Ömrünün 40 ilini uşaqlara
həsr etmiş müəllim
Fənarə Abbasova: “Hər dərsim mənim üçün ilk dərs
kimidir”
Müəllim ömrünü bəzən
yanar şama bənzədirlər.
Şam yandıqca ətrafa
işıq saçdığı kimi bu peşənin sahibləri də özlərini
şam kimi əridərək
ətrafı nurlandırmaqla
neçə-neçə insanın həyat yolunu işıqlandırırlar. Böyüməkdə olan gənc
nəclin təlim-tərbiyəsi ilə məşğul olan Fənarə Abbasova da ömrünün 40 ilini uğurlu pedaqoji fəaliyyəti ilə balaca
fidanların yüksək savad almasına
həsr edən məhz belə pedaqoqlardan
biridir. O, 1959-cu ildə Xanlar rayonunun (indiki Göygöl) Qarabağlar kəndində anadan olub. Məhsəti Gəncəvi adına Gəncə
Dövlət Pedaqoji Məktəbini, daha sonra Kirovabad Dövlət
Pedaqoji İnstitutunun
(indiki Gəncə Dövlət Universiteti) ibtidai təhsilin
pedaqogikası və metodikası fakültəsini bitirib. İlk əmək
fəaliyyətinə 1978-ci ildə Qarabağlar
kəndində ibtidai sinif
müəllimi kimi başlayıb.
Ailə vəziyyəti ilə bağlı Bakıya
köçən Fənarə müəllim buradakı 272 və 158 nömrəli
tam orta məktəblərdə
çalışıb. 1992-ci ildən isə taleyini
Bakıdakı 286 nömrəli tam orta məktəblə bağlayıb.
“Uşaqları çox sevirəm. Bu sevgi, eyni zamanda müəllimlik sənətinə olan heyranlığım məni həmin peşəyə ürəkdən bağlanmağıma səbəb oldu”, - deyir Fənarə müəllim. Onun ibtidai sinif müəllimi kimi fəaliyyəti dövründə 8 buraxılışı olub. Şagirdlərinin, demək olar ki, böyük əksəriyyəti ölkəmizin müxtəlif ali məktəblərində təhsil alıblar.
İbtidai sinif təhsilin təməli olduğundan onun bünövrəsinin sağlam qoyulması müəllimdən, ilk növbədə, savad və yüksək peşəkarlıq tələb edir. Bunu yaxşı bilən təcrübəli pedaqoq öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur. Dərslərində müasir təlim metodlarından səmərəli şəkildə istifadə edən F.Abbasova bu günün şagirdlərinin oxumağa, bilik, informasiya əldə etməyə maraqlı olduqlarını söyləyir: “Artıq 40 ildir ki, müəllimlik fəaliyyəti ilə məşğulam. Bu illər ərzində neçə-neçə şagirdin ilk müəllimi olmuşam. Yaxşı bilirəm ki, böyüməkdə olan nəslin savadlı, bacarıqlı, eyni zamanda gələcəkdə əsl vətəndaş kimi formalaşması biz ibtidai sinif müəllimlərindən asılıdır. Məhz hər bir şagirdi anlamaq, yüksək bilik vermək, onlarda bacarıq və yaradıcılıq qabiliyyətini formalaşdırmaq olduqca vacib amildir. Onu da xüsusi qeyd edim ki, yeni təlim metodları təhsilin məzmununu daha yaxşı mənimsəmək və şagirdlərin təfəkkür prosesini inkişaf etdirmək baxımından çox faydalıdır. Mən də bir müəllim kimi yeni texnologiyalardan istifadə edərək dərslərimi daha maraqlı etməyə çalışır, şagirdlərimi sağlam mühakimələr irəli sürməyə sövq edirəm”.
Müasir təhsilə verilən tələbləri yaxşı bilən pedaqoq dərslərini tam fəallıq şəraitində keçir. Belə ki, dərslərində onunla bərabər şagirdlər də yaradıcılıq axtarışında olur ki, bu da son nəticədə uşaqlarda müstəqil düşüncə tərzi formalaşdırır və onlarda təşəbbüskarlığa, yeniliyə meyilliliyi gücləndirir.
Biliyin passiv deyil, fəal öyrənmə prosesində daha səmərəli əldə edilməsi fikrini öz fəaliyyətində əsas tutan Fənarə müəllim hər hansı mövzunu keçərkən bütün şagirdlərin fəallığını təmin etməyə, eyni zamanda onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olur. Təbii ki, bu da şagirdlərin böyük əksəriyyətinin tam hazırlıqlı olmasına gətirib çıxarır.
Fənarə müəllim fəaliyyətində müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulmasına da xüsusi önəm verir: “İndiki dövrün uşaqlarının demək olar ki, əksəriyyəti məktəbə hazırlıqlı gəlir. Onların düşünmə qabiliyyəti, intellektual səviyyəsi daha yüksəkdir. Uzunillik təcrübəmə əsasən onu deyə bilərəm ki, daim valideyn nəzarəti altında olan şagirdlərlə işləyərkən daha yaxşı nəticələr əldə etmək olur. Valideyn və müəllim birgə fəaliyyət göstərməlidir. Bu zaman uşağın inkişafı hərtərəfli olur. Necə deyərlər, tək əldən səs çıxmaz. Valideynlər də uşaqlara daha çox vaxt ayırmalı və qayğı göstərməlidir. Çünki müasir dövrümüzün uşaqları müstəqil fikir söyləməyi bacarır və bu zaman valideynlərinin onların fikirlərinə, arzularına hörmətlə yanaşmasını istəyirlər. İstər müəllim, istərsə də valideyn tərəfindən tətbiq edilən zorakılıq üsulları vəziyyəti düzəltmək əvəzinə uşaqda olan qüsurları artırar və davranışlarına mənfi təsir göstərər. Uşaqlar tərifi daha çox sevir, onları yeri gəldikcə motivləşdirmək, həvəsləndirmək lazımdır. Balacalarımızı cəsarətləndirmək, onlarla dostcasına davranmaq daha effektlidir”.
Fənarə müəllimin fəaliyyəti ilə yaxından tanışlıq, söylədiyi fikirlər onun öz peşəsinə, sözün əsl mənasında, vurğunluğundan, daim öz üzərində çalışmasından xəbər verir. “Hər dərsim mənim üçün ilk dərs kimidir”, - deyən təcrübəli pedaqoq hər dəfə sinfə eyni həvəs, eyni şövqlə daxil olduğunu bildirir.
Bu illər ərzində qazandığı ən böyük mükafat isə şagirdlərinin sevgisi və ona qarşı olan hörmətdir. Yenicə qədəm qoyduğumuz 2019-cu ilin yanvarın 4-də 60 yaşı tamam olan Fənarə Abbasova həm də qeyd etdiyimiz kimi 40 ildir pedaqoji fəaliyyətlə məşğul olur.
Elə bu münasibətlə qələmə aldığımız yazını da təcrübəli pedaqoqun öz fikirləri ilə tamamlamaq istədik: “Geriyə dönüb baxdıqda müəllimlik sənətini seçməklə heç də yanılmadığımı görürəm. Bu gün yetirmələrimin müxtəlif vəzifələrdə, hər hansı bir mövqe sahibi olduğunu görərkən onların üzərində çəkdiyim əziyyətin hədər getmədiyindən fəxarət hissi keçirirəm. Balaca fidanları qollu-budaqlı, kök salmış ağac kimi görmək məni sevindirir. İllər ötsə də, onların məni unutmaması və görüşərkən “əziz müəllimimiz”,- deyə müraciət etmələri məni çox qürurlandırır”.
Bəli, Fənarə müəllimi hamı çox sevir, çünki bu gözəl pedaqoq səmimiliyi və mehribanlılığı ilə onu yaxından tanıyanların, xüsusilə şagirdlərinin qəlbində doğma bir insana çevrilməyi bacarıb.
Samirə
KƏRİMOVA
Azərbaycan müəllimi.- 2019.- 11 yanvar.- S.7.