Dərsliklər məzmun və dizayn

baxımından təkmilləşdirilib

 

I-XI siniflər üçün 322 adda 5668865 nüsxə dərslik və metodik vəsait çap edilib

 

2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5668865 nüsxə dərslik və metodik vəsait çap edilib.

Təhsil Nazirliyindən bildirilib ki, bunlardan ölkənin dövlət ümumtəhsil müəssisələrinin IV və VIII sinifləri üçün nəzərdə tutulan dərsliklər yeni tədris ilinə məzmun və dizayn baxımından təkmilləşdirilib, əsaslı şəkildə yenilənərək çap olunub.

Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq Təhsil İnstitutunda dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün “Azərbaycan dili (tədris dili)” və “Riyaziyyat” fənləri üzrə yeni baza (ehtiyat) dərsliklər hazırlanıb. Dünya səviyyəli “Macmillan” şirkəti tərəfindən I siniflər üçün “İngilis dili (əsas xarici dil)” fənni üzrə tərtib edilən “Happy Campers” adlı dərslik komplektinin ölkəmizdəki təhsil proqramlarına adaptasiyası həyata keçirilib və həmin dərslik komplekti də çap olunub.

Hər üç dərslik komplektinin yeni tədris ilində ölkənin seçilmiş məktəblərinin pilot siniflərində sınaq istifadəsi planlaşdırılır. Sınaq istifadə bu istiqamətdə həyata keçirilən ilk təcrübədir, nəticələr mütəxəssislər tərəfindən təhlil edildikdən sonra  dərsliklər üzərində müvafiq təkmilləşdirmələr aparılacaq və yalnız bundan sonra bu dərsliklər kütləvi istifadəyə veriləcək.

Cari il ərzində yerlərdən toplanan növbəti tədris ilinə aid dərslik tələbatına əsasən yerlərə çatdırılması planlaşdırılan bütün dərslik və metodik vəsaitlər artıq yerli təhsili idarəetmə qurumlarına təhvil verilib. Təhsili idarəetmə qurumları isə öz növbəsində həmin dərsliklərin və metodik vəsaitlərin ümumi təhsil məktəblərinə çatdırılmasını təmin edirlər. Nazirlik tərəfindən şagird və valideynlərə (yaxud qanuni nümayəndələrinə) sentyabrın 6-dək məktəblərə gedib dərsliklərini əldə etmələri barədə müraciət edilib, hansısa səbəbdən şagirdlərin dərsliklərlə təminatında çətinliklər yaranarsa, bu barədə dərhal valideynlər tərəfindən məktəb rəhbərliyinə məlumat verilməsi tapşırılıb. Yaranan dərslik çatışmazlığı məktəb tərəfindən aradan qaldırıla bilmədiyi təqdirdə məktəb aidiyyəti üzrə yerli təhsili idarəetmə qurumlarına müraciət etməlidir. Yarana biləcək dərslik çatışmazlığını operativ aradan qaldırmaq məqsədilə cari ildə də, ötən ildəki kimi bütün yerli təhsili idarəetmə qurumlarına əlavə dərsliklər ayrılıb.

Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisi şəhərində 20 dekabr  2011-ci il tarixdə imzalanmış yeddinci iclasının Protokoluna əsasən, Gürcüstanın tədris Azərbaycan dilində aparılan ümumtəhsil məktəbləri və Azərbaycanın tədris gürcü dilində aparılan ümumtəhsil məktəbləri qarşılıqlı olaraq “Ana dili” və “Ədəbiyyat” dərslikləri ilə pulsuz təmin olunmalıdırlar. Bununla əlaqədar olaraq, hər il olduğu kimi, bu il də yeni tədris ili ərəfəsində Gürcüstanın tədris Azərbaycan dilində aparılan ümumtəhsil məktəblərinin I-XI sinifləri üzrə şagirdlərin dərslik tələbatına əsasən, 18 adda 20133 nüsxə dərslik və müəllimlərin dərsliklərlə işləməsi üçün nəzərdə tutulmuş 3 adda 489 nüsxə metodik vəsait ayrılıb. Həmin kitablar yaxın müddətdə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə çatdırılacaq.

Bundan əlavə, hazırda ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə istifadədə olan dərsliklərin və onların müəllim üçün metodik vəsaitlərinin elektron versiyaları Təhsil Nazirliyinin www.trims.edu.az, eləcə də www.ederslik.edu.az  saytlarında yerləşdirilib. Qeyd edilən saytlar vasitəsilə bütün dərslikləri və müəllim üçün metodik vəsaitləri onlayn, yaxud kompüterlərə pulsuz yükləyib istifadə etmək mümkündür. 2019-2020-ci  tədris ilində respublikanın dövlət ümumtəhsil məktəblərində  təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması işi artıq yekunlaşıb. Biz təhsil ocaqlarında  mövcud  vəziyyəti  öyrənmək  məqsədilə Göygöl,  Qax, Salyan rayon təhsil şöbələri və Gəncə Şəhər Təhsil İdarəsi  ilə əlaqə  saxladıq.

Göygöl. Ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün  metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında  Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq Göygöl rayon ümumtəhsil məktəblərində  dərsliklərlə təminatın təşkili tələb olunan səviyyədə həyata keçirilir.

Belə ki, rayon ümumtəhsil məktəblərinə Azərbaycan bölməsi üzrə 82 adda  26300 ədəd yeni kitab verilib. Bundan əlavə, müəllimlər üçün 38 adda 1535 vəsait, rus bölməsi üzrə 100 adda 1096 ədəd yeni kitab, 25 adda 33 ədəd isə metodik vəsait təhsil müəssisələrinə çatdırılıb.  Dərsliklərin ümumtəhsil məktəblərində şagirdlərə paylanması prosesi hal-hazırda davam etdirilir.

Qax. Rayona iki mərhələdə dərslik və metodik vəsait gətirilib. Birinci mərhələdə ümumilikdə   113 adda 11531 ədəd dərslik gətirilib ki, ondan 70 adda 11051 ədəd Azərbaycan bölməsində,  24 adda 301 ədədi rus bölməsində, 19 adda 179 ədədi isə gürcü bölməsində təhsil alan şagirdlər üçün nəzərdə tutulub. Müəllimlər üçün isə Azərbaycan bölməsi üçün 25 adda 385 ədəd, rus bölməsi üçün 5 adda 10 ədəd metodik vəsait gətirilib. İkinci mərhələdə isə Azərbaycan bölməsi üçün 9 adda 2880 ədəd, rus bölməsi üçün 17 adda 659 ədəd, gürcü bölməsi üçün isə 10 adda 481 ədəd dərslik (ümumilikdə 36 adda 4020 ədəd dərslik), müəllimlər üçün Azərbaycan bölməsi üçün 10 adda 843 ədəd, rus bölməsi üçün 11 adda 22 ədəd, ümumilikdə 21 adda 865 ədəd metodik vəsait rayon təhsil şöbəsinə verilib.

Salyan.  Rayon üzrə məktəblilərin dərslik, müəllimlərin isə metodiki vəsaitlərlə təmin edilməsi daima diqqət mərkəzində saxlanılır.

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyinin bölgüsü əsasında dərsliklər alınıb, qısa müddət  ərzində bu dərsliklər məktəblərin sifarişi əsasında bölünərək məktəblərə çatdırılıb.

Ümumilikdə, carı dərs ili üçün Azərbaycan bölməsi üzrə 60 adda 51252 ədəd, rus bölməsi üzrə 29 adda 1108 ədəd dərslik, Azərbaycan bölməsi üzrə 36 adda 4321 ədəd, rus bölməsi üzrə isə 23 adda 31 ədəd metodik vəsait  məktəblərə verilib.

Rayonun məktəb rəhbərləri bildirirlər ki, dərsliklərlə bağlı heç bir  problemlərlə qarşılaşmayıblar.

Gəncə. Şəhər ümumtəhsil məktəblərinə Azərbaycan bölməsi üzrə 18 adda  10775 komplekt, rus bölməsi üzrə 18 adda 2956 komplekt yeni kitab verilib. Bundan başqa, Azərbaycan bölməsi üzrə müəllimlər üçün 18 adda 453 komplekt, rus bölməsi üzrə 12 adda 100 komplekt  metodik vəsait təhsil müəssisələrinə çatdırılıb. Dərsliklərin ümumtəhsil məktəblərində şagirdlərə paylanması prosesi hazırda davam etdirilir.

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2019.- 6 sentyabr.- S.1; 9.