanaşı, düşünmə,
öyrənmə və
danışma bacarıqlarını
formalaşdırmaq bizim
öhdəmizə düşən
ən vacib məsələdir. Bu gün dilin incəlikləri, zənginliyi,
məna gözəlliyi
müasir tədris proqramları vasitəsilə
şagirdlərə ötürülür.
Bir Azərbaycan
vətəndaşı və
ana dilini tədris edən müəllim kimi bu vəzifəni şərəf və qürurla yerinə yetirməyə çalışıram.
Tarixin qaynaqlarından
süzülüb gələn,
canımıza, qanımıza
ana südü və laylası ilə damla-damla, qətrə-qətrə hopan
ana dilimizə dahilərimizin də əsərlərində yetərincə
yer verilib, bu dilin müqəddəsliyi
və əsrarəngizliyi
barədə çox
yazılıb. Hələ XII əsrdə təkcə
Şərqə deyil,
dünya ədəbiyyatına
öz əvəzsiz əsərləri ilə imza atan dahi
Nizami Gəncəvinin
əsərlərində ana
dilimizin qüdrətini,
gözəlliyini duyuruq.
Qılıncının hər iki tərəfi
kəsən, ana dilini göylərə qaldıran şair-hökmdar
Şah İsmayılın
Azərbaycan dilini dövlət və poeziya dilinə çevirməsi, ədəbiyyatımızda,
klassik poeziyamızın
inkişafında, ana dilimizin şeir dilinə çevrilməsində
xidmətləri əvəzsizdir.
30-cu illərdə repressiya
zamanı yüzlərlə
milli düşüncəli
şairimiz, o cümlədən
S.Hüseyn, H.Cavid, Ə.Cavad, M.Müşfiq repressiyanın qurbanına
çevrildilər. Bu repressiya milli şüurumuza, düşüncə
tərzimizə, millətimizə,
dilimizə böyük
zərbə oldu.
Lakin 70 il
Sovet rejiminin ağır və əzici təsiri altında olsa belə dilimiz, dilimizin saflığı uğrunda mübarizə aparan vətənpərvər
sənətkarlarımızın gərgin mübarizəsi nəticəsində özünün
milliliyini qoruyub saxlaya bildi. Hələ
60-cı illərdə dövlət
idarələrində ana
dilində danışmağın
qadağan olunduğu illərdə bir sıra milli düşüncəli sənətkarlarımız
öz yaradıcılıqlarında
ana dili mövzusunu ana xəttə çevirdilər.
M.İbrahimov, Ş.Qurbanov, X.R.Ulutürk,
T.Bayram, B.Vahabzadə kimi milli dəyərlərimiz
uğrunda mübarizə
aparan yazıçı
və şairlər nəsli yetişdi.
B.Vahabzadə dilimizin sıxışdırıldığı
bir dövrdə bir-birinin ardınca Ana dilimizin qorunması, inkişaf etməsi haqqında şeirlər, məqalələr yazdı. Şairin
“Ana dili” şeiri yaradıcılığının ən monumental əsərlərindən
biridir:
Bu dil bizim ruhumuz,
eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə
əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada
hər şeyi,
Bu dil əcdadımızın
bizə miras verdiyi
Qiymətli xəzinədir...onu
gözlərimiz tək
Qoruyub, nəsillərə
biz də hədiyyə
verək.
“Anamın kitabı” əsərində dilimizə
sadiq olmayan insanların prototiplərini
yaradaraq insanlara, bütünlükdə cəmiyyətə
ana dilimizin nə qədər vacib dövlət atributu kimi dəyərini,
bizim milliliyimizi, mənəviyyatımızı tərənnüm etdiyini göstərən böyük
dramaturq Cəlil Məmmədquluzadə xalqın
nicat yolunun Vətən ideyası ətrafında birləşmək
olduğunu bildirirdi.
Sənətkarlarımızın yazıb-yaratdığı bu
incilər bu günümüz üçün
nə qədər qiymətlidir. Bu incilər
içərisində dilimizin
saflığı ilə
bərabər bir tarix də yaşayır.
Ana dili bütün
elmləri öyrənməyin
açarıdır. Tarix durduqca
bu dəyərli sərvətimizin qayğısına
qalmalı və dilimizi mükəmməl formada gələcək nəsillərə ötürməliyik.
Bu, hər birimizin
bir vətəndaş,
bir insan, bir azərbaycanlı kimi ən böyük
amalımız olmalıdır.
Dilimizi qoruyaq! O bizim varlığımızı
şərtləndirən ən
müqəddəs dəyərdir.
Şahinə MEHDİYEVA,
Bakı şəhər İlqar
Əbilhəsənov adına
42 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan müəllimi.- 2019.-
15 fevral.- S.14.