Təhsilin məzmunu və forması

cəmiyyətin inkişafında baş verəcək

dəyişikliklərin fövqündə dayanmalıdır

 

Bizim gələcəyimiz təhsillə bağlıdır, sivil ölkələrin inkişafında ən aparıcı rol oynayan bilikdir, elmi-texniki tərəqqidir və biz də təhsilimizi bu istiqamətdə qururuq. Təhsil sahəsində aparılan islahatların vahıd konsepsiyası, aydın strategiyası və konkret dövlət proqramı hazırlandı. Milli təhsil quruculuğunda  yeniləşmə yeni məzmun və struktur dəyişiklikləri ilə müşayiət olundu. Hansı ölkənin ki, təhsili akademik dəyərlər üzərində qurulub, həmin ölkələr beynəlxalq  rəqabətlə ayaqlaşa bilən təhsil sahəsində böyük islahatlar aparır.

Milli təhsilimizin dünya ölkələrinin təhsilinə inteqrasiya prosesi sürətlə həyata keçirilir. Təhsilin məqsədi şəxsiyyətin hərtərəfli inkişafını, müvafiq bacarıqların  qazanılmasını təmin etməkdirsə, təlim bu məqsədə çatmaq üçün vasitədir. Bu məqsədə nail olmaq üçün təhsildə prinsipiallıq, ideoloji hazırlıq başlıca meyar olmalıdır. Təhsili millətin gələcəyi hesab edən ulu öndər Heydər Əliyev təhsilin ən böyük məqsədini Azərbaycan vətəndaşı hazırlamaqda görürdü, bu məsələdə gənclərin hərtərəfli inkişafına özül olan orta təhsilə daha çox üstünlük verirdi.

İqtisadiyyatda, siyasətdə, mənəviyyatda tənəzzül, irəliləyiş, təkamül də özünü məktəbdə göstərir. Biz gələcəyin vətəndaşını, şəxsiyyətini yetişdiririk. Fəaliyyətimizin istiqaməti göstərir ki, Azərbaycanın işıqlı gələcəyinin qurucuları şərəfli yolu uğurla keçib gedəcək. İslahat proqramı ölkəmizin inkişafının yeni mərhələsində təhsil siyasətinin əsas istiqamətlərini müəyyən etməklə bu sistemin inkişafının, keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edir.

Cəmiyyət nəsil dəyişikliyinin səviyyəsi üçün narahatdır, çünki buna özücavabdehlik daşıyır. Cəmiyyət məktəbin hazırlığında maraqlıdır, məktəb də yetişdirdiklərinin gələcəyi üçün elə narahatdır, maraqlıdır. Vətəndaş cəmiyyətinin formalaşması da məhz buradan keçir.

Təhsilin inkişafı ona yaradıcı münasibətdən asılıdır, yaradıcı münasibət isə qarşıya qoyulan məqsədə nail olmağa təminat verir. Təhsilin məzmunu və forması cəmiyyətin inkişafında  baş verəcək dəyişikliklərin fövqündə dayanmalıdır. Prezident İlham Əliyevin sözləri ilə desək, bizim gələcəyimiz təhsillə bağlıdır, bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir. Azərbaycanda təhsilin səviyyəsi artır və biz buna çox sevinirik. Təhsil inkişaf perspektivlərimizi müəyyən edən başlıca sahədir. Dövlət büdcəsində ordudan sonra ən böyük vəsaitin məhz təhsil sahəsinə ayrılması Azərbaycanın intellektual gələcəyi naminə atılmış mühüm və qətiyyətli addımdır.

Qeyd edək ki, məktəb direktorunun şəxsi keyfiyyətləri, səviyyəsi, hazırlığı, təşkilatçılıq qabiliyyəti müəllim üçün bir örnəkdir. Məktəbin formalaşması onun ad-sanının artması üçün nə qədər önəmlidirsə, mütərəqqi ənənənin davam etdirilməsi bir o qədər vacibdir...

Məktəb bir mərkəzdən idarə olunur, öz-özlüyündə hamının ümdə işi, vəzifəsi budur  bu cəhətdən müəllimin işi ağır və məsuliyyətlidir. Şagird müstəqil olmaq, hökm vermək, qərara öz ağlı və düşüncəsi ilə gəlmək istəyir, ona bu sahədə yaxın köməkçi həm də öz müəllimidir - peşə əxlaqının görünməyən tərəflərindən biribudur. Məktəb, təhsil elə bir sahədir ki, hər gün müəllimin təkmilləşməyə, yeniləşməyə və həyatda olan yenilikləri öz dərslərinə tətbiq etməyə ehtiyac duyulur. Məktəb direktoru müəllimlərlə işləyərkən onlara həm məktəbin gözəl ənənələrini yaşatmağı tövsiyə edir, həm də yaxşı müəllim olmağın əsas məqamlarını aşılayır, təcrübəli müəllimlərin gənc həmkarlarını hamiliyə götürməsinə şərait yaradır, bir sözlə, müəllimlər arasında işbirliyi yaratmağa səy göstərir.

İdarəetmənin keyfiyyətinə müsbət təsir göstərən amillərdən biri də məktəb-valideyn əlaqələrinin tənzimlənməsidir. İnkişaf etmiş ölkələrdə valideynlər məktəbin idarə olunmasında iştirak edirlər. Valideynlərin təmsil olunduğu qurum idarəetmədə əsas amil hesab olunur və məktəb rəhbərliyi onları doğru-düzgün istiqamətə yönəltməlidir.İnzibati idarə və elmi-metodik xidmət müəssisələrinin əməkdaşları məktəbə gələrkən uşaq özünüidarə təşkilatları ilə yanaşı, bu qurumla da maraqlanıb, onlarla görüşüb söhbət etməli, fəaliyyətlərinə dəstək verməlidir.

Peşəkar rəhbərlik sahəsində aparılan tədqiqatlar mahiyyətcə mübahisəli xarakter daşıyır, idarəetmədə kollegiyallıq prinsipinin gözlənilməsi demokratik dəyərlər baxımından əvəzsizdir. Hələ sovetlər dönəmindən qalan maarifyanı şura-təhsil şurası məktəblərdəki idarəetmənin struktur cəhətdən formalaşmasında mühüm rol oynayır. Pedaqoji şura məktəbdə daimi fəaliyyət göstərən kollegial orqandır. Pedaqoji işçilərinin təmsil olunduğu şura planında məktəbin təlim-tərbiyə sahəsindəki bütün  problemlərini əhatə edir.

Təlim-tərbiyə prosesini inkişaf etdirmək və təkmilləşdirmək, müəllimlərin və tərbiyəçilərin peşə ustalığını, yaradıcılıq meylini yüksəltmək məqsədilə pedaqoji şuralar yaradılıb ki, məktəb fəaliyyətinin  əsas məsələlərini demokratik prinsiplər əsasında həll etsin. Məktəblər bu qurumun fəaliyyətinə bu günün tələbləri gözü ilə baxıb, onun fəaliyyət istiqamətində dəyişiklik etməlidirlər. Burada qoyulan məsələlərin də cəmiyyət üçün çıxarılmasına bəzən bir lüzum da görünür, ehtiyac hiss olunur. Cəmiyyət üçün məktəbdə baş verənlər maraqlıdır, pedaqoji şuralar cəmiyyətin bu marağı istiqamətində bəzi məqamlara diqqət yetirməlidirlər.

Azərbaycan təhsil sistemində həyata keçirilən islahatlar, ilk növbədə şagird şəxsiyyətinin formalaşmasına yönəlmişdir. Bu məqsədlə yeni pedaqoji texnologiyaların tətbiqi vacibdir. Məktəbdə müəllimlərin qarşısına qoyulan tələblərin düzgün icrasına rəhbərlik tərəfindən nəzarət  həyata keçirilir.

Kollektivin gənc müəllimlərinə rəhbərlik öz bacarıq və qabiliyyətlərini göstərmək üçün pedaqoji-psixoloji mühit yaratmalıdır ki, onların “açıq dərs”lərini təşkil edərkən qarşılıqlı dərsdinləmə yolu ilə bir-birinin əməkdaşlığına zəmin yaranır, aralarında işbirliyi formalaşır. Direktorun ən ümdə bir arzu-istəyi də o olur ki, məktəbdə yaxşı müəllimin özünəməxsus nəfəsi, duyumu, dəst-xətti görünsün. O, dərsi dinlənilən müəllimlə ən əvvəl fərdi söhbət edir, imkanı çatan metodikpedaqoji tövsiyə xarakterli ədəbiyyatla onu tanış edir.

Metodik göstərişləri həyata keçirəndə tələsikliyə yol verilməməlidir, mühüm əhəmiyyət kəsb edən pedaqoji məqamlar formal xarakter almamalıdır. Bir də ən vacibi odur ki, dinlənilmiş dərsin  təhlili yubandırılmamalı, təhlil elə həmin günə təyin olunmalıdır, üzrlü səbəbdən həmin gün bu baş tutmasa, onda  növbəti günə təyin etmək lazımdır. Təhlilin obyektiv, məzmunlu olması çox vacibdir. Bu dərslər yaradıcı xarakterli, nümunəvi olduğundan xeyli yeniliklər, öyrəniləsi məqamlar olurbu cəhətdən düzgünobyektiv  təhlilə önəm verilməlidir.

Təhsildə elmitexnoloji innovasiyaların daimi dəstəyi olmadan inkişaf mümkün ola bilməz. Buna görə də Azərbaycan gənclərinin intellektual potensialını yüksəltmək məqsədini güdən təhsil proqramlarının daimi təkmilləşməsi və keyfiyyətinin artırılması son dərəcə vacibdir. XXI əsr məktəbi qarşıya yeni tələblər qoyur. Bu tələblərin həyata keçirilməsində interaktiv metodların böyük əhəmiyyəti vardır. Şagirdlərin şəxsiyyət kimi formalaşmasında müasir dərsin imkanları daha çoxdur. Şagirdlər fəal düşünmə bacarığına yiyələnir, digər fikirləri təsdiq etməyi bacarır, daha yaradıcı olur, nitq qabiliyyəti inkişaf edir.

Pedaqoji təxəyyülə malik olan müəllim öz fəaliyyətinin nəticəsini qabaqcadan görə bilir, şagirdin gələcəyini düzgün görüb onu istiqamətləndirməyi bacarır, onda hansı keyfiyyətləri inkişaf etdirməyin mümkün olduğunu yəqin edir. Müəllim əməyini təhlil edərkən bir sıra mühüm anlayışlara istinad etmək lazım gəlir. Bu cür anlayışlara pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət, pedaqoji məqsəd, pedaqoji situasiya, pedaqoji fəaliyyətin priyomları, şəxsiyyəti aid edə bilərik.

Müəllim kollektivinin fəaliyyətindəki məqsədyönlülüyü və mütəşəkkilliliyi məktəb işinin nəticəsi üçün ümumi məsuliyyətlilik doğurur. A.S.Makarenko dəfələrlə qeyd etmişdir ki, yalnız vahid məqsədə və əxlaqi münasibətlərə malik olan mütəşəkkil müəllim kollektivi uşaqları tərbiyə etməyə və onların şəxsiyyətini formalaşdırmağa qabildir.

Müəllim dərsə hazırlıq prosesində vaxta qənaət etmək məqsədilə işini səmərəli təşkil etməlidir. Bundan ötrü isə o, bütün daxili imkanlarından istifadə etməli, tədris materialları üzərində aparılan işi məqsədəmüvafiq ardıcıllıqla yerinə yetirməlidir. Müəllim müntəzəm surətdə hər dərsə qabaqcadan ciddi hazırlaşmalıdır. Öyrətməyin yollarının, üsullarının, metodlarının düzgün tətbiqini təmin edən texnologiyaları mənimsəmək günün reallığıdır. Pedaqoji prosesin bütün incəliklərini öyrənməklə bərabər, o, eyni zamanda öz təcrübəsini həmkar yoldaşları ilə də bölüşüb onların pedaqoji ustalığının təkmilləşməsinə kömək göstərməlidir.

Bu günün müəllimi öz işini yeni müstəvidə qurmalı, şagirdlərlə, valideynlərlə, həmkarları ilə yeni tərzdə qarşılıqlı fəaliyyətdə olmalıdır. Müəllim dərsini səmərəli qurmaq üçün ona təqdim edilən çoxsaylı və müxtəlif səviyyəli tapşırıqlardan məqsədyönlü istifadə etməklə bütün şagirdlərin dövlət standartlarının tələblərinə cavab verməsinə nail ola bilər.

Təhsil o zaman keyfiyyətli hesab edilər ki, tədris prosesinə istiqamət verən və onu inkişaf etdirən müəllimlərin bilikləri müasir tələblərə cavab versin. Təlimin səmərəliliyinin artırılması və keyfiyyətinin yüksəldilməsi təhsil işçilərinin başlıca vəzifəsidir, şagird milli, ümumbəşəri bilikləri və mənəvi keyfiyyətləri məktəbdə müəllimin köməyi ilə mənimsəyir.

Məktəbdə ideya-mənəvi hazırlıq işlərinin əsasını müəllimlərin yüksək pedaqoji ustalığı və şəxsi təhsili təşkil edir. Düşdüyü pedaqoji mühitin təsiri nəinki şərəfli peşəyə məsuliyyət hissi ilə yanaşmağa, bu sahədə daim axtarışlar aparmağa, müasir dövrlə ayaqlaşmağa, bilik və bacarığını savadlı şagirdlərin yetişdirilməsinə sərf etməyə vadar edir. Yeni texnologiyalar əsasında dərs metodlarını təqdir etsək də, təcrübəli müəllimlərin təcrübəsindən də tez-tez istifadə edilməsini, çətinliyə düşəndə onlardan öyrənməyi də lazım bilib gənc həmkarlarımıza tövsiyə edirik.

Dərs planının hazırlanması vacib mərhələdir. Onun həm müəllimin inkişaf etməsi, həm də təlim prosesinin idarə olunması baxımından əhəmiyyəti vardır. Ona görə də dərs planının hazırlanmasına ciddi yanaşılmalıdır. Dərsin problem xarakterli olması onun hər hansı didaktik vəzifənin həllinə zəruri bir problem kimi yanaşılmasından irəli gəlir. Hər dərsin müvafiq məqsədinin həll olunması istiqamətində zəruri olan problem müəyyənləşdirilir. Dərs didaktikanın mühüm obyekti kimi bu günə qədər öyrənilməkdə davam edir, mühüm pedaqoji məsələ kimi araşdırılır. Eləcə də dərsdə psixoloji tələblər, şagirdlərin mühüm xüsusiyyətləri psixologiyada öyrənilir. Pedaqoji psixologiya dərsin psixoloji məqamlarından danışmaqla onu daha çox araşdırmağa səy göstərir.

İslahatın ən böyük uğurlarından biri məktəblərimizdə təlim prosesinin yeniləşməsini təmin edən fənn kurikulumlarının hazırlanmasıdır. Kurikulum islahatının müvəffəqiyyətlə həyata keçirilməsi, ilk növbədə müəllimin nəzəri, pedaqoji, psixoloji hazırlığından asılıdır. Əsl müəllim hərəkəti, davranışı, münasibəti, savadı, intellekti ilə şagirdlərin rəğbətini qazanmalıdır. Təhsildə əsas sima, ən nüfuzlu şəxs olan müəllim adını daşımaq, bu ada layiq olmaq şərəfli və məsuliyyətli bir işdir. Xalqımız müəllimə böyük hörmət və ehtiram bəsləyir, ona elm, bilik, ədəb və mərifət daşıyıcısı kimi baxır.

 

İslam ƏSGƏROĞLU

 

Azərbaycan müəllimi.- 2019.- 27 sentyabr.- S.6.