Bütün əsrlərin
“yaşıdı” söz ustadı məktəbdə
Abşeron rayonunun ümumtəhsil
məktəblərində təhsilin
keyfiyyətini yüksəltməyə
hədəflənmiş müxtəlif
səpkili tədbilər keçirilir.
Bu baxımdan rayon üzrə
fevral ayı üçün nəzərdə
tutulmuş “Azərbaycan
dili və ədəbiyyatı, musiqi
fənn aylığı”nı
xüsusi qeyd
etmək olar. Aylığın planına əsasən
belə tədbirlərdən
biri də rayonun Masazır qəsəbə 4 nömrəli
tam orta məktəbinin
bayramsayağı bəzədilmiş
akt zalında baş tutdu.
...Birdən - birə zala qəribə bir sakitlik çökdü
və bu sükutu məlahətli səslə deyilən misralar pozdu. Hardan deyildiyi bilinməyən ecazkar səs pillə-pillə ucalıb hamını öz sehrinə salaraq zalda qeyri-adi, poetik bir
aura yaratmaqla sona çatdı. Bir anlıq sükutdan
sonra salonu sürəkli alqış
səsləri bürüdü.
Bu məlahətli, qəlb oxşayan səs RTŞ metodkabinetinin
direktoru, Nəriman Həsənzadə poeziyasının
vurğunu olan pedaqogika üzrə fəlsəfə doktoru
Elmira İsmayılovaya məxsus
idi. Şairin “Mənə elə gəlir ki...” şeiri ilə açılan tədbirin gözlənilməz başlanğıcı
bütün iştirakçılara
lirik və xoş bir ovqat
bəxş etdi.
Səhnədə yer alan aparıcı baharın
ilk günündə hamını
salamlayıb onları gözəl və maraqlı anların gözlədiyini
xəbər verdi. Bildirdi ki, “Söz işığında” adlı
tədbiri xoş ovqata kökləyən şeirin müəllifi Xalq şairi, görkəmli dramaturq,
AYB-nin Ağsaqqallar Şurasının sədri, Əməkdar incəsənət xadimi, Heydər Əliyev mükafatı laureatı,
“Şərəf” ordenli
Nəriman Həsənzadə
qonağımızdır. O, digər qonaqları da təqdim etdikdən sonra məktəbin direktoru Roza Məmmədova tədbirə təşrif
gətirənlərə “xoş
gəldin” etdi, dəvətlərini qəbul
etdiklərinə görə
onlara minnətdarlığını
bildirdi.
Çıxış üçün
ilk söz alan yazıçı-jurnalist
Elçin Məmmədov
Nəriman Həsənzadə
ilə 34 illik dostluğundan, onu özünə mənəvi
ata kimi gördüyündən, şairin
sadə, təvazökar
insan olmasından, onun insanlara sonsuz sevgisindən söz açdı: “ Nəriman Həsənzadə başdan-ayağa,
bütün varlığı
ilə şairdir, söz adamıdır. Mən onu dəvət
edərkən onun şeirlərini dinləmək
əvəzinə, məktəbdə
Nəsiminin şeirlərini
səsləndirən şagirdlərin
ifasına qulaq asmağın daha maraqlı, daha gözəl olduğunu dedi. Onun şəxsiyyətini ucaldan da məhz
bu sadəliyi, təvazökarlığı, həyata,
insanlara sonsuz sevgisidir”.
E.Məmmədov çıxışını Nəriman Həsənzadənin
şeirini ifa etməklə başa vuraraq, tədbirin təşkilinə görə
təhsil şöbəsinin
müdiri Nazilə Məmmədovaya, RTŞ metodkabinetinin
direktoru Elmira İsmayılovaya, metodist Səkinə Abbasovaya, məktəbin direktoru Roza Məmmədovaya, ümumilikdə
əməyi keçən
hər kəsə təşəkkürünü bildirdi.
Aparıcı görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan dilinə, tarixinə və ədəbiyyatına
daim diqqət və qayğı ilə yanaşdığını
qeyd edərək, bu gün onun
irsinin layiqli davamçısı Prezident
İlham Əliyevin də incəsənət xadimlərinə xüsusi
ehtiramla yanaşdığnı
və məhz bu səbəbdən
2019-cu ili “Nəsimi ili” elan edildiyini
vurğuladı.
Sonra təhsil
şöbəsinin fevral
ayı ərzində görülən işlərinin
hesabatını əks
etdirən slayd nümayiş etdirildi. 11-ci sinif şagirdi Qəribxanın ifasında
səslənən Nəsiminin
məşhur “Ağrımaz”
qəzəli alqışlarla
qarşılandı. Aparıcı Nəriman
Həsənzadənin həyat
və yaradıcılıq
yolu barədə geniş məlumat verdi. Sonra hər zaman
tələbələrə və gəncliyə yüksək dəyər verən Nəriman müəllimin öz tələbəlik illərinə
həsr etdiyi “Tələbəlik” şeiri
şairin öz dilindən səsləndirildi.
Şairin
ürəkləri riqqətə
gətirən “Ana” şeiri
7-ci sinif şagirdləri
Elmira və Nərminin
ifasında alqışlarla
qarşılandı. Sonra söz
musiqiyə verildi.
Şairin sözlərinə
bəstələnmiş “Nərdivan” mahnısı Teymur Əmrahın
ifasında məclisə xoş əhval bəxş etdi. 7-ci sinif şagirdləri Aysu və Nərmin şairin
“Mən tanrı şairiyəm” şeirini səsləndirdilər.
Sevda müəllimin
çıxışından sonra 2-ci sinif şagirdlərinin təqdim
etdiyi “Uzundərə”
rəqsi də maraqla qarşılandı. Şagirdlərin
ifasında hörmətli
qonağın “Cəbhə
bayatıları” təqdim
edildkdən sonra aparıcı sözü
canlı korifeyin özünə verdi. Dəvətə görə təşəkkür
edən qonaqla şagirdlər arasında
baş tutan sual-cavabdan ibarət dialoq zalda əsil
canlanma yaratdı.
Məktəblilərdən Aysu, Osman, Günay
və başqaları
şairə ünvanladığı
ən gözlənilməz
suallara maraqlı cavablar aldılar.
“Göyərçin” jurnalının
baş redaktoru, şair, tənqidçi Rafiq Yusifoğlu çıxışında
qeyd etdi ki, Nəriman Həsənzadənin
bu bilik məbədinə gəlişi
məhz müəllimlərə
olan böyük ehtiramdan qaynaqlanır.
ADNSU-nun dosenti, şair Həsən Hacısoy, “Dünya” TV nin
əməkdaşı Nizami
Rəsulov və
b. isə çıxışlarında
tədbirin onlarda yaratdığı zəngin
təəssüratdan söz
açdılar, məktəblilərə öz doğma dilimizi sevməyi tövsiyə etdilər.
Aparıcı “Ana dilim əvəzolunmaz
sərvətimdir “ mövzusunda
inşa müsabiqəsinin
keçirildiyini xatırladaraq
həmin yarışmanın
rayon turunda 4 şagirdin
fərqlənərək təltif
olunduğunu qeyd etdi və şagirdləri
mükafatlandırmaq, həm
də çıxış etmək
üçün Abşeron
Rayon Təhsil Şöbəsinin
müdiri Nazilə Məmmədovanı
səhnəyə dəvət
etdi.
İştirakçıları salamlayan N. Məmmədova Nəriman Həsənzadənin
görüşü ilə
növbəti fənn
aylığına yekun
vurulduğunu dilə gətirdi və təltif olunan şagirdlərə mükafatları
da şairlə birlikdə təqdim etdi. Nəriman zirvəsindən söz açan şöbə müdiri onu məhəbbət şairi
adlandırdı: “Onun
düşündürən, sevgi, dözüm təlqin edən şeirləri bütöv
bir nəslin formalaşmasında öz
sözünü deyib.
Həyatda daim itkilərlə üzləşən,
heç bir zaman nikbinliyindən qalmayan “Şərəf” ordenli xalq şairi
Nəriman Həsənzadənin
şeirləri insanları
ən ali
keyfiyyətlərə yiyələnməyə,
onları dəyərləndirməyə,
qorumağa səsləyir.
Onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri,
bütövlükdə poetikası
şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları
ilə bir cərgəyə qoyur.
Çıxışının sonunda dövlət başçısının 2019-cu ili “Nəsimi ili” elan etməsinin ölkəmizdə
nəsimişünaslığın inkişafına böyük
təkan verəcəyini,
yeni - yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını
stimullaşdıracağını deyən N. Məmmədova Nəsimi yaradıcılığının mübarizliyinin gəncliyin
tərbiyəsində mühüm
rol oynadığını,
şairin şəxsiyyətinin
gənc nəslə örnək olduğunu dilə gətirdi.
Hər bir iştirakçıda xoş və zəngin təəssürat
yaradan “Söz işığında” adlı
ədəbi-bədii gecə
Nəriman Həsənzadənin “Azərbaycan” şeirinin səsləndirilməsi
ilə sona çatdı.
Yusif Əliyev
Azərbaycan müəllimi.- 2019.-
7 mart.- S.13.