Sakit, imtahan gedir!
Azərbaycan
Memarlıq və İnşaat Universitetində qiymət
almağın bir yolu var
Yanvarın 4-dən Azərbaycan
Memarlıq və İnşaat Universitetində payız
semestrinin imtahan sessiyasına start verilib. Universitetin
auditoriyalarında hər gün yüzlərlə tələbə
ötən bir neçə ayda əldə etdikləri bilik və
bacarıqları nümayiş etdirirlər.
Qazandıqları nəticələrlə öyünənlər
də var, “1 bal nə idi ki...” deyib təhsil aldığı
universitetdən güzəşt gözləyənlər də.
Onlar üçün adi həyəcanlı
imtahan günlərindən biri idi. Amma gələn qonaqlar bu həyəcanı bir az da artırdı. Baxmayaraq ki, onlara görə
imtahan üçün ayrılan zaman 5 dəqiqə
uzadıldı.
Millət vəkilləri, təhsil
üzrə ekspertlər, ictimaiyyət nümayəndələri,
KİV rəhbərlərindən ibarət böyük bir heyət
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
qonağı idi. Qonaqları universitetin rektoru
Gülçöhrə Məmmədova özü
qarşıladı. Ali təhsil ocağında təhsilalanlar
üçün yaradılan şəraitdən də
danışdı, tətbiq edilən sərt qaydalardan da.
“Lester Universiteti AzMİU-nun
hazırlığını öz hazırlığına bərabər tutur”
Gülçöhrə
Məmmədova söhbət əsnasında bildirdi ki, ötən
illər ərzində universitetdə qeydə alınan ən
böyük yeniliklərdən biri oğlanların təhsil
aldığı universitet kimi tanınan AzMİU-da artıq
qızların sayının çoxalmasıdır. Belə ki, son göstəricilərə görə,
təhsilalanların 30 faizi qızlardır.
Bu illər ərzində universitetin beynəlxalq əlaqələri
də genişlənib. Xüsusən, memarlıq fakültəsi
bu istiqamətdə fərqlənir. Böyük
Britaniyanın Lester Universiteti, İtaliya ilə memarlıq və
dizayn üzrə qurulan ikitərəfli əməkdaşlıqdan
danışan rektor bir yeniliyi də çatdırıb. Onun sözlərinə görə, Lester Univeristeti
AzMİU-nun hazırlıq fakültəsini akkreditasiyadan
keçirib. Bu isə AzMİU-nun hazırlıq fakültəsində
təhsil alan 110 əcnəbinin Lester
Universitetinə qəbul olunmaq imkanlarını artırıb:
“Bu, o deməkdir ki, Lester Universiteti AzMİU-nun
hazırlığını öz hazırlığına bərabər
tutur”.
Gülçöhrə
Məmmədova Milan Politexnik Universiteti ilə genişlənən
əlaqələr və nəzərdə tutduqları yenilik
barədə də məlumat verib: “Milan Politexnik Universitetinin
tədris proqramını tətbiq etməyi
qarşımıza məqsəd qoymuşuq. Mütəmadi
olaraq oradan müəllimlər gəlir, bizdən ora gedənlər
olur. İkili diplom proqramının tətbiqi
barədə düşünürük”.
Dərslikləri öz müəllimlərimiz
hazırlayır
Rektor universitet tələbələrinin dərslik
çətinliklərini də dilə gətirib. Baxmayaraq ki,
bunu müxtəlif yollarla təmin etməyə
çalışırlar, ancaq yenə də tələbələr
dərsliklə bağlı narahatlıq yaşayırlar.
Universitet müəllimlərinin
hazırladığı kitablar və tərcümə edilən
dərslik nümunələri olsa da, bu, dərslik problemini həll
etmir. Mövcud boşluğu bir az da
müəllimlərin mühazirələri ilə
doldurmağa çalışırlar. Müəllimlərin
elektron mühazirələri təhsil müəssisəsinin
saytına yerləşdirilir. Rektor əlavə
edib ki, başqa kitabxanalarla qurulan əməkdaşlıqlarla
da tələbələrin dərsliyə olan tələbatı
ödənilir.
Yüksək indeksli jurnallarda
çap olunanlara mükafat
AzMİU daha bir ənənənin əsasını
qoyub. Müəllim və tələbələrin həvəs
və marağını artırmaq məqsədi ilə
yüksək indeksli jurnallarda çap olunmalara universitetin
hesabına mükafat ayrılıb. Mükafatın
məbləğinə gəlincə, bu, harada çap olunmağından
asılı olaraq, 200-700 manat arasında dəyişir.
“Hamı bilməlidir ki, bu universitetdə
qiymət almağın bir yolu var”
Gülçöhrə Məmmədova payız imtahan
sessiyasının təşkili və gedişatından da
danışıb. Onun sözlərinə görə, AzMİU-da
keçirilən imtahanlarda şəffaflığın təmin
olunması məqsədi ilə hər kəsin iştirakı
təmin oluna bilər: “Təbii ki, istənilən şəxsin
istənilən vaxt imtahanlara girməsi mümkün deyil. Ancaq arzulayan şəxslər imtahanda iştirak istəyini
bildirərsə, bu, təmin edilə bilər. Məsələn, universitetin rəsmi saytında
valideynlərə müraciət edərək, belə bir istəkləri
varsa, təmin edə biləcəyimizə dair müraciət
yerləşdirmişik”.
Rektor
bildirib ki, sessiya zamanı tələbələrin biliyinin
düzgün qiymətləndirilməsi üçün
bütün tədbirlər görülüb:
“Çalışırıq ki, hər kəs ədalətlə
qiymətləndirilsin. Ən əsası,
hamı bilməlidir ki, bu universitetdə qiymət
almağın ancaq bir yolu var”.
İmtahanlar zamanı daxil olan şikayətlərin
operativ araşdırılması, vaxtında həll edilməsi
məqsədi ilə qərargah yaradılıb. Rektor sədri
olduğu Münaqişə komissiyasının da fəaliyyətinə
toxunub. İmtahan nəticələrindən
narazı qalan tələbələr Apelyasiya Komissiyasına müraciət
edib şikayətlərini həll edə bilirlər. “Universitet əməkdaşlarından ibarət, rəsmi
qaydada təyin olunmuş qeyri-ixtisasdan olan nəzarətçilər
və imtahan rəhbərləri tərəfindən
imtahanların gedişinə ciddi nəzarət edilir. Yazılı imtahanların nəticələrinin
şifrələnməsi, işlərin qiymətləndirilməsi,
bütövlükdə yoxlama prosesinə nəzarət etmək
üçün həmin otaqlarda müşahidə
kameraları quraşdırılıb. Mən
imtahanları həm birbaşa izləmək imkanına malikəm,
həm də kameralar vasitəsi ilə imtahan zallarında
baş verənləri görə bilirəm”.
Gülçöhrə Məmmədova qonaqlara tələbələrin
mübarizə ruhundan da danışıb. Təhsil alan
7000 tələbənin hüquqlarına hörmətlə
yanaşdıqlarını, həmin tələbələrin
də öz haqlarını yaxşı bildiklərini və
qoruduqlarını qeyd edib: “AzMİU tələbələri öz
haqlarını tələb etməyi yaxşı
bacarırlar. Ərizə yazmaqdan, apelyasiyaya
müraciət etməkdən qorxmurlar”.
Rektor bu
fikrini təsdiq edən sübutu ötən semestrə aid rəqəmlərlə
ifadə edib:
“Ötən
semestr 500 nəfər apelyasiya şikayəti verdi.
Onlardan 60 şikayət təmin edilib. Yəni, həmin tələbələrin qiyməti
düzəldilib. Bu rəqəm elə təsəvvür
yaratmamalıdır ki, imtahanlarda qayda pozuntusu, ədalətsizlik
çox olur. Əslində, bu, elə də
böyük rəqəm deyil. 7000 tələbəmiz
imtahan verir. Hər tələbənin 6
imtahan verdiyini nəzərə alsaq, bu, 42 min imtahan deməkdir.
42 000 imtahan nəticəsindən 500 apelyasiya
şikayəti böyük rəqəm deyil. Başqa bir tərəfdən, müraciətlər,
apelyasiya şikayətləri sadəcə qayda pozuntusu ilə
bağlı olmur”.
AzMİU-nu seçən yüksəkballı
uşaqların sayı artır
Millət vəkili Aydın Mirzəzadə bildirdi ki,
AzMİU-da 7000 tələbənin təhsil alması bu sahədə
ixtisaslı kadrlara ehtiyac olduğunun bir göstəricisidir.
Ölkəmizdə tikinti, layihələndirmə
sahələrində çalışanların 90 faizdən
çoxu milli kadrlardır. A.Mirzəzadə universitetdə
əldə etdiyi rəqəmlərə əsaslanaraq bu sahəyə
artıq daha yaxşı kadrların cəlb olunduğunu
vurğuladı: “Müasir tələblərə uyğun kadr
yetişdirən universitetə yüksək ballı
uşaqlar gəlir. Burada əldə etdiyim rəqəmlərə
görə, universitetə daxil olan təhsilalanların 20 faizi
600-dən yuxarı bal toplayanlardır”.
Müşahidəçilər
AzMİU-nu otaq-otaq gəzdi
Tədbir iştirakçıları çay süfrəsindən
qalxıb birbaş imtahan zallarına yollandılar. Universitet rəhbərliyi
qonaqları ilə birgə imtahan prosesini müşahidə etdi,
yazılı imtahan işlərinin
kodlaşdırılması otağında oldu.
Burada qonaqlara bildirildi ki, imtahan başa çatdıqdan
sonra cavablar kodlaşdırılır və yoxlanılması
üçün müəllimlərə verilir. Cavablar 2-3
gün ərzində elan edilir və tələbənin
elektron kabinetində əks olunur. Həmin cavabla təkcə
tələbə deyil, elə valideyni də tanış
ola bilir.
İmtahan
zallarındakı dərin sükutu içəri daxil
olması ilə pozan qonaqlar tələbələrin
imtahanların gedişinə münasibəti ilə də
maraqlandılar.
“Üzərində
işlədiyim layihələr bu sahədə
sadəcə təcrübə qazandırmayıb, həm də...”
Zərifə Müslümzadə AzMİU-da Memarlıq
ixtisası üzrə təhsil alır. IV kurs tələbəsidir:
“Orta səviyyədə oxuyuram. Hesablamalarıma görə, “B” səviyyəsində
bitirəcəyəm ali məktəbi. İndiyədək
bir dəfə kəsilmişəm. Kəsirimi
düzəltmək üçün hər cür imkan
yaradılıb. Bir ali məktəbdə
oxuduğumu, bunun məsuliyyətini də,
üstünlüyünü də hiss edirəm. İstehsalatda oluruq, layihələr üzərində
işləyirik. Təhsil
aldığım müddətdə üzərində işlədiyim
layihələr mənə bu sahədə sadəcə təcrübə
qazandırmayıb, fikrimcə, onlar gələcəkdə də
çox işimə yarayacaq”.
“Apelyasiya şikayətim təmin
olunmadı”
Bu imtahan zalında bir
neçə ixtisas üzrə imtahan gedir. Məsələn, Səid Rəhimi
İnşaat-Texnologiya fakültəsinin IV kurs tələbəsidir.
Materialşünaslıq mühəndisliyi
ixtisası üzrə təhsil alır. Özü
oxuyan tələbə olmasa da, oxuyan üçün
universitetdə hər cür şərait olduğunu deyir.
Ötən semestrdən iki kəsiri qalıb.
Onu da bu il bağlamaq niyyətindədir. Kəsirini
düzəltmək üçün hər cür şəraitin
yaradıldığını iddia edir: “Bu məsələdə
problemimiz olmur. Kəsir olan fənn üzrə
oxuyub yenidən imtahan veririk. Qrafikimizin
qurulmasında, kreditin vaxtında verilməsində müəllimlərimiz,
dekanatlıq əlindən gələni əsirgəmir”.
Səid Rəhiminin də əksər tələbələr
kimi Apelyasiya komissiyasına yolu düşüb. Ancaq, necə deyərlər,
haqsız durumuna düşüb: “Bir dəfə apelyasiya
şikayəti vermişəm. Amma şikayətim
təmin olunmayıb. Təəssüf ki,
bizim universitetdə güzəşt olmur. Balımın
artırılması üçün müraciət
etmişdim. Amma təmin edilmədi”.
“Müəllimlərimiz deyir ki...”
Bu gün Aynurə Əhmədzadə də imtahan verir. İnşaat-Texnologiya
fakültəsində fövqəladə hallar və həyat
fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə
təhsil alır. İxtisasını təsadüfən
seçənlərdəndir. Deyir ixtisasını
seçərkən təhsilini bitirib nə işlə məşğul
olacağı ilə maraqlanmayıb. Belə məlum olur
ki, bunu hələ də bilmir: “Müəllimlərimiz deyir
ki, magistr təhsili alıb leytenant rütbəsində
Fövqəladə Hallar Nazirliyində də işləyə
bilərik, müəllimlik də edə bilərik. Mən leytenant olmaq istəyirəm. Həm maaşı çoxdur, həm də işi
asan olur. Deyirlər ki, iş tapmaq
çətin olmayacaq”.
Amma
müəllimlərindən eşitdiyi bu vədlərin
doğru olub-olmadığını bilmək
üçün III və IV kursu tamamlamaq lazımdır:
“Hazırda III kursda oxuyuram. Dərslər çətin
deyil. Əvvəlki 4 semestr ərzində
orta məktəbdə keçdiyimiz fənlər üzrə
təhsilimizi davam etdirdik. Artıq
ixtisasımız üzrə dərslərimiz başlayıb.
Bu ixtisas üzrə oxumaq maraqlıdır”.
İndiyədək
cəmi 1 kəsiri olub: “II kursda oxuyanda, yay semestrində kəsildim.
Bu yay kəsirimi düzəldəcəyimi
düşünürəm. Bir dəfə
apelyasiya da vermişəm. Balım
çatmırdı. 1 bal güzəşt
edilməsi üçün müraciət etdim, təmin edilmədi”.
İmtahan qaydalarını pozanlar
“Qaydalar pozulmaq üçündür” fikrinə
inananlara hər zaman hər yerdə rast gəlinir. Ən
çox da imtahanlarda. Odur ki, hər
imtahanda mütləq qaydalara məhəl qoymayanlar və bu
özbaşınalığına görə cəzalananlar
olur. Bu gün də cəza alanlar,
imtahandan yarımçıq çıxarılanlar olub. Məsələn, təsviri
incəsənət fənni üzrə imtahandan bir tələbə
kənarlaşdırılıb. Türkiyə
vətəndaşı olan tələbənin nəticələri
də ləğv edilib. Test İmtahan
Komissiyasının rəhbəri Nigar Abbasovanın sözlərinə
görə, imtahan zamanı qadağan edilən
davranışlarla bağlı tələbələr əvvəlcədən
məlumatlandırılıb. Xəbərdarlıqlara
baxmayaraq, imtahan zamanı telefondan istifadə edən, hətta
üzərində telefon aşkarlanan tələbələr cəzalandırılır.
İmtahanda tələbənin üzərində
aşkarlanması ağır cəzaya səbəb olan amillərdən
biri də “şparqalka”dır. AzMİU-nun tədris
işləri üzrə prorektoru Akif Qasımov əlavə
etdi ki, imtahan qaydalarının pozulmasında ən
ağır cəza “şparqalka” ilə bağlı tətbiq
edilir: “Tələbənin əlində “şparqalka” tutuldumu,
sorğusuz-sualsız həmin tələbənin nəticələri
ləğv edilir. Onun hətta apelyasiya şikayətinə
də baxılmır”.
Tələbə haqlıdırsa...
Nigar Abbasova onu da bildirdi ki, imtahan prosesində tələbələrin
sualı yaranarsa, dərhal müdaxilə olunur və
müvafiq qaydada məsələ həll edilir. Bunun
üçün yan otaqda imtahan keçirilən ixtisas üzrə
müəllimlər oturub. İmtahan
başa çatanədək gözləyən müəllimlər
yarana biləcək sualları cavablandırmaq
üçün buradadırlar.
Maraqlıdır, bəs, tələbənin sualı
anlamaması, yaxud sualın səhv olduğunu
aşkarlaması kimi məsələlər necə həll
edilir? Nəzarətçi
müəllim etiraf edir ki, imtahanlarda sualların qoyuluşunda
səhv ola, yaxud verilən şəkil
aydın görünməyə bilər. Bu zaman həmin
sualın balı tələbənin xeyrinə
hesablanır.
AzMİU təəccübləndirdi
Millət
vəkili Fazil Mustafa Azərbaycan Memarlıq və
İnşaat Universitetində gördüklərindən təəccübləndiyini
gizlətməyib: “Bu cür təsəvvür etmirdim. Yüksək
səviyyəli iş, müsbət dəyişikliklər
var. Bunlar açıq təqdim edilməlidir. Təqdim
etməkdən çəkinmək lazım deyil”.
Təhsil
üzrə ekspert Etibar Əliyev də bu mediaturla bağlı
maraqlı təəssüratı olduğunu bildirib: “Ən
maraqlı o idi ki, tələbələrin hamısı imtahan
prosesində fəal görünürdülər. İmtahan zallarında ayrı-ayrı ixtisasdan imtahan
təşkil edilməsi köçürmə
ehtimalının da qarşısını alır”.
Memarlıq fakültəsində
İctimaiyyət
nümayəndələri AzMİU-nun Memarlıq fakültəsinin
yeni binası ilə də tanış
oldular. Onlar layihələndirmə dərslərinin
qiymətləndirilməsi otağına baş çəkib,
tələbələrin işlərinə baxdılar.
Memarlıq
fakültəsinin dekanı Zahidə Məmmədova qonaqlara məlumat
verdi ki, yeni binada dizayn ixtisası üzrə
tədris aparılır. Auditoriyalardan savayı,
hər mərtəbədə 5 otaq olmaqla 15 xüsusi layihə
otağı var. Bu otaqlarda tələbələr layihələr
üzərində işləyirlər. Dizaynı
tamamilə universitetin özünə aid olan yeni bina
özünəməxsusluğu ilə seçilir.
Nilgün Baxşıyeva Memarlıq fakültəsində
dizayn ixtisası üzrə təhsil alan tələbələrdəndir.
Birinci kursda oxuyan AzMİU tələbəsi gözlədiyinin
əksinə olaraq, o qədər də ağır olmayan tədris
prosesi, çox maraqlı tələbəlik həyatı və
təzyiqsiz imtahan mühiti ilə
qarşılaşdığını deyib: “Hələlik
yazılı imtahan verməmişik. Azərbaycan tarixi və
mülki müdafiədən test imtahanımız olub. Bundan sonra informatika üzrə açıq tipli
imtahan olacaq. İmtahan şəraiti
çox yaxşıdır. Çox sərbəst
imtahan verdik. Bundan əvvəl Azərbaycan
tarixindən, mülki müdafiədən və dizayn əsaslarından
imtahan verdik. Əksəriyyətimiz
imtahanları uğurla başa vurduq”.
Qabiliyyət imtahanı verməyən
qabiliyyətli tələbələr
Daha bir otaq. Düzülmüş əl işlərini
müəllimlər müzakirə edirlər. Məlumat
verirlər ki, şəhərsalma ixtisası üzrə təhsil
alan I kurs tələbələrinin
işini qiymətləndirirlər. Onların
sözlərinə görə, universitetdə şəhərsalma
ixtisası üzrə tədris 2 ildir həyata keçirilir.
Bu ixtisas üzrə qəbul imtahanlarında
qabiliyyət imtahanı tələb edilmir. Buna baxmayaraq,
imtahanlarda tələbələr yaxşı nəticələr
göstəriblər: “Cəmi 3 aydır əllərinə qələm
alıb şəkil çəkiblər. İmtahanın nəticələrinə
görə keçməyəcək ,
“3”-dən aşağı qiymət alacaq iş yoxdur. I kurs
şəhərsalma ixtisası üzrə təhsil alan tələbələrimiz gözlədiyimizin
əksinə olaraq yaxşı nəticə göstəriblər”.
Və son...
Daha bir ənənəvi infotur başa çatdı. Bu dəfə
də AzMİU-nun ictimaiyyət nümayəndələrinə
çatdırmaq istədiyi çoxlu yeniliyi oldu. Universitet budəfəki ictimai baxışdan da
üzüağ, alnıaçıq çıxdı.
İmtahanlar isə davam edir. Bu isə o deməkdir
ki, gərginlik də, sərt imtahan qaydalarını
pozmağa cəhdlər də davam edəcək. Bu
prosesin şahidi olmaq istəyənlər üçün isə
AzMİU-nun və bütövlükdə ölkəmizdəki
bütün ali təhsil müəssisələrinin
qapıları ictimaiyyət nümayəndələrinin,
maraqlanan hər kəsin üzünə açıqdır. Buyurun, o açıq qapılardan girin və keyfiyyətli
təhsilin ünvanını bir-bir kəşf edin.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.-
2019.- 11 yanvar.- S.6.