Görkəmli pedaqoq
Əhməd
Seyidova həsr edilmiş
monoqrafiya
Azərbaycan pedaqoji fikrinin inkişaf tarixində
özünəməxsus yeri və görkəmli xidmətləri olan
professor Əhməd Seyidov öz elmi pedaqoji fəaliyyəti, zəngin
pedaqoji irsi, yetişdirdiyi elmi pedaqoji kadrları ilə Azərbaycan
pedaqoji fikir tarixində silinməz
izlər qoymuşdur. İstər
onun çoxsaylı əsərləri, çox yönlü
elmi-pedaqoji fəaliyyəti və
istərsə də görkəmli pedaqoq Əhməd
Seyidova həsr edilmiş əsərlər Azərbaycan
pedaqoji elminin inkişafında
böyük rol
oynamışdır.
Budur, daha yeni bir əsər - SDU -nun pedaqogika və psixologiya
kafedrasının müdiri, dosent, pedaqogika üzrə fəlsəfə
doktoru Aytəkin Məmmədovanın “Elm və təhsil” nəşriyyatı
tərəfindən nəfis şəkildə nəşr edilmiş
“Professor Əhməd Seyidov və Azərbaycanda pedaqoji elmin
inkişafı” adlı monoqrafiyası (Bakı, “Elm və təhsil”
2018-ci il, 192 səh.) Azərbaycan pedaqoji elminin
inkişafına dəyərli bir töhfə olaraq
pedaqoji fikir tariximizi xeyli zənginləşdirmişdir.
Monoqrafiyanın ön sözünün müəllifi və elmi redaktoru Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, rəyçiləri isə professorlar Hüseyn Əhmədov, Əjdər Ağayev və Sərdar Quliyevdir.
Monoqrafiya ön söz, iki fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
Ön sözdə professor F.Rüstəmov haqlı olaraq qeyd edir ki, Azərbaycanda elm və mədəniyyətin inkişafında böyük fədakarlıqlar göstərmiş elə şəxsiyyətlər var ki, onların şərəfli həyat yolu, elmi-pedaqoji fəaliyyəti zaman keçdikcə parlaq nümunəyə çevrilir və qüdrətli təsir gücü ilə nəsillərə nümunə olur.
Professor Əhməd Seyidovun elmi-pedaqoji fəaliyyəti, Azərbaycan pedaqoji elminin və təhsilinin inkişafında, milli elmi pedaqoji kadrların yetişməsində, eləcə də gənc nəslin və tələbə-gənclərin milli -mənəvi ruhda tərbiyəsində müstəsna xidmətləri olmuşdur.
Professor Əhməd Seyidov Azərbaycan elmi-pedaqoji fikrinin təməlini qoyanlardan biri olaraq pedaqoji cameəmizdə obrazlı şəkildə belə deyilmişdir: Əhməd Seyidov, Mərdan Muradxanov, Mehdi Mehdizadə üçayaqlı saca bənzər ki, pedaqoji elmimiz bu böyük alimlərin çiyinləri üzərində ucalmışdır.
Monoqrafiyanın I fəsli - “Prof. Əhməd Yusif oğlu Seyidovun həyatı
və elmi -pedaqoji fəaliyyəti”
adlanır ki, bu fəsildə
Ə.Seyidovun həyatı və elmi-pedaqoji fəaliyyəti,
yaşadığı mühit, tələbəlik
illəri, onun haqqında müasirlərinin
söylədikləri fikirlər, xatirələr əsas
yer tutur. Bu fəsildə verilən materialları oxuduqca, yalnız Ə.Seyidovun
həyat və fəaliyyəti deyil,
bütövlükdə Azərbaycan təhsilinin, Azərbaycan
pedaqoji fikrinin, ilk ali təhsil müəssisələrimizin
tarixi, onların keçdiyi
şərəfli yol
yaddaşımızda, xatirimizdə bir daha canlanır. Burada
deyilən fikirlər, yazılan sözlər, həm də bizim pedaqoji fikir tariximizin, təhsilimizin
bir çox maraqlı
məqamlarını əks etdirir, hətta
bir çox unudulmuş səhifələri də öyrənməyə
imkan verir. Elə buradaca mən, “İstiqlal” ordenli, Əməkdar
müəllim, dosent, atam Lətif
Hüseynzadənin Əhməd Seyidovla bağlı
bir
xatirəsini də bura əlavə
etmək istərəm ki, onlar
Bakı Dövlət Universitetində eyni vaxtda oxumuş və eyni vaxtda da bu
təhsil ocağını bitirmişlər. Onlar təhsil
aldığı dövrdə Rusiyadan və
Türkiyədən dəvət edilmiş çox görkəmli
alimlər - Rusiyadan - Komarovski, Makovelski, Seredinski, Marr, Meşşaninov və başqaları,
Türkiyədən - İsmayıl Hikmət, Xəlil Fikrət,
Əhməd Cövdət, Nazim Hikmət, Möhyəddin, Bəkir
Çobanzadə və başqaları onlara
dərs demişlər. Tələbələr burada dərin və hərtərfəli bilik qazanmaqla bərabər,
həm də ciddi elmi
- tədqiqat işləri ilə də məşğul olmuş, ictimai işlərdə
fəal iştirak etmiş,
faydalı təşəbbüslər irəli
sürmüşlər. L.Hüseynzadə
xatirələrində yazır ki,
1928-29-cu tədris ilində Lenin adına
Azərbaycan Dövlət Darülfünununun
10 illik yubileyində Şərq fakültəsi
nəzdində jurnalistika şöbəsi
yaradıldı. Fəal tələbələr dərsdən sonra jurnalistika şöbəsinin
məşğələlərində iştirak
edirdilər. Bu şöbədə
Əhməd Seyidovla birlikdə təhsil
alır və birlikdə fəaliyyət göstərirdik. Burada qəzetçilik, müxbirlik,
mətbəə ləvazimatı, redaksiya
işlərinə dair çox
maraqlı dərslər keçirdik. Jurnalistika fakültəsinin
və jurnalistika
şöbəsinin rəhbəri
professor S.Seredinski idi.
Bir gün rektorumuz Tağı Şahbaziyə müraciət etdik
ki, darülfünunda çoxtirajlı
bir qəzet nəşr edək. Rektor da fikrimizi
razılıqla qarşıladı və
1929-cu ilin iyun ayında Azərbaycan Dövlət Darülfünununda
“Stident jurnalist” adlı çoxtirajlı universitet qəzetinin ilk nömrəsini buraxmağa
nail olduq. Bu ilk nömrədə
Əhməd Seyidovun “Tibbi fakültədə yeni tədbirlər” adlı məqaləsi də getmişdir.
Qırmızı rənglə buraxılmış
bu qəzetin redaksiya heyətində Əhməd Seyidov və Lətif Hüseynzadənin adları
görünməkdədir. Həmin qəzetin birinci orijinal nömrəsi bu günədək ailə arxivimizdə saxlanılır.
Monoqrafiyanın II fəsli “Əhməd Seyidovun elmi yaradıcılığının əsas istiqamətləri”
adlanır. Burada Ə.Seyidovun pedaqoji fikir tariximizin inkişafındakı rolu, Azərbaycan
və xarici ölkələrin pedaqoji
fikir tarixinə dair tədqiqatları, tərtib
etdiyi dərslik və dərs vəsaitləri haqqında
qiymətli məlumatlar
verilir, ümumiləşdirici
təhlillər aparılır.
Burada Əhməd Seyidov Azərbaycan pedaqoji fikrinin böyük bir tarixi dövrünün
yaradıcısı kimi
təqdim və A.A.Bakıxanov,
Mirzə Fətəli
Axundov, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Məhəmməd Füzuli,
F.B. Köçərli, Mirzə
Ələkbər Sabir,
Cəlil Məmmədquluzadə
haqqında dəyərli
tədqiqatların müəllifi
kimi təqdir olunur.
Müəllif Aytəkin Məmmədova
monoqrafiyada daha bir maraqlı, diqqəti cəlb edən məsələyə toxunmuş, Əhməd Seyidovun Hacı Kərim Sanılı ilə birlikdə yazdığı “Türk
əlifbasi” və ali pedaqoji məktəblər
üçün yazdığı
“Pedaqogika tarixi” dərsliklərini geniş
təhlil etmişdir ki, burada çox yeni məlumatlarla zənginləşmək
olur.
Monoqrafiyanın nəticələrində
Əhməd Seyidovun
həyat və elmi pedaqoji fəaliyyətinə
ətraflı yekun vurulur.
Monoqrafiyanın həm ədəbiyyat siyahısından
və həm də mətnlərdən
Əhməd Seyidov haqqında yazan müəllifləri öyrənmək
olur ki, onlardan professorlar Hüseyn Əhmədovu, Mərdan Muradxanovu, Fərrux Rüstəmovu, İramin İsayevi, Əjdər Ağayevi, Yusif Talıbovu, Fikrət Seyidovu, Sərdar Quliyevi, Əliheydər Həşimovu,
Müseyib İlyasovu,
Rüfət Hüseynzadəni,
Həsən Bayramovu, dosentlər Aytəkin
Məmmədovanı, Miri
Həsənovu, Allahverdi
Eminovu, Əlibala Zalovu və başqalarını göstərmək
olar.
Dosent Aytəkin Məmmədovanın
“Professor Əhməd Seyidov
və Azərbaycanda pedaqoji elmin inkişafı” adlı monoqrafiyası Ə.Seyidovun həyat və fəaliyyətini kompleks şəkildə öyrənmək
baxımından çox faydalıdır.
Bu əsər pedaqoji fikir tariximizi xeyli zənginləşdirir və
pedaqoji elm tədqiqatçılarına
dəyərli materiallar
verir, pedaqoji təmayüllü magistrlər,
tələbələr, müəllimlər üçün
qiymətli bir vəsait olur.
Rüfət HÜSEYNZADƏ,
pedaqoji elmlər doktoru,
professor, Əməkdar müəllim
Azərbaycan müəllimi.-
2019.- 11 yanvar.- S.15.