“Belçikada müsabiqədənkənar
təhsil almaq hüququ qazandım”
Canel Nəcəfli:
“Bir arzum var: skripkamın sədaları Şuşadan gəlsin!”
İstedad və əməksevərlik
insanı zirvəyə aparar deyib aqillər. Bu yol heç də
həmişə rahat və uğurlu olmur. Uğura aparan yol
insandan məqsədyönlü fəaliyyət, bilik və
bacarıq, əmək və istedad tələb edir. Müsahibimiz gənc istedad, musiqi sahəsində
uğurlarına görə ötən tədris ilində
Nazirlər Kabinetinin qərarı ilə müsabiqədənkənar Bakı Musiqi Akademiyasının tələbəsi
adını qazanan, həm də Çexiya
Konservatoriyasında əyani təhsil alan Canel Nəcəflidir.
Onun beynəlxalq musiqi müsabiqələrində
dünyanın nüfuzlu münsiflərini heyrətləndirən
uğur yolu necə başlayıb? Onda musiqiyə sevgi necə
yaranıb? Özü bu barədə
danışacaq:
- Musiqi, ən əsası genetik vətənim
Şuşa olduğu üçün yəqin mənə
çox yaxın və əzizdir. Ümumiyyətlə, ailəmizdə
hər kəsin musiqiyə böyük həvəsi, marağı
vardır. Rəhmətlik babam Tofiq Abdullayev
qarmon ustadı olub, Əminə
Dilbazinin triosunda işləyib, vaxtilə Kremldə, “Neft
daşları” dekadasında çıxışlar edib. 3
yaşımdan etibarən dahi bəstəkarımız
Üzeyir bəy Hacıbəylinin yazdığı və
Müslüm Maqomayevin ifasında “Sevgili canan”, “Sənsiz” kimi
romanslarını, gözəl bəstəkar
Asəf Zeynallının, çox ecazkar səsə malik
Bülbülün ifasında “Ölkəm” romansını və
sair bu kimi zövqlü ifaları dinləyir, onları
çox sevirdim, hətta gəlinciklərimlə bu musiqilərin
sədaları altında rəqs də edirdim. 8-9
yaşlarımda Sevil xanım Əliyevanın “Ana”
mahnısını anamın ad günündə ifa
etmişdim. Mənim 2,5 yaşım var idi, anam mənə
nə oyuncağı almağını soruşmuşdu, mən
demişdim, “mama, mənə şirikpa al” (o zaman skripka
sözünü tam deyə bilmirdim) və anam da aldı.
Sözsüz ki, bu, oyuncaq idi, amma illər keçdikdən
sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə
gedəndə heç kəs gözləmirdi ki, mən
skripkanı seçəcəyəm. Ailəmiz
düşünürdü ki, pianoçu olaram, lakin mən
skripkanı seçdim və gördüyünüz kimi bu günədək
alətimi sevir, ona bağlı və sadiq qalmışam.
“Oqtay
Zülfüqarov 4 yaşıma mahnı yazmışdı”
- Musiqiçi kimi yetişməyinizdə kimlərin dəstəyini qeyd edərdiniz?
- 2004-cü ilin sentyabrından nənəm Solmaz xanım məni uşaqların dostu, mərhum bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun yaratdığı “Aysel” teatrına yazdırdı və mütəmadi olaraq ora aparırdı. Orada biz müxtəlif səhnəciklər oynayır, çoxlu uşaq mahnıları ifa edirdik. Hətta Oqtay müəllim 4 yaşımda ad günümə “Caneldir adım” mahnısını da yazmışdı. 5 yaşımda Konservatoriyanın nəzdində İrina Nəcəfəliyevanın piano dərslərinə yazıldım. Qısa bir zamanda maraqlı əsərlər ifa etməyi öyrəndim. İrina xanım məni anama, nənəmə çox tərifləyirdi. Lakin məktəbdə skripka aləti üzrə ifaçılığa başladım. Skripka üzrə ilk müəllimlərim Əməkdar müəllim İlhamə Ağayeva, Cəmilə Əskərzadə olub, hazırda isə Əməkdar müəllim, professor Fatimə İdyatulinadır. III-VI siniflərdə mərhum bəstəkarımız Arif Məlikovun tələbəsi olan Ayaz Qəmbərlinin bəstəkarlıq sinfinə qatıldım. Bəstələdiyim 4 əsər vardır. 2012-ci ildə Bülbül adına məktəbin təşkil etdiyi və şəxsən Arif müəllimin də iştirakçısı olduğu konsertdə öz əsərimlə çıxış etdim. Vaxt məhdudiyyəti olduğu üçün bəstəkarlıqla bir müddətdir məşğul olmuram. III sinfin sonlarından V sinfədək sevimli dirijorumuz, məktəbimizin direktoru, Xalq artisti Teymur Göyçayevin “Tutti” Dövlət Uşaq Orkestrində və V sinfin axırlarından ötən ilə kimi Dövlət Gənclər Orkestrinin üzvü, I skripkaçıların konsertmeystri oldum. Musiqi fənləri olan solfecio və harmoniya dərslərini mənə sevdirdiklərinə görə Gülnarə xanıma və bütün məktəbin sevimlisi olan Kəmalə xanıma, piano müəllimim Nəzirə xanıma minnətdarlığımı bildirirəm.
Musiqiçi kimi yetişməyimə görə müəllimlərimdən, gözəl musiqi təhsili aldığım Bülbül məktəbindən savayı anama, nənəmə minnətdaram.
- Siz bir
çox musiqi festivallarında iştirak etmisiniz? Hansı
müsabiqə sizin üçün daha yaddaqalan olub?
- 2015-ci
ildə ilk dəfə
Polşada “Karavan kulturı”
festival-müsabiqəsində
iştirak etdim və I yeri
qazandım. Məhz
ondan sonra məndə özünəinam, səhnədən
qorxmamaq və sair bu kimi hisslər yaranmağa başladı.
Festivalın açılışında
iştirakçıların cəmi 2 ifası
seçilmişdi, onlardan biri mənim ifa etdiyim Arif Məlikovun
“Məhəbbət əfsanəsi” baletindən “Gözəlliklə
vida səhnəsi” əsəri oldu. 2016-cı
ildə “Rodniki duşi” adlı Respublika festival-müsabiqəsində
I yeri tutdum. Həmin il (Moskva dostları
qarşılayır) Spivakov festivalına skripkaçılar
arasında sənəd və
ifasını yollayanlardan yeganə məni seçdilər və
orada iştirak etdim. Çıxışım
Kolomenski adlanan qədim qoruq-muzeydə oldu və
alqışlarla qarşılandı. Azərbaycanın
Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri
Polad Bülbüloğlu gözəl gül dəstəsi
yollamışdı. Daha sonra Gürcüstanla Azərbaycanın birgə
keçirdikləri Beynəlxalq müsabiqədə 1-ci yerə
layiq görüldüm. 2017-ci ilin
martında “Testene de Art” adlı müsabiqə mənə daha
bir birincilik qazandırdı. Ən həyəcanlı,
mötəbər, yaddaqalan müsabiqələrdən isə
2018-ci ilin 28 mart -2 aprel tarixlərində
Brüsseldə keçirilən
“Grumiaux” (keçmiş
adı “Bravo”) Skripkaçıların XI Beynəlxalq
müsabiqəsi və aprelin 6-da
ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr
edilmiş III Respublika müsabiqəsi oldu. Belçikada əldə
etdiyim diplom mənə Bakı Musiqi Akademiyasında müsabiqədənkənar
təhsil almaq hüququ verdi. Bu məni, ailəmizi, bizi həqiqətən sevənləri
çox sevindirdi.
“Fəxr edirəm ki, laureatlar
yetişdirən müəllimim vardır”
- Sizə uğur qazandıran
“Grumiaux”
müsabiqəsi barədə
danışardınız...
- Əlbəttə, qərib bir yerdə təşkil
olunan çox həyəcanlı bir müsabiqədə
keçirdiklərim haqda təəssüratlarımı
bölüşmək istərdim. X sinifdə oxuyarkən, “Grumiaux” Beynəlxaq
müsabiqəsində iştirak etməyi qərarlaşdıq.
Sevimli müəllimim, professor Fatimə
İdyatulina ilə məsləhətləşdikdən sonra
bir neçə ay ərzində tələb olunan proqram
üzrə işə başladıq. Əslində bu
cür müsabiqədə yer almağa yox, hətta finala
keçməyə ümidim yox idi, belə ki, son illər bu müsabiqəyə
dünyanın dörd bir yanından, Avropadan, ABŞ-dan, hətta
Yaponiyadan çox güclü, virtuoz skripka
ifaçıları qatılırlar. Mən birinci turda
çıxış etdim və münsiflərin müzakirəsindən
sonra adımın çəkildiyini eşitdikdə sevincimizin hədd-hüdudu
olmadı. İlk olaraq müəllimim Fatimə xanıma və
nənəm Solmaz xanıma zəng vurub sevincimi bölüşdüm. Mənim qrupumda 17 nəfər iştirak edirdi, finala
çıxmaq artıq qələbə demək idi. 2 gün sonra mən finalda çıxış etməli
idim. Filip adlı piano müşayiətçim
var idi. Əllərim həyəcandan əsdiyindən və
çox soyuq olduğundan, əlcəklərini mənə verdi və rahat olmağı, artıq qalib
olduğumu dedi və yer tutmaq barədə yox, yalnız
duyğulu, gözəl ifa barədə düşünməyimi
tövsiyə etdi. Anam da məni digər tərəfdən
dəstəkləyirdi, mənə inandığını və
nəticənin necə olacağını düşünməməyimi,
ürəklə, sanki özün üçün
çıxış edirsən, sən artıq qalibsən, bu
cür auditoriya qarşısında çıxış etmək
özü artıq qələbə deməkdi deyərək
duaları ilə məni səhnəyə yola saldı. Mən Vyetanın konsertini ifa etdim. Məndən sonra daha 2 iştirakçı
qalmışdı. Həmin gözləmə anları
sanki illər kimi hiss edilirdi. Nəhayət, münsiflər
müzakirəyə gedəndə, anama dedim ki, bu yapon
qızın və digərlərinin qarşısında
çətin ki, mənə yer verərlər. Anam məni
qucaqladı və mənə inandığını dedi. Qaliblərin içərisində mənim də
adım çəkiləndə anamla qucaqlaşıb
çox kövrəldik. Sevincimizdən
danışa da bilmədik, amma müəllimimə dərhal xəbər
verməli idik. Anam birtəhər
özünü toparladı, həm müəllimim, həm də
nənəmlə telefonda danışdı. Onlar Azərbaycanda,
biz isə Belçikada bu sevinci yaşadıq. Allahımdan
çox razıyam. Fəxr edirəm ki, ətrafımda
anam, nənəm kimi dəstəkçilərim və Fatimə
xanım kimi gözəl, istedadlı, işində
canını qoyan, laureatlar yetişdirən müəllimim
vardır.
“Dörd ölkədən təhsil
almağa dəvət aldım”
- Hazırda Çexiya Konservatoriyasında təhsil
alırsınız. Buna necə nail oldunuz?
-
Belçikadakı çıxışımdan sonra “Grumiaux”
müsabiqəsinin münsiflər heyətindən
dördü məni öz ölkəsinə oxumağa təklif
və dəvət etdi. Mən həm bir
ifaçı, həm də müəllim kimi çox
istedadlı skripkaçı olan Konservatoriyanın professoru
Roman Fedçuku və Çexiya Konservatoriyasını
seçdim. Bu ilin yanvar ayında qəbul imtahanında
iştirak etdim və 25 baldan 25 bal yığdım, qəbulda
iştirak edən 24 nəfərin içərisində ilk
beşlikdə idim. Ana vətənim Azərbaycanı
hədsiz sevdiyim üçün, onu tam tərk etmək istəmədim
və Bakı Musiqi Akademiyasının
İfaçılıq üzrə qiyabi təhsilini
seçdim. BMA-ya müsabiqədənkənar
qəbul olundum. Hazırda Çexiya
Konservatoriyasının əyani və BMA-nın qiyabi təhsili
üzrə 1-ci kurs tələbəsiyəm.
“Möcüzələrə
inanıram”
- Gənc musiqiçi kimi hansı
plan və arzularınız var?
- Ümid
edirəm ki, dinləyici auditoriyam daha da artacaq və Azərbaycanın
bayrağını təkcə Polşada, Belçikada,
Çexiyada deyil, digər ölkələrdə də
qaldıracağam. Bir arzum var: skripkamın sədaları
genetik vətənim Şuşadan gəlsin! Şuşanı
görməsəm də, oranı çox sevirəm və
ümid edirəm ki, çox keçmədən, arzularım
reallaşar. Bu, bütün Azərbaycanın
və Azərbaycansevərlərin başlıca arzusudur.
Azərbaycanda istedadlı gənclərə yaradılan
imkan və şəraitə görə Prezident İlham
Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya
minnətdarlığımı bildirirəm. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın və onun simasında dövlətimizin diqqət
və qayğısını hər zaman hiss edirik. Bu gün Azərbaycan mədəniyyətinin
qazandığı uğurlar birinci xanım Mehriban
Əliyevanın adı ilə bağlıdır. Biz gənclər məhz əldə etdiyimiz nailiyyət
və uğurlarda Mehriban xanımın da payı olduğunu
etiraf edirik.
Gələcəkdə
tanınmış skripka ifaçısı olmaq, Vyananın
möhtəşəm zalında Vyana Ştraus
orkestrinin müşayiəti ilə ifalar etmək... Əlçatmaz görünsə də, bu, mənim
arzum, hədəfimdir.
Möcüzələrə inanıram, çünki hədəflərimə
ciddi yanaşıb, inamla çalışıram.
Beynəlxalq münsiflər azərbaycanlı
tələbə haqqında
Muhammedjan
Turdiyev (Türkiyə) “Grumiaux” müsabiqəsinin münsifi:
- “Grumiaux” yarışmasında Canelin ifası
hamımıza çox gözəl təəssürat
bağışladı. Onun aydın musiqi və skripka qabiliyyəti
var. Perspektiv görünür və ümid edirəm ki,
yaxın gələcəkdə özünü musiqi
dünyasında tanıdacaq.
Roman
Fedçuk (Çexiya) Canelin indiki əcnəbi müəllimi:
- Canellə
ilk tanışlığımız Brüsseldəki “Grumiaux”
müsabiqəsində oldu. Canel çox kövrək
bir qız kimi görünürdü və ifası belə
gözlənilməz, tam temperamentli, dəqiq, lakin zəngin
idi. Məqsədyönlü, lakin çox
böyük perspektivə malik valehedici ifa. Bu il Caneli öz sinfimdə salamlamaq mənə
çox xoş oldu, qarşıda bizi maraqlı və məhsuldar
işlər gözləyir və gələcəyə
böyük ümid və sevinclə baxıram. Canelin isə mütləq parlaq və uğurlu gələcəyi
var. Gələcəkdə onu təkcə gözəl bir
skripkaçı deyil, eyni zamanda gözəl musiqiçi kimi
görürəm və bunu ürəkdən arzulayıram.
İqor
Tkaçuk (Belçika) “Grumiaux” müsabiqəsinin münsiflər
heyətinin sədri:
-Düşünürəm
ki, Canel kimi tələbələr üçün
yaxşı müəllim olmaq çətin deyil. Onun məqsədyönlülüyü, əziyyəti
və çalışqanlığı skripka ifasında istədiyi
nəticəni asanlıqla əldə etməyə kömək
edir. Heç kimə sirr deyil ki, musiqi alətində
ifa edən şəxs özünün duyğu və emosional
hisslərini ifadə edir. Canelə gəldikdə,
bu hisslərin dərinliyi və səmimiliyi dinləyiciləri
cəlb edir və bir sənətçi kimi ona inanmağa məcbur
edir. Bununla yanaşı, o,
skripkaçı üçün ən vacib keyfiyyətlərdən
olan səsin gözəlliyini hiss etmək qabiliyyətinə
malikdir. Və bu rəngarəng palitra onun
ifasını daha da rəngarəng və maraqlı edir.
Sözlərimin təsdiqi, münsiflər heyətində
olduğum Beynəlxalq “Grumiaux” Skripka müsabiqəsində əminliklə
əldə etdiyi mükafatdır.
Nazim
Azadoğlu (Türkiyə) Azad Əliyev adına
I Beynəlxalq Violinçilər Müsabiqəsinin Münsiflər
Heyətinin üzvü:
- Azad
Əliyev adına 1-ci Beynəlxalq Violinçilər
Müsabiqəsində doğma Bülbül adına məktəbin
şagirdlərinin bir ulduz kimi parladıqlarını görmək
şəxsən mənə böyük bir hədiyyə
oldu. Xüsusilə onlardan biri - gənc Canel Nəcəfli
mənim yaddaşıma həkk olundu. Canel 17 yaşı olmasına
baxmayaraq, özünə xas interpretasiyası ilə bizləri heyrətləndirdi, öz yaş qrupunda laureat adına
layiq görüldü. Musiqi ənənələri ilə zəngin
respublikamızda yeni istedadlar kəşf etmək və yeni
adların yüksəlişini görmək məni bir
musiqiçi kimi hər zaman sevindirib. Fədakar
əməyinə görə Canelin müəllimi Fatimə
İdyatulinaya öz dərin minnətdarlığımı
bildirirəm. Canelə də qələbələrinin və
yaradıcılıq müvəffəqiyyətlərinin
davamını arzulayıram. Qoy belə ulduzlardan musiqi səmalarında
daha çox olsun!
Fabio
Lamborghini,
İtaliyadan olan münsif:
- Canel Nəcəfli
ilə Bakıda
“Testene Art” musiqi yarışmasında tanış oldum. Onun çox yüksək səviyyədə məharətli
ifa etdiyi musiqi çıxışlarını hamımız
yüksək dəyərləndirdik və onun parlaq bir musiqi gələcəyi
üçün potensialının olmasını
düşünürük. Müsabiqədə 15 yaşlı Canelin
kubokunu və medalını şəxsən ona təqdim
etmişəm. Ən qısa zamanda mükəmməl
və maraqlı çıxışlarını bir daha
görməyə ümid edirəm.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2019.-
27 sentyabr.- S.8