Ümumi təhsil qanunu:
uzun illərin həsrəti
II məqalə
Səriştəlilik.
Səriştələrsiz?
Qlobal təhsil ilə yaxından maraqlanan mütəxəssislərə yaxşı məlumdur ki, Avropa İttifaqının əlaqədar qurumları, bir çox ölkələr yaxın 15-20 ildə qlobal dünyanın informasiya, ekoloji, texnoloji, iqtisadi və s. məkanlarında, xüsusilə də, koqnitiv sahədə baş verəcək inqilabi proseslərin proqnozlaşdırılması və qarşıya çıxacaq problemlərin həlli yollarının müəyyənləşdirilməsinə, bununla əlaqədar ümumi və universitet təhsilinin yeni mühitə hazırlığının təmin edilməsinə çox böyük diqqət yetirirlər. XX əsrin sonundan başlayaraq xüsusi proqramlar işlənilib həyata keçirilir, onların müntəzəm inkişafı daim diqqət mərkəzində saxlanılır.
Əsas məqsəd insan həyatının gözlənilən sürətli dəyişikliklərə uyğunlaşdırılmasından, uşaq və gənclərin müstəqil həyatda xoşbəxt yaşaması və uğur qazanması üçün ən optimal təhsil modellərinin tətbiqindən, onlarda zəruri səriştələrin formalaşdırılmasından ibarətdir. Bəli, bu gün ən mühüm təhsil problemlərindən biri yeni dövrün tələblərinə cavab verən səriştələr sisteminin hazırlanıb həyata keçirilməsidir.
Əlavə şərh vermədən hörmətli oxucularımıza səriştələrin aşılanması və inkişafına yönələn
bir sıra mənbələr
barədə məlumat vermək istərdim:
* 1996-cı il, Avropa Şurasının tövsiyələri - “Avropa üçün açar səriştələr” (“Key competencies for Europe”);
*
2006-cı il, Avropa Parlamenti və Avropa
Şurasının tövsiyələri - “Ömürboyu təhsil
almaq üçün səriştələr - istinad olunan
çərçivə” (“The Reference Framework of Key Competences
for Lifelong Learning”, Recommendations approved by the European Parliament and
the Council);
* 2018-ci il, Sinqapur Texnologiya İnstitutunun reklamı -
“VUCA dünyası üçün ömürboyu öyrənmə”
(“Lifelong Learning for a VUCA World”);
* 2018-ci il, ABŞ Nyu-Hempşir Universitetinin təqdimatı
- “VUCA dünyasında təhsil”
(“Education in a VUCA World”);
* 2018-ci il, Rusiya, “Ali İqtisad Məktəbi”
universitetinin Təhsil İnstitutunun məruzəsi - “Açar
səriştələr və yeni savadlılıq: bəyannamələrdən
reallığa doğru” (“Klyuçevıye kompetensii i novaya
qramotnost: ot deklarasii k realnosti”).
İki
şərh
1. Əvvəlcə
Yer kürəsini yaxın gələcəkdə bürüyəcək
və doğma Azərbaycandan da yan keçməyəcək
VUCA dünyası barədə. Bu akronim
Volatility (qeyri-stabillik), Uncertainty (qeyri-müəyyənlik),
Complexity (mürəkkəblik) və Ambiguity (qeyri-adilik)
sözlərinin baş hərflərindən
formalaşdırılmışdır. Diqqət yetirin:
15-20 ildən sonra VUCA dünyasının qeyri-stabil,
qeyri-müəyyən, mürəkkəb və qeyri-adi
mühitində insanların uğurlu yaşamasını təmin
etmək məqsədilə qlobal təhsil məkanında bu
günün şagird və tələbələri
üçün yeni təhsil modellərinin işlənib
hazırlanması üzrə əməli tədbirlər həyata
keçirilir!
2.
Tanınmış beynəlxalq mütəxəssislərlə
birlikdə Rusiyada hazırlanmış və əsl innovasiya
mahiyyəti daşıyan məruzə aşağıdakı
konsepsiyaya əsaslanır: yaxın onillikdə yeni tipli əməyə
keçidlə əlaqədar ayrı-ayrı ixtisaslar üzrə
bilik-bacarıqlar artıq öz əhəmiyyətini itirəcək
və onların yerini “XXI əsrin ümumi səriştələri”
- koqnitiv, sosial-emosional və rəqəmsal səriştələr
tutacaq.
Qeyd edək
ki, Azərbaycan Prezidenti tərəfindən 2013-cü ildə
təsdiq olunmuş
“Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”
ölkəmizin təhsilində əhəmiyyətli dərəcədə
köklü dəyişikliklər üçün geniş
yol açmışdır. Xüsusilə də
“Səriştəyə əsaslanan şəxsiyyətyönlü
təhsil məzmununun yaradılması” üçün.
Əlbəttə, mətbuat səhifələrində,
televiziya və radioda, Təhsil Nazirliyinin keçirdiyi
yığıncaqlarda daim “səriştə, səriştəlilik,
səriştə əsaslı təhsil” və buna uyğun
ifadələrə tez-tez rast gəlinir. Danılmaz
faktdır ki, son zamanlar səriştə əsaslı təhsil
sahəsində müəyyən canlanma müşahidə
olunur. Bununla yanaşı, nə qədər
acı olsa da, böyük təəssüf hissi ilə qeyd
etməliyəm ki, biz hələ də əsasən sovetlər
dövründən miras qalmış təhsilin təkmilləşdirilməsi
ilə məşğuluq. Belə rəyin söylənilməsinə
2 sənədli əsasım var:
* “Azərbaycan
Respublikasında ümumi təhsilin dövlət
standartları”nın layihəsi;
* “Ümumi təhsil haqqında” Qanunun layihəsi.
Yuxarıdakı
başlığa uyğun olaraq, bu məqalədə
hazırlanan qanun layihəsində
səriştə əsaslı təhsilin qanunvericilik bazası
haqqında danışacağıq. İlk növbədə təəccübümüzü
bildirək: “Səriştə” termininə qanunun “Əsas
anlayışlar”
maddəsində yer tapılmayıb! Məlumat üçün: Təhsil
Strategiyasında “səriştə” ifadəsi 22 dəfə səsləndirildiyi
halda qanun layihəsində bu anlayışdan cəmi 2 dəfə
istifadə olunmuşdur:
“Maddə 4. Ümumi təhsil sahəsində dövlətin vəzifələri
... 4.0.3.
Ümumi təhsilə dair normativ-hüquqi aktlar qəbul etmək,
bu sahənin inkişafı üzrə səriştələrə
əsaslanan, nəticəyönlü dövlət təhsil
standartlarını ... təsdiq etmək və icrasına nəzarəti
həyata keçirmək;
Maddə 12. Ümumi təhsil müəssisəsi
... 12.3. Ümumi təhsil müəssisəsi bu Qanunla müəyyən
olunmuş ümumi təhsil sahəsi üzrə məqsədlərin
əlçatan, səriştələrin inkişafı və
fasiləsiz təhsili həyata keçirir”.
Sözsüz ki, hər iki dəfə “səriştə”
ifadəsi yerli-yerində istifadə olunmuşdur. Bir şərtlə
ki, 12.3. maddəsi ciddi redaktə
olunaraq Azərbaycan dilində yazılsın və “fasiləsiz
təhsil” ifadəsi icbari 9 illik təhsilə aid edilsin. Ümumtəhsil məktəbi fasiləsiz təhsilin
bir mərhələsini həyata keçirir, şagirdləri
fasiləsiz təhsil almağa hazırlaşdırır,
onlara öyrənməyi öyrənmək səriştələrini
aşılayır. 11 illik təhsil isə
icbari xarakter daşımır.
Hörmətli
opponentlərin rəyini əvvəlcədən təxmin edərək
bildirim ki, Qanun layihəsində 8 dəfə “bacarıq”, 6 dəfə
“bilik və bacarıq”, 9 dəfə “bilik, bacarıq və vərdiş”
- cəmi 23 belə ifadə işlənilmişdir.
Və - nə?..
Bu fikirdə
israrlıyam ki, konseptual baxımdan sovetlərdən miras
qalmış yuxarıda göstərilən yanaşma
ümumi təhsilimizi nəinki irəliyə aparmayacaq, əksinə,
onun inkişafını xeyli ləngidəcək! Əminliklə
deyirəm: “Ümumi təhsil haqqında” Qanun məhz şəxsiyyətyönlü
və səriştə əsaslı ümumi təhsilin bərqərar
olmasına xidmət etməlidir!
Əvvəlcə 2000-ci ilin avqustunda Təhsil Nazirliyinə
təqdim etdiyim “Təhsilin keyfiyyətinə nəzarətin,
monitorinq və qiymətləndirmənin təşkili və tətbiqinin
bəzi konseptual məsələləri” sənədinə
istinad edim. Həmin sənədin 5A. “Təhsilalanların
kompetensiyaları” bölməsindən:
“5.1.
Kompetensiya (səriştəlilik) təlim vasitəsi ilə əldə
olunan və bilik, bacarıq, dəyər və meyillərə,
habelə təcrübəyə əsaslanan ümumi qabiliyyətdir...
Kompetensiyanı nə biliklərə, nə də
bacarıqlara aid etmək düzgün olmazdı. Bacarıq fəaliyyətə daha yaxşı
hazırlığın, yaxud spesifik şəraitdə fəaliyyət
göstərmə imkanlarının təzahürüdür.
Kompetensiya isə fəaliyyətin səciyyəvi xüsusiyyətlərinin
təsviridir...
5.2. ... bu
gün pedaqoji prosesin təşkilinə yanaşma tərzi
kökündən dəyişmiş, bu sahədə ciddi
dönuş yaranmışdır... Tədris
planının formalaşdırılmasında və tədris
proqramlarının məzmununun müəyyənləşdirilməsində
kompetensiyaların əsas amil kimi qəbul edilməsi... ən
aktual problemlərdən biridir”.
Haşiyə. 2000-ci ildə düşünürdüm
ki, “kompetensiya” termini sənədin məqsədlərinə
tam cavab verir. Dövlət Təhsil
Strategiyasını hazırladığımız dövrdə
dilçi mütəxəssislərlə məsləhətləşdik
və Azərbaycan dili üçün “səriştə”
termininin daha münasib olduğu qənaətinə gəldik.
2011-ci ildən başlayaraq həmişə “səriştə”
terminindən istifadə edirəm. Əfsuslar olsun ki,
müxtəlif yazı və çıxışlarda
“kompetensiya” və “səriştə” ifadələrinə fərqli məna daşıyan
anlayışlar kimi yanaşılır.
Bir daha və
çox qısa
1) səriştə və 2) bilik-bacarıq-vərdişlər
haqqında. İlk növbədə xüsusi
vurğulamaq istərdim ki, həmin anlayışlar bir-birini
inkar etmir və bir-birinə qarşı çıxmır.
Bununla belə, birincisi daha geniş məna
daşıyır.
Sözsüz ki, səriştə əsaslı təhsil
haqqında daha ətraflı danışılmalıdır,
lakin bu, başqa söhbətin mövzusudur. Məqaləmin
məqsədi “Ümumi təhsil haqqında” Qanunun məhz “səriştəyə
əsaslanan şəxsiyyətyönlü təhsil”
strategiyasına cavab verən formatda hazırlanmasının
vacibliyini müvafiq qurumlara çatdırmaqdır.
Əminliklə deyirəm: Dövlət Təhsil
Strategiyasında əks olunmuş bu konseptual yanaşma Qanunun bir çox maddələrində
açıqlanmalı, onun “qırmızı xətt”ini təşkil
etməlidir.
Əvvəlki
məqaləmdə (“Azərbaycan müəllimi”, 19.04. 2019)
qeyd etdiyim kimi, “Ümumi təhsil haqqında” Qanunun layihəsinə
dair 100-dən artıq rəy və təklifim var. İki məqalədə
onların yalnız ikisinə şərh verə bildim, halbuki
prinsipial mahiyyət daşıyan 10-dan çox digər problem
də var: ümumi təhsilin minimal standartları (maddə 5),
təhsil proqramları (maddə 9), məzmuna verilən
ümumi tələblər (maddə 10), ümumi təhsilin təşkili
(maddə 13), ümumi təhsil müəssisəsinin idarə
olunması (maddə 20), pedaqoji fəaliyyətlə məşğul
olma (maddə 27), sahibkarlıq və innovasiva fəaliyyəti
(maddə 31) və s.
Yekun əvəzi
Bir vacib qanunvericilik məsələsinə xüsusi
toxunmaq istərdim. 2009-cu ildə dəfələrlə
deyilirdi ki, “Təhsil haqqında” Qanun çərçivə
qanunudur və sonradan təhsil səviyyələri üzrə
sahə qanunları da qəbul olunacaq. O vaxt “525-ci qəzet”də
(21.02. 2009) dərc etdirdiyim “İstəklərimizə
çatacağıqmı?” məqaləsindən bir
parça: “Belə
düşünürəm ki, çərçivə
xarakteri daşıyan qanun mətninin qısaldılması və
burada ilk növbədə mahiyyətcə bütövlükdə
təhsil sisteminə aid olan ümumi məsələlərin
verilməsi daha düzgün olardı. Əks
halda sahə qanunları hazırlanarkən, çox güman
ki, çərçivə qanununun 70-80 faizi onların hər
birinə daxil ediləcək”.
Qüvvədə
olan “Təhsil haqqında” Qanunun və müzakirə etdiyimiz
“Ümumi təhsil haqqında” Qanun layihəsinin fəsil və
maddələrini müqayisə etdim: cüzi redaktə
xarakterli düzəlişləri çıxmaqla (“Təhsil”
sözündən əvvəl “Ümumi” sözünün
yazılması, bəzi maddələrin bir fəsildən digərinə
keçirilməsi, onların adlarının birləşdirilməsi
və s.), demək olar ki, yeni layihə əsasən qüvvədə
olan qanun müddəalarının ümumi təhsilə
adaptasiya olunmuş təkrarıdır. Belə
olduğu halda “Ümumi təhsil haqqında” Qanuna nə
lüzum? Uyğunlaşdırmanı
müvafiq hüquqi normativ sənədlərdə də
asanlıqla həyata keçirmək olardı.
Doğrusu, nə qədər çalışsam da,
internet mənbələrindən çərçivə
qanununun sahə qanunundan konseptual fərqi barədə
tutarlı məlumat əldə edə bilmədim. Yaxşı
olardı ki, mütəxəssislər tərəfindən mətbuatda,
yaxud Milli Məclisin saytında bu barədə bir
açıqlama veriləydi.
Bundan
asılı olmayaraq, qəti əminəm ki, “Ümumi təhsil
haqqında” Qanunun layihəsi yenidən işlənilməlidir!
İlk növbədə isə onun konseptual əsasları
müəyyənləşdirilməlidir!
Asif CAHANGİROV,
Əməkdar müəllim
Azərbaycan müəllimi.- 2019.-
24 may.- S.11.