Avropa Olimpiada tarixində bir ilk
Bakı məktəblisi
Fidan Qarayeva ən gənc
qalibdir
Son illər Azərbaycan məktəblilərinin beynəlxalq bilik yarışlarında qazandıqları uğurlar bir-birini əvəz edir. Bu günlərdə daha bir məktəbli uğura imza atıb. Bakı məktəblisi Fidan Qarayeva 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının, sadəcə, qaliblərindən biri olmaqla qalmadı, üstəlik, bu olimpiadanın tarixinə öz yaşı ilə adını yazdı. 13 yaşlı bürünc medal sahibi Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixinə ən gənc qalib kimi düşüb.
Fidanın adı ölkə mətbuatında indi əks-səda versə də, əslində, barəsində artıq yazılıb. Biz Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə fəaliyyət göstərən olimpiadalara hazırlıq mərkəzində tanıdıq onu. Əvvəlcə adını müəllimindən eşitdik. Boş vaxtlarında hazırlıq mərkəzində dərslərə qatılaraq uşaqlara olimpiadada qalib gəlməyin yollarını öyrədən, özü tələbə olsa da, olimpiada qalibi olaraq təcrübəsini məktəblilərlə bölüşən İsmət Ağayev danışmışdı ondan. Hazırlıq keçdiyi uşaqlar arasında fərqləndirdiyi adlardan biri də onun adı idi: “Bu uşaqların arasında həm istedadlı, həm də çalışqan uşaqlar çoxdur. Özü də bizim X-XI sinifdə öyrəndiklərimizi artıq IX, hətta VII sinifdən öyrənməyə başlayıblar. Dərs dediyim qrupda 7-ci sinif şagirdi olan Fidan Qarayevanın xüsusi istedadı var.
Hamıdan balaca olsa da, imtahanda ən yaxşı nəticə göstərən 4-5 nəfərdən biri olub.
İnanıram ki, növbəti imtahanda birinci olacaq”.
İsmət Ağayevin barəsində
qürurla danışdığı
kiçik qızla həmin vaxt biz də tanış
olduq. Hazırda Xətai rayonundakı
257 nömrəli tam orta
məktəbdə təhsil
alır. Seçim mərhələsində
iştirak edib və olimpiadalara hazırlıq mərkəzində
məşq keçmək
hüququ qazanıb.
Mütəxəssislər hesab edir ki,
beynəlxalq olimpiadalarda
yaş bir çox hallarda önəm daşımır. Bir də
görürsən, IX sinif
şagirdi XI sinif şagirdindən daha yaxşı nəticə göstərir. Bu təcrübəyə əsaslanan
müəllimləri o gün
də Fidanın tezliklə özündən
böyüklərlə yarışdan
qalib çıxacağına
inamla danışdılar.
Bu da imtahan, bu da
nəticə
O, Ukraynada keçirilən 8-ci Avropa
Qızlar Riyaziyyat Olimpiadasının qalibidir.
Özü də 8-ci Avropa
Qızlar Riyaziyyat Olimpiadasının tarixində
ən gənc qalibi. 36 ölkədən 196 şagirdin qatıldığı
olimpiadada ABŞ, Kanada,
Avstraliya, Hindistan və digər ölkələrin məktəbliləri
iştirak ediblər.
Olimpiada iki gün keçirilib.
“Hər gün
çox çətin
olan 3 misal verilmişdi. Amma mən
onları həll etdim”, - deyən Fidan Qarayevanın sözlərinə görə,
riyaziyyatdan istedadı
7 yaşından üzə
çıxıb. Artıq
8 yaşından kvadrat
tənliyi həll etməyə başlayıb:
“Atam riyaziyyatçıdır.
Meksikada universitet müəllimidir.
Riyaziyyatı uşaqlıqdan atamdan
öyrənmişəm. Azərbaycana
qayıdandan sonra riyaziyyatla həm evdə, həm məktəbdə, həm
də beynəlxalq olimpiadaya hazırlıq mərkəzində məşğul
olmuşam”.
Fidanın bürünc medalı
2016-cı ildən bu olimpiadada iştirak edən məktəblilərimizin
ilk medalıdır. Ancaq bu,
Fidanın ilk medalı
deyil. İlk dəfə 9 yaşında
olimpiadaya qatılan Fidan Meksikada keçirilən riyaziyyat olimpiadasında qızıl
medal qazanıb.
Fidan sadəcə riyaziyyatçı
olmaqla kifayətlənmir,
dil öyrənməyi,
mütaliə etməyi
də sevir: “Boş vaxtlarımda riyaziyyatdan çoxlu misallar işləyirəm.
Bir də ispan dilində
kitablar oxuyuram”.
Təhsil naziri ilə görüş
Dünən Təhsil naziri
Ceyhun Bayramov VII sinif şagirdi Fidan Qarayeva ilə görüşüb.
Nazir qeyd edib ki,
Bakı məktəblisinin
öz adını Avropa Qızlar Riyaziyyat Olimpiadasının
tarixinə ən gənc qalib kimi yazması ölkəmiz üçün
qürurvericidir. Təhsil naziri
onun dərsləri, eləcə də olimpiadalara hazırlığı
ilə maraqlanıb.
Təhsil nazirinə arzularından danışan Fidan Qarayeva qeyd edib
ki, gələcəkdə
də beynəlxalq bilik yarışmalarında
ölkəmizi layiqincə
təmsil etmək niyyətindədir.
***
“Niyyətin hara, mənzilin ora”, - deyib babalarımız. Yolun açıq olsun, Fidan Qarayeva. Hər qələbəni tarix yazsın.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.-
2019.- 3 may.- S.6.