İnnovativ inkişafın açarı
STEAM təhsil bizi strateji hədəflərə
aparır
Son illərdə dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq qazanan STEAM-təhsil müasir təhsil fenomeni kimi peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm istiqamət kəsb etməkdədir. Onun hədəfi şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunmuş biliklərin layihə təlimi vasitəsilə təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinə nail olmaqdır. Məktəblərdə STEAM şagirdlərə kommunikasiya, komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir.
STEAM təhsil metodu şagirdlərə beş
sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik
(Engineering), İncəsənət (Art) və Riyaziyyatın
(Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi
ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası,
praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və
texnologiyaların öyrədilməsində ənənəvi
yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər
vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda
tətbiqini şagirdlərə göstərir. Bu yanaşma
şagirdlərə mühəndislik səriştələri
öyrədərək, onların real həyatda problemlərin
həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri
şagirdləri hansı peşə seçmələrindən
asılı olmayaraq həyata hazırlayır. STEM abbreviaturasına əlavə
olunan +A (art-incəsənət)
təhsilalanlar üçün
vacib hesab edilir. Çünki
istər-istəməz layihə məhsullarının ərsəyə
gəlməsi zamanı incəsənət sahələrinə
inteqrasiya olunur. Eyni zamanda, STEAM humanist yanaşma, mənəviyyat,
ümumi mənafeyə xidmət etmə məqsədləri
daşıyır.
Sentyabrın
2-14 tarixlərində Təhsil Nazirliyinin təşəbbüsü
ilə keçirilən “STEAM
Azərbaycan” layihəsi çərçivəsində müəllim
hazırlığı təlimləri artıq başa çatıb. STEAM təhsilinin tədrisi məqsədi
ilə peşəkar
heyət tərəfindən keçirilən təlimlərdə
34 məktəbdən 104 müəllim iştirak edib. Təhsil Nazirliyi tərəfindən
Bakı şəhərində yerləşən 42 ümumi təhsil
müəssisəsində STEAM layihəsinin tətbiqinə
başlanılıb. Layihə çərçivəsində müəyyən
edilmiş məktəblər üzrə tədrisə
ümumilikdə 6000-dən çox 6-cı sinif şagirdi cəlb
edilir. Layihənin tətbiq edildiyi ümumi
təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən
zəruri təlim avadanlığı və inventarlar ilə təmin
olunub.
“Azərbaycan müəllimi”nə
verdiyi müsahibədə layihənin STEAM məzmununun
hazırlanmasında birbaşa iştirak edən, Sumqayıt
şəhəri İ.Qayıbov adına 1 nömrəli tam
orta məktəbin fizika müəllimi, Azərbaycan üzrə
STEM PD səfiri Aliyə Əhmədova təlimlərin məqsəd və
hədəfi, əhəmiyyəti, görüləcək
işlərlə bağlı məlumat
verdi:
6 minə yaxın şagird STEAM dərslərində
iştirak edəcək
-
Dünyada gedən sürətli
elmi-texniki tərəqqi təbiət və texniki fənlərin
tədrisində qabaqcıl təlim texnologiyalarının tətbiqini,
təhsilverənlərin tədris düşüncəsinin
qloballaşdırılmasını, fənlərin tədrisinin
sinif otağından “çıxaraq”
beynəlxalq və regionlararası əməkdaşlıq
üzərində tədris layihələri vasitəsilə
qurulmasını zəruri edir. Bu baxımdan, son
dövrün təhsil trendi olan STEAM metodikasının Azərbaycan
təhsil sisteminə inteqrasiya edilməsi zərurəti var.
Aydındır ki, bu məqsədlə STEAM metodikasını
mənimsəmiş müəllimlər yetişdirmək
günümüzün tələbidir. 42 məktəbdən 104
müəllimin cəlb edildiyi təlimlərin məqsədi
də STEAM dərslərini tədris edəcək müəllimləri
yetişdirmək, onları bu istiqamətdə peşəkar
inkişafa sövq etməkdir. Hədəf olaraq
isə, 2019-2020-ci tədris ilində bu müəllimlərin
vasitəsilə 6000-ə yaxın 6-cı sinif şagirdinin
STEAM dərslərində iştirakını təmin etmək
qoyulmuşdur. Qeyd edim ki, təlimlər 27
nəfər yerli və xarici mütəxəssis və təlimçilər
tərəfindən keçirildi. Təlimlərin məzmununun
qurulmasında mart ayı ərzində Təhsil Nazirliyinin təşkilatçılığı
ilə İsraildə “STEAM və innovativ təlim metodları”
kursuna cəlb edilmiş yerli təhsil mütəxəssisləri
birbaşa iştirak etmişdir.
STEAM müəllimləri dərslərə
hazırdırlar
- Təlimlər
müəllimlərə nə verəcək?
- Təlimlər nəticəsində
müəllimlərə STEAM düşüncəsi və
metodikası, 21-ci əsr bacarıqları, fənlərarası
əlaqə, layihə əsaslı öyrənmə, innovativ
təlim metodikaları, micro:bit vasitəsilə kodlama, müxtəlif
mühəndis-dizayn həllərinin prototipləşdirilməsi
və s. bu kimi istiqamətlərdə praktik biliklər verildi
və bacarıqlar formalaşdırmağa nail olundu. Yəni, artıq STEAM müəllimi adlandıra biləcəyimiz
müdavimlərimiz şagirdlərinə STEAM dərslərində
mentorluq etməyə, onları yeniliklərə istiqamətləndirməyə
hazırdırlar.
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nda
innovativ təlim metodları və texnologiyaları vasitəsilə
təhsilin məzmununun səmərəli mənimsənilməsini
təmin edən yüksək nüfuzlu təhsilverənlərin
formalaşdırılması vacib hədəflərdən
biri kimi göstərilir. Təhsil Nazirliyinin təşəbbüsü ilə təşkil
olunan STEAM
layihəsi də təlim prosesini səmərəli təşkil
etməyə imkan verən səmərəli innovativ
yanaşmadır.
Dərslərin
STEAM əsaslı qurulması üçün müəllimdən
xüsusi bilik və bacarıqlar tələb olunur.
Çünki layihələr, real həyat problemlərinin həlli
üçün
seçilmiş üsullar nə qədər
şagirdyönümlü olsa da, müəllim layihələrin
planlanmasında və mərhələlərin düzgün
icra olunmasına nəzarət etməkdə şagirdlərlə birlikdə fəaliyyət
göstərir, onların fəaliyyətini istiqamətləndirir.
Xüsusilə, müəllim şagirdlərində 4C bacarıqlarının
formalaşmasında birbaşa iştirak edir. Təlimlərdən
müdavim olmuş müəllimlərimiz bu istiqamətdə
praktik biliklər və mütəxəssis məsləhətləri
qazandı. 104 müəllimin təlim
dövründə qurduğu əlaqə və əməkdaşlığın
təhsilimiz üçün verə biləcəyi töhfələri
isə qarşıdakı illərdə görəcəyik.
STEAM dərslər şagirdlərin
qabiliyyətlərini erkən aşkarlayır
- Bəs
təlimlər şagirdlərimizə nə verəcək?
-
Çevik dəyişən, qloballaşan dünya artıq məktəb
dövründən
şagirdlərdə 21-ci əsr
bacarıqlarının formalaşdırılmasını zəruri
edir. Təlimlər nəticəsində yeni
bilik və bacarıqlar formalaşdıra bilmiş müəllim
öz şagirdinə də şəxsi nümunə, yol
göstərən olmaqla, şagirdində də bu
bacarıqları formalaşdıra biləcək. STEAM dərsləri şagirdlərin qabiliyyətlərinin
erkən aşkarlanmasına, düzgün yönləndirilməsinə
şərait yaradacaq.
STEAM təhsil mühitində uşaqlar bilik alırlar və
dərhal onları istifadə etməyi öyrənirlər. Mühəndis-dizayn fəaliyyətləri,
proqramlaşdırma, müxtəlif smart qurğularla iş,
modelləşdirmə və prototipləşdirmə, layihə
əsaslı öyrənmə şagirdlərin əhatəli
yetişməsində, ətrafda baş verən hadisələrə
və problemlərin
həll yollarına geniş spektrdən nəzər yetirməyə
imkan verəcək. Bu isə, öz növbəsində, gələcəkdə
şagirdlərin özlərinin şüurlu şəkildə
ixtisas və peşə seçiminə səbəb olacaq.
Bunlar gələcəyin STEAM ixtisas və
peşələrinə xüsusi qabiliyyətli şagirdlərin
yönləndirilməsində vacib məqamlardır.
- Təlimlərin,
ümumiyyətlə, təhsil sistemimiz üçün əhəmiyyətini
necə qiymətləndirirsiniz?
- Qeyd edim
ki, STEAM təhsil layihəsində nəzərdə tutulmuş
məqsədlərə nail olunması, ümumiyyətlə,
təhsil sistemi qarşısında duran bir sıra strateji hədəflərə
çatmaqda mühüm əhəmiyyət
daşıyır. Məlum
olduğu kimi, bu ilin yanvar ayında ölkə başçısı İlham Əliyev tərəfindən
“Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində
koordinasiyanın təmin edilməsi haqqında” Sərəncam
imzalanıb. Bu sənəddən çıxan
nəticələrə əsasən, biz innovativ ölkə
qurmağa çalışırıq. Ölkəmizdə
istedadlı uşaqların aşkarlanması və
düzgün istiqamətdə yetişdirilməsi bu işin açarıdır. İnnovativ inkişafın açarı olan STEAM
bizi strateji hədəflərə aparır. İstedadların
aşkarlanması və yetişdirilməsi isə təhsil
sisteminin keyfiyyətindən asılıdır. Bu səbəbdən, təşkil edilmiş STEAM təlimlərinin,
yəni, müasirləşən təhsil məzmununun ölkəmizin
inkişafına verəcəyi töhfələr böyük
əhəmiyyət kəsb edir.
-
Qarşıda duran yeni layihələr və planlar barədə.
- Təlimlərə
cəlb edilmiş müəllimlərin, yəni, onların
şagirdlərinin müxtəlif yerli və beynəlxalq STEAM,
robotiks və s. müsabiqələrə qoşulması,
növbəti ildən STEAM dərslərinin respublikanın digər
regionlarını və daha çox məktəblərini əhatə
etməsi də nəzərdə tutulmuşdur.
- Başa
çatmış təlimlərdə xarici mütəxəssislərin
iştirakı da nəticələrə faydasız
ötüşməyib...
- STEAM metodunun bir
çox sahələrə
müsbət təsiri xarici təhsil mütəxəssisləri
və menecerləri tərəfindən daim təsdiqlənir. Bu baxımdan, təşkil olunmuş təlimlərdə
xarici mütəxəssislərin iştirakı, onların
öz beynəlxalq təcrübələrini müdavimlərlə
bölüşməsini müsbət qiymətləndirirəm.
Xarici təcrübə təhsil
sistemimizə uyğunlaşdırılır
- STEAM təlimlərində
xarici təcrübədən istifadə edildimi?
- STEAM
xarici təlim metodu olduğundan, aydındır ki, təlim məzmununun
hazırlanmasında xarici təcrübədən istifadə
olunmalıdır. Təlim məzmununun
hazırlanmasında iştirak edən yerli təhsil mütəxəssislər
istifadə etdikləri xarici təcrübələri şəxsən
beynəlxalq kurs və seminarlardan qazanıblar. Belə
ki, yerli təhsil mütəxəssisləri, o cümlədən
mən də, mart ayı ərzində Təhsil Nazirliyinin təşkilatçılığı
ilə İsraildə “STEAM və innovativ təlim metodları”
beynəlxalq kursunda iştirak etmiş şəxslərdir.
Eyni zamanda, bu mütəxəssislərin
bir qismi ilə birgə 14-16 iyunda Türkiyədə təşkil
edilmiş “STEM PD education conference” da iştirak etmişik. Qeyd edim ki, TSİİ-nin dəstəyi ilə 19-22
avqustda Latviyada iştirak etdiyim beynəlxalq seminarın
mövzusu da elə “Robotiks Siniflərdə” idi. STEAM təlimlərinin məzmununda
tətbiq olunmuş xarici təcrübə biz mütəxəssislər
tərəfindən
təhsil sistemimizə
uyğunlaşdırılmışdır.
- Təhsildə
yeni yanaşmanın tətbiqi ilə əlaqədar
kurikulumların tətbiqində hansı dəyişikliklər
nəzərdə tutulur?
- Bu il
ölkənin 42 məktəbində tətbiqinə başlanmış
STEAM dərsləri imkan verir ki, müəllim tədris
ili boyunca icra edə biləcəyi fərdi kurikulumunu tərtib
etsin. Müasir və STEAM düşüncəli
müəllimlər üçün bu imkan geniş spektrli
yaradıcılıq üfüqləri açır. Fənn kurikulumlarının icrası zamanı isə
müəllim dərsin mövzusuna uyğun olaraq effektli və
optimal təlim üsul və vasitələrini seçməkdə,
müxtəlif resurslardan istifadə olunmaqla təlim nəticələrini
əldə etməkdə sərbəstdir. Bu il STEAM dərslərinin tətbiqinin ilk ilidir, əldə
olunan nəticələrə əsasən,
qarşıdakı illərdə məzmunun təkmilləşdirilməsi
işlərinə baxıla bilər.
Layihədə iştirak etmiş müəllimlər
də hesab edirlər ki, təlimlərin STEAM təhsilin
prinsiplərinin şagirdlərə daha yaxından
çatdırılmasında çox faydası olacaq. Onlar təhsil sahəsində mühüm istiqamət
barədə yüksək fikirdədirlər.
Müəllimlər STEAM layihəsini
yüksək qiymətləndirirlər
Aytən
Həsənova, 54 nömrəli tam orta məktəbin
informatika müəllimi:
- STEAM
günün tələblərinə uyğun, yüksəkhazırlıqı
mütəxəssislərin hazırlanmasına xidmət
edir. Bu metod
mövzuların elm, riyazi və təcrübi biliklər əsasında
öyrənilməsidir. STEAM təhsil praktik məşğələlər
vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda
necə tətbiq olunmasını şagirdlərə göstərməklə
bütün sahələrdə şagirdlərin
araşdırma, düşünmə, anlama, komanda işi və
yaradıcılıq qabiliyyətini inkişaf etdirir.
Şagirdlər STEAM
layihəsi çərçivəsində innovasiya, yaradıcılıq,
komanda işi və vaxtın idarə olunması kimi
bacarıqları daha tez mənimsəyə
bilirlər. Mən STEAM dərslərində digər
fənn müəllimləri ilə əməkdaşlıq edərək
şagirdlərə hazır bilik, problem həlli deyil, onlara
daim istiqamət verəcəyəm.
Xəyalə
Hüseynli, 20 nömrəli məktəb-liseyin ibtidai sinif
müəllimi:
- Bu layihə
bizlərə müəyyən mənada qoyulmuş
standartlardan kənara çıxmağa, onlara fərdi aspektdən
baxmağa şərait yaratdı. Əminəm
ki, yaradıcı kimi iştirak edəcəkləri dərslərdə
şagirdlər daha həvəsli olacaqlar. Çünki
STEAM şagirdlərə bu vaxta kimi öyrəndiklərinə
müxtəlif cür yanaşmaq və yaratmaq şansı
verir, özlərini ifadə etməyin fərqli bir cəhətini
göstərir. STEAM dərslərində uşaqlar özünü
ifadəetmə vərdişlərini, müzakirə etməyi, təndiqi
düşünmə və problem həlletmə
bacarıqları qazanırlar.
Şagirdlərə düşünmək
üçün tam sərbəstlik verilir. Onlar bir neçə fəndən əldə etdikləri
bilikləri tətbiqə çevirə biləcəklər.
Sonda qeyd
edək ki, orta
məktəblərdə STEAM
yanaşması uşaqları eksperimentlərin
aparılmasına, modellərin hazırlanmasına, musiqi və
filmlərin müstəqil yaradılmasına,
ideyalarının reallığa çevrilməsinə və
son məhsulun yaradılmasına həvəsləndirir. Bu təlim
yanaşması uşaqlara nəzəriyyə və praktiki
bacarıqları effektiv şəkildə birləşdirməyə
imkan verir və gələcəkdə
universitetə daxil olmaq və daha da inkişaf etdirməyi
asanlaşdırır.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2019.- 20 sentyabr.- S.1; 7.