Bahalı təhsil

 

Keyfiyyət, yoxsa sosial bərabərsizlik?

 

Ən nüfuzlu ali məktəblərin beynəlxalq təsnifatında ABŞ universitetlərinin dominantlıq etdiyi dövrdə yaşayırıq. Maliyyə nöqteyi-nəzərdən baxsaq, Amerika iqtisadiyyatı ölkələr arasında ən irisidir, ancaq onu da bilməmiş deyilik ki, dünya ÜDM-nin cəmi dörddəbiri ABŞ-ın payına düşür. İqtisadiyyatla təhsil arasındakı münasibətlərə nəzər yetirsək görərik ki, ilk “yüzlük”də olan ali məktəblərin tən yarısı Amerika universitetləridir. Tez-tez belə bir deyimə rast gəlirik: heç də ən yaxşı ən bahalı olan deyil. Heç belə bir halla rastlaşmamısınız: aptekdə satılan ən ucuz dərman bəzən ən effektli olur? Görünür, bu yanaşmanın ali təhsilə heç bir dəxli yoxdur, yaxud böyük ölçüdə dəxli yoxdur - dünyanın ən nüfuzlu universitetləri həqiqətən də ən bahalı olanlarıdır və onların böyük əksəriyyəti ABŞ-da fəaliyyət göstərir.

 

Ən bahalılar

 

Hansı reytinqə nəzər yetirsəniz, görəcəksiniz ki, siyahıdakı ali məktəblərin azı yarısı ABŞ mənşəlidir. İstər nüfuzuna görə, istər qiymətinə. Mövzumuz bahalı təhsil haqqı olduğundan, reytinq cədvəlinə bu prizmadan nəzər yetirək və görək ABŞ-ın ən çox maddi vəsait tələb edən ali təhsil ocaqları hansılardır.

Çikaqo yaxınlığında fəaliyyət göstərən Şimal-Qərb Universitetində (Northwestern University) illik təhsil haqqı təqribən 58 min dollardır. Nyu-York Universitetində də qiymət təqribən eynidir. Bu universitet vaxtilə adi nüfuzlu məktəb olub. Ancaq təqribən 3 milyard dollarlıq ianə hesabına ali məktəb dünyada ən nüfuzlularından birinə çevrilib. 1841-ci ildə yaradılmış, Manhetten və Bronksda korpusları olan Fordham Universiteti (58 min dollar) tək təmirə 8-10 milyon dollar vəsait xərcləyir. Dünyanın 110 ölkəsindən tələbəsi olan Vaşinqton Universitetində (58 min dollar) 200-ə yaxın təşkilat tələbə ittifaqı (illik büdcəsi 2 milyon dollardır) tərəfindən maliyyələşdirilir. 1754-cü ildə yaradılan Kolumbiya Universitetində də təhsil haqqı 59 min dollar civarındadır. Çikaqo Universiteti (59 min dollar) 250 binada yerləşir. Tək kitabxananın tikintisi 81 milyon dollara başa gəlib. İllik təhsil haqqı 57 min dollar həddində olan Con Hopkins Universiteti son 30 ildə tibb və mühəndislik sahəsindəki araşdırmalara ən çox pul ayıran elm-təhsil ocağıdır. ABŞ-ın ən bahalı ali məktəb kimi tanınan Sara Lourens Kollecində oxumaq bir ilə 61 min dollardan baha başa gəlir. Adı kollec olaraq təsnifatlansa da, ABŞ-ın ən nüfuzlu ali məktəblərindən biridir. 1926-cı ildə iri daşınmaz əmlak sahibi olan Uilyam Van Düzer Lourens tərəfindən açılıb və təhsil ocağına onun həyat yoldaşının adı verilib. Özəlliyi bundan ibarətdir ki, hər bir tələbəyə hədsiz dərəcədə fərdi yanaşma tətbiq olunur. Manhettenin 24 km-də yerləşən ali məktəbdə əsasən humanitar yönümlü təhsil verilir. Bahalı olduğu qədər də əlçatmazdır - bu ali məktəbə daxil olmaq çox çətindir. Hər müəllimə 9 tələbə düşür. Təhsil cənnəti!

 

Sosial lift

 

ABŞ-ın ali təhsil sistemi ona texniki tərəqqiyə nəzarət etməklə rəqibləri üzərində iqtisadi və hərbi üstünlüyünü saxlamağa imkan verir. Son illərdə ölkədə “super varlılar” təbəqəsinin peyda olması bu əlahiddəliliyi daha da möhkəmləndirir. ABŞ-da təhsil tək pullu və bahalı deyil, həm də bir çox hallarda sinfi xarakter daşıyır. İddia olunur ki, ölkənin ən güclü özəl universitetləri sıralarına istisnasız olaraq ən layiqliləri qəbul edirlər. Heç bir maliyyə amili və ailə vəziyyətinə baxmayaraq. Bununla belə, həmin o “ən yaxşılar”ın arasında nədənsə ali məktəblərin fondlarına iri məbləğdə ianələr köçürənlərin övladları və nəvələri, habelə vaxtilə məzun olmuşların uşaqları çoxluq təşkil edir. Qəbul komissiyasını bu ailələrdən olan gənclərin həmin ali məktəbdə oxumağa layiq olduqlarına “inandırmaq” çətin problem deyil. Düzdür, komissiyalar hər il harmonik, tarazlı və rəngarəng tələbə kollektivinin formalaşdırılmasına da çalışırlar. Bu səbəbdən hər bir universitetdə, hətta ən eksklüziv xarakterlisində belə, kasıb ailələrdən olan istedadlı tələbələrə, etnik və irqi azlıqların nümayəndələrinə, birinci nəsil emiqrantların övladlarına da yer “tapılır”.

Özəl universitet və kolleclər ABŞ təhsil sisteminin yalnız bir hissəsidir. Ölkədə 2500-dən çox universitet var ki, məzunlarına bakalavr dərəcəsi verir. Onlardan təqribən 600-dən çoxu ştatların büdcələrindən qidalanan dövlət ali məktəbləridir. Bu universitetlər ştatların oxumaq istəyən sakinlərinə böyük endirimlər edirlər. Belə ali məktəblərdə oxumaq bəzən nüfuzlu təhsil ocaqlarına gedib-gəlməkdən iki dəfə ucuz başa gəlir. “İvy league” adlanan nüfuzlu universitetlər qrupunun təmsilçilərində təhsil almaq ildə təqribən 50 min dollara başa gəlir. Adi ştat universitetində isə 20 min dollara. Bu fərqdən çıxış edərək “ucuz”larda təhsilin səviyyəsinin aşağı olduğunu düşünmək yanlış olardı. Məsələn, Berkli, Los-Anceles, San-Dieqo, Santa-Barbara və Deyvis universitetləri mütəmadi şəkildə dünyanın ən nüfuzlu 40 ali məktəbinin siyahısında olurlar. Massaçusets, Viskonsin, Miçiqan, Ayova, Şimali Karolina universitetləri də geri qalan deyillər. Müqayisə üçün belə bir misal gətirə bilərik: Viskonsin ştatının universitetinin məzunları arasında 13 Nobel mükafatçısı var. Miçiqan Universitetində isə 12 Nobel laureatı dərs deyib və yaxud deyir. Ştat universitetləri böyük tələbə ordusu üçün sosial lift missiyasını daşıyırlar. Arizona Universitetində 70 min tələbə təhsil alır. Minnesota, Florida, Texas və Ohayoda isə hərəsində 50 min!

 

İanələr olmasaydı

 

ABŞ öz vətəndaşlarına uğur qazanmaq üçün bərabər hüquqlar verir. Ancaq artıq uğur qazanmışlara lap çox imkan yaradılır. Son 30 ildə Amerikada uğurlu vətəndaşla karyera və biznesdə xüsusi nailiyyətə imza ata bilməyənlər arasındakı uçurum böyüyür və dərinləşir. Bu qarşıdurmanı iqtisadiyyatla yanaşı, təhsil sferasına da tətbiq edə bilərik. Bu müddət ərzində “İvy league” universitetlərində təhsil haqqı 10 dəfəyədək artıb və bahalaşmaqda davam edir. Əməkhaqqındakı artımı bu bahalaşma ilə müqayisə etməyə dəyməz. Bu gün Amerika ailəsi ildə təqribən 45-50 min dollar qazanır. Təbii ki, bu ailənin övladının ildə 55 min dollar verib Kolumbiya Universitetində oxuması mümkünsüz olmasa da, çox çətin görünür.

Qiymətlər ştat universitetlərində də artır. İlə təqribən 7-8%. Səbəb budur ki, bir qisim sürətlə varlanır, dövlət isə kasıblayır. Nəticədə dövlət universitetlərinin maliyyələşmə prosesində sıxıntılar yaranır. Federal büdcədəki kəsir ildə trilyon dollara çatır. Konqres nə edir? İlk növbədə sosial xərcləri, elm və təhsilə ayrılan vəsaiti azaldır. Ştatlar, şəhər və bələdiyyələr səviyyəsində vəziyyət daha da bərbaddır. Kaliforniya artıq neçə illərdir müflislik həddindədir. Bu səbəbdən ölkənin ən yaxşı ali məktəbi olan Kaliforniya Universitetinə maliyyə dəstəyi getdikcə azalır. 1990-cı ildə ştat tələbələrin xərclərinin təqribən 79%-ni ödəyirdi. Hazırda 35-40%. 30 il əvvəl ştatın büdcəsinin 5%-i universitetlərə yönəldilirdi. İndi isə göstərici 3%-dən aşağı düşüb.

Xoşbəxtlikdən Amerikada universitetlər maliyyə baxımından tək dövlətdən asılı deyillər.

Yoxsa vəziyyət həqiqətən də kritik olardı. ABŞ ali məktəblərinin məzunlar və onların ailələri, müxtəlif fondlardan ianə almaları normal haldır. Elə gəlirlərin də əsas qismi buradandır. Ali məktəblərin bəziləri xeyriyyəçiliklə məşğul olan şəxslər tərəfindən yaradılıb. Onlar mütəmadi olaraq məzunlara məktublar yazıb yardım istəyirlər. Məzunlardan 100-150 dollar verən də olur, milyonlar köçürənlər də.

Son zamanlar belə donorların sayı artıb. Yüksək texnologiyaların inkişafı və biznesin çiçəklənməsi məzun iş və elm adamlarının varlanmasına şərait yaradır. Bu isə məntiqi olaraq özünü onların ianələrinin məbləğində büruzə verir. Məsələn, Nyu-Yorkun keçmiş meri Mayk Blumberq Baltimordakı Con Hopkins Universitetinə 800 milyon dollar yardım edib. Blumberq iri donor sayılsa da, ən irisi və varlısı deyil. Universitet kampuslarında tikilən yataqxana, laboratoriya, xəstəxana və idman qurğularını əsas etibarilə məzunların yardımları hesabına ərsəyə gətirmək mümkün olur.

“İvy league”nin 8 üzvündən ən zəifi olan Kornel Universiteti Bill və Melinda Qeytsdən 25 milyon dollar həcmində ianə alıb. Vəsait müasir kibernetika və informatika mərkəzinin tikintisinə sərf olunub. Mərkəz Qeytslərin adını daşıyır. Universitetin digər məzunu Çarlz Fini isə vaxtilə oxuduğu təhsil ocağına 360 milyon dollar bağışlayıb. İstəyi budur ki, Kornel Nyu-Yorkda yeni silikon vadisinin tikintisində lokomotiv olsun.

Bu gün Amerikada universitetlərin çiçəklənməsinin yeganə səbəbi artan ianələrdir. Maliyyə ehtiyatları heç vaxt olmadığı qədər çoxdur. Harvard Universitetinin fondu bir ilə 4,4 milyard dollar artmaqla 32 milyarda çatıb. Pristonun ehtiyatları 17 milyard təşkil edir. Ali məktəb fonddakı pulları “tərpədə” bilməz.

Xərclənən həmin vəsaitdən gələn faizlərdir. Faiz də nə faiz: hətta ən bahalı ali məktəbin belə tələbəsinə ayırdığı təqaüd dövlətin verdiyindən qat-qat çoxdur.

 

Vergilər yüksək, təhsil haqqı ucuz

 

Amerika universitetlərində təhsil haqqı ölkədən kənarda da bahadır. Məsələn, Amerika Şarja Universiteti (BƏƏ) dünyada bu qəbildən ən bahalı ali məktəb hesab olunur. 1991-ci ildə yaradılan universitet Fars körfəzinin qloballaşma simvoludur. Paris Amerika Universitetində təhsil almağın bir ili 35 min dollara başa gəlir. Yeri gəlmişkən, qiymətlərlə bağlı Avropada vəziyyət necədir? Qərbi Avropada universitetlər dövlətdən ciddi məbləğdə subsidiyalar əldə edirlər və bu səbəbdən aşağı təhsil haqqı Amerikadakı vəziyyətlə müqayisədə gülüş doğura bilər. Hətta Kembric və Oksfordda belə, təhsil haqqı təqribən 6-7 min dollar həddindədir. “U.S. Government Accountability Office”nin məlumatına görə, İspaniyada söhbət təqribən 800-1000 dollardan gedir. Bu yerdə belə bir amili də unutmamaq lazımdır ki, Avropada vətəndaşlar ABŞ-la müqayisədə daha böyük məbləğdə vergi ödəyicisidirlər.

Bir çox postkommunist ölkələrində, Şərqi Avropa və Afrikada hökumətlər ikitərəfli təhsil haqqı siyasəti yürüdürlər. Siyasətin qısa məğzi bundan ibarətdir: ən yaxşı tələbələr pulsuz oxuyur, onlardan zəiflər isə təhsil haqqı ödəyir. Elə ölkələr var ki, güclü tələbə hərəkatlarının sol siyasi təşkilatlarla mövcud və ya mümkün alyansı hökumətlərin qorxulu yuxusuna çevrilir. Yaponiyada tələbələr üçün ən yaxşı proqramları dövlət universitetləri təklif edirlər. Belə ali məktəblərdə illik təhsil haqqı 7-8 min dollardır. Ancaq bahalı özəl təhsil ocaqları da var. Məsələn, 1874-cü ildə metodist-missionerlər tərəfindən yaradılmış Aoyama Qakuin Universitetində təhsil haqqı 11-16 min dollar təşkil edə bilər.

Bahalı təhsilin Qərb versiyası keyfiyyət göstəricisidir, yoxsa sosial bərabərsizlik? Çətin sualdır. Adları çəkilən və çəkilməyən yüzlərlə bahalı ali məktəblərdə şübhəsiz ki, olduqca güclü təhsil verilir. Ancaq belə ali məktəblərdə imkansız ailələrin təmsilçiləri çox azdır, barmaqla sayılacaq kasıb tələbələr bu universitetlərə hansısa limit, proqram və ya olduqca güclü savad hesabına düşürlər. Aşağı imkanlı ailələrdən savadlı gəncin çıxması isə olduqca çətin prosesdir, çünki bu yanaşma ali məktəblərdə olduğu kimi, ilkin və orta təhsil verən müəssisələrdə də mövcuddur. Ancaq nə etmək olar? Həyat belə qurulub. Sadəcə biznes...

 

Rüstəm QARAXANLI

 

Azərbaycan müəllimi.- 2019.- 24 may.- S.1; 16.