2019-2020-ci dərs ilinin əvvəlində keçiriləcək

sentyabr konfranslarına aid tövsiyələr

 

XXI əsrin “Təhsil əsri” olması cəmiyyətin bütün sahələri ilə yanaşı, bilavasitə təhsilə daha çox diqqət yetirilməsi, müasir dünyamızın qlobal problemi kimi onu bütün fəaliyyətlərin fövqünə qaldırılması ilə nəticələndi. İnsanlığın formalaşması üçün əsas əlamətlərdən biri sayılan təhsil indiki zamanda önəmli olmaqla daha qüdrətli cəmiyyət hadisəsinə çevrildi. Dünyanın, o cümlədən ölkəmizin təhsil həyatında keçirilən islahatlar, baş verən dəyişikliklər məhz bu zərurətdən yarandı. Artıq neçə illərdir ki, ölkəmizin təhsil məkanında həyata keçirilən islahatlar ulu öndər Heydər Əliyevin söylədiyi bu fikirlərdən qaynaqlanmışdır: “Mən belə anlayıram ki, indi bizdə təhsil sistemində islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın”. Ardıcıl və sistemli şəkildə həyata keçirilən islahat tədbirlərində təhsilin müxtəlif pillə və səviyyələri nəzərə alınmışdır. Müstəqil Azərbaycanın təhsil siyasətinə uyğun olaraq onun dünya təhsil sisteminə inteqrasiya edilməsi zəruri şərt kimi diqqət mərkəzində saxlanılmışdır. Burada əsas məsələlərdən biri təhsildə inkişafetdirici amilin nəzərə alınması və şəxsiyyətin formalaşdırılmasının ön planda saxlanılmasıdır. Məlum olduğu kimi, təhsilşünaslarımızın bəziləri çox düzgün olaraq Azərbaycan təhsilinin məhz şəxsiyyətyönümlü  xarakterini humanistləşdirmə müstəvisində şərh etməklə həmin məsələlərin əlaqəli olmasını qeyd edirlər. Eyni zamanda, təhsilin səriştəyönlü mahiyyətindən danışırlar. Əslində bu, ölkəmizin təhsil siyasətində də prioritet məsələ kimi daim izlənməkdədir. Odur ki, ilkin olaraq bu məsələlər ətrafında müzakirə açmaq məqsədəmüvafiq hesab edilir. Eyni zamanda,  təhsil qanunvericiliyinin əsaslı şəkildə yeniləşdirilməsindən, ümumi təhsilin istər məzmun, istər texnologiya və istərsə də idarəetmə sahələrindən, humanistləşdirmə prinsipinə uyğun əldə olunmuş nailiyyətlərdən, eləcə də çatışmazlıqlardan danışmaq, faydalı təkliflər vermək təklif olunur.

 

Ötən dərs ilinin bəzi nəticələri

 

Sentyabr konfranslarında aşağıdakı görülmüş işləri sadalamaq əhəmiyyətli hesab edilir.

Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir; Azərbaycan müəllimlərinin XV qurultayı keçirilmişdir; 5 yaşlı uşaqların məktəbəqədər təhsil ilə əhatəlilik genişləndirilərək 75%-ə çatdırılmışdır; 2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə həm məktəbəhazırlıq qruplarına, həm də I sinfə şagird qəbulunun əhatə dairəsi genişləndirilmişdir; Respublika Fənn Olimpiadalarına təxminən 33.000 nəfər müraciət etmişdir; 2018-ci ildə beynəlxalq fənn olimpiadalarında 29 medal qazanılmışdır; “Təhsil haqqında” Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilmişdir; 50.000-dən çox namizəd müəllim olmaq üçün müraciət etmişdir; 16.000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçmiş, vəzifə maaşları artırılmışdır; 2018/2019-cu tədris ilində dövlət ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün 7 milyondan çox nüsxə dərslik və metodik vəsait çap edilmişdir; 2018/2019-cu tədris ilində Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuş təhsil müəssisələrinin sayı 467 məktəb artırılaraq 2.746-ya çatdırılmışdır; Ümumi təhsil sahəsində icrasına ötən illərdə başlanılan layihələr hesabat ilində də uğurla davam etdirilmişdir; Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində ümumilikdə 850 layihə təklifi qəbul edilmişdir və s.

Konfransda Azərbaycan təhsilinin inkişafında dünyanın qlobal təhsil problemindən biri kimi, inteqrasiyanın rolu və əhəmiyyəti, inteqrasiyanın mahiyyəti və məzmunu nəzərə alınmalı, geniş müzakirə obyektinə çevrilməlidir. Dünya təhsilşünaslığı kontekstində inteqrasiyanın rəsmi və qeyri-rəsmi xarakterindən, şaquli və üfiqi növlərindən, fəndaxili və fənlərarası əlaqələrdən bəhs olunmalıdır. İnteqrasiyanın fənlərin sayının və şagirdlərin təlim yükünün azaldılmasında, təlim marağının artırılmasında, idrak fəallığının yüksəldilməsində, fənlərin praktik cəhətdən əhəmiyyətliliyinin artırılmasında rolu ilə bağlı fikir mübadilələri aparılmalıdır.

Ümumiyyətlə, müasir Azərbaycan məktəbinin hansı prinsiplər əsasında inkişaf etməsini, onun əldə etdiyi nailiyyətləri müzakirə etmək, perspektivləri müəyyənləşdirmək, gələcək nailiyyətləri təsəvvür etmək baxımından əhəmiyyət daşıyır və müasir təhsil siyasətini ardıcıl davam etdirmək üçün onu aydın dərk etməyə kömək edir. Biz bəzən ümumi təhsil siyasətini, onun ümumi prinsiplərini Azərbaycan üçün xarakterik olan cəhətləri aydınlaşdırmadan, onları pedaqoji ictimaiyyətin marağına təqdim etmədən aralıq mexanizmləri öyrənməyə və ya izah etməyə can atırıq. Nəticədə həmin mexanizmlərin yaranma səbəbləri, şəraiti və onlardan istifadənin əhəmiyyəti ilə bağlı xeyli suallarla rastlaşmalı oluruq. Təbii olaraq yaranan bu suallar yenidən müasir Azərbaycan təhsilinin ümumi nəzəri məsələlərinə qayıtmağı, onlara aydınlıq gətirməyi tələb edir.

 

Maddi-texniki bazanın möhkəmləndirilməsi

 

Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi təhsil quruculuğunda mühüm amillərdən biri kimi qiymətləndirilir. Məktəb binalarının, sinif otaqlarının tikilməsi təhsil şəraitinin yaxşılaşdırılmasında, keyfiyyətli təhsilin əldə olunmasında əhəmiyyətli rol oynayır. Odur ki, bu istiqamətdə xeyli işlər görülmüşdür. Son 5 ildə 500-dən çox, 2003-2018-ci illər ərzində isə ölkədə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmiş, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır. 2018-ci ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi üçün yeni bina inşa edilmiş və istifadəyə verilmişdir. 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən modul tipli məktəblər də daxil olmaqla ümumilikdə 147 məktəb tikilib istifadəyə verilmiş, 5 məktəb əsaslı təmir edilmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə dövlət-özəl partnyorluğu əsasında Bakı şəhərində yerləşən ali məktəblərdə təhsil alan tələbələr üçün 800 yerlik müasir yataqxana kompleksinin inşası başa çatdırılmışdır və istifadəyə hazırdır. 2018-ci ildə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılmış, azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin problemi qismən həll edilmişdir.

Ümumi təhsil sahəsində əldə edilən uğurlar uşaqların məktəbə yaxşı hazır olmaları ilə daha çox bağlıdır. Bunun üçün onların xüsusi hazırlıq mərhələsindən keçmələri əhəmiyyət daşıyır. Artıq “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda  məktəbəhazırlıq ümumi təhsilin bir səviyyəsi kimi təsbit olunmuşdur. İslahatyönümlü işlərdə də bu məsələ diqqət mərkəzində saxlanılmaqdadır. Məktəbəhazırlığın təşkili 2018/2019-cu tədris ilində 5 yaşlı uşaqların məktəbəqədər təhsil ilə əhatəliliyi 75%-dəkdir. Növbəti illərdə bu göstəricinin 90%-ə çatdırılması nəzərdə tutulur.

5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəliliyinin artırılması məqsədi ilə dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları təşkil edilmiş və artıq 3-cü ildir ki, bu təşəbbüs davam etdirilir. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir və dərs ili iki yarım ilə bölünür. Məşğələlər oktyabrın 1-də başlayır, may ayının 31-də başa çatır. Məktəbəhazırlıq qruplarının təşkil olunduğu məktəblərin sayı 2.957-dir. Eyni zamanda məktəbəhazırlıq qrup məşğələləri üçün tədris planı da təsdiq olunaraq istifadəyə verilmişdir.

 

Səriştə əsaslı yeni təhsil məzmununun yaradılması

 

Dünyanın müasir mənzərəsi dəyişir. Təhsilin praktik bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan fundamentallığı meydanı tərk edir. Həyat insanların qarşısında daha çox praktik xarakter daşıyan bacarıqlara yiyələnmək tələbi qoyur. İnsanlar bu tələbə cavab vermək üçün özlərinin zəruri bilikləri əsasında əldə etdikləri səriştələrə yiyələnməyi ön plana çəkməli, bir şəxsiyyət kimi formalaşmaq üçün həyati bacarıqlara, qabiliyyətlərə daha çox sahib olmalıdırlar. Bunun, ilk növbədə, təhsilin məzmununda dəyişikliklərin aparılması işi davam etdirilməli, onun səriştələrdən ibarət müasir məzmunu yaradılmalıdır. Bu, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan təhsilinin bütün pillə və səviyyələrində səriştə əsaslı yeni təhsil məzmununun yaradılması mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Yaxın günlərdə Təhsil naziri Ceyhun Bayramovun bir məqaləsində bu məsələ xüsusi hədəflərdən biri kimi qeyd edilmişdir: “Təcrübə göstərir ki, elmi-texniki tərəqqi, innovasiyalar və modernləşmələr nəticəsində praktik bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilməlidir. Təhsilin məzmunu texnoloji biliklərlə inkişaf etdirilməli, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşması prioritet olduğu halda, peşə, orta ixtisas və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməli, əmək bazarında iş təklif edən bütün subyektlər dövlət və özəl olmasından asılı olmayaraq maraqlı tərəfə çevrilməlidirlər”.

Təhsil naziri C.Bayramovun qeyd etdiyi kimi, yeniləşən məzmun gələcəyin çağırışına cavab verməlidir. Bu zərurətdən “...bütün təhsil pillələri üzrə məzmunun təkmilləşdirilməsi, əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçiriləcəkdir. Məhz bu yanaşmadan çıxış edərək uşaqların erkən yaşdan inkişafının səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumtəhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumları, ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi ilə bağlı işlər davam etdirilməlidir”.

 

Təhsil proqramlarının

(kurikulumların) özünəməxsusluğu

 

Ümumiyyətlə, fənlər üzrə təhsil proqramlarının (kurikulumların) özünəməxsusluğunu necə izah etmək lazımdır? Yaxud, ənənəviliklə yenilik arasındakı əlaqələr necə şərh olunmalıdır?

Heç şübhəsiz, bu suallar əsasında aparılan müzakirələr müəllimlərin kurslarda qazandıqları bilik və bacarıqları davam və inkişaf etdirməyə yönəldilməli, bir neçə məsələ diqqət mərkəzində saxlanılmalıdır.

Birinci, hər bir fənnə elm sahələrini, texnologiyaları, psixologiya, fiziologiya ilə bağlı zəruri məsələləri özündə ehtiva edən inteqrativ pedaqoji, metodik anlayış kimi baxılmalıdır. Fənnə dair məqsəd və vəzifələrin, onların əhəmiyyətinin izah olunmasında şəxsiyyətin inkişaf etdirilməsi, vətəndaşın formalaşdırılması ön planda dayanmalıdır. Eyni zamanda, fənnin reallaşdırılması istiqamətində həyata keçirilən məktəb tədbirlərində müvafiq ardıcıllıq və sistemin gözlənilməsi nəzərə alınmalıdır.

İkinci, hər bir fənnin şagird şəxsiyyətində özünəməxsus keyfiyyətlərin (mədəniyyətlərin) formalaşmasına xidmət göstərməsi və onun prioritet olması, başlıca məqsədə çevrilməsi zəruri tələb kimi qarşıya qoyulmalıdır.

Üçüncü, fənlərin məzmununun nəticələr şəklində ifadə olunması şagirdlərdə formalaşacaq səriştələri ifadə edir. Hər bir fənnin məqsədi təhsil proqramında (kurikulumda) konkret olaraq göstərilir. Şagird şəxsiyyətində hansı səriştənin formalaşması qeyd edilir. Hər bir təhsil standartında isə zəruri biliklər və fəaliyyətlər əhatə olunur. Standartların reallaşdırılması zamanı müvafiq strategiyalar müəyyənləşdirilir və nəticələrə çatmaq üçün hər bir müəllim özünün potensial imkanlarına uyğun iş mexanizmini qurur və həyata keçirir. Müzakirələrdə bu məsələlər də diqqət mərkəzində saxlanılmalıdır. 

Tədris planları təhsilin məzmununu əhatə edən mühüm sənədlərdən biridir. Yeni məzmunun müasir tələblərə uyğunlaşdırılması dedikdə həm də tədris planı üzərində müvafiq qaydada işlər aparılır. Bu qaydaya müvafiq olaraq, ümumi təhsil məktəblərinin nümunəvi planları üzərində iş aparılmış, onlar yeni dərs ili üçün təsdiq olunmuşdur. Ötən tədris ilinin yekunları yeni məzmuna keçidin nəticələrinin hansı səviyyədə olduğunu aydın şəkildə göstərdi. Təhsil ictimaiyyəti yeni məzmuna uğurla keçidin mümkünlüyünə əmin oldu. Ali məktəbə qəbulla bağlı nəticələr, sinif şagirdlərinin ali təhsil müəssisələrinə, bəzi hallarda sinif əksəriyyətinin daxil olması yeni təhsil konsepsiyasının imkanlarını açıqladı. Eyni zamanda, şagird fəallığının, təşəbbüskarlığının inkişaf etdirilməsi baxımından əhəmiyyətini meydana qoydu.

Artıq 2019-2020-ci dərs ili üçün yeni tədris planları ümumtəhsil məktəblərinə aid olmaqla onların müxtəlif xarakterik cəhətlərini əhatə edir. Birinci, sinif şəraitində tədris olunan fənlər, ikincisi isə dərsdənkənar məşğələlər. Bütün hallarda dərs məşğələlərinin sentyabrın 15-dən başlayıb, iyunun 14-də başa çatması, eləcə də onun birinci və ikinci yarımil olmaqla iki yarımil üçün planlaşdırılması nəzərdə tutulur. Doğrudur, məzmun etibarı ilə builki tədris planları, əsasən, ötən ilki ilə eynidir. Həm də ümumi təhsilin tədris planlarında azsaylı xalqların dilinin tədris olunması nəzərə alınmışdır.         

 

Tam orta təhsil səviyyəsində təmayülləşmə

 

Bu gün Azərbaycan təhsilində tam orta təhsil səviyyəsinin təmayülləşməsi əsas istiqamətlərdən biri kimi gündəmdə dayanır. Onun həll olunması üçün müəyyən tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Artıq iki mindən çox təmayülləşmiş siniflər vardır. Tam orta təhsilin təmayüllər üzrə təşkilinə 2017/2018-ci tədris ilindən etibarən başlanılmış, 2018/2019-cu tədris ilində davam etdirilmişdir. X və XI sinifləri əhatə edən 2.140 sinifdə 47.930 nəfər şagird seçdikləri təmayüllər üzrə təhsilə cəlb edilmişdir. Bu iş indi də davam edir və konfranslarda onunla bağlı təcrübələrin dinlənilməsi və müzakirə olunması tövsiyə olunur.

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqində əsas məqsəd ümumi orta təhsil səviyyəsində təhsil nailiyyətləri ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsil almağa xüsusi meyil və maraq göstərən, seçdikləri təmayül əsasında tam orta təhsil səviyyəsində keyfiyyətli təhsil almaq bacarığına, ali məktəbdə təhsillərini davam etdirmək potensialına malik şagirdlərin müəyyənləşdirilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasından ibarətdir.

 

Keyfiyyətin təminatı

 

2008/2009-cu tədris ilindən etibarən ölkəmizdə yeni tədris proqramlarının (kurikulumların) I sinifdən etibarən tətbiqinə başlanılmışdır. Yeni kurikulumların məqsədi müasir dövrün tələblərinə uyğun olaraq şagirdlərin tənqidi düşüncə, ünsiyyət, özünüifadə, komandada işləmək kimi bacarıqlarının formalaşdırılmasıdır. Bu məqsədlə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il tarixli müvafiq qərarı ilə “Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları” təsdiq olunmuş və yeni təhsil kurikulumları ilə aparılan tədris prosesində iştirak edən şagirdlər 2018-ci ildə də qiymətləndirilmişlər. IX sinif şagirdlərinin Ana dili (100 bal), riyaziyyat (100 bal) və esse biliklərinin (10 bal) yoxlanılmasını özündə ehtiva edən yeni qiymətləndirmə sistemi şagirdlərin həm düşüncə qabiliyyətini, həm də yazı bacarıqlarını ölçmək baxımından əhəmiyyətli hesab edilmişdir.

2018-ci ildə XI sinif məzunlarının da səviyyəsi yoxlanılmışdır. 3 fəndən (Ana dili, riyaziyyat, xarici dil) imtahan götürülmüşdür. Həm IX, həm də XI siniflərdə yeni kurikulumların tələbi baxımından şagirdlərin səviyyəsində əvvəlki dövrlərlə müqayisədə inkişaf müşahidə edilmişdir.

 

Milli və beynəlxalq qiymətləndirmə

 

Məlum olduğu kimi, qloballaşan dünyada təhsilin məzmununda və texnologiyalarda inteqrasiya getdiyi kimi, təhsil prosesinin nəticələrində də müəyyən uyğunluqların olması bu gün üçün əhəmiyyətli hesab edilir. Ona görə də beynəlxalq miqyasda, eləcə də milli səviyyədə qiymətləndirmələrin keçirilməsi təcrübəsi genişlənir. Azərbaycanda 2018-ci ilin noyabr-dekabr aylarında respublika üzrə IX sinif şagirdləri üçün Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə qiymətləndirmə keçirilmişdir. Qiymətləndirmədə 64000-ə yaxın şagird iştirak etmişdir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının PISA Beynəlxalq Şagird Qiymətləndirməsi Proqramı (Programme for International Student Assessment) 2000-ci ildən etibarən hər 3 ildən bir təşkil olunaraq, 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarıqlarını yoxlayır.

2016-cı ildə Azərbaycan növbəti PISA-2018 tədqiqatında iştirak etmək üçün müraciət etmiş və hazırlıq işlərinə başlanılmışdır. 2017-ci ilin aprel-may aylarında PISA tədqiqatının pilot mərhələsi keçirilmişdir. PISA-2018 tədqiqatının əsas mərhələsi isə 2018-ci ilin aprel-may ayları ərzində keçirilmiş, bu beynəlxalq tədqiqatda Azərbaycanı 6.872 şagird təmsil etmişdir. Tədqiqatın nəticələri PISA Beynəlxalq Konsorsiumu tərəfindən qiymətləndirilir və yekun nəticələrin 2019-cu ilin dekabr ayında açıqlanması gözlənilir.

 

Dərslik və metodik vəsaitlər

 

2018/2019-cu tədris ilində dövlət ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün 338 adda 7.246.037 nüsxə dərslik və metodik vəsait çap edilmişdir.

Yeni çap olunmuş dərslik və metodik vəsaitlər, eləcə də ehtiyat kimi saxlanılan dərslik və metodik vəsaitlərin hesabına bütün məktəblərin tələbatı ödənilmiş və dərsliklər tədris ili başlayanadək şagirdlərə çatdırılmışdır.

Bundan əlavə, Təhsil Nazirliyi öz ehtiyat dərsliklərini yaratmağa başlamışdır. Tədris İnstitutu tərəfindən I siniflər üçün “Azərbaycan dili”, “Riyaziyyat” və “İngilis dili” fənləri üzrə ehtiyat dərslikləri hazırlanmışdır. Həmin dərsliklər ölkənin 97 seçilmiş məktəbinin 123 sinfində pilot məqsədilə tətbiq edilmişdir.

Dövlət ümumtəhsil məktəblərinin II, III, VII və XI sinifləri üçün dərsliklər tərtib edilmişdir. Tədrisin Azərbaycan, rus və gürcü dillərində aparıldığı dövlət ümumtəhsil məktəblərinin XI sinifləri üçün ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında bütün fənlər üzrə ümumilikdə 68 adda olmaqla yeni dərslik və metodik vəsait tərtib edilmişdir.

XI siniflər üçün tərtib edilən dərslik və metodik vəsaitlər çap edilməzdən öncə onların layihələrinə dair ictimai rəy öyrənilmişdir. Bu məqsədlə XI siniflər üçün dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az internet səhifəsinə yüklənilmişdir. İstənilən vətəndaşın maneəsiz olaraq internet səhifəsində yerləşdirilmiş dərslik və metodik vəsaitlərin layihəsi ilə tanış olması, həmçinin irad və təkliflərini yaza bilməsi təmin edilmişdir. Eyni zamanda, xeyli sayda ixtisaslaşmış yerli və xarici qurumlar dərsliklərin ekspertizasına cəlb edilmişdir.

İctimai rəyin öyrənilməsi zamanı ötən illərlə müqayisədə fəallıq əhəmiyyətli dərəcədə yüksəlmişdir. Belə ki, layihələrə ümumi baxış sayı 57.014, daxil olan rəy sayı isə 1.273 olmuşdur ki, bu da əvvəlki illərlə müqayisədə daha yüksək göstəricidir.

İnformasiyaların sürətlə artdığı bir zamanda onları izləmək və uzun zaman çərçivəsində aktuallaşdırmaq çətinliyi yaranır. Ən az bir il istifadə müddəti olan kağız dərsliklərin daha tez bir zamanda köhnəlməsi baş verir. Ona görə də dərsliklərin, eləcə də vəsaitlərin elekton formalarından istifadə olunması daha çox əhəmiyyət kəsb edir. Təhsil Nazirliyi elektron resursların müasir təhsil sistemində aktuallığını nəzərə alaraq, 2018-ci ildə bu istiqamətdə fəaliyyətini genişləndirmişdir. Belə ki, ümumilikdə 296 ədəd elektron resurs - lokallaşdırılmış 3D animasiyalı videolar və Khan Academy dərsləri, multimedia məzmunlu və qiymətləndirmə sistemli video dərslər, elektron dərsliklər hazırlanaraq Təhsil Nazirliyinin portallarında (Oşibka! Nedopustimıy obyekt qiperssılki.) yerləşdirilmişdir. Sözügedən portallardan bu günədək 4.288.185 dəfə istifadə olunmuşdur.

25 ədəd  elektron dərslik yaradılmışdır

28 ədəd elektron dərslik yenilənmişdir

40 ədəd qiymətləndirmə sistemli video dərs çəkilmişdir

41 ədəd multimedia məzmunlu video dərs çəkilmişdir

60 ədəd 3D animasiyalı video tərcümə edilmişdir

102 ədəd Khan Academy dərsləri lokallaşdırılmışdır.

 

Müəllim kadrlarının inkişaf etdirilməsi

 

Azərbaycan təhsilinin inkişafında həlledici rol oynayan amillərdən biri müəllim və pedaqoji kadrların seçilməsi və inkişaf etdirilməsidir. Müəllim peşəsinin xarakteri elədir ki, o, hər zaman öz işinə məsuliyyətlə yanaşmaq üçün zəruri mənbələri nəzərdən keçirməli, öyrənməli və tətbiq etməli olur. Eyni zamanda, özünün biliklərini və peşəkarlıq səviyyəsini artırmaq üçün fəaliyyət göstərir.

Respublikamızda müəllim kadrlarının seçilməsi və işə qəbul olunması baxımından mükəmməl bir sistem yaradılmışdır. Bu sistem tələb edir ki, müəllim işləmək arzusunda olan hər bir pedaqoji təhsilli şəxs imtahan versin, müəyyən müsabiqə və müsahibələrdə iştirak etsin. Artıq respublikamızda bu baxımdan təcrübə yaranmışdır. Hər il müəllimlər bu qaydaya əsasən işə qəbul olunurlar. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. 2018/2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə keçirilmiş müsabiqədə iştirak etmək məqsədilə 50.697 nəfər müvafiq internet səhifəsində qeydiyyatdan keçmişdir.

2018-ci ildə müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərdən 46.839 nəfərin elektron ərizəsi təsdiq edilmiş və onlar test imtahanında iştirak etmək hüququ qazanmışlar. Müsabiqənin test imtahanı mərhələsində isə 39.173 namizəd iştirak etmişdir. Vakant yerlərin seçilməsi zamanı 4.337 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə etmişdir. Müsahibə mərhələsində isə 3.692 namizəd uğur qazanaraq müddətsiz müqavilə ilə işə qəbul olunmuşdur. Daha sonra boş qalan yerlərə müəllimlərin işə qəbulunun 2-ci turu keçirilmiş, nəticədə 361 namizəd müqavilə ilə işə qəbul edilmişdir.

Müsabiqə başa çatdıqdan sonra Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində boş qalan yerlərə ilk dəfə olaraq mərkəzləşmiş qaydada və proqram təminatı tətbiq olunmaqla müəllimlərin müddətli müqavilə ilə işə qəbulu həyata keçirilmişdir.

Respublikamızda müəllim fəaliyyətini düzgün istiqamətə yönəltmək, onu stimullaşdırmaq məqsədilə diaqnostik qiymətləndirmə keçirilir. Artıq ölkəmizdə onun sistemi formalaşmışdır. 2018-ci ildə 16.153 müəllim (həmçinin ümumtəhsil müəssisələrində rəhbər vəzifəsində çalışanlar) diaqnostik qiymətləndirmədən uğurla keçmişdir. 2014-cü ildən etibarən hər il keçirilən qiymətləndirmədə iştirak edən müəllimlərin sayı ümumilikdə 150.000-ə yaxındır. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin vəzifə maaşları 2 dəfə, həftəlik dərs yükü olanların isə 1,5 dəfə artırılmışdır.

 

Təhsildə idarəetmə

 

Təhsildə keyfiyyətin yüksəldilməsi idarəetmənin daha səmərəli təşkilindən çox asılıdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının təhsil sahəsində Dövlət Strategiyasında müəyyən olunmuş istiqamətlərdən biri məhz bu məsələ ilə bağlıdır.

 “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda da ümumtəhsil məktəblərinin idarəolunması öz əksini tapmışdır. Sentyabr konfranslarında ümumi təhsilin təşkili və onun idarə olunması xüsusi qeyd edilməli, ümumi təhsilin idarəolunmasında nəzərə alınan məsuliyyətin bölüşdürülməsi, hesabatlılıq, inkişafın monitorinqi kimi prinsiplərin mahiyyəti ətrafında müzakirələr açılmalıdır. Məktəbin idarə olunmasında məktəb direktorunun rolu, eyni zamanda, seçilmiş direktorların işlərinə məsuliyyətlə yanaşması, valideyn və icmaların məktəbin idarəolunmasına cəlb olunması kimi məsələlər qeyd edilməlidir.

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbulla bağlı müəyyən təcrübələr əldə edilmişdir. Bir neçə ildir ki, direktorlar müsabiqə yolu ilə işə qəbul olunurlar. Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə 2018-ci ilin oktyabr-dekabr aylarında dörd mərhələdə keçirilmiş və müsabiqə, müsahibə və apelyasiya komissiyaları formalaşdırılmışdır. Müsabiqəyə 700-dən artıq vakant yer çıxarılmışdır. Direktor vəzifəsinə işə qəbul üzrə müraciət edən 1.576 nəfərdən 1.412-si imtahanda iştirak etmişdir. Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə isə 730 nəfər namizəd seçilmişdir.

 

STEM təhsili haqqında

 

STEM ümumi təhsilin prioritet məsələlərindən hesab olunur. Şagirdlərin inteqrativ təfəkkürünün, yaradıcı düşüncə tərzinin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Bu yanaşma dörd spesifik sahəni, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulmuşdur.

STEM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Bu inteqrativ fənn dörd fərqli fənni real həyatda tətbiq olunan formada və vahid paradiqma kimi öyrədir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEM təhsili praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını şagirdlərə göstərir.

Elm, Texnologiya, Mühəndislik və Riyaziyyatın birgə tədrisi çox vacibdir, çünki bu sahələr real həyatda bir-biri ilə dərindən bağlıdır. Bu yanaşma tələbələrə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEM fənləri tələbələrə hansı peşə seçmələrindən asılı olmayaraq onları həyata hazırlayır.

Son bir neçə ildə respublikamızın məktəblərində STEM yanaşma üsulundan istifadə etməklə dərslər keçilir. İlkin təcrübələr onu göstərir ki, bu dərslər şagirdlərin yüksək marağına səbəb olur və onların təlim fəaliyyətini stimullaşdırır. Ona görə konfransda da bu məsələnin üzərində dayanılmalı, diskussiyalar aparılmalıdır.

 

Təhsil sisteminin informasiyalaşdırılması

 

Bu gün cəmiyyət informasiyalar dövründə yaşayır. Cəmiyyətin hər sahəsində, xüsusən də təhsildə informasiyaların daha çox faydalı olması müşahidə olunur. Ona görə də təhsil sisteminin informasiyalaşdırılması bir məsələ kimi Azərbaycanda həll olunmağa başlamışdır. Hesabat ilində təhsil sistemində informasiya-kommunikasiya üzrə maddi-texniki baza təkmilləşdirilmiş, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işi davam etdirilmişdir. Belə ki, ölkə üzrə təhsil müəssisələrinə 18.000 ədəd noutbuk verilmişdir. Avadanlıqların 27%-i Bakı şəhərinə, 73%-i isə rayonlara göndərilmişdir.

2018-ci ildə 208 yeni təhsil müəssisəsi ADSL, 285 təhsil müəssisəsi simsiz rabitə xətləri, 65 təhsil müəssisəsi isə fiber optik rabitə kanalları vasitəsi ilə ATŞ-yə qoşulmuşdur. Ümumi ölkə üzrə 2.746 təhsil müəssisəsi (fiber-optik qoşulma üzrə 206, simsiz qoşulma üzrə 694, ADSL qoşulma üzrə 1.846) ATŞ-yə qoşulmuşdur. Onlardan 2.403 təhsil müəssisəsi ümumi təhsil müəssisəsidir. Hazırda ATŞ qoşulmuş ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 85%-ni, pedaqoji heyətin isə 73%-ni əhatə etmişdir. ATŞ-yə qoşulmuş təhsil müəssisələrində internet filtrasiya sistemi tətbiq olunur. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.

Təhsil sisteminin informasiyalaşdırılması bir proses kimi davam edir. Konfranslarda bu məsələ ətrafında müzakirə açmaqla onun faydalı olmasından danışılmalı, təhsil prosesində daha geniş istifadəsinə imkan yaradılmalıdır.

 

Təhsil layihələri

 

Ölkəmizin bütün sahələrində olduğu kimi, təhsildə də müxtəlif layihələrin həyata keçirilməsinə başlanılmışdır. Təcrübələr onu göstərir ki, layihələr əsasında işini planlaşdırmaq, yerinə yetirmək, dəyərləndirmək daha effektli olmaqla  tərəfləri razı salır və onlara stimullaşdırıcı təsir göstərir. İnsanlar çox hallarda layihələrlə işləmək bacarığı olmadığından fəaliyyətini daha səmərəli qurmaqda çətinlik çəkirlər. Lakin təhsil sahəsində xeyli insan vardır ki, o, işini layihələrlə daha yaxşı qura bilir. Azərbaycan Respublikası Hökuməti və Avropa Komissiyası arasında imzalanan “Azərbaycanda təhsilə dəstək Qrant Proqramı” üzrə 2018-ci ildə 9 layihənin icrasına başlanılmışdır. Eləcə də “Sağlam təhsil-sağlam millət”, “Rəqəmsal bacarıqlar”, “Məktəblinin dostu” kimi layihələr davam etdirilməkdədir. Bundan əlavə, iki il bundan əvvəl başlamış və mütəmadi olaraq hər il keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant müsabiqəsi” də vardır.

Konfranslarda layihələrin keçirilməsi və həmin layihələrdə iştirakın təmin olunması barədə müzakirələr aparılmalıdır. İlk növbədə, müəllimlərin bu işdə iştirak etməsi haqqında danışılmalıdır.

Konfransın geniş bölmə iclaslarının təşkili və keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, orada açıq müzakirələrin təşkil edilməsi və təkliflərin toplanması da planlaşdırılır. Toplanmış təkliflərin Azərbaycan Respublikasının Təhsil İnstitutuna göndərilməsi xahiş edilir.

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu

 

Azərbaycan müəllimi.- 2019.- 6 sentyabr.-S.4-5.