“Dəyərlərə əsaslanan təhsil
öndə olmalıdır”
Sevinc İlyas Məmmədova, Corc
Vaşinqton Universitetinin doktorantı:
“Biz uşaqlarımızın
bacarıqlı insan olmalarına daha çox
çalışmalıyıq, nəinki 700 bal toplamasına”
Azərbaycanlı
gənclərin dünyanın nüfuzlu universitetlərində
təhsili və yüksək peşəkarlar kimi yetişmələri
gələcək uğurlu karyeranın təməli deməkdir.
Bu, həm də ölkəmizin
gələcəyinə hesablanmış strateji hədəfdir.
Çünki bu gənclər
öz uğur hekayələri ilə ölkəmizin
inkişafına töhfələrini verməkdədir. Öz
istedad və bacarıqları ilə
elm və təhsil yolunda inamlı addımlarını atan
istedadlı gənclərimizdən biri də hazırda
ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetində
doktorantura təhsili alan Sevinc İlyas Məmmədovadır.
Onun təhsil yolu çox maraqlı və zəngindir.
- ABŞ-a hansı arzularla gedirdiniz? Özünüzə belə bir hesabat verirdinizmi ki, bu yol sizə uğur gətirəcək?
- Mən artıq 10 ildir ki,
Amerikadayam. İlk dəfə birillik mübadilə proqramı
əsasında ABŞ-a bakalavr təhsili
almağa getmişdim. Sonra 2 illik magistr proqramını
oxumağa yollandım. Ailə həyatı qurduğuma görə
Amerikada qalmışam. Həyat yoldaşım 20 ildir ki,
ABŞ-da yaşayır, azərbaycanlıdır. Amerikaya gedəndə
qarşıma qoyduğum ən böyük məqsəd o idi
ki, maksimum dərəcədə yaxşı bacarıqlar
öyrənim. Çünki insan
informasiyanı istənilən yerdən öyrənə,
kitablar oxuya bilər. Ancaq bacarıqları öyrənmək
və inkişaf etdirmək üçün öyrəndiklərini
praktikadan keçirmək, müəyyən proqramlardan
yararlanmaq lazımdır. Mən düşünürdüm ki,
bu bacarıqları əldə etmək üçün
Amerika bir nömrəli ölkədir. Şükürlər
olsun ki, ABŞ Dövlət Departamenti tərəfindən
maliyyələşdirilən mübadilə proqramları
vardı, mən onun qalibi seçildim. Bakalavr təhsili dövründə,
deyə bilərəm ki, Amerika təhsilinin üstünlüklərini
tam dərindən anlamırdım, magistraturada oxuyanda isə
bu üstünlükləri daha çox anlamağa
başladım. Çünki magistraturada təhsilin idarəedilməsi
və liderlik üzrə təhsil alırdım. Sonra gördüm ki, təhsil elə
bir sahədir ki, onu 2-3 ilə öyrənib bitirmək
olmur və mən təhsilin
daha dərinliklərinə getmək istədim. Qərara gəldim
ki, doktorantura təhsili almaq zamanı gəlib çatıb.
Artıq doktorantura təhsilimi yekunlaşdırmaq üzrəyəm.
Ondan sonra artıq müdafiəyə hazırlaşacağam.
- Tədqiqatlarınızın
mövzusu nə ilə bağlıdır?
- Tədqiqatlarımın
mövzusu təhsildə bərabərlik və maliyyə
resurslarının bərabər bölüşdürülməsidir.
Bildiyiniz kimi, ABŞ-da bir çox ölkələrdən olan
millətlərin nümayəndələri yaşayır.
Onlar müəyyən qonşuluqlarda toplaşırlar. Bəzən
belə hallar yaranır ki, varlı qonşular və kasıb
qonşular olur. Ancaq dövlət maliyyəni eyni həcmdə
paylayır. Mən düşünürəm ki, bu,
yanlışdır. Əgər bir məktəb varlı
qonşuluqda yerləşirsə, onun resurslar üçün
imkanları varsa, bəlkə də o məktəbə o qədər
də maliyyə ayırmağa ehtiyac yoxdur. Kasıb məktəblərə
daha çox maliyyə ayrılmalıdır. Dissertasiya mövzum bu istiqamətdədir.
Tədqiqatım xüsusilə emmiqrantlar üzərində
formalaşıb, ola bilər ki, mən özüm də
emmiqrantam, emmiqrant ailələrlə daha çox ünsiyyətdəyəm,
ondan bu mövzuya marağım sonsuzdur.
Əsas
foksum budur. Təbii ki, tədqiqat
elə bir şeydir ki, proses ərzində dəyişir, yeni
fikirlər, suallar üzə çıxır və s. Ancaq əsas diqqətim bu istiqamətdədir.
- Təhsil sahəsində
araşdırmalara cəmiyyət və rəsmi dairələr
tərəfindən dəstək varmı?
-
Çox böyük dəstək var. Mən sizə deyim ki, tədqiqatlar
yalnız dövlət tərəfindən maliyyələşdirilmir,
yəni orada şəxsi şirkətlər, ayrı-ayrı təşkilatlar
və yaxud tədqiqat agentlikləri var ki, onlar özləri
maliyyələşdirir. Bəzən hər hansı bir məktəbin
özü bu təhsil ocağı üçün xüsusi
problem varsa, hətta fandreyzinq edir, o sahə üzrə tədqiqatlar
keçirirlər. Çünki Amerikanın təhsili tədqiqatlardan
çox asılıdır.
Tədqiqatlar,
onların nəticələri, tövsiyələr və təkliflər
ciddi qəbul olunur. Bütün məktəblər, təhsil
ocaqları öz qərarlarında tədqiqatların nəticələrinə
söykənirlər. Ona görə də Amerikada tədqiqatlara böyük dəstək
var, çalışırlar ki, araşdırmaları hər
il, hər ay yeniləsinlər. Adətən 10 il əvvəl
olmuş tədqiqatlardan istinad gətirmirlər.
Mən misal
üçün, doktoranturada oxuyuram, hər dəfə biz
hansısa məqalə yazanda professorlar deyirlər ki, son 2-3
ilin resurslarından istifadə edək. Yəni yeniliklər o qədər
tez sürətlə baş verir ki, onlara çatmaq
üçün biz yalnız yeni nəşr olunan tədqiqatlara
müraciət edirik. Və bu,
artıq rəqabət yaradır. Çalışırlar ki,
tədqiqat mərkəzləri bir-biri ilə yarışa
girsinlər, yaxşı məqalələr
hazırlasınlar ki, onlara istinad olunsun.
“Təhsildə olan inkişafa bir az səbirlə
yanaşmaq lazımdır”
- Tədqiqatlarınız
gedişində Azərbaycanla bağlı layihələriniz
olubmu?
- Bəli, ötən il Təhsil
Nazirliyinin dəstəyi ilə bizim çox böyük və
gözəl bir layihəmiz oldu. ADA Universiteti, Corc Vaşinqton
Universiteti və Amerika səfirliyinin birgə layihəsini reallaşdırdıq.
Biz özəl şirkətləri də bu layihədə fəal
iştiraka cəlb etməyə çalışdıq. Layihənin
həyata keçməsində BP şirkəti çox
böyük rol oynadı. Biz böyük bir komanda - 8 nəfərdən,
4 professor, 4 doktorant tələbə Azərbaycana səfər
edərək bir neçə gün ərzində ADA
Universitetində konfrans keçirdik. Konfransın nəticəsi
olaraq biz tədbirlə
bağlı müsahibələrin, görüşlərin nəticələrinin,
təkliflərin əks olunduğu məqalə təqdim etdik
ki, gələcək strategiyalarda istifadə olunsun. Bu,
çox uğurlu layihə oldu və ümid edirəm ki, belə
layihələr davam edəcək. Çünki layihənin məqsədi təhsilin
inkişafında tədqiqatların rolunu, yəni
araşdırmaların təhsilin
inkişafında nə dərəcədə rol
oynadığını göstərmək idi.
- Növbəti təşəbbüslər nələri
əhatə edəcək?
-
Bilirsiniz ki, müəllimlərin bacarıqlarının
artırılması, məktəb direktorlarının təkmilləşdirilməsi
prioritet məsələdir. Azərbaycan artıq PISA-da
iştirak edir. Bu tədqiqatın nəticələrinin təhlili
və onlardan doğan təkliflərin
reallaşdırılması istiqamətində
planlarımız var.
Digər
bir layihəmiz də var ki, onun Azərbaycan universitetləri və
özəl şirkətlərlə həyata keçirilməsi
planlaşdırılır. Bu da təhsildə
sahibkarlığın inkişafı ilə
bağlıdır. Bəzən təhsilə, belə deyək,
cəmiyyət tərəfindən yalnız Təhsil
Nazirliyinin məsuliyyəti kimi baxılır, ancaq nəinki
Amerikada, dünyanın bütün inkişaf etmiş ölkələrində
ali təhsildə özəl və dövlət tərəfdaşlığı
var, bu, çox vacibdir. Biz istəyirik ki, bu istiqamətdə də
böyük bir konfrans
keçirək, nəinki gəncləri, professorları,
müəllimləri, eləcə də cəmiyyət
üzvlərini məlumatlandıraq ki, təhsilin
inkişafında yalnız təhsil ocaqları deyil,
bütün cəmiyyətin iştirakı çox aktiv və
böyük olmalıdır.
- Təhsil strategiyalarının
hazırlanması bütün ölkələrə
xasdır. Sizcə, qloballaşma dövründə
strategiyalarda ana xətt nə olmalıdır?
- Mən
həmişə qeyd edirəm ki, istənilən ölkədə
- istər ABŞ, Sinqapur, Finlandiya,
istərsə də Azərbaycan olsun, təhsildə olan
dəyişikliklər çox ləng gedir. Ona görə də
təhsildə dəyişiklikləri görmək
üçün illərlə gözləmək
lazımdır. Çünki birinci sinifdə tətbiq olunan dəyişikliklər
öz nəticələrini 11-12 il sonra göstərə bilər.
Ona görə təhsildə olan inkişafa bir az səbirlə
yanaşmaq lazımdır. Təhsil strategiyası
hazırlanarkən kritik məqam ondan ibarət olmalıdır
ki, biz yalnız formal təhsili düşünməməliyik,
biz qeyri-formal təhsilə də diqqəti
artırmalıyıq. Yəni, dəyərlərə əsaslanan
təhsil rəqəmlərə əsaslanan təhsildən
daha güclü olur. Biz uşaqlarımızın yalnız
yüksək bal yığmasına deyil, gözəl insan, vətənini
sevən, bacarıqlı insan olmalarına daha çox
çalışmalıyıq, nəinki 700 bal toplamasına.
Mən həmişə təhsil strategiyalarının
yazılmasında iştirak edərkən bunu
vurğulayıram ki, dəyərlərə əsaslanan təhsil
öndə olmalıdır. Yəni ki, təhsil
strategiyasında bu məqam təmin edilirsə, onda təhsildə
müsbət dəyişiklikləri görmək olar. Yenə
də deyirəm, istənilən ölkədə olduğu
kimi, Azərbaycanda da bu dəyişikliklər ləng gedir,
ancaq bu, anlaşılandır. Ümid edirəm ki, 10 ildən
sonra biz daha böyük dəyişikliklər görəcəyik.
“Onlar çox nadir hallarda müəllimləri
testdən keçirir”
- Siz
Amerikada ali təhsil almısınız, bu ölkənin təhsil
sisteminə bələdsiniz. ABŞ, Sinqapur və ya Finlandiya təhsil
sistemlərindən hansını həm innovasiyalar, həm də
mütərəqqi inkişaf baxımından
özümüzə model sistem kimi görə bilərik?
-
Amerikalıların yaxşı bir sözü var: bir
ölçü hər insana gedə bilməz. Təhsil strategiyasının yazılması
ərəfəsində mən Finlandiyada, Sinqapurda və eləcə
də bir çox Avropa ölkələrində olmuşam.
Sinqapurun və digər inkişaf etmiş ölkələrin
özünəməxsus özəllikləri var. Məsələn,
Şanxay reytinqində həmişə texniki fənlərə
görə ilk yerləri tutur. Onlar rəqəmsal elmlərə
daha çox fikir verirlər, riyaziyyat, informatikada yüksək
nəticələr göstərirlər. Ancaq Finlandiyada bunun əksinədir.
Finlandiya test üsuluna üstünlük vermir. Finlandiyanın
etibara, inama, dəyərlərə söykənən təhsil
sistemi var. Onlar çox nadir hallarda müəllimləri testdən
keçirir, uşaqlara çox nadir hallarda test təklif edirlər.
Düşünürlər ki, əgər insanın
özünün öyrənməyə həvəsi varsa, o,
öyrənəcək, onu testlə yoxlayıb nəticələrini
analiz etməyə ehtiyac yoxdur.
ABŞ təhsil
sistemi isə tamamilə fərqlidir, yəni hər iki sistemi
özündə birləşdirən bir təhsil sistemidir.
Görürsünüz, bu üç ölkənin 3-ü də
müxtəlifdir, hər birinin uğurlu təhsil sistemi var. Bu, onu göstərir
ki, bizə fərdi yanaşmaq lazımdır.
Misal
üçün, Azərbaycana
Sinqapurun sistemini tətbiq edə bilmərik, çünki
Sinqapurun mədəniyyəti, adət-ənənələri
fərqlidir. Eləcə də Finlandiyanın da. Məncə,
təhsil strategiyalarının ən başlıca maddələrini,
bəndlərini götürüb tətbiq etməliyik. Və
mən deyərdim ki, Azərbaycanda yazılan təhsil
strategiyası kifayət qədər mükəmməl
hazırlanmış təhsil strategiyasıdır.
Çətinliklər
onun icrası, həyata keçirilməsi ilə bağlı
ola bilər. Bizim strategiyamız var, sadəcə
gücümüzü verməliyik onun həyata keçirilməsinə.
Yaddan çıxarmamalıyıq ki, bu istiqamətdə hər
iki tərəfin üzərinə böyük məsuliyyət
düşür - həm dövlətin, həm də valideynlərin.
Hər iki tərəfin gücü ilə yüksək nəticələr
əldə etmək olar.
-
Sualımı bir qədər fərqli qoymaq istərdim. Sizin
övladlarınız ABŞ-da təhsil alır. ABŞ-da yaşayan bir azərbaycanlı
valideyn olaraq necə düşünürsünüz, ABŞ
təhsil sistemi uşaqlarınıza istədiyiniz bilikləri
verirmi?
- Mənim
2 övladım var. Oğlumun 7 yaşı var, ikinci sinifdə
oxuyur, qızım isə hələ məktəbəqədər
təhsildədir. Ola bilər, mən təhsil sahəsindəyəm,
xoşbəxtlikdən məktəb sisteminə çox
yaxından cəlb oluna bilirəm. Bizim
yaşadığımız ərazidə yaxşı məktəblər
var. Mən tez-tez direktorla, müəllimlərlə
görüşürəm,
çalışıram ki, ayda bir dəfə təkcə
müəllimlə deyil, rəhbərliklə də
görüşüm. Məktəbin inkişafında direktor əsas
rol oynayır. Ən yaxşı xüsusiyyət ondan ibarətdir
ki, mən ürəyimdə rahatam ki, uşaqlarıma istədiyim
təhsili verə bilirəm. Tutaq ki, müəllim bu gün
oxu və ya riyaziyyatdan nəsə keçirsə, onu çox
yaxşı kommunikasiya edir və valideynlərə
ötürür. Və biz evdə onun davamı olaraq
keçilən dərsin üzərində birlikdə işləyirik.
Biz bir ay
Azərbaycanda olduq. Amma orada təhsil o səviyyədə
strukturlaşıb, sistemə salınıb ki, mən
Bakıda hər gün müəllimlə əlaqədəydim.
O, dərsdə nə keçirdi, mən də evdə
uşaqlarıma keçilən dərsləri
çatdırırdım. Mənə elə gəlir ki, o
bilikləri uşaqlarıma ötürə, müəyyən
dərəcədə təhsillə təmin edə bilirəm.
Amerikada da elə ailələr var ki,
çox əziyyət çəkirlər,
uşaqları yaxşı oxumurlar
və ya test nəticələri o qədər də
yaxşı deyil. Yenə də məsuliyyət müəllimin
üzərinə düşmür, çünki müəllim
sinifdə hər bir şagirdə dərs deyir, ola bilər ki,
uşaqlara fərdi yanaşır, ancaq valideyn evdə məşğul olmursa, artıq böyük çətinliklər
əmələ gəlir.
-
Uşaqlarınız Azərbaycan dilini bilirlər?
-
Çox yaxşı bilirlər. Azərbaycan, türk, rus, ingilis dillərində təmiz
danışırlar. Oğlum Çin və Koreya dilini də
öyrənməyə başlayıb. Bağçada isə
ispan dilini öyrənir. Bir neçə dildən istifadə
edə bilir, ancaq səlis olaraq 4 dildə danışa bilir.
- Bəzən deyirlər, təhsil
sisteminin səviyyəsi müəllimin səviyyəsindən
yüksək ola bilməz. Burada əsas məsələ
müəllim hazırlığından gedir. Siz müəllim
hazırlığında hansı vacib məqamları qeyd edə
bilərsiniz?
-
Bilirsiniz, biz bayaqdan Finlandiya təhsil sistemindən
danışdıq. Finlandiya təhsil
sistemi ona görə güclüdür kü, bu ölkədə
müəllim olmaq asan deyil. Ona görə də müəllimlər
o qədər güclü hazırlanır ki, artıq
onların istehsal etdikləri şagirdlər də
güclü şagirdlər olurlar. Ümumiyyətlə,
müəllim hazırlığı, müəllim fəaliyyətinin
təşkili təhsilin özəyidir. Ən böyük
resurslar onlara sərf edilməlidir. Ona görə də müəllim
hazırlığının təşkili strateji şəkildə
və çox yaxşı düşünülmüş
olmalıdır ki, müəllim bir gündə 5 müxtəlif
sinfə girə bilsin. Bu, o deməkdir ki, 5 dəfə
strategiyasını dəyişə bilər. Bir sinifdə 20
şagird ola bilər, bu, o deməkdir ki, 20 yanaşma ilə
sinfə girməlidir müəllim. Müəllim hazır
olmalıdır ki, hər bir şagirdin, belə deyək, tələbinə
cavab versin.
- Amerikada
müəllim hazırlığına hansı aspektdən
yanaşmalar var?
- Amerikada
müəllim hazırlığına çox ciddi
yanaşılır. Yəni müəllimlər xüsusi dərəcə
aldıqdan sonra əlavə lisenziya almalıdırlar. Hər
ştatın öz lisenziyası var və bu, o deməkdir ki, təhsilə
fərdi yanaşma var. Yəni bir lisenziya bütün
ştatlarda keçərli deyil. Bu, o deməkdir ki, hər
müəllim öz yaşadığı mühitə
uyğun olaraq uşaqlara təhsil verə bilməlidir.
Amerikada da müəllim olmaq çətindir. Yəni bir
neçə il tələb olunur ki,
dərəcə alıb, imtahanlar, hazırlıq
kurslarından keçib müəllimliyə başlaya bilsinlər.
-
Finlandiyalı professor Pasi Salberqin “Fin dərsləri” adlı
artıq bestsellərə çevrilmiş bir kitabı var.
Orada diqqətimi cəlb edən bir məqam var. Salberq qeyd edir
ki, son 30 il ərzində Finlandiya istedadlı gəncləri təhsilə
cəlb edə bildi və nəticədə
fin təhsilində uğurlu inkişaf baş verdi. Bizdə də gənclər
arasında müəllimliyə üstünlük verənlərin
sayı artıb. Təhsilimizdə “fin möcüzəsi”
baş verə bilərmi?
- Mən
kitabın Azərbaycan dilinə tərcüməsində
iştirak etmişəm. Pasi Salberqlə də şəxsən
görüşmüşəm. Yenə də qeyd etmək istəyirəm
ki, Finlandiyada müəllim olmaq çox çətindir.
Müəllim olana qədər bir neçə mərhələdən
keçmək lazımdır. Yəni prestij o qədər
yüksəkdir ki, müəllimlik
sənətinə ancaq bacarığı və istedadı
olanlar gedir. Ona görə də müəllimə
böyük hörmət var. Müəllim olmaq böyük
bir şərəfdir. Müəllimə o qədər
hörmətlə yanaşırlar ki, artıq şagird bilir
ki, bu müəllimin qarşısında oturmaq, ondan öyrənmək
böyük bir şərəfdir. Çünki o müəllim
illərlə hazırlaşıb, təhsil alıb ki, onlara dərs
öyrətsin. Finlandiyada müəllimliyə yiyələnmək
üçün 5-6 il vaxt keçir. Əlbəttə ki,
ölkəmizdə də gənclərin müəllimliyə
gəlməsi sevindirici haldır.
Məncə, bu, özü də çox gözəl
strategiyadır.
- Təhsildə
nəsillərin dəyişməsi məsələsinə
necə baxırsınız?
- Ümid
edirəm ki, gənclərin tədris sahəsinə
qoşulmasına veteran müəllimlər qısqanclıqla
yanaşmırlar. Çünki onlardan öyrəndiyimiz
çox şey var, yəni onların təcrübəsini,
keçdiyi yolu biz bəlkə bilmirik. Tədris prosesində gənclərin
rolu böyük olmalıdır. Ancaq təhsildə veteran
müəllimlərin rolunu heç vaxt azaltmamalıyıq,
çünki onlar sistemi bizdən gözəl bilirlər.
Onlar gözəl bilirlər ki, məsələn, hansı
rayonun, məktəbin sinfinə
necə yanaşmaq lazımdır. İllərlə o
mühiti öyrəniblər, tədbiq
ediblər, ona görə onlarla
əməkdaşlıq çox vacibdir. Mentorluq
strategiyası, yəni cavan müəllimlərə veteran
müəllimlərin dəstəyi təhsil sahəsində
çox vacibdir. Biz ortada boşluq yarada bilmərik,
çünki gənc müəllimin sinfə girib tədrisə
başlaması, mühitə alışması bir neçə
il vaxt alır. Təhsil strategiyasını işləyən
insanlar, mütəxəssislər bu məqamları nəzərdə
saxlamalıdırlar ki, boşluqlar olmasın. Çünki bəzən
insanlar düşünür ki, yaşlı nəsil artıq
təhsildən ayrılmalı, təqaüdə çıxmalıdır.
Lakin onların təhsilə töhfələri bizimkindən
də yüksək ola bilər.
“Yumşaq
bacarıqları heç bir
süni intellekt əvəz edə
bilməz”
- Necə bilirsiniz, süni intellektin
müəllim əməyini əvəz edə bilməsi nə
dərəcədə realdır?
- Sizinlə
razılaşıram ki, indi süni intellektin inkişafı
insanlarda həyəcan yaradıb. Ancaq biz bir şeyi yadda
saxlamalıyıq ki, yumşaq bacarıqları heç bir
süni intellekt əvəz edə bilməz. Ona görə
özünə güvənən müəllim, yüksək
kompetensiyalara malik olan müəllim heç nədən
narahat olmamalıdır. Çünki heç bir süni
intellekt canlı insanı, yumşaq bacarıqları yüksək
olan insanı əvəz edə bilməz. Təbii ki, bəzi
işlər var ki, onlar süni intellekt tələb edir. Ancaq mən
inanmıram ki, müəllimliyi hansısa süni intellekt əvəz
etsin, çünki qeyd etdiyim kimi, hər bir fərdə fərdi
yanaşma olmalıdır. Fərdi yanaşma tələb
olunmayanda, bəli, biz onda süni intellekti sinfə sala bilərik.
Nəticədə nə ola bilər? Böyük xaos yarana bilər.
Ona görə də təhsildə müəllim
hazırlığı çox dərin
düşünülməli, təşkil olunmalıdır
ki, heç bir süni intellekt onları əvəz etməsin.
- Dərslərin
onlayn tədrisinə necə baxırsınız?
- Bu sistem
dünyanın bir sıra inkişaf etmiş ölkələrində
çox məşhurdur, əslində, heç də pis
sistem deyil. Mən özüm də doktorantura təhsili
dövründə onlayn dərslər almışam, iki dərsim
onlayn olub. Onlayn dərslər 12 illik təhsil sistemlərində
də var. Bu sistem ABŞ-da, xüsusən də hərbiçi ailələr
arasında çox yayılıb, çünki onlar tez-tez bir
ştatdan başqa ştata köçürlər. Bu sistem
onlar üçün çox əlverişlidir. Bundan əlavə, hibrid - onlayn və
üzbəüz dərslər də var. Hansı ki, bir həftə
onlayn, bir həftə isə üzbəüz olur. Bu dərslər
də çox yaxşı dərslərdir. Çünki bəzən
elə dərslər olur ki, onları yalnız onlayn etmək
olar. Digər həftədə isə müzakirələr
olduğuna görə dərslər üzbəüz
keçilir. Yəni, bunların dərəcəsi var. Əlbəttə
ki, orta dərəcədə edildikdə alqışalayiq bir
fikirdir. Mən şəxsən tam onlayn sistemi bəyənmirəm.
Çünki özüm ünsiyyətcil olduğum
üçün kommunikativ dərsləri xoşlayıram. Ona
görə də hibrid dərslərə daha çox
üstünlük verirəm.
- İndi
tez-tez belə fikirlər səslənir ki, məktəb
sistemində şagird və müəllimlər standartlar çərçivəsindən
çıxmalıdır. Bu fikirlərə münasibətiniz
necədir?
- Bəli.
Məncə, artıq bir çox ölkələrdə buna
doğru gedirlər. Yəni, hər
şeyi, təhsil və s.
standart çərçivəyə salmaq bir zamanlar
çox məşhur idi. Amma təhsil elə bir sahədir ki,
onu standarta salmaq olmaz. Yəni maliyyə sahəsi deyil ki,
2+2=4 olsun. Təhsildə
kreativlik, yəni, yaradıcılıq çox vacibdir. Bəzən
standartlar onu məhdudlaşdırır, ona görə yeni
trendlər artıq başqa strategiyalar diktə edir. İstəyirlər
ki, daha da çevikliyə nail olmaq üçün
standartlardan bir az uzaqlaşıb, fərqli yanaşsınlar.
- Xaricdə
təhsil alan gənclərimizə universitet seçimində
hansı məsləhətləriniz var. Gənclər seçim edərkən
nələrə diqqət etməlidirlər?
- Gənclərə
tövsiyəm budur ki, top universitetlərdə oxumağın
sizin üçün heç bir fərqi yoxdur. Siz əgər
bacarıqlısınızsa, normal bir universiteti bitirib
çox yaxşı bacarıqlara yiyələnə bilərsiniz.
Top universitetə daxil olub vaxtınızdan səmərəsiz
istifadə edirsinizsə, boş-boş dərslər
götürürsünüzsə və yaxud heç bir şey öyrənmirsinizsə,
yəni bacarıqlar əldə etmirsinizsə, onda harada
oxumağın, Harvard və ya Stenfordu bitirməyin mənası
yoxdur. Çünki o sizə yalnız diplom verir.
Universitetlər
fakültələrinə görə sıralanır. Bəzən
təhsil sahəsində oxumaq istəyən bir gənc maliyyə
üzrə məşhur olan ali məktəbə gedir, yəni
bu universitet çox məşhurdur, ona görə mən
burada təhsil almaq istəyirəm. Ancaq mən sual verirəm,
sənin sahən o universitetdə necədir? Professorların
profilinə baxıbsanmı? Hansı istiqamətlərdə tədqiqatlar
aparırlar? Hansı dərsləri var? Bəzən
görürəm ki, gənclərin bu məqamlardan xəbərləri
də olmur.
Mən
xaricdə təhsil almaq istəyən gəncləri bundan
uzaqlaşmağa çağırıram. Əvvəlcə nə
etmək istədiyinizi özünüz üçün
müəyyənləşdirin,
sonra universitet axtarın. Universitet axtarıb sonra
özünüzü adaptasiya
etməyin, çünki sizin
arzunuz öz arzunuzdursa, o dəyişmir.
Siz öz arzunuzdan axıra qədər ayrılmayın.
Arzunuzu universitetin reytinqinə görə dəyişməməlisiniz.
Universitetlərin reytinqləri hər il dəyişir. Yəni bu il məşhur olan universitet gələn
il, ola bilsin ki, nəyə görəsə reytinqdə
aşağı düşə bilər. Ona görə
özlərini bu reytinqlərdən asılı vəziyyətə
salmasınlar.
- Prezidentin sərəncamı ilə
“2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı” qəbul
olunub. Sizcə, ali məktəblərin mənzərəsini dəyişəcək
bu proqram bizi lazımi hədəflərə çatdıra
biləcəkmi?
-
Əslində, bu, çox zəruri bir addımdır. Ən
yaxşı beyni özünə çəkmək, rəqabət
yaratmaq çox gözəl təhsil strategiyasıdır. Bu qərar
universitetlər arasında keyfiyyəti də yüksəldə
bilər. Doktorantura təhsilinə marağın artırılması
məni sevindirir, çünki doktorantura artıq tədqiqatlarla
məşğul olmaq deməkdir. Tədqiqatlara söykənən
təkliflər hazırlamaq və onların tətbiq
olunması, fikirlərin müzakirəsi məni sevindirir.
Çünki bu, təhsildə ideyanı, insanların
düşüncələrini dəyişdirə bilər. Bir
zaman boşluq yaranmışdı, hamı doktorant olmaq istəyirdi,
çünki yaxşı adı, gələcəkdə
hansısa üstünlükləri var. Ancaq heç kim tədqiqatlardan
danışmırdı - mən
təhsil sahəsinə hansı töhfələrimi verə
bilərəm? Hansı tədqiqatım var və ya müstəqil
sahələrə aid hansı işlərim var? Mən bu qərarı
çox bəyənirəm, öz adımdan çox sevinirəm,
çünki mən də artıq doktoranturanı bitirirəm.
Tədqiqata böyük marağım olduğu
üçün bu, məni sevindirir. Yəni artıq tədqiqata
dəyər verilir və Azərbaycanda doğrudan da ciddi qəbul
olunur.
Ümid edirəm ki, biz düzgün istiqamətdəyik.
Ali məktəblərimiz, təhsil qurumları aktiv şəkildə
bunun həyata keçirilməsinə töhfə verərlərsə,
təhsildə böyük çevriliş yarada bilərlər.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2019.- 11
yanvar.- S.1; 8.