Azərbaycan Xalq Cümhuriyyətinin
yadigarı:
Bakı Dövlət
Universitetinin təsis edilməsi tarixindən
Ötən il ölkəmizdə Şərqdə, türk-islam dünyasında ilk hüquqi-demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dövlət səviyyəsində geniş qeyd olundu. Bu tarixi hadisənin milli dövlətçiliyimiz üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildi.
Əlamətdar haldır ki, 2019-cu il noyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universitetinin yaranmasının 100 ili tamam olur. Həmin yubileyin ölkə miqyasında dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 14 noyabr 2017-ci il tarixli Sərəncam imzalanmış, tarixi yubileyin keçirilməsi ilə bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilmiş, Nazirlər Kabinetinin 21 may 2018-ci il tarixli qərarı ilə yubileyə həsr olunmuş tədbirlər planı təsdiq edilmiş, bu istiqamətdə tədbirlərin gerçəkləşdirilməsinə start verilmişdir. Sərəncamda deyildiyi kimi, “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində tədqirəlayiq xidmətləri vardır”.
Hesab edirik ki, milli-mənəvi dəyərlərə, elmə, təhsilə dövlətin və dövlət başçısının daimi diqqət və qayğısının parlaq təzahürü olan bu tarixi Sərəncamın Azərbaycanın elm və təhsil tarixinin araşdırılmasında, bu elm-təhsil ocağının ölkəmizin intellektual potensialının inkişafında, həmçinin elm, təhsil və mədəniyyətimizin tərəqqisi yolunda xidmətlərinin müstəqil milli dövlətçilik düşüncəsi kontekstində yenidən dəyərləndirilməsində, bu elmi-təhsil məbədinin zəngin tarixi-mədəni irsinin dərindən öyrənilməsində müstəsna rolu vardır.
***
Azərbaycan Xalq Cumhuriyyəti (AXC) Hökumətinin təhsil sahəsində uğurlu siyasətinin nəticələrindən biri də XX əsr Azərbaycan təhsili, elm və mədəniyyəti tarixinə şanlı səhifələr yazmış, “Avropa ilə Asiyanın qovuşağında yeni çıraq” adlandırılan Bakı Dövlət Universitetinin (BDU) yaradılmasıdır.
Azərbaycanın çağdaş təhsil və elm tarixində müstəsna yeri olan, Vətənimizdə ali məktəblərin bayraqdarı missiyasını XX əsrdən XXI əsrə böyük uğurla daşıyan BDU-nun yaranması və keçdiyi şərəfli inkişaf yoluna dair monoqrafiyalar, kitablar, məqalələr yazılsa da, hələlik bu elm-təhsil məbədinin həqiqi tarixini əks etdirən fundamental əsərlər yaranmamış, Universitet tarixinin “Cümhuriyyət dövrü” ilkin mənbələr əsasında gərəyincə və yetərincə öyrənilməmişdir.
Dözülməz haldır ki, həmin əsərlərin bir çoxunda Azərbaycanın bu elm və təhsil ocağının yaradılması yolunda heç bir çətinlikdən qorxmayan, fəaliyyətlərini bu müqəddəs amala həsr etmiş Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmmədəmin Rəsulzadə, Rəşid xan Kaplanov, Sultan Məcid Qənizadə, Həmid bəy Şahtaxtinski və onlarla bu kimi Cümhuriyyət qurucularının bu məsələdə rolu heçə endirilmiş, Universitetin yaradılmasında xüsusi xidməti olmayanların adları “universitet yaradıcıları” kimi təqdim olunmuş, BDU-nun yaradılması sahəsində AXC Hökuməti və Parlamentinin gördüyü tarixi işlər gərəyincə qiymətləndirilməmiş, özünü 1918-20-ci illər dövrünün böyük mütəxəssisi sayan bir tarixçi alim tərəfindən universitet tarixinin “Cümhuriyyət dövrü”, çox təəssüf ki, “xronoloji təsadüf” kimi dəyərləndirilmişdir.
Azərbaycan Respublikası bu gün dövlət müstəqilliyinin 28-ci ilini yaşayır və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən təhsil sahəsində beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin formalaşdırılması yönündə əsaslı islahatlar aparır. Hesab edirik ki, belə bir şəraitdə təhsil quruculuğu üçün ən vacib məsələ təhsili məzmunca dövlət müstəqilliyimizin prinsipləri əsasında yenidən qurmaqdan, həqiqi milli tariximizin yazılmasına, milli dil, ədəbiyyat, tarix və mədəniyyətin təhsil müəssisələrində tədrisi səviyyəsinin yüksəldilməsinə - onların müasir gəncliyə lazımi səviyyədə öyrədilməsinə nail olmaqdan ibarətdir.
Çağdaş Azərbaycan tarixinin mühüm bir sahəsi olan və 100 illik yubileyinə hazırlaşdığımız BDU-nun həqiqi tarixinin yazılmasına nail olmaq başlıca vəzifələrimizdən biridir. Bu mənada təhsil sisteminin qarşısında duran qlobal məsələlərdən biri ümummilli lider Heydər Əliyevin BDU-nun 75 illiyinə həsr olunmuş təntənəli yığıncaqda dediyi aşağıdakı konseptual göstərişini həyata keçirməkdən ibarətdir ki,
“Keçmişdə tariximizi
yazarkən bəzən o tərəfə, ya da bu tərəfə
əyilirdik. İndi isə müstəqil Azərbaycan
Respublikasında öz məmləkətimizin, öz taleyimizin
sahibi olduğumuz halda, müstəqil siyasət
apardığımız halda, gərək tariximiz doğru,
düzgün, ədalətli, obyektiv yazılsın. Universitetin 50 illiyi,
60 illiyi qeyd olunmuşdur. Amma, təəssüf ki, 70 illiyi nədənsə
qeyd edilməmişdir. Bunu yaddan
çıxarmışlar.
İndi 75 illiyi qeyd olunur. Bu 75 illik tarixi ədalətli,
düzgün yazmaq
üçün indi ən gözəl şərait
yaranmışdır. Amma bu, təkcə universitetin tarixi
deyil, bu, Azərbaycan xalqının tarixidir. Azərbaycan
Respublikasının tarixidir, Azərbaycan elminin, təhsilinin,
mədəniyyətinin tarixidir. Ona görə də bunu
təhrif etmək olmaz”
(Bax: Heydər
Əliyev. Təhsil millətin gələcəyidir.
Bakı, 2002, s.304).
BDU-nun bir əsrlik şanlı tarixinin ən
böyük yekunlarından biri bu təhsil ocağının
Azərbaycan xalqının təfəkkür və
düşüncəsində ən yüksək statusa yiyələnməsi
sayıla bilər. Əslində dilimizdə “universitet”
termini BDU-nun yaranması ilə vətəndaşlıq
hüququ qazanıb. Bu gün Azərbaycanda
çoxsaylı universitetlər olsa da, xalqımız
“universitet” deyəndə, ilk növbədə BDU-nu nəzərdə
tutur. Bu, o deməkdir ki, bu ali təhsil
və elm məbədi milli təfəkkür və
düşüncə səviyyəsində də “universitet”
statusu qazanıb, milli mentalitetimizin aparıcı amillərindən
birinə çevrilib. Düşünürük ki, BDU-nun
keçdiyi tarixi yola, onun böyük fəaliyyətinə
xalqımızın verdiyi ən yüksək qiymət budur...
Azərbaycan
xalqının ən yüksək təhsil, elm mərkəzi
saydığı BDU-nun yaranması hələ XIX əsrin
ikinci yarısından başlanan və XX əsrin əvvəllərində
geniş vüsat alan müasir, Avropa tipli təhsil
müəssisələri yaratmaq, bütövlükdə
müasirləşmək uğrunda gedən milli
maarifçilik, milli azadlıq mübarizəsinin yekunu kimi bu
mübarizəyə rəhbərlik edən mütəfəkkir
şəxsiyyətlərin böyük fəaliyyətləri
nəticəsində təsis olunub.
Bu gün birmənalı şəkildə bildirməliyik
ki, BDU çağdaş Azərbaycan dövlətçiliyi
tarixinə şanlı səhifələr yazmış AXC
Hökumətinin milli təhsil və dövlət
quruculuğu sahəsində apardığı siyasətin real
nəticəsi olaraq yaranmışdır. BDU, sözün həqiqi mənasında,
AXC-nin xalqımıza bəxş etdiyi şah əsəri,
Cümhuriyyət qurucuları olan Avropa təhsilli dövlət xadimlərinin millətimizə
ölməz ərməğanı, əvəzsiz töhfəsi,
Milli Hökumətin əbədi yadigarıdır...
Bu bir həqiqətdir
ki, AXC Hökuməti qarşısında duran ən ciddi məsələlərdən
biri də ölkəmizdə ali təhsil
müəssisələrinin yaradılması, ali təhsilli
milli kadrlarının hazırlanması idi. Bu sahədə Milli Hökumət
iki yöndə: a) ölkədə ali təhsil müəssisələrinin
yaradılması; b) Azərbaycanlı gənclərin
Avropanın məşhur universitetlərinə təhsil
almağa göndərilməsi, - istiqamətində iş
aparırdı.
Birinci
istiqamətdə əsas diqqət BDU, Kənd Təsərrüfatı
və Pedaqoji İnstitutların, eləcə də, Konservatoriyanın
yaradılmasına yönəldilmişdi.
1919-cu il
aprelin 14-də Nəsib bəy Yusifbəylinin sədrliyi ilə
yaradılan IV Hökumət Kabinetinin Parlamentə təqdim
etdiyi Proqramda BDU-nun
təsis edilməsi məsələsi də ön plana çəkilmişdi. Bu məsələ ilə
bağlı Hökumət Proqramında deyilirdi: “Möhtərəm
məbuslar! Məlumunuzdur ki, istiqlalımız,
istiqbalımız həp maarifə bağlıdır. Əgər milli maarifimiz, milli məktəbimiz tərəqqi
etməzsə, bizim üçün nicat ümidi qalmaz. Hökumət bunu bilir. Bunun üçün
ibtidai təhsilin ümumi olmasına əsas hazırlamaya və
bu eylüldən (sentyabrdan) etibarən ibtidai məktəblər
açmağa təşəbbüs ediləcəkdir... Sənaye məktəblərinə ayrıca diqqət
ediləcəkdir. Müəllimlərə olan
ehtiyacımızı rəf üçün kafi miqdarda
darülmüəlliminlər açmaqla bərabər, xaricdən
dəxi müəllimlər dəvət etməyə
çalışacaqdır... Hökumət ali
təhsili dəxi düşünmüşdür. Bunun üçün Ali Ziraət Məktəbi qanun
layihəsi təsvibinizə təqdim edilmişdir. Tiflisdə
bulunan Maverayi-Qafqaz Darülfününunun paytaxtımıza nəqli
üçün müzakirəyə girişilərək eylül ibtidaları tədrisata
burada davam edilməsinə səy və iqdam ediləcəkdir.
Darülfünunumuzda təbii lisanımızın, tariximizin, ədəbiyyatımızın
inkişafına xidmət edə biləcək kürsülər
açılacaqdır” (Bax: Azərbaycan Xalq Cümhuriyyəti
1918-1920: Parlament. (Stenoqrafik hesabatlar). Bakı, 1998, I cild, s. 447-448).
Nəsib
bəy Yusifbəylinin Parlamentdəki
çıxışından bəlli olur ki, Hökumətin
ali təhsil sahəsində əsas işlərindən biri Kənd
Təsərrüfatı İnstitutunun yaradılması, digəri
isə vaxtilə Tiflisdə yaradılmış Zaqafqaziya
Universitetinin 1919-cu ilin iyununda Bakıya
köçürülməsi məsələsi idi. Əlbəttə, Zaqafqaziya Universitetinin Bakıya
köçürülməsi haqqında əvvəllər
maarif naziri olmuş Nəsib bəy Yusifbəylinin rəhbərliyi
ilə Azərbaycan nümayəndələri gürcü
Hökuməti ilə danışıqlar aparırdı.
Bundan əvvəl həmin danışıqlara səhiyyə
naziri doktor Y.Gindes, sonralar isə maarif nazirinin müavini Həmid bəy Şahtaxtinski
başçılıq etmişdi. Zaqafqaziya Federasiyası
hökumətində maarif naziri olmuş, sonralar ilk Azərbaycan
Hökumətinə başçılıq etmiş Fətəli
xan Xoyski Tiflisdə olarkən Zaqafqaziya Universitetini yaratmaq istəyən
professor Vasili İvanoviç Razumovskiyə həmin
universitetin Bakıda açılmasını məsləhət
görərək demişdi: “Bəs niyə Tiflisdə? Tiflisdə
Politexnikum, indi də gürcü universiteti... Bəlkə
Universiteti Bakıda təşkil etmək yerinə düşərdi?”. Bu fakt onu göstərir ki, Zaqafqaziya
Universitetinin vaxtilə Tiflisdə deyil, Bakıda
açılması ideyası hələ bir il əvvəl
görkəmli dövlət xadimi, Milli Hökumətin ilk
Baş naziri Fətəli xan Xoyskidə var idi. Bu
fikri ən çox müdafiə edənlərdən biri də
AXC-nin ilk maarif naziri Nəsib bəy Yusifbəyli olmuşdu.
1919-cu il
aprelin 14-də təşkil edilən yeni Hökumət
Kabinetində Baş nazir vəzifəsini Nəsib bəy Yusifbəyli,
maarif naziri vəzifəsini isə əslən qumuq knyazı nəslindən
olan, məşhur Sorbonna Universitetinin məzunu, sonralar BDU təsis
edilməsi ilə bağlı bütün çətinliklərin
öhdəsindən bacarıqla gələn böyük
ziyalı Rəşid xan Kaplanov tutdu.
Yeni
Hökumət Proqramına uyğun olaraq Zaqafqaziya Universitetini
(bəzi mənbələrdə “Tiflis Universiteti”
adlandırılır) Bakıya köçürülməsi
ilə bağlı uzun-uzadı danışıqların
aparılması, universitetin rektoru V.İ.Razumovskinin tez-tez
Bakıya gəlməsi də o dövrdə bu ümummilli məsələni
həll etməyə imkan vermədi.
Nəhayət, AXC Hökumətinin
razılığı ilə Xalq Maarif Nazirliyi tərəfindən
V.İ.Razumovski Bakıya Azərbaycanda müstəqil
universitet təşkil etmək üçün
yaradılmış Universitet Komissiyasına rəhbərliyə
dəvət olunur. Dəvət V.İ.Razumovski tərəfindən
məmnuniyyətlə qəbul olunur.
Həmin il aprelin sonunda V.İ.Razumovski Bakıya gəlir.
Bu zaman artıq Azərbaycan Hökuməti xüsusi qərarla
Xalq Maarif Nazirliyinə 1919-20-ci dərs ilinin əvvəlinə
kimi Bakıda Universitetin açılması məqsədilə
lazımi qanun, qərar və digər hüquqi-normativ sənədlərin
layihələrini hazırlamaq üçün komissiya
yaratmağı, müvafiq təşkilati məsələləri
həll etməyi tapşırmışdı. Bunu
əsas tutan Xalq Maarif Nazirliyi Universitet Komissiyasının tərkibini
və Nizamnaməsini hazırlayıb Hökumətə təqdim
edir.
AXC
Hökumətinin 19 may 1919-cu il tarixli qərarı ilə Xalq
Maarif Nazirliyi yanında fəaliyyət göstərəcək
Universitet Komissiyasının tərkibi və Nizamnaməsi təsdiq edilir.
Beləliklə, Komissiyaya professor Vasili İvanoviç
Razumovski (sədr), professor Aleksandr Mixayloviç Levin, professor
Nikolay Aleksandroviç Dubrovski, Bakı şəhər Bələdiyyə
İdarəsindən Əlicabbar Orucəliyev, Neft Sənayeçiləri
Təşkilatından Arseniy
Nikolayeviç Saparov, katibliyə İvan İvanoviç
Babuşkin, Xalq Maarif Nazirliyinin nümayəndəsi kimi Komissiyanın
tərkibinə Məmmədağa Şahtaxtinski (üzvlər)
daxil edilir. Bundan əlavə, komissiyanın
işinə müxtəlif məsələlər üzrə
işçi qruplar da cəlb edilir. Deməliyik ki, Universitet
Komissiyasının ilk iclası 1919-cu il mayın 21-də,
sonuncusu isə sentyabrın 15-də keçirilmiş, fəaliyyət
göstərdiyi müddətdə onun 35 iclası olmuşdur.
AXC
Hökumətinin 25 iyun 1919-cu il tarixli qərarı ilə
Komissiyanın işini lazımi səviyyədə təşkil
etmək, cari xərcləri ödəmək məqsədilə
Xalq Maarif Nazirliyinə 1 milyon rubl vəsait də
ayrılmışdı.
Dünya
elm və təhsil tarixinə üç universitetin (Saratov,
Zaqafqaziya və Bakı universitetləri)
yaradılmasının əsas təşkilatçısı
və rektoru kimi daxil olmuş V.İ.Razumovskinin rəhbərliyi
ilə çox qısa zamanda BDU-nun təsis olunması
üçün tələb olunan üç qanun layihəsi
- “BDU-nun təsis edilməsi haqqında”, “BDU-nun Nizamnaməsi”,
“BDU-nun 1919-1920-ci dərs ili üçün ştat və xərc
smetası haqqında”, - hazırlanıb baxılmaq
üçün Hökumətə təqdim olunur. Azərbaycan
Hökuməti özünün 7 iyul 1919-cu il tarixli “BDU-nun təsis
olunmasına dair qanun layihələrinin bəyənilməsi və
Parlamentin müzakirəsinə verilməsi haqqında” tarixi qərarı
ilə həmin hüquqi-normativ sənədləri AXC-nin
Parlamentinə təqdim edir.
(Bax: Azerbaydjanskaya Demokratiçeskaya
Respublika (1918-1920) Zakonodatelnıye aktı. Baku, 1998, s. 334-335.)
Təxminən 2 aya yaxın bir müddətdə həmin
qanun layihələri Parlamentin büdcə və digər
komissiyalarında ətraflı müzakirə olunur. Bakıda universitet
açılması məsələsi dövri mətbuatın
da baş mövzusuna çevrilir, mətbuatda
qızğın müzakirələr gedir...
Çox
gərgin mübahisə və müzakirələrdən sonra
Bakıda universitetin təsis edilməsi ilə bağlı
qanun layihəsi Azərbaycan Parlamentinin 21 avqust 1919-cu il tarixli 67-ci iclasının gündəliyinə
salınır. Bu tarixi iclasa sədrlik edən
tanınmış pedaqoq Sultan Məcid Qənizadə
Bakıda universitet açılmasına dair Qanun layihələrinin
müzakirəsinə başlamağı təklif edir, katib
Mehdi bəy Hacınski həmin sənədlərin məzmunu
və mahiyyəti, komissiyalarda irəli sürülən təklif
və edilən düzəlişlər barədə Parlamentə
ətraflı məlumat verir. Müzakirələr
başlanır. Parlamentdə ilk söz alan “İttihad”
fraksiyasının rəhbəri doktor Qarabəy Qarabəyov
universitet təsis olunması haqqında qanun layihələrinin
müzakirəsinin dayandırılmasını, layihələrin
yenidən komissiyalara qaytarılmasını təklif edir,
ümumiyyətlə isə, universitet
açılmasının hələlik
mümkünsüzlüyü barədə fraksiyası
adından bəyanat verərək məsələnin səsə
qoyulmasını sədrdən tələb edir (Bax: Azərbaycan
Xalq Cümhuriyyəti: 1918-1920. Parlament. (Stenoqrafik hesabatlar). Bakı, 1998,
II cild, s., 5-9).
Parlamentdə səsə qoyulan həmin təklif səs
çoxluğu ilə qəbul edilir və universitetin təsis
olunması ilə bağlı məsələ gündəlikdən
çıxarılır. Universitetin 1919/20-ci dərs
ilinin əvvəlinə açılması haqqında
Hökumətin planları və Universitet Komissiyasının
gördüyü işlər təhlükə altına
düşür. Bakıda universitet təsis
etmək istəyən Cümhuriyyət qurucuları
yaxşı dərk edirdilər ki, bu məsələ
1919/20-ci dərs ilinin əvvəlinə kimi həll edilməsə,
mütləq uzanacaq, sonrakı taleyi isə bilinməyəcəkdir.
Bu narahatlığı və təhlükəni maarif naziri Rəşid
xan Kaplanov belə ifadə edirdi: “Layihəyi bərayi - tədqiq
fraksiyalara göndərərsək, vaxt qayb olacaq, əmin olun
ki, darülfünun bu sənə açılmayacağı
kimi, gələcək sənə də açılmayacaqdır...”
(Bax: Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920. Parlament. (Stenoqrafik hesabatlar).
Bakı, 1998, II cild, s.24).
Digər
tərəfdən, ölkə daxilində siyasi vəziyyət
mürəkkəbləşmiş, ingilis qoşunları həmin
ilin avqustun əvvəlində Azərbaycanı tərk
etmiş, Şimal təhlükəsi isə Vətənin
başı üzərində “Damokl qılıncı” kimi
açılmışdı. Məsələ çox ciddi
idi: universitetin yaradılması mütləq və mütləq
indi həll edilməli idi, əks halda bu məsələ də
bir ideya olaraq tarixin arxivinə düşə bilərdi. Tarix
və zaman göstərdi ki, universiteti yaradanlar onu min bir
müşkülatla təsis etdilərsə də, bir
neçə ali məktəbin (Kənd Təsərrüfatı
İnstitutu, Pedaqoji İnstitut, Konservatoriya) təsisi ilə
bağlı layihə sənədləri hazır olmasına
baxmayaraq, onları gerçəkləşdirmək
mümkün olmadı...
Bütün
bu tarixi reallığı və universitet
açılmasının milli dövlətçiliyimiz, elm,
təhsil və mədəniyyətimizin tərəqqisi
üçün böyük əhəmiyyətini dərindən
dərk edən Parlamentin bir çox üzvləri, siyasi və
dövlət xadimləri Bakıda universitetin təsis edilməsinə
dair qanun layihələrinin Parlamentin müzakirəsindən
çıxarılması haqqında qərara qəti
olaraq etiraz səslərini
ucaltdılar.
Parlamentdə böyük nüfuzu və çoxlu tərəfdarları
olan Məmmədəmin Rəsulzadə ilk olaraq söz
aldı və milli təhsil tariximiz üçün çox
tarixi əhəmiyyətli bir çıxış etdi. Onun ardınca maarif naziri Rəşid
xan Kaplanov, Səmədağa Ağamalıoğlu, Mustafa Məmmədov
və başqaları çıxış edərək
universitet açılmasının ümummilli,
ümumdövlət və ümumbəşəri əhəmiyyətini
əsaslandırdıqdan, nəhayət, 4 saatdan artıq
sürən üzücü və gərgin mübarizədən,
müzakirələrdən sonra Parlament öz qərarına
yenidən baxmaq və universitetin təsisinə dair qanun layihələrinin
müzakirəsinə başlamaq haqqında qərar qəbul
etmək məcburiyyətində qaldı. İclasın bu
tarixi qərarından sonra söz alan
Mustafa Məmmədov demişdi: “Biz bu gün artıq
universitetin möhtəşəm binasının təməl
daşını qoyduq. Parlament tərəfindən həmin qanun layihəsinin
qəbul edilməsi tariximizdə ən əhəmiyyətli
aktlardan biri olacaqdır. Artıq
universitetin taleyindən narahat olmağa dəyməz.
Parlamentdə tarixi bir gün baş verdi...”
(Bax: Azerbaydjanskaya Demokratiçeskaya Respublika (1918-1920). Parlament. Baku, 1998. s. 641).
Həqiqətən, 21 avqust 1919-cu
il BDU-nun, bütövlükdə Azərbaycan təhsili, elm və
mədəniyyəti tarixinin ən
mürəkkəb, ən gərgin, lakin ən şərəfli
günlərindən biri oldu. Sonralar V.İ. Razumovski bu tarixi
hadisələri xatırlayaraq həmin məsələnin
müsbət həllində fədakarlıq, əsl vətənpərvərlik
nümunəsi göstərən cümhuriyyət
qurucularını “universitetin və maarifin dostları”
adlandırır, onlar içərisində Nəsib bəy
Yusifbəylini, Fətəli xan Xoyskini, Məmmədəmin Rəsulzadəni,
Rəşid xan Kaplanovu, Həsən bəy Ağayevi, Səmədağa
Ağamalıoğlunu, Əhməd bəy Pepinovu, Cəmo bəy
Hacınskini və başqalarını xüsusi olaraq nəzərə
çatdırırdı... Lakin, təəssüf ki, bu tarixi
həqiqətlər indiyədək mövcud elmi ədəbiyyatda
xalqa doğru, düzgün çatdırılmayıb, elmi
araşdırmalarda bir çox tarixi həqiqətlər
saxtalaşdırılıb...
Azərbaycan
Parlamentinin həmin tarixi iclasında Bakıda universitet
yaradılmasının tarixi-mədəni və sosial əhəmiyyətini
əsaslandıran “universitetin və maarifin dostları” adı
ilə universitet tarixinə düşən görkəmli
dövlət və siyasi xadimlərin konseptual xarakterli fikirlərindən
bir neçəsini tarixi həqiqətin aşkara
çıxarılması və müasir gəncliyə
düzgün çatdırılması məqsədilə
oxucuların diqqətinə çatdırmaq istərdik:
Əvvəla,
Bakıda universitet açılmasını müdafiə edən
“universitetin və maarifin dostları” həmin elm-təhsil
ocağını milli müstəqilliyin, demokratik, azad,
dünyəvi dövlətin əsas atributlarından və təsisatlarından
biri sayır, bunun vasitəsilə xalqın intellektual
potensialının, elm, təhsil və mədəniyyətinin,
milli ruhunun, milli özünədərkinin inkişaf etdirilməsinə,
millətimizin müstəqil və azad yaşamağa layiq
olduğunu bütün dünyaya sübut etməyə xidmət
edəcəyinə inanırdılar. Universitet
açmağın əleyhdarlarına cavab olaraq maarif naziri Rəşid
xan Kaplanov belə deyirdi: “Biz məsələni dövlətin
mənafeyi nöqteyi-nəzərindən tədqiq və
mülahizə etməliyik. Biz cəhanə elan
edirik ki, hürr yaşamağa haqlı müstəqil millətik,
bunu yalnız elanımız kafi deyildir. Təzahüratı-milliyətimizi
daha ziyadə təhdid etmək və onu atiyə hazırlamaq
lazımdır. Bu millətin ruhunu bu surətdə
yüksəldərsək, əmin olalım ki, istiqbalda - fənalıqların
önünü almış və millətimizi sahil-səlamətə
şövq ilə fəlakətdən qurtarmış oluruq.
Bulunduğumuz əsrdə yaşaya bilmək vəsaiti -
maddiyyətdən ziyadə vəsaiti-mənəviyyəyə
olan elmə müvəffəqdir... İştə o, ruhu
yüksəldəcək bir elm ocağı lazımdır ki,
o da darülfünundan başqa bir şey deyildir...
...Darülfünunun mövcudiyyətilə biz Vətənimizi
daha başqa surətdə Avropaya qarşı göstərəcək
və yaşamağa layiq bir millət olduğumuzu da bir surətlə
əda və isbat edəcəyik” (Bax: Azərbaycan Xalq
Cümhuriyyəti: 1918-1920. Parlament. (Stenoqrafik hesabatlar). Bakı, 1998, II cild, s. 25).
Etiraf etməliyik ki, əvvəla, universitetə, bütövlükdə
təhsilə belə münasibət bu gün də öz əhəmiyyətini
saxlamaqdadır.
İkincisi,
universitetdə tarixi reallıq üzündən, milli kadrlar
olmadığından tədrisin rus dilində
olacağını milli faciə kimi qələmə verənlərə
qarşı haqq səsini ucaldan “universitetin və maarifin
dostları” belə hesab edirdilər ki, tədrisin rus dilində
olması millətin və dövlətin mənafelərinə
heç bir xələl gətirməz, əksinə bu prosesə
tez başlamalıyıq ki, az müddətdən sonra milli
kadrlarımız yetişsin. Dünyanın bir
çox ölkələrində yeni yaranan universitetlərin də
ilk mərhələdə əcnəbi dildə təhsil vermələri
artıq sınanmış təcrübə idi. Universitet hansı dildə olmasına baxmayaraq, o, Azərbaycan
dövlətinə, xalqına, Vətəninə xidmət edəcəkdir.
Həm də qanun layihəsinə görə, universitetdə
ana dilimiz məcburi fənn kimi tədris ediləcəkdir.
Elmin ümumbəşəri olduğu, hansı dildə
olursa-olsun, onu öyrənməyin vacibliyi xüsusi olaraq
vurğulanırdı.
M.Rəsulzadə
bu məsələdən danışarkən deyirdi:
“Onların dəfələrlə rus elmi, rus mədəniyyəti,
- deyə təkrar etmələri əfkari - ümumiyəni
qorxudanmaz... Ülüm və fünün bitərəfdir.
Dünyada rus elmi deyil, beynəlmiləl bir elm
var. Biz beynəlmiləl elmi hər bir millətin
ağzından eşitdiyimiz kimi, rus professorların
ağzından da öyrənə bilərik. Çünki bizə elmi və fənni Çində
belə olsa, öyrənməyi tövsiyə etmişlər. Binaən-ileyh
Çində öyrənilməsi lazım gələn bir
elmi Azərbaycan paytaxtında bir çinli ağzından
öyrənməkdən bizim üçün heç bir fərq
və xətər yoxdur. Biz rusluq mərkəzində rus
darülfünunlarında təhsil edənlərdən zərər
görmədik... Darülfünunun
faydalarından birisi də budur ki, burada bir kərə elmi bir
müəssisə vücuda gələcək. Bununla məmləkətin məchul qalmış bir
çox xüsusiyyəti öyrəniləcəkdir. Cəmaət arasında elmə və fənnə həvəs
artacaqdır. Digər tərəfdən, xaricə
getməyə imkanı olmayan tələbələr elm və
fənni hasil etmək imkanında olacaqlar. Vəqtilə
bu darülfünun get-gedə milliləşəcək... Heç bir millət tarixən ilk addımında
milli darülfünuna sahib olmamışdır.
Darülfünun hansı dildə olsa da - olsun açıb
oxumalıyıq...”(Bax: Azərbaycan Xalq
Cümhuriyyəti: 1918-1920. Parlament (Stenoqrafik
hesabatlar). Bakı. 1998,
II cild, s. 13.).
Universitetdə milli dil məsələsi ətrafında
müzakirələrdə Səmədağa
Ağamalıoğlu böyük uzaqgörənliklə
deyirdi ki, “Darülfünun olmasa, dil də qüvvətlənməyəcəkdir. Darülfünun olan yerdə
dil də böyüyür...” (Bax: Azərbaycan Xalq
Cümhuriyyəti: 1918-1920. Parlament (Stenoqrafik
hesabatlar). Bakı. 1998,
II cild, s. 18.).
Yeri gəlmişkən,
ana dili ilə bağlı bir məsələni də
xatırlatmağı vacib sayırıq ki, AXC Hökuməti
hələ Gəncədə olarkən tarixi
reallığı və ölkənin milli kadr
potensialındakı çatışmazlığı nəzərə
alaraq Azərbaycan (türk) dilini
dövlət dili elan (27 iyun 1918-ci il) etsə də, ana
dilində bilən mütəxəssislər yetişənədək
Hökumət idarələrində rus dilindən istifadəyə
də icazə vermişdi. Bunu nəzərə alan
“universitetin və maarifin dostları”, həmçinin Avropa təhsili
görmüş mütərəqqi ziyalılar BDU-da tədrisin
ilkin mərhələdə rus dilində
aparılmasını dövlət və millətin gələcək
mənafeyi baxımından zəruri addım hesab edirdilər.
BDU-nun sonrakı inkişaf tarixi göstərdi ki, “universitetin
varlığı milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin
hərtərəfli inkişafına geniş yol açır”
arqumentini söyləyənlər öz fikirlərində nə
qədər haqlı imiş...
Nəhayət, universitetin açılmasının
vacibliyini müdafiə edənlər bu fikirdə idilər ki,
universitet təkcə təhsil verməklə kifayətlənməyib,
ölkəni, Vətəni, Azərbaycanı tədqiq edib
öyrənəcəkdir. Onlar hesab edirdilər
ki, dünyanın bütün mədəni millətləri
kimi xalqımız da universitetə müqəddəs elm və
təhsil məbədi kimi sitayiş etməlidir.
AXC-nin
maarif naziri Rəşid xan Kaplanov öz tarixi
çıxışının sonunda Bakıda universitet
açılmasının milli, dövlət və siyasi əhəmiyyətini
xüsusi vurğulayaraq demişdi: “Elm məbədinə dərəcəyi
hörmətlə, camelərə, məscidlərə girərkən
ayaqqabılarımızı çıxaran kimi bu elm məbədinə
də girərkən mülahizati - şəxsiyyə, siyasiyyə
və firqə nizayilərini unudaraq girməlidir. Əminəm
ki, bu dafülfünuna istiqbalı - milliyəmizi təminedici
bir məbəd, elm nəzərilə baxacağıq” (Bax: Azərbaycan
Xalq Cümhuriyyəti: 1918-1920. Parlament
(Stenoqrafik hesabatlar). Bakı, 1998, II cild,
s.28).
Hesab
edirik ki,
universitetin yaradılmasının zəruriliyinə
dair Parlamentdə söylənən və BDU-nun sonrakı
tarixi taleyini həll edən bu mülahizələr istər
tarixilik, istərsə də müasirlik baxımından dəyərlidir.
BDU-nun təsis
edilməsinə dair qanun layihələrinin müzakirəsinə
başlanması haqqında məlum qərardan sonra həmin məsələ
Parlamentin 25 avqust və 1 sentyabr 1919-cu il tarixli 68-ci və 70-ci
iclaslarında ətraflı müzakirə olunaraq, sonuncu
iclasda “BDU-nun təsis olunması haqqında Qanun” qəbul
edilmişdir.
Azərbaycan
Parlamentində 18 sentyabr 1919-cu il tarixindən
“BDU-nun Nizamnaməsi”nin oxunuşuna başlanılmış, gərgin
müzakirələrdən sonra ayın 29-da təsdiq
edilmişdir. Tarixi fakt kimi onu da yada salmalıyıq ki, “BDU-nun
təsis edilməsi haqqında Qanun” görkəmli pedaqoq,
Parlamentin sədr müavini Sultan Məcid Qənizadə,
“BDU-nun Nizamnaməsi” isə tanınmış ziyalı,
Parlamentin sədr müavini doktor Həsən bəy Ağayev
tərəfindən imzalanmışdır. Yaxşı olardı
ki, Azərbaycan Dövlət Arxivində saxlanılan hər
iki qanunun surəti bu böyük vətənpərvər
insanların imzaları və şəkilləri ilə birlikdə
BDU-nun muzeyində əks etdiriləydi. Bu, tarixdir, həqiqi
tərbiyə məktəbidir!..
Azərbaycan
Parlamentinin BDU-nun təsis edilməsi haqqında qanunun qəbulu
zamanı çıxış edən və həmin qərarı
“təkcə Azərbaycan üçün deyil, bütün
islam dünyası üçün böyük tarixi hadisə
kimi” qiymətləndirən universitetin ilk rektoru professor
V.İ.Razumovski sonralar bu məsələnin tarixindən
danışarkən böyük iftixar hissiylə
yazmışdı: “Azərbaycan öz ali
təhsil ocağını yaratdı. Türk
(Azərbaycan) xalqının tarixinə yeni parlaq səhifə
yazıldı. Avropa ilə Asiyanın
qovuşağında yeni çıraq yandı” (Bax:
V.İ.Razumovskiy. Osnovaniye universiteta v Baku. “İzvestiye BQU”, Baku, 1921, ¹ 2, s.4).
Həqiqətən,
o dövrün mətbuatı, qabaqcıl ziyalıları
Bakıda universitetin yaradılması xəbərini
böyük sevinclə qarşılamış, bunu Azərbaycan
xalqının milli-mənəvi təkamülündə,
milli tərəqqisində, Vətəndə
elm, təhsil və mədəniyyətin gələcək
inkişafında yeni dönəmin başlanğıcı
kimi dəyərləndirmişdilər.
Universitet haqqında hər iki qanunda bu günümüz
və tarixi keçmişimiz üçün əhəmiyyətli
olan bir prinsipial məsələyə də toxunmaq istərdik. Əvvəla,
hər iki sənəddə BDU-nun statusu muxtariyyət səlahiyyətli
elm-tədris müəssisəsi kimi müəyyənləşdirilmişdir
ki, bu status AXC Hökumətinin demokratik prinsiplərə nə
qədər diqqət və hörmətlə
yanaşdığını göstərir. Bu muxtariyyət statusu Parlamentdə müzakirə
olunarkən bir çoxları onun əleyhinə
çıxmış, muxtariyyət hüququndan baş verəcək
hər hansı sui-istifadənin qarşısını almaq
üçün Universitet Şurasına inanılmış
siyasi şəxslərin də daxil edilməsini təklif
etmişdilər.
Bu fikrə
etirazını bildirən M.Rəsulzadə Parlamentdəki
çıxışında deyirdi: “Onların muxtariyyəti
siyasi bir muxtariyyət deyil, Nizamnamə daxilində elmi muxtariyyətdir.
Əgər biz bu elmi muxtariyyəti haiz heyətə
elmlə əlaqəsi olmayanları daxil edərsək, bu
doğru olmayacaqdır. Hər halda şimdiki zamanda
nöqsanları ilə bərabər, darülfünunu bu
şəkildə qəbul edib, ona muxtariyyət verilməlidir”
(Bax: Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920. Parlament (Stenoqrafik hesabatlar). Bakı,
1998, I cild, s. 92).
Bütün təzyiqlərə baxmayaraq, universitetə
muxtariyyət hüququ verildi, lakin bu səlahiyyət o qədər
də uzun sürmədi. Status Azərbaycanda Sovet rejiminin ilk illərində
(1920-1922) bu və ya başqa şəkildə qorunub saxlansa
da, Azərbaycanın SSRİ-nin tərkibinə
qatılmasından (1922, dekabr) sonra qəbul edilmiş
universitet Nizamnaməsi (26 fevral 1923) ilə ona son verildi.
Bu gün Azərbaycanda demokratik prinsiplər əsasında
müasir təhsil sistemi qurulur. Sevindirici haldır ki, BDU-ya muxtariyyət
statusu verilməsi məsələsi Azərbaycan
Respublikası Prezidentinin 13 iyun 2000-ci il
tarixli “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında” Fərmanı ilə yenidən bərpa olundu.
Universitetlə bağlı hüquqi-normativ aktlarda milli və
dövlət mənafeyi baxımından çox əhəmiyyətli
olan digər bir məsələ Azərbaycan dilinin
bütün fakültələrdə məcburi fənn kimi tədris
olunması tələbinin qoyulması idi.
Bütövlükdə təhlillər göstərir
ki, universitetin təsis edilməsi haqqında qanun və Nizamnamə
Azərbaycan xalqının, Azərbaycan dövlətinin mənafeyinə
tam uyğun şəkildə hazırlanmış və qəbul
edilmişdi.
Deməliyik ki, universitetin yaradılması haqqında
Qanun qəbul ediləndən bir neçə gün sonra
Universitet Komissiyasının iclasında rektor və
dekanları seçildi. Hökumətin 8 sentyabr 1919-cu il
tarixli “BDU-nun rektor və dekanlarının təsdiq edilməsi
haqqında” qərarı ilə V.İ.Razumovski rektor,
İ.İ.Şirokoqorov və N.A.Dubrovski dekan təsdiq edildilər.
Tədrisə başlamaq üçün kadr dəvət
etmək məqsədilə rektor V.İ.Razumovski
Rostov-Yekaterinoslav - Xarkov marşrutu ilə ezamiyyəyə
yollanır, başqaları isə universitet üçün tədris
avadanlıqları almaq məqsədilə Avropa ölkələrinə
göndərilir. V.İ.Razumovski
noyabrın əvvəllərində bir neçə professorla
Bakıya qayıdır. Universitet Şurasının 8
noyabr 1919-cu il tarixli iclas protokolundan öyrənirik
ki, dərslərə noyabrın 15-də başlamaq qərara
alınır.
Yeri gəlmişkən
deməliyik ki, BDU üçün bina məsələsi istər
Hökumət, istərsə də Parlamentdə böyük
mübahisələr doğursa da, 1919-cu il avqust ayının
13-dək Bakıda ingilis ordusunun hərbi hospitalı kimi
istifadə olunan keçmiş Kommersiya Məktəbinin, eləcə
də, 1-ci Bakı Kişi Gimnaziyasının binaları
universitetə verilir. Binaların təmirinə
imkanlı insanlar, o cümlədən böyük mesenat
Hacı Zeynalabdin Tağıyev yardım göstərirlər.
Həmin binalardan biri hazırda akademik Zərifə Əliyeva adına prospektdə yerləşən Azərbaycan
Dövlət Pedaqoji Universitetinin köhnə tədris korpusu,
digəri isə M.Füzuli küçəsindəki
keçmiş 4 nömrəli Bakı şəhər Klinik xəstəxanasının
binasıdır. Çox təəssüf ki, həmin binalara
bu haqda xatirə lövhəsi vurulması “unudulmuşdur”...
Yuxarıda
deyildiyi kimi, universitet binaları lazımi avadanlıqlarla təmin
olunduqdan, universitetə tələb olunan akademik heyətin
müəyyən hissəsi komplektləşdirildikdən, nəhayət,
böyük təşkilati hazırlıq işlərindən
sonra BDU-da 1919-cu il noyabrın 15-dən sistematik
dərslər başlanır. Dərslərin
başlanması mərasimində Parlamentin və Hökumətin
üzvləri, tanınmış ziyalılar və ictimaiyyətin
nümayəndələri iştirak edirlər. Professorlar onların qarşısında tələbələrə
giriş mühazirələri oxuyurlar.
Beləliklə,
15 noyabr 1919-cu il Azərbaycanın XX əsr
milli tarixinə ilk elm və ali təhsil ocağı kimi daxil
olan BDU-nun fəaliyyətə başladığı tarixi
gün kimi milli yaddaşa həkk olunub. Mətbuatda, xüsusilə
rəsmi dövlət orqanı olan “Azərbaycan” qəzetində
bu böyük hadisə ilə bağlı çoxsaylı
yazılar dərc olunur, BDU-nun açılması Azərbaycanda,
islam aləmi və türk dünyasında tarixi hadisə, Azərbaycanın
Avropaya və dünyaya tanıdılmasının, Şərq
və Qərb sivilizasiyalarının inteqrasiyasının
qüdrətli vasitəsi, müqəddəs elm və təhsil
məbədi kimi dəyərləndirilir. Bu
baxımdan həmin günlərdə “Azərbaycan” qəzetində
(17.11.1919) çap edilmiş “Darülfünunun
açılması” başlıqlı yazı diqqəti daha
çox cəlb edir. Orada deyilirdi:
“Dün Azərbaycan
darülfünunu ilk dəfə olaraq açıldı və
ilk gündür ki, məşğuliyyətə
başladı. Bir məmləkətdə
bir millətin həyati-siyasiyyə və milliyyəsində
darülfünunların, akademiyaların hasilə gətirəcəkləri
tərəqqi və təcəddüdün dərəcə
və meyarı təyin ediləməz. Tarixdə Atina
darülfünunun yeni bir Yunanıstan yaratdığını kim inkar
edə bilər? Bir əsr əvvəl Fransiyayı aləmşümul
təkamülə atan Sorbonna darülfünunu... değilmi?... Almanları 1806-cı il
fəlakətindən sonra yenidən şöhrətə,
siyasət və hərbə hazırlayan və Napoleondan qəhar
bir intiqam alan Berlin və Hamburq darülfünunları ...
olmamışdırmı?
...Yeni
millət, yeni elm, yeni fəlsəfə demək isə, hər
bir darülfünun da yeni bir məbəd olması icab edər...
Azərbaycan darülfünunu, əlbəttə, bir türk
(Azərbaycan) Darülfünunudur, çünki türk (Azərbaycan)
milləti, türk (Azərbaycan) Parlamanı, türk (Azərbaycan)
Hökuməti tərəfindən türk (Azərbaycan) gəncliyi
üçün açılmışdır.
Darülfünunun həyat və məşğuliyyətə
başlaması tarixi olan 15 noyabr yeni bir tərəqqi
dövrünün açılmasının ibtidası
olacaqdır...” (Bax: Bakı Dövlət
Darülfünunun təsisi (Sənədlər toplusu) Bakı,
1989, s. 15).
Hesab edirik ki, əlavə şərhə ehtiyac olmayan bu
milli ruhlu yazıda söylənilən, arzu edilən amallar bu
gün həqiqətən BDU-nun simasında artıq
çoxdan həqiqətə çevrilmişdir.
Beləliklə,
BDU ştatda nəzərdə tutulduğundan 2 dəfədən
az, cəmi 44 nəfər akademik tərkiblə, o cümlədən
12 professor, 3 dosent və 1 privat dosentlə iki fakültədə:
tibb fakültəsinin üç kursunda, tarix-filologiya
fakültəsinin birinci kursunda 877 tələbə və 217
azad dinləyici ilə dərslərə başladı. Universitetin akademik tərkibində 9 nəfər azərbaycanlı
müəllim vardı ki, onların içərisində
sonralar dünya şöhrətli cərrah akademik Mustafa bəy
Topçubaşov və dosent Məmmədağa
Şahtaxtinski də vardı. Universitetdə kadr çatışmazlığı
üzündən AXC-nin siyasi və dövlət xadimlərindən
Məmmədəmin Rəsulzadə və Rəşid xan
Kaplanov Osmanlı ədəbiyyatı tarixindən, maarif
nazirinin müavini Həmid bəy Şahtaxtinski isə rus dili
və ədəbiyyatından mühazirələr oxuyurdular.
Yeri gəlmişkən, bu günümüz
üçün də əhəmiyyətli olan bir tarixi məqamı
yada salmaq yerinə düşərdi. “BDU-nun Nizamnaməsi”nə
görə (48-ci maddə) gələcəkdə pulsuz təhsilə
keçənədək ölkənin maliyyə vəziyyəti
ilə bağlı müvəqqəti olaraq tələbələrdən
müəyyən qədər təhsil haqqı alınması
nəzərdə tutulurdu. Bunu əsas tutaraq universitetdə
tələbələrdən bir tədris ili
üçün 500 rubl təhsil haqqı tələb edilir,
eyni zamanda Universitet Şurasına tələbələrin
10%-ni təhsil haqqından azad etmək səlahiyyəti
verilirdi. Sonralar bu ənənə 1920-ci illərdə də
ölkənin maliyyə durumundan asılı olaraq tətbiq
edilmiş, hər tələbədən tədris ili
üçün 30 qızıl rubl təhsil haqqı
alınmışdı. Bu illərdə tələbələrin
50%-ə qədəri təhsil haqqından azad edilə bilərdi...
Lakin, təəssüf
ki, universitetlə bağlı sevincli günlərlə,
xoş amallarla yaşayan AXC Hökuməti Sovet Rusiyasının XI “Qızıl ordusu”nun hərbi
müdaxiləsi ilə devrildi və Azərbaycanda Sovet hakimiyyəti
quruldu. Universitetin tarixində yeni mərhələ
başlandı. Azərbaycanın yeni maarif komissarı
Dadaş Bünyadzadə 1920-ci il mayın
11-də rektor V.İ.Razumovskiyə müraciət edərək
universitetin “sosialist əmək quruluşu” prinsiplərinə
uyğun yeni Nizamnaməsini hazırlamaq haqqında
tapşırıq verdi. Lakin V.İ.Razumovski bir il
əvvəl böyük çətinliklə
yaratdığı universitet Nizamnaməsini öz əli ilə
dağıtmaqdan imtina etdi, mayın 26-da rektorluqdan istefa verdi,
bir neçə aydan sonra isə Bakını tərk edib
vaxtilə yaratdığı Saratov universitetində
elmi-pedaqoji fəaliyyətə başladı...
Azərbaycanda sovet hakimiyyəti dövründə BDU-nun
tarixində müəyyən çətinliklərə
baxmayaraq, o, müstəsna rol oynamış, bu dövrdə
elm və təhsil müəssisəsinin hərtərəfli
inkişafına layiqli töhfələr vermişdir.
Azərbaycanda
sovet hakimiyyətinin ilk illərində (1920-1922-ci illər)
“Cümhuriyyət dövrü”ndən qalan siyasi, iqtisadi və
mədəni müstəqillik əsasən qorunub
saxlanmış, böyük siyasi xadim Nəriman Nərimanovun
imzaladığı “BDU professorlarının və müəllimlərinin
əvəzedilməz ixtisaslı işçilər
sırasına daxil edilməsi haqqında”, “Azərbaycan dilinin
dövlət dili elan edilməsi haqqında” dekretləri
sonralar universitetin inkişafında və tədrisin milliləşdirilməsində
öz tarixi rolunu oynamışdı. Məhz bu illərdə
“Cümhuriyyət dövrü”ndə açılması nəzərdə
tutulan bir neçə ali məktəb təsis
edildi. BDU-nun adı və muxtariyyəti də məhz onun rəhbərliyi
illərində qorunub saxlanmış, Azərbaycanın
SSRİ tərkibinə qatılması ilə universitetin
adı da dəyişdirilərək (dekabr 1922-ci il) “Azərbaycan Dövlət Universiteti”
qoyulmuş və 69 ildən sonra 1991-ci ilin yanvarında yenidən
tarixi adı bərpa edilmişdir...
Universitetin keçən əsrin 20-30-cu illər tarixi
daha çox “eksperiment”lərlə müşahidə olunur,
idarəetmə ilə bağlı tez-tez nizamnamələr dəyişdirilir,
rektorların əvəzlənməsi prosesi adi hala
çevrilir.
Universitet 1930-cu ildə ləğv edilir və 4
ildən sonra yenidən bərpa olunur, universitetin idarə
olunmasında bir siyasiləşmə meyilləri də
müşahidə olunur. Mövcudluğunun birinci on
illiyində nizamnaməsi 5 dəfə dəyişdirilən
universitetə 7 rektor təyin olunur, təkcə 1934-cü ilin
iyunundan 1937-ci ilin sentyabrına kimi universitetdə (2 il 4 aya) 5 rektor dəyişdirilir. Bu illərdə
mənfur 37-ci il repressiyası universitetdən də yan
keçmir, orada çalışan yüzlərlə alim
“qırmızı terror”un qurbanı olur, Universitetə rəhbərlikdə
və tədrisdə siyasətləşmə prosesi bir az da
qüvvətlənir. II Dünya müharibəsindən sonra
universitet rəhbərliyinə həqiqi elm və təhsil
adamlarının - akademik Abdulla Qarayev, professor Cəfər Xəndan
Hacıyev, akademik Yusif Məmmədəliyev, akademik Şəfaət
Mehdiyev və başqalarının gəlişi ilə bu
prosesə 50-60-cı illərdə son qoyuldu və universitet əsl
tarixi missiyasını - elm-tədris
müəssisəsi olmaq funksiyasını yerinə yetirməyə
başladı...
Universitetin tarixində həqiqi yüksəliş, tərəqqi
və çiçəklənmə dövrü ümummilli
lider Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbər təyin
olunduğu 1969-cu ilin 14 iyulundan başlanır. 1970-ci ildə Azərbaycan
Dövlət Universitetinin 50 illik yubiley tədbirində
iştirak edən Heydər Əliyevin o zaman üçün
fövqəladə hal hesab edilən partiya liderinin Azərbaycan
dilində çıxış etməsi universitet həyatında
milli ruhun, milli özünüdərkin, milli dirçəliş
və oyanışın hərəkətə gətirilməsi
üçün siqnal rolunu oynadı. Azərbaycan
ziyalısı sözün həqiqi mənasında qanı və
canı ilə milli mənafeyi hər şeydən uca tutan həqiqi
milli liderini gördü, tanıdı və ümidini ona
bağladı. Respublika rəhbərinin ana dilində
çıxışı Azərbaycan dilində tədrisin
qüvvətləndirilməsinə, milli dilimizin hərtərəfli
inkişafına xidmət edirdi. Bunun nəticəsində
tezliklə universitetdə yaradılan 4 cildlik “Müasir Azərbaycan
dili” dərsliyi Dövlət Mükafatına layiq
görüldü. Ümummilli lider Heydər Əliyevin
böyük fədakarlığı və mübarizəsi
sayəsində Azərbaycan SSR-nin 1978-ci il
Konstitusiyasında Azərbaycan dilinə dövlət dili
statusu verildi. Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin
ilk dövründə (1969-1982) onun böyük himayəsi ilə
universitet respublikada ali məktəblərin
həqiqi bayraqdarına çevrildi, universitetdə mənəvi
iqlim saflaşdı, universitetlə bağlı yaranmış
“Qoy, ədalət zəfər çalsın!” aforizmi Azərbaycanda
mənəvi-əxlaqi prinsipə çevrildi, universitet o illərdə
respublikadan kənara göndərilən 15 mindən artıq
azərbaycanlı gənclərin seçilməsi
üçün baş qərargaha çevrildi. Bütün bu uğurların ilhamçısı və
rəhbəri olan Heydər Əliyevin universitetə hər gəlişi
əsl ümumxalq bayramına çevrilirdi. Bu da həqiqətdir ki, universitetin 50, 60, 75 və 80
illiyi ümummilli lider Heydər Əliyevin iştirakı və
rəhbərliyi ilə keçirilmişdir.
BDU həmçinin Azərbaycanda yeni elm və təhsil
müəssisələri şəbəkəsinin
formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycanda yaranan
bütün elm və ali təhsil müəssisələri
sözün həqiqi mənasında BDU-nun elm, təhsil,
maarif ziyasından işıq alıb, bu müqəddəs məbədin
əbədi çağlayan elm və maarif çeşməsindən
qaynaqlanıb, onun divarları arasında yetişib, pərvazlanıb.
Bir neçə tarixi faktı da yada salmaq yerinə
düşərdi. Bəllidir ki, bugünkü Azərbaycan
Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan
Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər
Universiteti və başqaları vaxtilə BDU -nun
ayrı-ayrı fakültələrinin bazasında
yaradılıb.
BDU
yarandığı gündən Azərbaycanda elmi-tədqiqat
mərkəzinə çevrilmiş, 1923-cü ildə
yaradılan “Azərbaycanı Tədqiq
və Tətəbbö Cəmiyyəti” ilə, sonralar Azərbaycan Dövlət
Elmi-Tədqiqat İnstitutu ilə, nəhayət, 30-cu illərdə
isə SSRİ Elmlər Akademiyasının Azərbaycan
filialı ilə birlikdə, sıx elmi əməkdaşlıq
şəraitində fəaliyyət göstərmişdir. Tarixi həqiqətdir ki, o zamanlar görkəmli alimlərin
hamısı eyni zamanda həm universitetdə, həm də
Akademiyanın elmi-tədqiqat institutlarında
çalışırdılar.
1945-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının təşkilində BDU-nun müstəsna
rolu olmuşdur. Belə ki, akademiyaya seçilən ilk 15
həqiqi üzvdən 6 nəfəri universitetin məzunu və
professoru idi.
Bu gün
müstəqil Azərbaycanda aparıcı ali
məktəblərdən biri olan BDU özünün bir əsrlik
şanlı, şərəfli tarixinin müasir mərhələsini
yaşayır, dünya təhsil məkanına inteqrasiya yolunda
uğurlu addımlar artır. “Bakı Dövlət
Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin Sərəncamında deyildiyi kimi,
“Bakı Dövlət Universiteti tarixən vətənpərvər
ziyalıların əməyi sayəsində yetirdiyi ictimai-siyasi,
elm və mədəniyyət xadimləri ilə Azərbaycanın
mövcud simasının təşəkkülünə
böyük töhfələr vermişdir”.
Böyük
iftixar hissi ilə deməliyik ki, BDU-nun məzunu, ümummilli
lider Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan
Respublikasının milli sərvəti, milli iftixarı”
adlandırdığı BDU fəaliyyət göstərdiyi
yüz ildə, ölkəmizin elm, təhsil, mədəniyyət
sahələrinə görkəmli şəxsiyyətlər bəxş
etmiş, Azərbaycanın intellektual potensialının
formalaşmasına əvəzsiz töhfələr vermis, bu
gün də müstəqil Azərbaycanın xoşbəxt gələcəyini
təmin edəcək gənc kadrların yetişdirilməsi
yolunda tarixi missiyasını uğurla davam etdirməkdədir!
Əsgər
QULİYEV,
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin
Tədris resursları şöbəsinin
müdir müavini,
filologiya üzrə fəlsəfə
doktoru, dosent, Əməkdar müəllim
Azərbaycan müəllimi.- 2019.- 3 may.- S.4-5.