Vətənə məhəbbət, düşmənə nifrət

 

Şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunur

 

Hər il martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycanlıların soyqırımı 200 il ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılan qəddar bir siyasətdir. Bu siyasətin qurbanlarının xatirəsini yad etmək hər  bir azərbaycanlının bilavasitə vətəndaşlıq borcudur. Bu barədə danışarkən öncə onu qeyd etmək istərdim ki, ermənilərin azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım siyasəti, düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya  nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı  böyük qəddarlıqla qətlə yetirilməklə müşayiət edilmişdir. Soyqırımı siyasətini həyata keçirmək məqsədilə IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər “Böyük Ermənistan”  yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə etmişlər. Azərbaycan xalqının XIX-XX əsrlərdə başına gətirilən bütün faciələr, torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirilən soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Xalqımız müstəqillik qazandıqdan sonra tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan hadisələr açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

 

 Əsrin əvvəllərində soyqırımlar

 

Xalqımıza qarşı aparılmış soyqırımı barədə liseyimizdə də humanitar fənlərin tədrisi zamanı şagirdlərə çatdırılır, bu yolla onlarda tarixi düşmənlərimiz olan erməni qəsbkarlarına nifrət, eyni zamanda Vətənə, xalqımıza məhəbbət hissi aşılanır. Bu isə şagirdlərdə vətənpərvərlik hisslərinin tərbiyə edilməsində çox böyük rol oynayır.

Direktor kimi tez-tez müxtəlif humanitar fənn - tarix, dil-ədəbiyyat və s. müəllimlərinin dərslərində  oluram. Bu zaman onların xalqımızın tarixində mühüm rol oynamış hadisələri - 1905-1906-cı, habelə 1918-ci illərdə xalqımızın başına gətirilən faciələri necə tədris etmələrini izləyirəm. IX siniflərdə “Azərbaycan tarixi” fənninin “Azərbaycanlı əhaliyə qarşı ermənilərin törətdikləri qırğınlar. Milli - demokratik hərəkat” mövzusunun tədrisində müəllim göstərir ki, əsrin əvvəllərində xalqımızın milli oyanışı çarizmi bərk qorxuya saldı. Ona görə də xalqımızı inqilabi fəaliyyətdən uzaqlaşdırmaq üçün fitnəkarlıqla türk -müsəlman əhaliyə qarşı qırğın törətmək qərarı verildibu mənfur işdə ermənilərdən bir alət kimi istifadə edildi. İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan etdilər. Statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş verən hadisələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparıldı. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədək yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-cı illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasətini həyata keçirməsindən, “Türksüz Ermənistan” planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verirdi. Şübhəsiz ki, tarix dərslərində şagirdlərimizə belə məlumatların çatdırılması, izahı çox böyük rol oynayır. Qeyd etməliyəm ki, belə məsələlər digər humanitar fənlərdə - dil -ədəbiyyat, eləcə də rus dili -ədəbiyyatı dərslərində sinif saatlarında şagirdlərə çatdırılır.

 

1918-ci il soyqırımları

 

Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevraloktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Məktəbimizin dərslərində oturduğum tarix müəllimləri IX siniflərdə “Azərbaycan tarixi” fənnindən “Şimali Azərbaycanda türk - müsəlman əhaliyə qarşı erməni qırğınları” mövzusunu tədris edərkən göstərirlər ki, 1918-ci ilin ilk aylarında Cənubi Qafqaz Komissarlığı və Seymin hakimiyyətinə tabe olmayan yeganə şəhər Bakı idi. Bakı Fəhlə Deputatları Sovetinin bolşevik rəhbərliyi 1917-ci il oktyabrın 31-də Bakıda Sovet hakimiyyətinin qurulduğunu elan etmişdi. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatır. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuşdur. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılırdı. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilmişdir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüş, Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan olunmuş; əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində (“Aşxadavor” (“Əməkçi”) qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.

Müəllim daha sonra şagirdlərə bildirir ki, 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməmişdir. Burada müəllim ADR-in Nazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubu şagirdlərə oxuyur: “Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik. Cənubi Qafqazda 3 suveren respublikanın yaranması və müttəfiqlərin köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 min nəfər əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 ingilis kvadrat mili həcmində olur. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadanBöyük Ermənistan” ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər.

Qeyd edim ki, liseyimizin dil-ədəbiyyat, eləcə də rus dili və ədəbiyyat müəllimləri də müvafiq mövzuların tədrisində, eləcə də sinif saatlarında şagirdlərə bu məsələlər haqqında kifayət qədər ətraflı məlumat verir, bu yolla onlarda vətənpərvərlik hisslərinin yaranmasına nail olurlar.

 

Əsrin ortalarında və sonunda soyqırımlar

 

1948-1953-cü illər Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam etdirirdilər. 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər Birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri Molotova müraciət edirlər. Bu məsələdə Stalinin razılıq verməsi faktiki olaraq azərbaycanlıların 1948-1953-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoydu.

Tarix müəllimlərimiz IX siniflərdə “Azərbaycan tarixi” dərslərində “Azərbaycan SSR müharibədən sonrakı onillikdə” mövzusunu tədris edərkən şagirdlərə bildirirlər ki, ermənilər burada yaşayan azərbaycanlıları deportasiya etmək üçün SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli  “Ermənistan SSR-dən kolxozçuların və  başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular. Məlumdur ki, ermənilərin bu siyasəti sonrakı dövrlərdə də davam etdirildi. Ona görə də heç də təsadüfi deyildir ki, yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhvali-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. 1988-ci ildən başlayaraq kütləvi hədə-qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi, yandırılması həyata keçirildi. Quqarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürüldü, onların 21-i qadın, 6-sı uşaq idi. Vardenis rayonunda isə 40 nəfər öldürüldü. Ermənistanın digər rayonlarından - Yerevan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovakan, Qoris, Sisian, Amasiya və Alaverdidən 250 min azərbaycanlı öz ev-eşiyindən qovuldu. 1905-1920-ci illərin tarixi yenidən təkrar olundu - qadın və uşaqlar, yaşlılar qarlı dağlar aşaraq, dona-dona, itkilər verə-verə öz xilaslarını Azərbaycanda axtardılar. 1948-53-cü illərin tarixi təkrar olundu - İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmədi, onlar özlərinə çadır şəhərciklərində sığınacaq tapırdı. 1991-ci il avqustun 8-də  sonuncu Azərbaycan kəndi Nüvədidən (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. “Türksüz Ermənistan” kimi daşnak ideyası reallaşdı.

1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü.

Deməliyəm ki, dərslərində oturduğum müəllimlərin bütün yuxarıda göstərilən hadisələrin müasir dövrlə əlaqələndirmələrinə xüsusilə diqqət yetirirbunu onlardan həmişə tələb edirəm.

 

Xocalı soyqırımı

 

Tarix müəllimləri IX siniflərdə “Dövlət müstəqilliyinin bərpası” mövzusunun tədrisi zamanı ermənilərin Xocalıya hücumu, bu zaman törətdikləri vəhşilikləri şagirdlərə çatdırırlar. Belə ki, tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan etmişlər. 1992-ci il fevralın 25-dən 26-na keçən  gecədə hələ də dəqiq olmayan məlumatlara görə, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Onlardan ancaq 335 nəfərinin meyitini dəfn etmək mümkün olub. 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil.

 

Soyqırım hadisələrinə siyasi qiymət

 

Dərslərində oturduğum tarix müəllimləri şagirdlərə bildirirlər ki, bütün yuxarıdakı faktlardan göründüyü kimi ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə etmişlər. Lakin bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü  elan olunub. 2003-cü ildən isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan xalqına müraciəti sistematik xarakter daşıyıb. Burada müəllimlərimiz şagirdlərimizə onu da bildirirlər ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın beynəlxalq aləmdə keçirmiş olduqları ikitərəfli və çoxtərəfli görüşlərin, habelə müxtəlif tədbirlərin erməni faşistlərinin xalqımızın başına gətirdikləri müsibətlərin dünya miqyasında tanınmasında ölçüyəgəlməz dərəcədə böyük rolu olmuşdur.

 

Azərbaycanlıların Soyqırımı Günü xarici ölkələrdə

 

Hollandiyada. Dərslərində oturduğum tarix müəllimlərinin soyqırımı hadisəsinin xarici ölkələrdə qeyd edilməsi haqqında məlumatların şagirdlərə çatdırılmasına xüsusilə diqqət yetirirəm. Onlar şagirdlərə bildirirlər ki, Azərbaycan dövlətinin Xocalı faciəsinin soyqırımı faktı kimi beynəlxalq aləmdə tanıdılması istiqamətindəki fəaliyyəti nəticəsində getdikcə daha çox ölkədə Xocalı soyqırımı ilə bağlı etiraz tədbirləri keçirilir. Məsələn, Niderland krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresininonun nəzdindəki Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin təşəbbüsü ilə Rotterdam şəhərində 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə bağlı 2009-cu ildən etibarən hər il mart ayında etiraz aksiyası keçirilir.

Tədbirə Azərbaycan və türk icmalarının, habelə Polşas. ölkələrin diasporlarının nümayəndələri qatılırlar. Aksiyada iştirak etmiş gənclər ön hissəsində Azərbaycanın xəritəsinin və işğal olunmuş ərazilərimizin, arxa hissəsində isə soyqırım qurbanlarının sayının göstərildiyi köynəklər geyinib, başlarına mavi papaq qoyurlar. Etiraz aksiyasına toplaşanlar holland dilində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı pisləyən şüarlar səsləndirirlər. Həmin gün azərbaycanlılara qarşı törədilmiş soyqırım barədə ətraflı məlumatın əks olunduğu holland dilində hazırlanmış 10 minə yaxın vərəqə yerli sakinlər arasında paylanılır.

Türkiyədə. Şagirdlərə o da bildirilir ki, Türkiyənin İzmir şəhərinin mərkəzi Konak Meydanında 31 mart -  Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 2009-cu ildən etibarən etiraz aksiyaları keçirilir. Aksiya Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyəti, İzmir universitetlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunub. Aksiyada 31 mart soyqırımını əks etdirən fotoşəkillər nümayiş etdirilir və broşürlər paylanır. Aksiyanın sonunda bir qayda olaraq müvafiq bəyanat qəbul edilir.

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası da bəyanat yaymışdır. Bəyanat müəllifləri 31 mart soyqırımını törədənlər, onlara dəstək verənlər və tarixi saxtalaşdırıb ikili standartlardan çıxış edən erməni diasporunun yalanlarına alət olanları nifrətlə qınadıqlarını bildiriblər. 

ABŞ-da. Nevada ştatının qubernatoru Cim Qibbons 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ştat ərazisində matəm elan etmişdir. Qubernator Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) vasitəsilə ona ünvanlanan onlarla məktuba cavab olaraq tariximizin qanlı səhifəsinə həsr olunan bəyanat yayıb. USAN-nın icraçı direktoru Adil Bağırovun verdiyi məlumata görə, adıçəkilən bəyanatın ərsəyə gəlməsində təşkilatın Nevada ştatı üzrə fəalı Bob Güneyin böyük xidməti olub. Bəyanatda ermənilərin 1918-ci ilin mart ayında Bakı və Azərbaycanın digər şəhərlərində on minlərlə mülki azərbaycanlının qətlə yetirilməsi ilə bağlı başsağlığı verilir. Qubernator məktubunda həmçinin qeyd edib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və rəsmi Vaşinqton Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi sayır.

Şagirdlərə bildirilir ki, bundan əvvəl ABŞ-da bir çox qubernator və şəhər meri 28 may - Respublika Günü, 18 Oktyabr - Milli Müstəqillik Günü münasibəti ilə bu ölkədə yaşayan azərbaycanlılara təbrik məktubları yollamışlar. Həmin məktublarda Azərbaycanın ərazi bütövlüyü tanınır və Ermənistanın işğalçı dövlət olduğu qeyd olunur. USAN həmçinin Amerika kitabxanalarına Azərbaycan həqiqətləri haqqında bir çox akademik kitablar yollamışdır.

Şübhəsiz ki, bütün yuxarıda göstərilənlər nəticə etibarı ilə həm tarix, həm də digər humanitar fənlər - dil-ədəbiyyat, habelə rus dili - ədəbiyyatı dərslərində şagirdlərimizdə erməni daşnaklarının xalqımızın başına gətirdikləri faciələr haqqında ətraflı, doğru -düzgün təsəvvür yaradır, onlarda VƏTƏNPƏRVƏRLİK hisslərini gücləndirməklə düşmənə qarşı nifrət hissi aşılanır.

 

Ofeliya MƏMMƏDOVA,

filologiya üzrə fəlsəfə doktoru,

“Evrika” liseyinin direktoru

 

Azərbaycan müəllimi.- 2019.- 29 mart.- S.3.