“Tarix fənnini
şagirdlərimə
sevdirdiyim üçün
xoşbəxtəm”
Şükufə Muradova: “Onların sevgisini qazanmaq mənim bir müəllim kimi ən böyük uğurumdur”
Müəllim cəmiyyətdə
aparıcı qüvvə kimi həmişə
yüksək nüfuza malik
olub. Təsadüfi deyildir ki, tarixi şəxsiyyət,
ulu öndər Heydər Əliyev müəllim
adını uca tutaraq
bu peşənin məsuliyyətini dərindən
dərk edən, üzərinə düşən missiyanı
şərəflə yerinə yetirən insanlara
xüsusi məhəbbətini belə ifadə
edib: “Mən yer
üzündə müəllimdən yüksək ad tanımıram”. Bu dəfəki
müsahibim də səmərəli pedaqoji fəaliyyəti
ilə bu müqəddəs adın şərəfini
qoruyan Qax şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Şükufə
Muradovadır. O, keçdiyi həyat yoluna nəzər salaraq
bioqrafiyasından qısa məlumatla söhbətə
başladı:
-1973-78-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almışam və fərqlənmə diplomu ilə bu tədris ocağını bitirmişəm. Pedaqoji fəaliyyətimə Qax rayonunun Qum kəndində başlamışam. Sonrakı illərdə Qax Peşə Liseyində, kollecdə işləmişəm. Nəhayət, 1991-ci ildən isə Tofiq İsmayılov adına 5 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətimi davam etdirirəm.
Pedaqoji fəaliyyətimi müəllimlik işinin şərəfi, məsuliyyəti, çətin və yaradıcı xüsusiyyətlərini nəzərə alaraq qurmağa çalışıram.
- Ötən dərs ilini işlədiyiniz təhsil müəssisəsi üçün uğurlu hesab edirsiniz?
- Qax şəhər 5 nömrəli tam orta məktəb rayonda sayılıb-seçilən təhsil müəssisələrindəndir. Məktəbin müəllim və şagirdləri uğurlu nəticələri ilə daima rayon təhsilinə öz töhfəsini verib. Təkcə 2018-2019-cu tədris ilinə nəzər salsaq, IX-XI sinif şagirdlərinin elmi potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən “Sabahın alimləri” müsabiqəsində rayonumuz 3 layihə ilə təmsil olunub ki, onlardan biri şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Orxan Məmmədov və Bənövşə Məhərrəmovanın təqdim etdiyi (elmi rəhbəri: məktəbin fizika müəllimi Sevil Arixova) layihə idi. Həmin layihə ikinci yerə layiq görülərək müsabiqənin gümüş medalını qazanıb. 2018-2019-cu dərs ilində keçirilmiş fənn olimpiadalarının respublika mərhələsinin final turunda rayonumuzu 3 nəfər şagird təmsil edib. Şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Günay Qaraxova Azərbaycan dili və ədəbiyyat fənni üzrə III yerə layiq görülüb.
Həmçinin Təhsil nazirinin müvafiq əmri ilə keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”ndə Svetlana Mahmudova (şəhər 5 nömrəli tam orta məktəbin psixoloqu) “Fərqimiz üstünlüyümüzdür” layihəsi ilə qalib olub. Ümumi təhsildə xüsusi nailiyyətlərinə görə rayonun 2 XI sinif məzunu qızıl, ikisi isə gümüş medala layiq görülüb. Onlardan üçü bizim məktəbin payına düşür. Belə ki, Günay Qaraxova qızıl, Bənövşə Məhərrəmova və Orxan Məmmədov gümüş medalla təltif edilib.
- Öz uğurlarınız barədə, yəqin ki, deyiləcək sözünüz çoxdur...
- Pedaqoji fəaliyyətim dövründə uğurlarım çox olub, məktəb, təhsil şöbəsi və rayon icra hakimiyyəti rəhbərliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qax komitəsi tərəfindən dəfələrlə təltif edilmişəm. 2014-cü ildə “Müasir dərslə ənənəvi dərsin vəhdətinə necə nail oluram” mövzusunda məruzə ilə rayonda keçirilən “İlin ən yaxşı məruzəçisi” müsabiqəsində I yerə layiq görülmüşəm. Məktəbdə təşkil olunan tarix kabinetinin rəhbəriyəm. Tarix kabinetində “Azərbaycan abidələri” adlı guşə yaratmışam və bu kabinet “Ən yaxşı fənn kabineti” müsabiqəsində dəfələrlə birinci yerə layiq görülüb. 2018-ci ildə “Zəngi” liseyi İnnovativ İdarə Mərkəzinin İKT sektoru tərəfindən keçirilən “Öyrən, inkişaf et, yarat” İnnovativ Müəllim Müsabiqəsində “Pedaqoji ideyalar portfoliosu” - pedaqoji mühazirə nominasiyası üzrə birinci yeri tutmuşam.
Və bu uğurların davamı olaraq “Respublika pedaqoji mühazirələrinin yekunları barədə” Təhsil nazirinin 15 iyul 2019-cu il tarixli əmrinə əsasən II dərəcəli diplomla təltif olundum. Bu, mənim üçün çox böyük uğur idi.
- İki ildir ki, sizin məktəbdə humanitar və texniki fənlər üzrə təmayül siniflər fəaliyyət göstərir. Siz humanitar təmayüllü sinifdə tarix dərsini tədris edirsiniz. Digər siniflərlə müqayisədə təmayül siniflərin üstünlüyü nədədir?
- Hamımıza məlumdur ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqində əsas məqsəd ümumi orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsillənməyə xüsusi meyil və maraq göstərən, ali məktəbdə təhsillərini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasından ibarətdir. Mənim dərs dediyim təmayül sinfində bu il 21 şagird təhsil alırdı, onlardan 18 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olub. Ümumiyyətlə, rayon üzrə 600-dən yüksək bal toplayan 17 şagirddən 3-ü bizim məktəbdəndir. Həmin şagirdlərlə biz il ərzində müəyyən layihələr üzərində işləmişik. Eyni zamanda, o şagirdlərdə müsahibə götürmək, mühakimə yürütmək, özlərini sərbəst ifadə etmək qabiliyyətlərinin formalaşması üçün çalışmışıq. Məsələn, tarixdə hər hansı bir mövzunun tədrisində mən şagirdlərə belə bir sual verirəm: Əgər həmin dövrün tədqiqatçısıyla rastlaşsaydınız ona hansı sualları verərdiniz? Şagirdlər çox dolğun və maraqlı suallar verirlər. Bu, onların mövzuyla bağlı biliklərinin nə qədər ətraflı və dərin olduğunu nümayiş etdirir.
- Şagirdlərlə münasibəti necə qurursunuz?
- İlk növbədə, müəllim özü şagirdi sevməlidir, burda yaxşı və ya pis oxuyan, dərslərə hazırlıqsız gələn, intizamsız şagird faktoru olmamalıdır. Bir də pis uşaq yoxdur. Hər bir uşaqda yaxşı xüsusiyyətlər var ki, yaxşı müəllim onları daha çox önə çəkməlidir, nəinki çatışmamazlıqları... Belə olanda şagird özündə olan mənfi xüsusiyyətləri ört-basdır etməyə çalışır və bu, get-gedə adət halını alır. Bundan başqa, müəllim öz fənnini də sevməli, hətta peşəsinin vurğunu olmalıdır. Mən öz fənnimin vurğunuyam. Şagirdlərimin sevgisini qazanmaq mənim bir müəllim kimi ən böyük uğurumdur. Şagirdlərimdən çoxu tarix müəllimi kimi fəaliyyət göstərir - Ramilə Həbilova (Tasmalı kənd tam orta məktəbi), İlkin Razıyev (Qum kənd tam orta məktəbi), Yalçın Laçınov (Qapıçay kənd ümumi orta məktəbi), Zərrin Mehrani (şəhər 4 nömrəli tam orta məktəb). Tarix fənnini şagirdlərimə sevdirdiyim üçün çox xoşbəxtəm.
- Gənc müəllimlərə tövsiyəniz?
- Dünyada nəcib peşələr çoxdur. Fəqət, bu peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Bu sənəti sevərək işləsələr, sənət onları ucaldacaq. Sevmədiyin heç bir peşədə uğur qazana bilməzsən, xüsusilə də müəllimlikdə. Şagirdlərimizi sevərək öyrətsinlər, onlara öz sənət əsərləri kimi baxsınlar və qiymət versinlər.
Günay MAHMUDOVA,
Qax Rayon Təhsil
Şöbəsinin
ictimaiyyətlə əlaqələr
üzrə məsul şəxsi
Azərbaycan müəllimi.- 2019.-
13 sentyabr.- S.10.