Məktəbli fəlsəfəsi
İnkişaf etmiş ölkələrin orta məktəblərində
“məktəbli fəlsəfəsi” tədris olunur. Bu barədə
diskussiyalar indi də davam edir. Fəlsəfənin bilik və
elm sahəsi kimi gündəmə gətirilməsi ali məktəb tələbələri ilə
yanaşı, orta məktəblərin yuxarı sinif
şagirdləri üçün də aktuallıq kəsb
edir.
Bir dəfə yunan filosofu Pifaqordan soruşurlar ki, o,
müdrikdirmi?
Pifaqor belə cavab verir: “Mən müdrik deyiləm, filosofam”.
Yəni müdrikliyi (sophia) sevirəm
(phileo).
Fəlsəfə - yunan sözüdür və Azərbaycan
dilində “müdrikliyə məhəbbət” deməkdir. Bu, eyni zamanda,
həm qədim, həm də cavan elmlərdən biridir,
çünki mütəfəkkirlərin irəli
sürdükləri ideyalar heç vaxt qocalmır. Biliklər qocala bilər, lakin müdriklik, dünyaya
təəccüblə baxmaq, heç kimin görə bilmədiyi
şəkildə görmək bacarığı,
özünün, bəşər cəmiyyətinin, tarixin mənasını
dərk etməkdir. Bütün bunlar fəlsəfə
deməkdir.
Fəlsəfənin öyrənilməsi bizə dərk
olunmuş həyat, xeyir və şər haqqında müdrik
məsləhətləri bilmək, özünün cəmiyyətdə
yerini, vəzifəsini və insanın kainatda yerini dərk etmək,
tale, xoşbəxtlik kimi fenomenlərə münasibətlərini
işləyib hazırlamaq imkanı verir. Nə fizika, nə biologiya,
nə də dilçilik belə məsləhətlər
verir: bu elmlərin öyrənilməsi nəticəsində
insan mütəxəssis kimi formalaşır, fəlsəfəni
bilmək isə insanı daha ağıllı edə bilər.
Ağıllı olmaq öz həyatından
düzgün istifadə etmək, öz əməllərinin nəticələrini
öncədən görmək, xoşbəxt olmaq, həyatda
səhvsiz yaşamaq deməkdir. Görünür,
orta məktəblərdə fəlsəfəni tədris edən
Avropa ölkələri heç də yanılmayıb.
İnsanın mənəvi həyatı elm, din, incəsənət
və fəlsəfəyə söykənir. Cəmiyyəti
elmsiz və incəsənətsiz təsəvvür etmək
mümkün olmadığı kimi fəlsəfəsiz də
təsəvvür etmək olmaz. Filosoflar, yəni
insanın, cəmiyyətin, bütövlükdə
dünyanın mövcudluğunun son səbəblərini
axtaran, bəşər cəmiyyətinin haraya istiqamətləndiyini,
tarixdə tərəqqinin olub-olmamasını, yaxud idrakın
kainatda daim mövcud olacağını: kainatın
özünün nə olduğunu, insanın zamanda və məkanda,
onun sonsuzluğunu və qanunlarını necə dərk
olunmasını öyrədən -insanlar olmasa, cəmiyyət
qeyri-mümkündür. Kainatın mənşəyinin
və inkişafının qanunlarını öyrənən
fizik, həyatın necə meydana gəldiyini və
canlının cansızdan nə ilə fərqləndiyini
başa düşmək istəyən bioloq, bəşər
dillərinin qohumluğunu və bizim dillə danışmağımız
yox, dilin bizim vasitəmizlə danışması qənaətinə
gələn dilçi fəlsəfi düşüncə tərzinə
malik olmalıdır.
Fəlsəfə
insana deyir: düşün, nə üçün
yaşadığını, nəyə görə dünyaya
gəldiyini, müsibətlərinin, bədbəxtliklərinin
səbəblərini, onlardan ötrü cəmiyyətin, yaxud
özünün günahkar olduğunu başa düşməyə
cəhd et; hamıdan yaxşı sənin özünün həyata
keçirə biləcəyin işi axtar; nifrətə və
qəzəbə yol vermə, məhəbbətlə yaşa
və necə olursa-olsun yaxşılıq etməyə
çalış; qoy qeyri-kamilliyin sənə əziyyət
versin; özünə səmimi şəkildə
baxmağı bacar, axı məziyyətlərinin və yaxşı cəhətlərinin
böyük hissəsini özün uydurmusan,
yaxşılıq etməyi bacar: bunun özü də bir sənətdir.
Beləliklə, fəlsəfə insana insan
olmağı, dünyanı dərk etmək, insanların
arasında yaşamaq, ölümdən qorxmamaq və cəsarətlə
öz taleyinə baxmaq sənətini öyrədir. Biz fəlsəfəni
öyrənərək, ola bilsin ki, ən
vacib sənəti öyrənirik.
İnsanın kamilləşməsi missiyyasını təkcə
fəlsəfə üzərinə götürməyib;
bununla ədəbiyyat, təsviri incəsənət, musiqi,
insanı tərbiyələndirən və onun xasiyyətinə
yumşaqlıq gətirən din də məşğul olur. Onlardan fərqli
olaraq fəlsəfə təbiətin və cəmiyyətin dərk
olunması metodlarını tapmağa, bəşəriyyətin
mənəvi təcrübəsini ümumiləşdirməyə
və onların bəzi qanunauyğunluqlarını üzə
çıxarmağa çalışır. Bununla yanaşı, fəlsəfə
özünü anlayış və kateqoriyalar sistemi vasitəsilə
ifadə etməyə çalışır ki,
bu baxımdan o, fizika və kimya kimi konkret elmlərə
bənzəyir. Bu da çox vaxt fəlsəfəni
elm adlandırmağa əsas yaradır. Lakin əgər
elmdən danışarkən ciddi və dəqiq, məntiqi cəhətdən
bir-birilə bağlı və təcrübədə
yoxlanıla bilən anlayışları və qanunları nəzərdə tuturuqsa, fəlsəfə,
əlbəttə, biliyin tamamilə xüsusi sahəsidir. Fəlsəfi
müddəaların çoxu təcrübə yolu ilə
sübut olunmur və təcrübənin nəticəsi deyil:
təcrübə yolu ilə həyatın və şüurun
inkişaf edən təbiətdən doğulduğunu,
Allahın dünyanın əsası olduğunu, insan
azadlığının zəruriyyət kimi insan təbiətindən
meydana gəldiyini sübut etmək olmaz.
Yunan filosofu Platon fəlsəfəni tamın, ümuminin
dərk edilməsi kimi başa düşürdü. Aristotel isə
fəlsəfəni biliklərin universal sistemi hesab edir,
bütün yerdə qalan elmləri onun hissələri
adlandırırdı.
Alman filosofu, həyat fəlsəfəsinin görkəmli
nümayəndəsi A.Şopenhauer hesab edir ki, fəlsəfə
sənətlə elm arasında orta mövqe tutur, daha dəqiq
desək, onları birləşdirir.
İngilis riyaziyyatçısı və filosofu, ədəbiyyat
üzrə Nobel mükafatı laureatı Bertran Rassel isə fəlsəfəni
elmlə din arasında yerləşən sahə, yəni dəqiq
biliklərlə dini biliklər arasında vasitəçi
hesab edirdi.
Əgər fəlsəfə elm olmağa cəhd
göstərir, elmi təqlid edir, elmi ifadələr və
anlayışlarla silahlanırsa, deməli, elmi biliklərin
daşıyıcısıdır. Lakin fəlsəfədə biliklər
azdır: biz bu və ya digər filosofun həyat yolu ilə tanış oluruq. Antik və orta
əsrlər mütəfəkkirlərinin öz
ideyalarını ifadə etməyə cəhd göstərdikləri
əsas anlayışlar və kateqoriyaları bilirik. Fəlsəfə sirr daşıyıcısı
olduğuna görə sənətdir.
Sirr dərk oluna bilməyən, lakin yaşanan nəsnədir. Beynimizdə nə
qədər hüceyrə olduğunu, orada hansı proseslərin
getdiyini bilirik, ancaq başımıza fikrin hardan gəldiyini
bilmirik. Bu, sirdir. Əgər
bunu bilsəydik, hamımız dahi olardıq. Ən böyük sirr insanın özüdür və
onun bütün həyatı onun nə olduğunu üzə
çıxarmaq prosesidir. Bu
aydınlaşdırma prosesində fəlsəfənin rolu
danılmazdır.
Bir zamanlar bütün elmlər fəlsəfənin tərkibində
idi. Əslində, heç bir elm yox idi, yalnız fəlsəfə
vardı və ilk filosofları müdriklər
adlandırırdılar. Öz zəmanələri
üçün onlar riyaziyyat, fizika, astronomiya sahələrində
xeyli biliyə malik idilər, o cümlədən, fəlsəfə
ilə də məşğul olurdular. Konkret
biliklər artdıqca onları bir başda saxlamaq
qeyri-mümkün oldu. Və elmlər fəlsəfədən
ayrılmağa başladılar. Fizika və
riyaziyyat, həmçinin həndəsə ilk müstəqil
elmlər oldu. Yeni dövrdə biologiya və
kimya müstəqil elmlər kimi meydana gəldi. Bu proses
XX əsrə qədər davam etmişdir. Fizikin,
yaxud bioloqun diplomunda “Fəlsəfə doktoru” sözləri
yazılır, halbuki onların artıq fəlsəfə ilə
heç bir əlaqəsi yoxdur.
Digər tərəfdən, bu, həmin
elmlərin uzun illər fəlsəfənin tərkibində
olmasını xatırlatmaqdır.
Əgər bütün elmlər fəlsəfədən
ayrılıbsa, onda fəlsəfənin payına nə
qalmışdır? Onun payına əbədi, ilk növbədə
onların başlıcası - “insan nədir”, “onun
mövcudluğunun mənası nədir” sualları
düşür. Bu
suallarla müqayisədə bütün elmi, texniki və
sosial nailiyyət
və ixtiralar uşaq oyuncaqlarıdır.
“Özünü dərk et” bütün fəlsəfənin
əsas çağırışıdır.
Lakin özünü dərk etmək heç də
orqanizmimizdə fermentlərin sayı və yaxud baş-beyin
nahiyəsində nə qədər neyron olduğunu bilmək
demək deyil.
Özünü dərk etmək nə fermentlərə,
nə neyronlara, nə bizim fiziologiyamıza, nə də bizim
psixologiyamıza müncər oluna bilən əsl təbiətimizi
üzə çıxarmaqdır. Əsl
insan təbiəti fövqəlinsanın təbiətidir.
Bütün dinlər də belə bir müddəadan
çıxış edərək göstərir ki, insan
Allaha yaxınlaşdıqca daha çox insan olur, heyvana
yaxınlaşdıqca insanlığını itirir.
Antik mütəfəkkirlər hesab edirlər ki, fəlsəfə
təəccübdən başlayıb. Bizim bir çox keyfiyyətlərimiz
- vicdanımız, ağlımız, sevgimiz,
yaxşılığımız, azadlığımız nə bizim biologiyamıza, nə
fizionomiyamıza, nə də psixologiyamıza müncər
oluna bilər. Yəni onlar nə maddi
baxımdan, nə də təbii şəkildə şərtləniblər.
Məhəbbət üçün təbii səbəblər
mövcud deyil - mən sevirəm, çünki sevməyə
bilmərəm: xeyirxah əməllər üçün təbii
səbəblər mövcud deyil, mən onlara qol qoyuram,
çünki mən xeyirxaham. Lakin pis niyyətli,
fitnəkar əməllər üçün səbəblər
mövcuddur (mən oğurladım, ona görə ki, ac idim, həyatımı
xilas etmək üçün öldürdüm və s.).
Bu nöqteyi-nəzərdən bizi insana çevirən əsl
bəşəri keyfiyyətlər (xeyirxahlıq, vicdan, məhəbbət
və s.) mövcuddur. Onlar ölçmək, toxunmaq, təcrübədən
keçirilməsi qeyri-mümkün olan duman kimidir. Onlar fiziki, yaxud fizioloji proseslər deyil, lakin əgər
bu bəşəri keyfiyyətlər mövcud deyilsə,
insanın özü də yoxdur. Bu mənada
fəlsəfə insanı fövqəltəbii məxluq kimi
öyrənir. Lakin buna heç bir dini məna
şamil etmir.
Etibar ƏLİYEV,
“XXI əsr Təhsil Mərkəzi”
İctimai Birliyinin
sədri, fəlsəfə üzrə fəlsəfə doktoru
Azərbaycan müəllimi.- 2019.- 31 may.- S.11.