“Rəsmlərimi əlimlə yox, ürəyimlə
çəkirəm”
Zemfira Həsənova: “Həmişə
birincilik iddiasında oluram”
Müxtəlif
sahənin istedad sahibləri ilə tez-tez təmasda olduğum,
onların haqqında məqalələr
hazırladığım üçün gəldiyim qənaət
əsas verir deyəm ki, əksər hallarda bu cür sayılıb-seçilən uşaq və yeniyetmələrin əxlaqi
keyfiyyətləri də ürəkaçan olur. Əxlaq
ruhun dildə və əməldə təzahürü olan mənəvi sərvətdir. Bu ilahi hisslər fitri istedad sahibləri olan uşaq
və yeniyetmələrin mənəviyyatlarına hakim kəsiləndə onlar
yaradıcılıq sahəsində seçim məqamlarında da zərrəcə
yanılmırlar, yəni zövqlə istedad
həmrəy olur və bir-birini tamamlayır. Belə olan
halda rəqsə
həvəsi böyük olanlar rəqslə, musiqi alətlərində
ifa etməyi, rəssam
olmağı, yaxud ifaçılıq sənətinin
sirlərinə yiyələnməyi qarşılarına məqsəd
qoyanlarsa bu sahələrlə məşğul
olur və nailiyyətlər də
qazanırlar. Dünya miqyasında məşhur olan bütün korifey sənətkarların tərcümeyi hallarına nəzər
yetirsək söylədiklərimizin əyani şahidi
olarıq. Elə bu gün müasir dövrün, müasir gəncliyin parlaq
bir nümunəsi
haqqında hədsiz sevinclə söhbət açmaq istədiyim
yeniyetmə qız da yüksək
əxlaqi keyfiyyətləri ilə bərabər fitri istedadı ilə də seçilən bir istedad sahibidir. Utancaq bir qız
olduğu ilk baxışdan hiss
olunurdu. Uğurları, müsbət göstəriciləri barədə qəzetimiz
üçün dil
açıb danışmağını istədiyimi biləndə əvvəlcə çox tutuldu, sonra isə yavaş-yavaş qırışığı
açılmağa başladı. Çoxlu yaradıcı yeniyetmələrlə həmsöhbət olduğum
üçün təcrübəmdən
ustalıqla bəhrələnə bildim və deyəsən uğurlu da
alındı. Bayaqdan
dilindən sözü güclə çıxara
bildiyim həmsöhbətim
ürəyini istədiyi qədər boşaltdı. O, danışdıqca
sanki ürəyim sərinlənir,
əhvali-ruhiyyəm pərvazlanırdı. Bəli, yeniyetmə bir qızla, kim
bilir, bəlkə də gələcəyin tanınmış
rəssamı ola biləcək bir istedad sahibi Zemfira Həsənova ilə də beləcə həmsöhbət olmağa
başladıq və sizlərə
də həmin söhbəti təqdim etməyi məqbul
saydıq.
Heç bir uğur asanlıqla
qazanılmır
2006-cı ildə Bakı şəhərində anadan
olmuşam.
Üçüncü sinfə qədər 82 nömrəli
tam orta məktəbdə oxumuşam, hazırda isə 165
nömrəli tam orta məktəbin 7-ci
“a” sinfində təhsil
alıram. Bugünədək qazandığım
bütün uğurlar gərgin
əməyimin, çəkdiyim
əziyyətlərin bəhrəsi
olub.
Tam əmin
olmuşam ki, həyatda asanlıqla heç nəyə
nail olmaq mümkün deyil. Və
çəkdiyin əziyyətlər cavab olaraq
sənə saysız qələbələr
bəxş edəndə insan özünü dünyanın ən
xoşbəxti sayır.
Mən
sevdiyim bir işlə məşğul oluram deyə zərrəcə yorulmuram, əksinə,
daha çox çalışmaq
əzmində oluram. Gərək insan bəxt ulduzunun nə
vaxtsa yanacağı anı əllərini yanına salaraq
oturub gözləməsin, o, öz
ulduzunu özü
öz əlləri ilə
yandırsın. Göydən üç almanın düşəcəyini gözləyən kəs
heç vaxt o almaların birinə də sahib çıxa bilməz.
İdmanı da çox sevirəm
Zərbəçiyəm. Ən çox sevdiyim
fənlər. Riyaziyyat, fizika, kimya,
coğrafiya, ingilis dili və rəsmdir. Hobbim isə idmanın basketbol növüdür. Uşaqlıqdan rəsm həvəskarı
olmuşam. Atam mənə çoxlu rəngli karandaşlar, albomlar, şəkilli
kitablar alardı. Hələ uşaq bağçasında olanda belə rəngli
karandaşlar əlimdən düşmürdü. Hazırda 3 nömrəli
Uşaq Yaradıcılıq İnkişaf Mərkəzində
rəsm dərnəyinin üzvüyəm. Sevimli müəllimim Nərmin Abdullayevadan rəsm çəkməyin incəliklərini
öyrənirəm.
300-ə yaxın rəsm əsərlərim
var
Rəsm
çəkərkən qırmızı, çəhrayı,
mavi, ağ, bənövşəyi və qara rənglərdən daha çox istifadə edirəm.
Ağ-qara rəsmlərsə mənim hobbimdir. Bu rəsmlər daha təbii, daha
təsirli olurlar, heç bir bər-bəzəyi qəbul
etmirlər. Ağ-qara rəsmlər mövzu əhatəsinə
görə də fərqli olurlar, onlar həyatın boyanmamış üzüdür, dağ-dərə,
çöl-çəmən, çay, meşə necə
varsa elə də görünür və güclü də təsir
gücünə malik olur.
Portret, naturmort , peyzaj janrlarında indiyədək 300-ə yaxın rəsmlər
çəkmişəm. Evdə gözəl bir
emalatxanam var. Ora sözün həm
məcazi, həm də elə tam mənasında bir nağıllar aləmini xatırladır. Rəsmlərimdən ibarət səliqəli bir
guşə hazırlamışam. Nədənsə özümü
böyüyəndə dizayner kimi də
görürəm. Bilmirəm, bəlkə də bu, bir xəyaldır,
arzudur, nə isə... Bir az da mərkəzimiz barədə danışmaq istəyirəm.
Olduqca istedadlı dostlarım var bizim yaradıcılıq mərkəzimizdə.
Biz bir-birimizin bəhsinə gecə-gündüz
çalışırıq. Hamımızın birinci olmaq
arzusu ilə
çalışmasının nəyi pisdir?!
Bir-birimizin bəhsinə
çalışmağımızın ən böyük xeyiri bəlkə
də o olur ki, biz kollektiv və fərdi surətdə istər
respublikadaxili, istərsə də beynəlxalq
yarışlarda, rəsm müsabiqələrində daim
birincilər sırasında addımlayırıq. Buna görə
həm də sevimli müəllimimiz, dərnək rəhbərimiz Nərmin
Abdullayevaya təşəkkür
edirik.
İlk uğurum
Mənim
rəsmlərim demək olar ki, həmişə birincilik
qazanıb, sərgilərdə isə hamının diqqətini cəlb
edib. Bilirsinizmi niyə? Çünki mən
onları əlimlə yox, ürəyimlə çəkirəm,
bütün arzu və istəklərimi hopdururam rəsmlərimin canına.
Onlar az qala dil açıb
danışacaqlar seyr edənlərlə. Bəlkə
də danışırlar öz dillərində, bilmirəm.
Mən tez-tez respublikada və beynəlxalq rəsm yarışmalarına
qatılıram və birinci yerə layiq görülürəm.
İlk uğuruma 2016-cı ildə imza
atmışam. “Dostluğun sehri” adlı I beynəlxalq uşaq rəsm
müsabiqəsində qalib
olaraq diploma və medala layiq
görüldüm. 2017-ci ildə də “Dostluğun sehri” adlı II
beynəlxalq uşaq rəsm müsabiqəsində iştirak
etdim və rəsmlərim münsiflər heyəti tərəfindən
qaliblər cərgəsində təqdim olundu.
“Bayrağımız
qürurumuzdur”
2017-ci ildə Dövlət
Bayraq Gününə həsr olunmuş “Bayrağımız
qürurumuzdur” adlı sərgidə də iştirak etdim və diplomla
mükafatlandırıldım. Həmin il məktəbimizdə də “Bacarıqlı əllər”
sərgi müsabiqə keçirilirdi. İnanın ki, rəsmlərimə
heyranlıqla baxırdılar. Hamı mənı
alqışladı,
rənglərdən məharətlə istifadə
etdiyimi yüksək dəyərləndirdilər
və ürəkdən bəyəndilər. Bu
müsabiqədə də diplom qazandım. Diplomlarımın sayı artdıqca məsuliyyətim
də artır. Həmin il
“Mənim Azərbaycanım” rəsm müsabiqəsində,
2018-ci ildə isə akademik Zərifə
Əliyevanın anadan olmasının 95 illiyinə həsr
olunmuş “Ana-müqəddəslik
zirvəsi” adlı sərgidə fəal iştirak etdiyimə
görə fəxri fərmanlara layiq görüldüm.
Fərqli mövzular üzərində
işləyəcəyəm
“Mənim arzularım” rəsm sərgisində də
münsiflər heyətinin alqışlarını, təbriklərini,
xoş sözlərini qazandım. Hamı mənim rənglərdən
ustalıqla istifadə etdiyimi vurğuladı və yüksək dəyərləndirdi.
Təvazökarlıqdan kənar olsa da bütün rəsmlərimdə
təsvir etdiyim tabloda rənglərin köməyi ilə rəsmlərin
xarakterini aça bilirəm, bunu isə hər həvəskar rəssam
bacarmır. Çünki burada yaradıcılıqla bərabər təbiət
elmlərini mükəmməl bilmək də tələb
olunur. Savadsız rəssam tamaşaçını heç vaxt düşündürə
bilməz, çünki rəsmin fəlsəfəsi dayaz olur.
Məktəbimizdə “Azərbaycan Demokratik
Respublikasının 100 illiyi” münasibətilə təşkil
olunan ilk rəsm müsabiqəsi keçirildi. Mən həmin
müsabiqəyə öz əsərlərimlə
qatıldım və qalib adını qazandım. Sevincimdən sanki uçurdum. Zəhmətim
göz önündə idi. Həmin gün müəllimlərimə söz
verdim ki, daha da dərin,
düşündürən , fərqli mövzular üzərində işləyəcəyəm.
Müəllimlərimizə borcluyuq
2019-cu il Bakı Kitab Mərkəzinin
təşkil etdiyi “Novruzum” adlı müsabiqəyə çoxlu sayda rəsm əsərimi təqdim etdim. Həmin rəsmlərin üzərində
işləyərkən
fantaziyamdan kifayət qədər bəhrələnmişdim.
Tamaşaçılara
rəsmlərim xüsusi zövq bəxş edirdi,
onlar rəsmlərimdən
ayrıla bilmirdilər. İnanın ki, başqa rəsmlərin
qarşısında dayandıqları anlarda da uzaqdan da olsa rəsmlərimi
yenə seyr edirdilər. Mənim ən böyük qələbəm
də elə bu
idi. Bundan böyük sevinc hissləri yaşada bilən hansı amil ola bilər mənim
kimi yeniyetmə rəssam üçün? Bunun
ardınca məktəbimizdə də keçirilən “Zəfər
günləri” rəsm müsabiqəsinə də
qatıldım və təbii olaraq qalib oldum.
Azərbaycanın
füsunkar gözəlliyindən doya bilmirəm. Vərəqdə,
kətan üzərində təsvir etdiyimiz bütün rənglərin ən
gözəl, necə deyərlər, ən ətirlisi elə təbiətin
özündədir, dağlarında, yamaclarında,
ormanlarındadır. Mən də internetdə rayonlarımızın izlədiyim gözəlliklərini rəsmlərimdə təsvir etməyə
çalışıram. Bundan böyük müəllim ola bilməz. Əgər mənim ilk müəllimim
Nərmin Abdullayevadırsa, ikinci ustadımsa ana təbiətim və onun rəng
çalarları içində bərq vuran öz ahəngi,
öz nəfəsi, öz xarakteri
olan payızı, yayı,
yazı, qışıdır. Qazandığım
uğurların nəticəsidir ki, bu gün Yaponiyada, Çexiyada, Rusiyada,
Rumıniyada keçirilən beynəlxalq sərgilərdə iştirak
edən qaliblərin sırasında mənim də
adım çəkilir, oxuduğum məktəbin də, məşğul
olduğum dərnəyin də.
Zemfira danışır, mənsə coşqunluq hissi ilə
onu dinləyirdim. Hələ çox yarışmalar barədə xatırlatmadığını
söylədi, çoxunu artıq unutmuşam, dedi. Və
sonda, hamısını sadalasam qəzetinizdə yer
çatmaz, gülə-gülə deməyi də unutmadı
ilk görünüşdə utancaq qız təəssüratı
yaradan bu
yeniyetmə həmsöhbətim.
Sifai
SƏFƏROVA
Azərbaycan müəllimi.- 2019.-
3 may.- S.13.