İctimaiyyət nümayəndələri
BDU-da imtahan prosesini izləyib
Tələbələrin
biliyinin qiymətləndirilməsində obyektivliyin təmin
olunması məqsədi ilə zəruri tədbirlər
görülüb
İmtahanlar ciddi nəzarət altındadır. Eyni vaxtda bir prosesə həm müəllim-koordinatorlar, həm rəhbər koordinatorlar, həm də kameralar vasitəsi ilə nəzarət olunur. Auditoriyalarda 330 nəfər müəllim-koordinator işləyir. Elektron mərkəzin əməkdaşları kameraların ötürdüyü görüntüləri diqqətindən qaçırmamaq üçün gözünü monitordan ayırmır. Buna baxmayaraq, kameralar da gördüyünü yaddaşına yazır. Bu isə imtahandan sonra hər hansı mübahisəli durum yaranarsa, həqiqəti üzə çıxartmaq, ədaləti bərpa etmək üçündür.
Söhbət 100 ilin təhsil müəssisəsindən, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarından - Bakı Dövlət Universitetindən gedir. Yanvarın 16-da universitet qapılarını ictimaiyyət nümayəndələrinin üzünə açdı. Açdı ki, hər kəs burada gedən yeniliklərdən, keyfiyyət artımından, mühit dəyişikliyindən xəbər tutsun.
İmtahan
vaxtıdır
Beləliklə, Bakı Dövlət Universitetində səhər saat 10:00 imtahan vaxtıdır. İmtahanlar düz 3 saat çəkir. Artıq iki həftədir ki, bu il 100 illiyini qeyd edən universitetin tələbələrinin gərginliyi, həyəcanı davam edir. Başqa sözlə, universitetdə daha bir nəslin həyəcan dolu payız imtahan sessiyası start götürüb. Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, Milli Məclisin deputatları, təhsil ekspertləri, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, valideynlər və ictimaiyyət nümayəndələri 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına qatılaraq bu həyəcanın şahidinə çevriliblər. Onlar imtahan sessiyasının şəffaf keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədi ilə həyata keçirilən tədbirlərlə tanış olublar.
Tanışlığa
universitetin böyük akt zalından başlayıblar. Burada
imtahanlara nəzarət edən müəllim-koordinatorların
bölgüsü həyata keçirilir. Bölgü iki qrup -
təbiət fənləri və humanitar fənlər üzrə
aparılır. Bu bölgüyə əsasən, təbiət
fənləri üzrə fakültələrin müəllimləri
humanitar ixtisaslar üzrə aparılan imtahanlara, humanitar
ixtisaslar üzrə fakültələrin müəllimləri
isə əksinə, təbiət fənləri üzrə
keçirilən imtahanlara nəzarət edirlər.
Prosesi izləyən
İctimai Nəzarət və Məsləhət
Şurasının üzvləri, media nümayəndələri
və digər iştirakçılar bölgüdən sonra
auditoriyalara üz tutublar.
Yazılı, yoxsa şifahi?
Bakı
Dövlət Universitetində imtahanlar əsasən
yazılı aparılsa da, bəzi fənlərdə istisnalar
var. Məsələn, hər hansı xarici dil üzrə
praktikum və dil inkişafı ilə bağlı fənlərin
imtahanı şifahi keçirilir.
Başqa
bir istisna isə universitetin sağlamlıq imkanları məhdud
tələbələri üçün nəzərdə
tutulub. Təhsil müəssisəsində belə tələbələr
üçün xüsusi şərait yaradılır.
Sağlamlıq imkanı ilə əlaqədar olaraq yazmaq
çətinliyi olan tələbələr üçün
şifahi imtahanlar təşkil edilir.
“Sürətli və ədalətli
qiymətləndirmə mexanizminin şahidi olduq”
Bu
auditoriyada hüquqşünaslıq ixtisası üzrə
imtahan başlayıb. Tələbələrin
qarşısındakı kağızlar ağ deyil. Bu da o deməkdir
ki, onlar verəcəkləri cavabları artıq müəyyənləşdiriblər.
Zalda 8 nəzarətçi müəllim fəaliyyət
göstərir. Koordinator-müəllimlərdən biri məlumat
verir ki, onlar auditoriyada köçürmə hallarının
baş verməməsi, tələbələri maraqlandıran
suallara vaxtında cavab verilməsini təmin etməyə
görə məsuliyyət daşıyırlar. Müəllimlər
deyib ki, yanvar ayının 3-dən imtahan prosesində nəzarətçi
müəllim kimi iştirak edirlər və indiyədək hər
hansı ciddi problemlə qarşılaşmayıblar.
İmtahan
verənlərdən biri - Nigar Şahgərliyeva IV kurs tələbəsidir.
Hüquq fakültəsində hüquqşünaslıq
ixtisası üzrə təhsil alır. Universiteti əla səviyyədə
başa vurmağa hazırlaşır: “İndiyədək kəsirim
olmayıb. Bu semestrdə də 2 imtahan vermişəm.
Artıq üçüncü imtahanımı verirəm. Təhsil
mühiti yaxşıdır. Təhsil aldığım
müddətdə yalnız kitab problemi ilə
qarşılaşdım. Kitabxanada kitab
çatışmazlığı olur. Ona görə də
lazım olan vəsaitlərin surətini çıxarıb
istifadə etmək məcburiyyətində qalırdıq.
Amma müəllimlərin dərskeçmə metodu, təhsil
mühiti normaldır. Deyərdim ki, ölkəmizdə
hüquq üzrə ən yaxşı kadrlar bizim universitetdə
yetişdirilir. Bu semestrdən isə imtahanların
keçirilməsində şəffaflıq
artırılıb. Ədalət prinsipləri güclənib.
Qiymətləndirmədə də bu semestr fərqi hiss etdik.
İmtahanların cavabları daha tez elan olundu. Bilirsiniz ki,
kimliyindən asılı olmayaraq, imtahanlar insanları mütləq
gərginləşdirir. Cavablar gecikdikcə gərginlik və
stressimiz bir az da artırdı. Bir çoxları gərginlikdən
növbəti imtahana hazırlaşmaqda çətinlik
çəkirdi. Bu semestr belə problemimiz olmadı. Sürətli
və ədalətli qiymətləndirmə mexanizminin
şahidi olduq”.
BDU-da da qızlar üstünlük təşkil
edir
İctimai
Nəzarət və Məsləhət Şurasının
üzvləri bu dəfə təbiət fənləri üzrə
imtahanların keçirildiyi auditoriyadadırlar. Burada iki
ayrı-ayrı fənn üzrə imtahan təşkil edilib. Tədrisin
təşkili və təlim texnologiyaları üzrə
prorektor İradə Əliyeva məlumat verib ki, tələbələr
imtahanlarda tək-tək oturur. Prosesə ayrı-ayrı
fakültələrin müəllimləri nəzarət edir:
“Bu zaldakı nəzarətçilər tarix, sosial elmlər,
filologiya fakültəsinin müəllimləridir. İmtahana
gələrkən tələbə biletini tələb edirik. Bu,
tələbələrin yerinə başqasının imtahan
verməsinin qarşısını almaq
üçündür”.
Maraqlı
bir fakt. Zalda imtahan verən tələbələr arasında
oğlan yoxdur. Məlum olur ki, nəinki zalda,
bütövlükdə universitetdə qız tələbələr
oğlanlara nisbətdə üstünlük təşkil edir.
Universitetin
böyük əksəriyyətini təşkil edən həmin
qızlardan biri - Zemfira Kərimova Biologiya fakültəsinin IV
kurs tələbəsidir: “Gözlədiyimdən yaxşı
bitirəcəyəm universiteti. Bu gün də
şanslıyam ki, biletimə hazırlaşdığım
mövzular əsasında suallar düşüb. Hazırda
ikinci imtahanımı verirəm. Bugünkü
imtahanımın nəticələrinin də uğurlu
olacağını düşünürəm”.
Hər tələbəyə iki
şans
Yazılı
imtahanlarda 5 sual qoyulur və tələbələr həmin
suallara ayrı-ayrı səhifələrdə cavab yazır. Bileti çəkdikdən və
suallarla tanış olduqdan sonra tələbə sualı
başa düşmədiyini bildirərsə, müvafiq
kafedradan müəllim dəvət edilir və sual tələbəyə
izah edilir. Hər fənn üzrə proqramlar da tələbələrə
köməkçi vasitə olaraq verilə bilər.
Bakı
Dövlət Universitetində imtahanların nəticələri,
tələbələrin müvəffəqiyyət göstəricilərinin
dinamikası izlənilərək təhlil edilir. Bütün
ixtisaslar və fənlər üzrə keyfiyyət göstəricilərinin
illər və fakültələr üzrə dinamikası
müzakirə olunur. Tələbə sessiya müddətində
kəsilirsə, sessiya bitdikdən sonra, fevralın 1-8-dək həmin
fənn üzrə təkrar imtahan verir. Hər tələbəyə
iki fənn üzrə bu şans yaradılıb.
Bu il müəllimlik ixtisası
üzrə minimum 500 bal olub
Bir
xüsusi fakt. Bu il müəllimlik ixtisası üzrə
minimum bal 500 olub. BDU-da 8 ixtisas üzrə pedaqoji kadr
hazırlığı həyata keçirilir. Bu tendensiya
ixtisasların hamısında müşahidə olunur. Bu isə
müəllim peşəsinin nüfuzunun
artırılması, pedaqoji ixtisasları seçənlərə
əlavə təqaüd ayrılması kimi tədbirlərlə
əlaqədardır. BDU-da müəllim
hazırlığı ixtisaslarına qəbul olunan və “Gələcəyin
müəllimi” təqaüdünü alan tələbələr
ümumilikdə təqaüd alan tələbələrin 50
faizini təşkil edirlər.
Fizika,
kimya, kimya mühəndisliyi
üzrə təhsil alan tələbələr
üçün müvafiq şərait yaradılıb və
BDU-da elmi-tədqiqat işlərinin aparılması
üçün zəngin maddi-texniki baza, NANO
Araşdırmaları Mərkəzi fəaliyyət göstərir.
Bu da tələbələrin həmin ixtisaslara
marağını artırır. Odur ki, bu istiqamətdə
son illərin dinamikası müsbətdir.
BDU-nun elektron mərkəzində
BDU-nun
qonaqları Tədris Departamenti nəzdindəki monitorinq
otağında da olub. Burada onlara məlumat verilib ki,
imtahanların keçirildiyi bütün otaqlara kamera nəzarəti
həyata keçirilir. İstənilən auditoriyada
keçirilən imtahanı həmin kameralar vasitəsi ilə
buradan izləmək mümkündür.
İmtahan Qərargahında
BDU-da 23
mindən artıq bakalavr və magistrantın iştirak etdiyi
imtahan sessiyasının gedişinə nəzarət etmək,
tələbə və valideynlərin, həmçinin ictimaiyyətin
müraciətlərinin qəbulu və
araşdırılması məqsədilə İmtahan Qərargahı
və onun nəzdində təbiət və humanitar fakültələr
üzrə Apelyasiya komissiyaları yaradılıb. Qiymətləndirmədən
narazı qalan tələbələrin Qərargaha müraciəti
üçün şərait təmin edilib. İmtahan Qərargahı
imtahanlarda şəffaflıq və obyektivliyi təmin etmək
məqsədi ilə 5 istiqamət üzrə fəaliyyət
göstərir. Bu istiqamətlər
həm müasir, həm də ənənəvi
müraciət üsullarını əhatə edir. Necə
deyərlər, istəyirsən, şikayətini möhürlənmiş
qutuya at, istəyirsən də elektron göndər. Hər bir
halda məktub ünvanına yetişəcək.
Möhürlü poçt qutusu
Beləliklə,
hər gün İmtahan Qərargahında
ənənəvi “poçt qutusu” korpuslar üzrə
möhürlənib quraşdırılır və yalnız
axşam saat 16.00-da keçirilən iclasda açılıb
müzakirə olunur. Möhürlü qutunun açılma
prosesində Tələbə Gənclər və Tələbə
Həmkarlar təşkilatlarının nümayəndələri,
o cümlədən hər hansı tələbə
iştirak edir.
10 imtahan
günündə qutuya atılan 19 müraciətin hər biri
müzakirə olunub və qərar qəbul edilib. Müraciətlərdə
müəllim koordinatorlarla bağlı şikayətlər
olub. Belə ki, tələbələr onların bərkdən
danışaraq imtahan prosesinə mane olduqlarını
yazıb. Müraciətlərin bir qismi isə imtahandan kənarlaşdırma
prosesləri ilə bağlı olub.
Universitetin
qərarı ilə bu semestrdən tətbiq edilən qaydaya
görə, imtahan zamanı qayda pozuntularına yol verən tələbələr
imtahandan birbaşa çıxarılmır. Onlara əvvəlcə
xəbərdarlıq edilir və bu barədə tələbəyə
akt təqdim olunur. Bu, imtahandan kənarlaşdırma
faktlarının sayının azalmasına səbəb olub.
Universitetin “Qaynar xətti”
İmtahan
Qərargahına “Qaynar xətt” telefon xidməti vasitəsi ilə
müraciət imkanı yaradılıb. Bunun üçün
3 nəfər elan edilən zənglərə cavab verir, daxil
olan müraciətləri “Qeydiyat kitab”ına qeyd edir. Müraciətdən asılı
olaraq, ya dərhal cavab verilir, ya da müraciət Apelyasiya
komissiyalarında müzakirə olunur. Telefonla müraciətlər
əsasən məlumat xarakteri daşıyır. Tələbələr
zəng edərək İmtahan Qərargahına müraciətin
formaları, ərizələri necə yazacaqları ilə
maraqlanıblar.
Gəl sözünü burda de
Tələbə
İmtahan Qərargahına gələrək
müraciət edə, ərizəsini də burada yaza bilər.
Bundan sonra müraciət müvafiq sahələr üzrə
Apelyasiya komissiyalarına yönəldilir.
Elektron məktub
Tələbənin
narazılığını İmtahan Qərargahına
bildirməyinin dördüncü yolu müasir məktubdur. Belə ki, tələbə qeyd
edilmiş elektron poçt ünvanına da məktub göndərə
bilər. Bu yolla indiyədək 43 müraciət daxil olub.
Elektron müraciətlərin hər biri müzakirə olunub.
Müraciət edənlər əsasən imtahan nəticələrindən
narazı qalanlardır.
Qrupun müraciəti
Tələbələrin
qrup şəklində müraciəti İmtahan Qərargahının
fəaliyyətinin 5-ci istiqamətini təşkil edir.
İmtahanda qeyri-kafi qiymət alanların sayı 50 faizdən
çox olarsa, bu məsələ İmtahan Qərargahında
müzakirə olunur.
207 müraciət
Bəs,
Apelyasiya komissiyalarının fəaliyyəti necə təşkil
olunub? Onlar nəyə baxır?
Bakı
Dövlət Universitetinin rektoru vəzifəsini icra edən,
Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin
Qurbanov ictimaiyyət nümayəndələrinə məlumat
verib ki, 2 istiqamət üzrə Apelyasiya komissiyaları fəaliyyət
göstərir. Təbiət elmləri və humanitar istiqamətlər
üzrə komissiyalarda universitetin tanınmış müəllimləri
təmsil olunurlar: “Tələbə qiymətdən
narazıdırsa, bu məsələ Apelyasiya komissiyalarında
müzakirə olunur”.
Məlumat
verilib ki, Apelyasiya komissiyalarına indiyədək 207 fərdi
müraciət olub. Həmin müraciətlərdə tələbələr
əsasən balının aşağı
salındığını iddia edib. 52 belə müraciətlə
bağlı müsbət qərar verilib.
Tələbə o vaxt komissiyaya
çağırılır ki...
Maraqlıdır ki, İmtahan Qərargahında problem ən çox tələbələrin yazı işlərinin yoxlanılması zamanı yaranır. Tələbə imtahan zamanı sualı başa düşməyəndə müəllim imtahan zalına çağırıldığı kimi, müəllim də tələbənin yazı işini oxuya bilməyəndə tələbə İmtahan Komissiyasına dəvət edilir. İmtahan cavabları onların özünə oxutdurulur və cavablar müvafiq qaydada qiymətləndirilir. Bu sessiyada müəllimlərin oxuya bilmədiyi 4 yazı işi olub. Onlardan cavabları çox gözəl qiymətləndirilənlər də olub, əksinə, cavabı qəbul edilməyən də: “Apelyasiya Komissiyasına dəvət edilənlərdən biri Tarix fakültəsinin tələbəsi idi. Cavablarını oxudu və 8 bal aldı. Ancaq başqa bir faktda mülki müdafiədən imtahan verən tələbənin bilərəkdən belə yazdığı müəyyən olundu. Tələbə etiraf etdi ki, imtahana hazır olmadığı üçün belə yazıb. Odur ki, verilən qiymətlə razıdır”.
İctimai Nəzarət və Məsləhət Şurasının üzvü Elşad Eyvazlı bildirib ki, universitetlərin əksəriyyətinin İctimai Şurasında təmsil olunur və müşahidə edib ki, Apelyasiya komissiyaları çox vaxt müəllimlərin tərəfini tutur. O, bunu nəzərə alaraq təklif edib ki, BDU-nun Apelyasiya Komissiyasında ictimai nəzarət şurasının üzvlərindən biri təmsil olunsun. Universitet rəhbərliyi təklifi məmnuniyyətlə qəbul edib və istənilən nümayəndənin iştirak edə biləcəyini bildirib.
Köhnə
universitetdə yeni ənənələrin əsası qoyulur
Millət vəkilləri, jurnalistlər, təhsil ekspertlərindən ibarət heyət daha bir ünvanda imtahanların gedişini izlədilər. Ölkəmizin ən yaşlı universitetində ən müasir təhsil standartlarının tətbiqinin, köhnə universitetdə yeni ənənələrin əsasının qoyulduğunun şahidi oldular.
Dünyanın müxtəlif reytinq cədvəllərində yer tutan, bununla da dünya universitetləri cərgəsinə qoşulan Bakı Dövlət Universitetinin şöhrətinə şöhrət qatacaq yeniliklər isə hələ qarşıdadır.
Ruhiyyə
Daşsalahlı
Azərbaycan
müəllimi.- 2019.-18 yanvar.- S.5.