Təhsildə
şəffaflığa doğru daha bir addım
Təhsildə
şəffaflığa doğru daha bir addım Təhsil Nazirliyi yanında İctimai
Şuraya seçkilər keçirilib
Məlumdur ki, təhsil sisteminin inkişafında mühüm aspektlərdən biri həyata keçirilən islahatların geniş ictimaiyyətə çatdırılması, hərtərəfli dəstəklənməsi, eləcə də şəffaflığın təmin olunmasıdır. Məhz şəffaflığın təmin olunması vətəndaşları təhsil prosesinin fəal iştirakçıları edir. Bu isə təhsil sisteminə olan etimadın ən qabarıq göstəricilərindən biri kimi xarakterizə oluna bilər.
Təhsil Nazirliyinin
təşəbbüskarı olduğu və
son illər həyata keçirilən ən
mühüm tədbirlərdən biri kimi sentyabrın 4-də
Azərbaycan-Fransız Universitetində (UFAZ) Təhsil Nazirliyi yanında İctimai
Şuraya seçkilərin keçirilməsini
göstərmək olar.
Ölkəmizin ictimai həyatında mühüm
hadisə
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini, Seçki Komissiyasının sədri Firudin Qurbanov Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılmasını ölkəmizin təhsil sistemində mühüm hadisə adlandırıb: “Hər birimiz mühüm bir hadisənin iştirakçılarıyıq. Nəzərə alsaq ki, Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır, hesab edirəm ki, bu, ölkəmizin ictimai həyatında çox mühüm hadisədir”.
Hər bir ölkənin intellektual potensialının formalaşmasında təhsilin strateji resurs olduğunu bildirən nazir müavini əlavə edib ki, cəmiyyətin sürətli inkişafı formalaşan milli təhsil sistemindən asılıdır. Çünki məhz təhsilin hazırladığı kadrlar ölkənin gələcəyini müəyyən edir. Ölkənin gələcək inkişafı məhz bu kadrların formalaşması, biliyi, bacarığı, vərdişləri, mədəni səviyyəsi, insani keyfiyyətlərinin necə olmasından asılıdır. “Bu, çox böyük məsuliyyətdir və Təhsil Nazirliyi bu məsuliyyəti dərk edir”, - deyə F.Qurbanov bildirib. Onun sözlərinə görə, təsadüfi deyildir ki, bir çox ölkələrin inkişaf strategiyalarında təhsil əsas strateji istiqamət kimi göstərilir. Məhz buna görə də 2013-cü ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilib.
Strategiyanın qəbulundan keçən müddət ərzində təhsil sahəsində aparılan islahatlara nəzər saldıqda görərik ki, təhsilin keyfiyyətcə yeni səviyyəyə çatdırılmasında lazımi baza yaradılıb: “İlk növbədə, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə ölkə başçısı, Heydər Əliyev Fondu tərəfindən çox böyük əhəmiyyət verilir. Son 5 ildə 3200-dən çox məktəb tikilərək istifadəyə verilib, əsaslı təmir olunub. Təkcə bu il 43 yeni məktəb tikilib və istifadəyə hazırdır. Onların arasında modul tipli məktəblər də var. Ən ucqar kəndlərdəki modul məktəblər hazırda yeni dərs ilini qarşılamağa hazırlaşır”.
Ümumtəhsil məktəblərinin İKT təminatının
yaxşılaşdırılmasından danışan nazir müavini ölkədə
müəllim peşəsinin cəlbediciliyinin
artırılması üçün bir sıra tədbirlər görüldüyünü
vurğulayıb: “Son dövrdə müəllim
peşəsinin nüfuzu artıb. Bunun əsas səbəbi ondan
ibarətdir ki, müəllimlərin maddi marağının yüksəldilməsi
istiqamətində dövlət tərəfindən
çoxsaylı tədbirlər görülüb.
Onların əməkhaqqının yüksəldilməsi bu istiqamətdə çox
mühüm rol
oynadı. Müəllimlik ixtisaslarına qəbul olunanlar arasında yüksək bal toplayanların da
sayı xeyli artıb. Təbii ki, Təhsil Nazirliyi tərəfindən
eyni zamanda, müəllimlərin
yüksək səviyyəsinə də çox
diqqət yetirilir, onların işə qəbulu,
diaqnostik qiymətləndirilməsi, yerdəyişməsi
şəffaf prinsiplər əsasında yerinə yetirilir. Burada böyük rəqabət var.
Bundan sonrakı illərdə biz bütün bunların
nəticəsini, yəni keyfiyyətcə yeni
səviyyəyə qalxmasını müşahidə edəcəyik”.
Şuraya seçilmək
üçün 34 namizəd müraciət edib
Təhsil nazirinin müavini qeyd edib ki, bütün bunlara baxmayaraq müasir dövrdə yeni çağırışlar, daim güclənən rəqabət təhsil sahəsində müasir dövrə uyğun tədbirlərin həyata keçirilməsini tələb edir. Təhsil siyasətinin reallaşdırılmasında, qərarların qəbul edilməsində çox ciddi araşdırmalara ehtiyac var. F.Qurbanov vurğulayıb ki, məhz bunları əsas götürərək Təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması qərara alınıb.
Məlum olduğu kimi, ölkə başçısının
2016-cı ildə imzaladığı müvafiq
sərəncama əsasən, vətəndaş cəmiyyəti
institutlarının inkişafı, açıq hökumətin
təşviqi ilə bağlı milli fəaliyyət
planı təsdiq olunub. Bu
prosesdə iştirak etmək istəyən,
bu prosesdə özlərini görən vətəndaş
institutları, təşkilatların nümayəndələri
şuraya seçilmək üçün
müraciət ediblər. Onların sayı 34-dür. Seçim aparan təşkilatların
sayı isə 44-dür. Nazir müavini qeyd edib ki, tədbirin təşkil
olunmasında əsas məqsəd də seçkinin
aşkarlıq və şəffaflq şəraitində
keçməsinin təmin edilməsidir. Həm namizədlər,
həm də seçicilər səsvermənin gedişini izləyə biləcəklər. Səsvermənin
təşkili üçün bütün müvafiq tədbirlər
görülüb.
İctimai Şuradan
gözləntilər
Daha sonra çıxış edən Təhsil nazirinin müşaviri, Seçki Komissiyasının üzvü Elnur Məmmədov İctimai Şuranın mövcud qanunvericilik əsasında yaradılması, bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə məlumat verib. O, İctimai Şuranın yaradılması istiqamətində nazirlik tərəfindən indiyədək görülən işlərdən, İctimai Şuranın fəaliyyət növlərindən danışıb. E.Məmmədov qeyd edib ki, ümumiyyətlə, ictimai şuraların mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılması “İctimai iştirakçılıq haqqında” Qanuna əsasən həyata keçirilir. Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq əsasnaməsi ictimai şuraların vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsi qaydasını tənzimləyir: “Təhsil Nazirliyi olaraq biz həmin qanunvericiliyə uyğun olaraq bu prosesi təşkil edirik”.
O, nəzərə çatdırıb ki, İctimai Şuranın formalaşdırılması ilə bağlı təşkil olunmuş seçki komissiyasının bir neçə iclası keçirilib və bir sıra qərarlar qəbul olunub. Şuranın 11 nəfərdən ibarət olması da bu iclaslarda qərara alınıb. Qərarlar həm seçicilər, həm də namizədlərin qeydiyyat prosesi ilə bağlı olub. Bir ay ərzində onların qeydiyyatı aparılıb. Namizəd və seçicilərə qarşı müəyyən tələblər olub ki, bütün bunlar qeydiyyat zamanı nəzərə alınıb. E.Məmmədov vurğulayıb ki, Təhsil Nazirliyi İctimai Şuranın fəaliyyətinə hər hansı şəkildə müdaxilə etmir
Şura öz sədrini seçəcək, reqlamentini müəyyən edəcək və onun əsasında fəaliyyət göstərəcək. 11 üzvün fəaliyyəti 2 ili əhatə edəcək və növbəti şuraya seçkilər 2021-ci ilin avqust-sentyabr aylarına təsadüf olunacaq. İctimai Şura və Təhsil Nazirliyi arasında qarşılıqlı fəaliyyət, şuranın iclaslarının keçirilməsi qaydası, məkanı, nazirliyə təqdim edəcəyi təkliflər və s. məsələlər qurumun tərkibi müəyyən edildikdən sonra nazirliyin əməkdaşları və şura üzvləri arasında keçiriləcək görüşdə müəyyən olunacaq.
“Hesab edirik
ki, Təhsil Nazirliyi
yanında yaradılmış İctimai Şura, ümumilikdə, nazirliyin
fəaliyyətində aşkarlığın və ümumi prosesin daha səmərəli şəkildə həyata
keçirilməsinə növbəti töhfəsini verəcək,”
-deyə E.Məmmədov bildirib. O, bu prosesə dəstək olduqlarına görə
tədbir iştirakçılarına təşəkkür edib.
Obyektiv və şəffaf səsvermə
Çıxışlardan sonra İctimai Şuraya namizədlərin seçilməsi üzrə səsvermə keçirilib. Şəffaf və obyektiv şəraitdə baş tutan səsvermənin nəticələrinə əsasən, 11 nəfər - təhsil ekspertləri Şahlar Əsgərov, Etibar Əliyev, Nadir İsrafilov, Asif Cahangirov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov, biologiya üzrə fəlsəfə doktoru Ülviyyə Mikayılova, TEAS Press Nəşriyyat evi, təhsil üzrə məsləhətçi Elmina Kazımzadə, ADA Universitetində İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mais Əliyev, Respublika Təhsil Şurasının sədri Hikmət Əlizadə və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə İctimai Şuraya üzv seçiliblər.
İctimai Şura üzvlərinin adlarının açıqlanmasından sonra Təhsil nazirinin müavini F.Qurbanov İctimai Şuranın təhsilin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib və hər bir namizədə fəaliyyətlərində uğurlar arzulayıb.
Xatırladaq ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 2019-cu il 11 iyul tarixli əmrinə əsasən yaradılıb. Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik məşvərətçi qurumdur.
***
İctimai Şuranın üzvü seçilmiş təhsil ekspertləri də yeni yaradılmış qurumun əhəmiyyətini yüksək qiymətləndiriblər.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2019.-
6 sentyabr.- S.1; 8.