“Müxtəlif
kompozisiyalar
yaratmağı xoşlayıram”
Zöhrə Quliyeva: “Yaşıl və göy
rənglər ruhuma daha
yaxındır”
Bütün klassiklərin həyat tarixçəsini
vərəqləyərkən bir
danılmaz həqiqətin şahidi olursan ki, fitri istedad insanlarda
erkən yaşlarından özünü
büruzə verir. Bunu
yaradıcılığın bütün istiqamətlərinə şamil etmək olar.
İstər şairlik,
yazıçılıq, müğənnilik, istərsə də
rəssamlıq kimi fitri istedad tələb edən sahələr uşaqlarda özünü daha
qabarıq göstərir.
Zöhrə Quliyeva da belə istedad sahiblərindəndir. Onun ötən bu
illər ərzində rəssamlıq sənəti sahəsində qazandığı uğurları sadalamaqla qurtaran deyil. Görüşüb
söhbətləşən zaman yeniyetmə istedadın dilindən
eşitdiklərimizin sizin üçün
də maraqlı olacağına
əminik. Odur ki, Zöhrənin uşaqlıq və yeniyetməlik
illərində təhsildə və
rəssamlıq sahəsində qazandığı uğurlar barədə söylədiklərini gəlin bir yerdə
dinləyək:
Beynəlxalq
müsabiqələr qalibi
- Rəsssamlıq təsviri incəsənətin ən qədim növlərindən biridir. Bu peşənin sahibləri rənglərdən nə qədər istifadə etsələr də, öz hissləri ilə möcüzələr yaradırlar,- deyə, Zöhrə söhbətə başlayır. Uşaqlıqdan rəsm çəkməyi xoşlayırdım. Yaxşı yadımdadır, valideynlərim həmişə mənim üçün rəngli karandaşlar alırdılar. Boyama albomlarını həvəslə rəngləyirdim. Sonradan bu sənətin dərinliklərini sevimli müəllimim Naqiyə Rzayevadan öyrənməyə başladım.
Rəng
çalarlarını mövzuya uyğun seçirəm
Çəkdiyim rəsmlərdə milli üsluba, qrafikaya daha çox üstünlük verirəm. Rəng çalarlarını mövzuya uyğun seçirəm. Mürəkkəb kompozisiyalar yaratmaq üçün müxtəlif üsullardan istifadə etməyi xoşlayıram. Həm respublika, həm də beynəlxalq rəsm müsabiqələrində iştirak edirəm və birincilik qazanıram.
“Su
qızıldan dəyərlidir”
Çexiya Respublikasının Azərbaycandakı səfirliyində “Lidice 2018-46-cı beynəlxalq uşaq təsviri sənət sərgisi” adlı rəsm müsabiqəsində qalib oldum və I yerə layiq görüldüm. 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin təltifetmə mərasimi olduqca maraqlı və yaddaqalan oldu. Tədbirdə çıxış edən səfir Milan Ekert “Su qızıldan dəyərlidir” devizi altında keçirilən müsabiqənin qaliblərini diplom və hədiyyələrlə mükafatlandırdı. Həmin gün sevincimin hədd-hüdudu yox idi.
Müxtəlif mövzulara
müraciət edirəm
2003-cü ildə Bakı şəhərində anadan olmuşam. Paytaxtdakı 54 nömrəli tam orta məktəbin 9-cu sinfində təhsil alıram. 4 ildən artıqdır ki, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən “Günəş” rəsm studiyasının üzvüyəm. Müxtəlif texnikalardan istifadə etməklə rəsmləri işləməyi xoşlayıram, sulu boya, qrafika, pastel ilə. Gildənsə insan maketləri hazırlayıram. “Leyli və Məcnun” əsərini hazırlamısam. Ümumiyyətlə, müxtəlif mövzulara müraciət edirəm, vətənpərvərliklə bağlı əsərlərim daha çoxdur. “Multikulturalizm” mövzusunda ərsəyə gətirdiyim rəsmlərim də hamının xoşuna gəlib.
“Qız
qalası”
2016-cı ildə İçərişəhərdə uşaqlar üçün “Qız qalası” festivalı keçirildi. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, Uşaq Yaradıcılıq mərkəzlərinin rəhbərləri, şagirdlər iştirak edirdilər. İki gün davam edən festivalda yaradıcılıq mərkəzlərindən və internat məktəblərindən 30-a yaxın şagirdin milli və müasir üslubda işlənmiş rəsm əsərləri nümayiş olundu. Bu festivala təqdim etdiyim “Kosmos” rəsmim tamaşaçıları heyran etdi və diplomla mükafatlandırıldım. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaratmışdılar. Məqsəd Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılması idi.
Təbiətin
gözəlliklərini əks etdirirəm
Qeyd edim ki, isti rənglərlə işləyərkən yaşıl və göy rənglərə çox yer verirəm. Bu rənglər ruhuma daha çox doğmadır. Məktəbimizin dəhlizində divarı bəzəyən rəsmlər arasında mənim də əsərlərim var. Təbiətin füsunkar gözəlliklərini əks etdirən rəsmlərim kifayət qədərdir. Mücərrəd mövzulara da ara-sıra müraciət edirəm. Bu mövzular yaradıcılıq təxəyyülümün məhsulu kimi mənim üçün müəllimlərim və dostlarım üçün çox əzizdir.
“Hər
çiçəyin öz ətri var”
Son iki ildə qazandığım nailiyyətlər daha çoxdur və ürəkaçandır. Bu illərdə respublika və beynəlxalq sərgi və müsabiqələrin qalibi olmuşam. 2017-ci ildə Rusiyanın Yekaterinburq şəhərində keçirilən “Arzularını rənglə” Beynəlxalq virtual, uşaq və yeniyetmələr arasında “Hər çiçəyin öz ətri” Respublika rəsm müsabiqələrində, “Nizami Gəncəvi -875” Respublika rəsm festivalında, “Türk dünyasının nağıl bağı”, 2017-ci ildə “Gender bərabərliyi” adlı Respublika rəsm sərgilərində diplomlarla mükafatlandırılmışam. 2018-ci ildə isə Türkiyədə keçirilən beynəlxalq sərgidə fəal iştirakım olub. “İlk admiralımız” (admiral C.Cavadovun 100 illiyinə həsr olunmuş) Respublika rəsm sərgisində rəsmlərim hamının ürəyincə idi. Tarixi abidələrimizlə bağlı rəsm əsərlərim çoxdur. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı mərkəzdə nümayiş olunan “Qobustan qayaları”, “Neft buruqları” və digər əsərlərim yüksək dəyərləndirilib.
Arzulara qovuşmaq üçün çox
çalışmalıyam
Bu yaxınlarda məktəbimizdə 20 Yanvar faciəsinə həsr olunan tədbir keçiriləcək. Məktəbin rəsm müəllimi Əmrah müəllimin mənə verdiyi 3 kətanın birinin üzərində qərənfil, digərinin üzərində tank, üçüncünün üzərindəsə qanlı əllə qərənfil tutmuş insan obrazını yaratmışam. Gələcəkdəsə dizayner olmaq arzusundayam. Arzulara qovuşmaq üçünsə öz üzərimdə çox çalışmalı olacağımı dərindən dərk edirəm.
...Mərkəzdə olarkən Zöhrənin dərnək rəhbəri Naqiyə Rzayeva ilə də görüşüb yetirməsi haqqında ürək sözlərini dinləməyi unutmadım. O, şagirdinin böyük istedad sahibi olduğunu əminliklə vurğuladı. Bildirdi ki, Zöhrə ilk günlərdən öz fərqli istedadı ilə seçilib və bu gün də hamılıqla onun qazandığı nailiyyətlərin canlı şahidləriyik. Dərnək rəhbəri bu yaxınlarda Zöhrənin fərdi sərgisinə hazırlaşdıqlarını da söylədi.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2019.-
11 yanvar.- S.16.