“Qaratoxmaq qadın”
Çaykovskinin əsəri
opera-studiyasının səhnəsində
XIX əsrin ikinci yarısında rus musiqi mədəniyyətinin görkəmli
nümayəndələri sırasında Pyotr
İliç Çaykovski
böyük nüfuza
malik olan bəstəkar
kimi rus musiqi tarixinə daxil olmuşdur. O, bəstəkar, dirijor,
müəllim, musiqi ictimai
xadim kimi fəaliyyət
göstərmişdir və
yaradıcılığının bu sahələri
bir-biri ilə sıx bağlı idi. Bir bəstəkar kimi o,
yaradıcılığında M.İ.Qlinka
və A.S.Darqomıjski ənənələrini davam etdirmiş, bununla yanaşı öz
fərdi, özünəməxsus üslubunu
yarada bilmişdir. Eləcə
də o, Qərbi Avropa
bəstəkarlarının yaratdıqları ənənələrə
yaxından yiyələnmiş və əsərlərində
tətbiq etmişdir.
P.İ.Çaykovski rus musiqisində lirik sənətkar kimi çıxış edərək rus romantizminin parlaq nümayəndəsi kimi tanınırdı. O, insanın xoşbəxtliyi uğrunda mübarizə mövzusunu, arzuları həyata keçməyən insanların çırpıntısını, zərif, saf duyğularını, qəlbinin dərinliyini, həyat mücadiləsini tam gerçəkliyi ilə dinləyicilərə çatdırmağı bacarırdı. Bu mövzu P.Çaykovski yaradıcılığında qırmızı xətt kimi keçərək bir sıra əsərlərində, o cümlədən “Romeo və Cülyetta” uvertüra-fantaziyasında, “Yevgeni Onegin”, “Qaratoxmaq qadın”, “İolanta” kimi operalarda, eləcə də Dördüncü, Beşinci, Altıncı simfoniyalarda özünü büruzə verir. Hər bir sənət nümunəsində - sözün əsl mənasında, bəstəkar şedevr yaradaraq öz adını rus musiqi tarixinə qızıl hərflərlə həkk etmişdir.
Qeyd etməliyik ki, P.Çaykovski dövrün bütün janr və formalarına müraciət etmişdir. Onun yaradıcılığında opera, balet, simfoniya, konsert, xor əsərləri, orkestr üçün süita və fantaziyalar, fortepiano əsərləri və s. kimi janrlara müraciət olunmuşdur. Bəstəkarın bu baxımdan operaları xüsusi diqqətə layiqdir. 10 opera müəllifi olan P.Çaykovski operalarında təbiiliyə, gerçəkliyə, yaratdığı obrazları inandırıcı şəkildə təqdim etməyə can atırdı. O, operalarında əsas süjet xəttindən kənara uzaqlaşmağı, artıq məqamları, bütün inkişafı ləngidə biləcək məsələləri aradan qaldırırdı və real, təbii məzmuna malik olan səhnə əsərləri yaradırdı.
Bəstəkarın opera yaradıcılığında üç opera Puşkin yaradıcılığı ilə bağlı olub və bu əsərlər sırasında “Yevgeni Onegin”, “Mazepa” və “Qaratoxmaq qadın” bəstəkarın musiqi səhnə əsərlərinin ən gözəl nümunəsi kimi təqdim olunub. Bu baxımdan bəstəkarın 1890-cı ildə İtaliyada (Florensiya) qısa bir müddətə ərsəyə gətirdiyi “Qaratoxmaq qadın” operası öz dramaturgiyası ilə böyük maraq doğurur. Opera rus ədəbiyyatının klassiki A.S.Puşkinin eyni adlı əsəri əsasında yazılmışdır. Opera nəinki P.Çaykovski yaradıcılığının zirvəsidir, bu opera dünya opera sənətinin ən gözəl nümunəsidir ki, dünyanın ən mötəbər teatr səhnələrində tamaşaya qoyulmuş və böyük rəğbət qazanmışdır.
Bu yaxınlarda - 8 və 11 mart 2019-cu il tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən opera-studiyasının səhnəsində “Qaratoxmaq qadın” operası tamaşaya qoyulub. Tamaşanın ərsəyə gəlməsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə birinci prorektoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, Əməkdar müəllim N.Quliyevanın, eləcə də opera -studiyasının direktoru H.Həsənovun böyük dəstəyi olmuşdur.
Opera studiyası 1961-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərir. Məhz burada Ü.Hacıbəyli adına BMA-nın vokal kafedrasının tələbələri təhsil və təcrübə baxımından böyük nailiyyətlər əldə edirlər. Uzun illərdir ki, burada Qərb, rus və Azərbaycan bəstəkarlarının opera tamaşaları uğurla oynanılır. Bu uğurun bir nümunəsi kimi dahi P.Çaykovskinin “Qaratoxmaq qadın” operasının opera studiyasının səhnəsində canlandırılmasıdır. Operanı səhnələşdirməkdən ötrü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rəhbərliyi tərəfindən Rusiyadan gənc rejissor, beynəlxalq müsabiqələr laureatı A.Smirnov dəvət olunmuşdur. Eləcə də tamaşanın səhnələşdirilməsində quruluşçu rəssam Yelena Badrova (Rusiya), tamaşanın dirijoru opera -studiyasının bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti F.Kərimov, xormeyster Azərbaycan Respublikasının Xalq artisti G.İmanova, konsertmeyster Y.Kərimova yaxından iştirak etmişdilər və çox maraqlı tamaşanın ərsəyə gəlməsinə nail olmuşdular. Bundan əlavə, opera-studiyasının solistləri, eləcə də dəvət olunmuş solistlər, o cümlədən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma” kafedrasının tələbələri cəlb olunmuşdur. Tamaşaya opera-studiyasının xor kollektivi və 12 nömrəli musiqi məktəbinin uşaq xoru da dəvət edilmişdir. Baş rolların ifaçıları sırasında A.Axundov, F.Məmmədova, S.Əsədova, A.Ferşdant və başqalarının adlarını çəkmək olar ki, P.Çaykovskinin ən inci nümunəsini maraqla və yüksək professionalizm ilə səsləndirmişdilər.
P.Çaykovskinin səhnə əsəri öz dolğunluğu, rəngarəng və yaddaqalan obrazları ilə zəngin olan operadır. Onun dramaturji inkişafı eyni vaxtda yazılan Altıncı simfoniya (“Patetik” h-moll) ilə oxşardır. Hər iki əsərdə yüksək faciənin nümunəsini izləyirik. Bəstəkarın “Qaratoxmaq qadın” operasında əks etdirdiyi dramatik-faciə mövzusu Altıncı h-moll simfoniyasında öz əksini tapır. Məhz bu iki əsər bir tərəfdən opera dramaturgiyasının zirvəsidir, digər tərəfdən də Altıncı simfoniya simfonik yaradıcılığının kulminasiyasıdır. Operada bir neçə leytmotivlərdən istifadə olunmuşdur: saf sevgi hisslərini əks etdirən məhəbbət mövzusu, şər qüvvələrini təmsil edən - üç kartın, Qrafinyanın və Tomskinin balladasının mövzularına qarşı qoyulmuşdur. Bu mövzular opera boyu dəyişilərək, inkişaf olunaraq keyfiyyətcə yeniləşir ki, bu da opera musiqisinin simfonikləşdirilməsinin göstəricisidir. Səhnə əsərində əsas qəhrəmanların daxili aləmini, hiss və həyəcanlarını göstərməklə yanaşı P.Çaykovski ikinci dərəcəli qəhrəmanlara da operada böyük diqqət yetirmişdir. Onlar sanki əsas qəhrəmanların talelərinin gedişatında xüsusi rol oynayan obrazlar kimi çıxış edirlər. Tamaşada ikinci dərəcəli obrazları canlandıran opera solistləri bunun öhdəsindən bacarıqla gəlirlər. Məhz operanın səhnədə oynanılmasının ən mürəkkəb və çətin tərəfləri ondan ibarətdir ki, əsas qəhrəmanların təqdimatı ilə yanaşı köməkçi planda verilən obrazlar da xüsusi rol oynayır. Buna görə də “Qaratoxmaq qadın” dramaturgiyanın ən ciddi nailiyyətlərini cəmləşdirərək opera sənətinin ən nadir nümunəsinə çevrilib.
Opera üç pərdə və yeddi şəkildən ibarətdir. Puşkinin eyniadlı əsərinə yazılmasına baxmayaraq operanın librettosunda bəzi dəyişikliklər də vardır. Belə ki, operanın baş qəhrəmanı German obrazının təsviri və Lizaya olan münasibəti opera və povest arasındakı olan əsas fərqlilikdir. A.Puşkinin yaratdığı German obrazı əvvəldən axıradək varlanmaq niyyətində olan qumarbaz obrazın təsviri ilə bağlıdır. P.Çaykovskinin yaratdığı German isə sevdiyi qız Lizaya görə, onunla qovuşmaq məqsədilə varlanmaq arzusundadır. Operada German bir qədər müsbətləşmiş qəhrəman kimi çıxış etsə də, daha sonrakı inkişaf mərhələlərində artıq A.Puşkin və P.Çaykovskinin “German”ı bərabərləşir və üç kartın sirrinə yiyələnmək və varlanmaq arzusu Germanın ən başlıca amilinə çevrilir. Qeyd etməliyik ki, povest və opera arasında olan fərqlilik yalnız German obrazı ilə bağlı deyil, bu sözləri eləcə də Liza obrazı haqqıında da demək olar. Puşkin əsərində Lizanı Qrafinyanın kasıb qohumu kimi göstərir, yalnız operada isə o, Qrafinyanın varlı nəvəsi kimi təqdim olunur. Bununla da German və Liza arasında olan sosial bərabərsizlik daha da dərinləşmiş olur.
Operanın musiqi dramaturgiyasının inkişafında iki əks qüvvənin toqquşdurulması diqqəti cəlb edir. Bunlardan birincisi saf, dərin, ülvi məhəbbət hissi ilə bağlı olan əsas qəhrəmanların sevgi münasibətləridir, ikinci əks qüvvə isə məhəbbətə qarşı olan şər qüvvələrdir ki, bu da Germanın təsəvvüründə Qrafinya obrazı ilə bağlıdır. Operada Qrafinya obrazı ölümlə bağlı olan bir obrazdır. German onu öldürdükdən sonra anlayır ki, onun Liza ilə qovuşması heç zaman mümkün olmayacaq, ona görə də bu opera böyük bir faciə ilə tamamlanır və operanın VI şəklində Liza, VII şəkildə isə German həlak olur.
Təbii ki, operanın məzmununun açılmasında musiqi əsas faktor kimi çıxış edir. Əsas qəhrəmanların musiqi səciyyəsi nəinki zəngindir, bu musiqi nömrələri operadan kənarda da sevilir və dönə-dönə ifa edilir.
Biz opera-studiyasının kollektivini ürəkdən təbrik edirik. Onlara gələcək işlərində yeni-yeni nailiyyətlər arzulayırıq. P.Çaykovskinin “Qaratoxmaq qadın” operası opera-studiyasının səhnəsində ilk dəfə tamaşaya qoyularaq böyük uğurla nəticələndi və biz bu səhnədə daha neçə-neçə maraqlı, dünya və Azərbaycan bəstəkarlarının əsərlərinin canlanmasını ümid edirik və arzulayırıq.
M.İ.BABAYEVA,
Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının
“Musiqi tarixi” kafedrasının baş müəllimi,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Azərbaycan müəllimi.- 2019.-
29 mart.- S.8.