Məktəbi bitirməyə tələsənlər...
Komissiyanı 2
şagird heyrətləndirə bildi
Ötən həftə ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar keçirilib. Bu imtahanlar Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilib. 2 - test imtahanı və müsahibə mərhələsindən ibarət olan imtahanlara Bakı şəhər məktəblərindən 10 şagird qatılıb.
İmtahanın birinci, yəni test mərhələsində şagirdlər 3 saat vaxt ərzində ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə test tapşırıqlarını yerinə yetiriblər.
Əvvəlcədən elan olunduğu kimi, eksternat imtahanlarının nəticələrini BŞTİ tərəfindən yaradılmış komissiya 5 ballıq şkala üzrə qiymətləndirir. İkinci, yəni müsahibə mərhələsində isə komissiya üzvləri tərəfindən 10 şagirdin bilik və bacarıqları yoxlanılaraq müvafiq rəy verilib. İmtahan qiyməti hər iki mərhələnin nəticələri əsasında müəyyənləşdirilir.
Bu imtahanda iştirak edənlərin sinifdən-sinfə keçib-keçməyəcəyi, buna qadir olub-olmadıqları qalsın bir yana. Görəsən, ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyənlər kimlərdir? Onlar hara, niyə tələsirlər? Uşaqlıqlarının bitməsini niyə bu qədər çox arzulayırlar?
Bu və başqa suallara cavab tapmaq üçün “Azərbaycan müəllimi” imtahanların müsahibə mərhələsində iştirak edərək şagirdlərin, onların valideynlərinin və müsahibəni aparan komissiya üzvlərinin fikirləri ilə maraqlanıb.
Qeyd edək ki, müsahibə mərhələsində də test mərhələsində olduğu kimi 10 şagird var. Hamısı valideynləri ilə gəlib. 220 nömrəli məktəb-liseydə təşkil edilən imtahanlarda həyəcan zirvədədir. Uşaqların həyəcanı valideynlərinkinə, valideynlərinki isə uşaqların həyəcanına qarışıb. Bu məsələyə elə-belə baxmayın. Müşahidələrimiz göstərir ki, bu imtahanlarda uşaqlardan çox valideynlər həyəcanlıdır. Axı, bu sınaq daha çox onların sınağı, onların arzusudur…
Məlum olur ki, 10 şagirddən 6 nəfəri rus bölməsində təhsil alır. Ancaq Azərbaycan dili hər birinin öz ana dilidir. Aralarında ana dilimizdə fikrini ifadə etməkdə çətinlik çəkən yoxdur.
“Bu imtahanda uğur qazana bilsəm...”
Elşad Məmmədov
nəvəsini gətirib. Baba 72 nömrəli
məktəb-liseydə III sinif şagirdi olan nəvəsi
Gülşən Məmmədlinin yanvar ayından IV sinifdə
oxumasını arzulayır. Özü də bu niyyəti
Gülşən hələ bağçadaykəndən var:
“Təhsil işçisi olduğum üçün bu prosesdən
xəbərim var. Nəvəmin qabiliyyətini hələ
bağçaya gedən vaxtdan müşahidə edirdim. Bu qabiliyyətini inkişaf etdirmək
üçün ona yol göstərdim. Birinci sinifdə
bir az artırdı, ikinci sinfin sonunda ana
dili və riyaziyyat üzrə tamamilə proqramı
bitirmişdi.
Bu proqramı mənimsəməyin ona çətinlik
yaratmadığını görüb sınamaq qərarına
gəldim.
Gülşən III sinfin tam, IV sinfin yarımillik proqramını öyrənib”.
Bu arzusunun nəvəsinə təsirinə gəlincə,
baba hesab edir ki, nəvəsinin potensialı olduğu
üçün proqramı qabaqlamağın,
uşağı əlavə yükləməyin ona bir
ziyanı olmaz.
Gülşən imtahanının nəticəsini
yüksək qiymətləndirir. Bu imtahanların onun biliyini və
imkanlarını artıracağına inanır: “Həkim
olmaq, bu arzuma daha tez çatmaq istəyirəm. Bu
imtahanda uğur qazana bilsəm, 11 deyil, 10 il oxuyacağam və
bir il daha tez həkim olacağam”.
Görəsən, Gülşən təhsilin növbəti
səviyyəsini də vaxtından əvvəl bitirmək istəyə
bilərmi?
Heç tərəddüd etmədən cavab verir: “Mənim
buna şansım çoxdur”.
“Şansdan çox, özümə
güvənirəm”
Leyla Məmmədzadə üçün şans ikinci
plandadır.
O, özünə güvənir. Test imtahanını
uğurla başa vurub. Komissiyanın qərarı onun istəyi
ilə üst-üstə düşsə, növbəti ildən
X sinifdə təhsil almaq istəyir: “Hazırda 177 nömrəli
tam orta məktəbdə VIII sinifdə oxuyuram. İmtahandan
keçib IX sinif buraxılış imtahanlarında iştirak
etmək niyyətindəyəm”.
Bu istəyinə
nail olmaq üçün isə şansdan çox biliyinə
güvənir: “Doğrudur, bəlkə şans da
lazımdır. Ancaq şansdan çox,
özümə güvənirəm. Çünki
IX sinfin proqramını bilirəm. Test mərhələsində
sualların 80 faizinə yazmaqla uğurlu nəticə əldə
etmək mümkündür. Təsdiq etmək
istəyirəm ki, mən IX sinfin buraxılış
imtahanlarında iştirak edə və növbəti dərs
ilindən X sinifdə təhsil ala bilərəm”.
Niyə X
sinifdə oxumaq istədiyinə gəlincə, Leyla VIII sinifdə
özünü pis hiss edir: “Hiss edirəm ki, bu proqram mənə
təkrar kimi görünür. Heç nə
maraqlı gəlmir. Hər il sinif
yoldaşlarımdan irəli gedirdim. Bu il də
müəllimlərim mənə təklif etdilər ki, bu vəziyyətdən
qurtarmaq üçün eksternat imtahanlarında iştirak
edim”.
İngilis dilini ana dili səviyyəsində bilən Leyla
bakalavr təhsilini Bakıda, ancaq ingilis dilində alacaq. Təhsilin
növbəti pillələrində harada, hansı dildə
oxuyacağına isə hələlik qərar verməyib.
“Babam kimi pilot olacağam”
Malik Məmmədov 304 nömrəli məktəb-liseyin
VIII sinif şagirdidir. Növbəti ildən növbəti təhsil
səviyyəsi üzrə təhsil almaq istəyir. Pilot
olmağa tələsir, babası Eldəniz Ağayev kimi. Babasının yolunu davam etdirmək niyyətindədir. Həyəcandan babasının
adını unutsa da, imtahanlarda uğur qazanıb: “Builki
buraxılış imtahanlarına qatılmaq və orta
ümumi təhsil səviyyəsini daha tez tamamlamaq istəyirəm.
Babam Eldəniz Ağayev ulu öndər Heydər
Əliyevin şəxsi pilotu olub. Mən də daha tez təhsilimi
tamamlamaq, vətənim qarşısında borcumu daha tez yerinə
yetirmək, hərbi xidmətimi başa vurub daha tez pilot olmaq
istəyirəm”.
“Valideynlərimin gözündə
yüksək yerlərdə olduğum üçün...”
Zahir Quluzadə 314 nömrəli tam orta məktəbdə
oxuyur.
Valideynlərinin gözündə yüksək səviyyələrdə
olduğunu görür və o yerə can atır: “Valideynlərimin
gözündə yüksək yerlərdə olduğum
üçün yüksək hədəflərə nail
olmalıyam. Atam və anam həkimdir. Böyük qardaşım Uludağ Universitetində
oxuyur. Mən də həkim olacağam.
Arzum plastik cərrah olmaqdır. Məncə, bunun üçün
bacarığım da yetərincə var”.
Zahir Quluzadənin fikrincə, test mərhələsində
göstərdiyi nəticə yaxşıdır. Psixoloqların
qarşısına çıxmağa hazırdır:
“Özümü psixoloji cəhətdən möhkəm hesab
edirəm. İnsan üzərində işləmək o qədər
də rahat bir iş deyil. Özümü buna hazır hiss edirəm”.
Aydan
Əmirzadə 141 nömrəli tam orta məktəbin III sinif
şagirdidir: “Çox böyük arzum var. Müəllim olmaq
istəyirəm. Müəllimlik ən dəyərli
peşədir. Mən də müəllim
olmaq istəyirəm ki, uşaqları öyrədim”.
“NASA-da işləmək istəyirəm”
Mehriban Səttarova III sinifdə oxuyur. Müsahibədən
çıxdı: “Bu imtahandan keçə bilsəm, artıq
IV sinifdə oxuyacağam. Müsahibəm də
yaxşı keçdi. Məndən gələcəkdə
kim olmaq istədiyimi soruşdular, sevimli məşğuliyyətlərimlə
maraqlandılar. Onlara şeir yazdığımı dedim. Hələ
şeirlərimdən dedim də”.
Mehriban Səttarovanın
çox böyük arzuları var. Universitetlə
bağlı qərarını hələ verməsə də,
artıq iş yerini müəyyənləşdirib: “NASA-da
işləmək istəyirəm”. Hansı universitetdə təhsil
alacağı ilə bağlı qərar verməyə isə
tələsmir: “Hələlik bilmirəm, ola bilər Almaniyada
oxuyaram”.
Mehribanı
NASA-ya hazırlayacaq ölkəyə gəlincə:
“İngilis dilini bilirəm. İstənilən
Avropa ölkəsində yaşaya və oxuya bilərəm.
Artıq alman dilini də öyrənməyə
başlayıram. İngilis və rusca bilirəm.
Azərbaycan dili isə ana dilimdir. Orta təhsilimi öz ölkəmdə
tamamladıqdan sonra istənilən ölkədə, istənilən
universitetə gedə biləcəyəm”.
“Uşaqların taleyi ilə
bağlı qərar verərkən...”
Müsahibə bitir. Komissiya öz işini
yekunlaşdırır. Maraqlıdır,
onlar kiçik müsahibləri barədə nə
düşünürlər?
Müsahibə Komissiyasında Bakı şəhəri Təhsil
İdarəsi Təlimə Dəstək Mərkəzinin
direktoru Züleyxa Ələkbərova və Təlimə Dəstək
Mərkəzinin psixoloji xidmət üzrə metodisti Səidə
Əhmədova təmsil olunub. Komissiyanın ilkin rəyi
ilə maraqlanırıq. Onları cəmi
2 şagird heyrətləndirə bilib.
Züleyxa
Ələkbərovanın fikrincə, sevindiricidir ki, uşaqlar daha
çox irəli getmək, dünyagörüşlərini
inkişaf etdirmək istəyir və bunun üçün
daim axtarışdadırlar. Hətta belə imtahanlara baş
vurmaq üçün özlərində qüvvə hiss
edirlər: “Ancaq 10 nəfərdən yalnız 2 nəfər
bizi özünün intellektual səviyyəsi,
dünyagörüşü ilə təəccübləndirdi”.
Komissiya
üzvlərinin fikrincə, sinif adlamaq, yuxarı sinfə
keçmək uşaqlarda başqa keyfiyyətlər tələb
edir: “Sinifdən-sinfə keçmək o deməkdir ki,
şagird xüsusi istedada malik olmalıdır. Onlar
akademik savadlarına, psixoloji durumuna və
dünyagörüşünə görə əlaçı
şagirdlərimizdən fərqlənməlidirlər”.
Səidə
Əhmədova müsahibə mərhələsində psixoloq
rəyinə nədən ehtiyac duyulduğunu belə izah edib:
“Bu, şagirdlərin sinifdən-sinfə keçməyə nə
qədər hazır olduğunu müəyyənləşdirmək
üçündür. Bugünkü
iştirakçılar arasında sinif adlamasına qürur məsələsi
kimi yanaşan, “Mən XI sinifdə oxumalıyam, niyə
aşağı siniflərlə oxuyuram?” - deyə yanaşan da var, hazırda təhsil
aldığı sinifdə yaşıdlarından daim çox
irəli getdiyi üçün özünü pis, narahat hiss
edən də. Biz bu yanaşmanı müəyyənləşdirməyə
çalışırıq. Valideyninin təkidi ilə
sinifdən-sinfə keçmək istəyən şagirdlə
özünü yuxarı siniflərlə daha yaxşı hiss
edəcək məktəblimizi ayırd edirik. Şagird
özünü həmyaşıdları ilə yaxşı
hiss edə və yaxşı oxuya bilər. Ancaq
onun birdən-birə özündən böyük
uşaqlarla təhsil alması ünsiyyətinə, münasibətlərinə,
psixologiyasına mənfi təsir edə bilər. Nəticədə bu qərar şagirdin
inkişafına yox, əksinə, geriləməsinə gətirib
çıxarar. Ona görə də
müsahibədə biz onu müəyyənləşdiririk
ki, şagirdlərin bu qərarında kiminsə təsiri var,
yoxsa yox. Uşaqların taleyi ilə
bağlı qərar verərkən bunları dəqiq müəyyənləşdirmək
çox önəmlidir”.
“Bu, təhsilimizin qələbəsi ola bilər”
Səidə
Əhmədovanın sözlərinə görə, şagird
yaxşı oxumasa, təlim materiallarını qavramasa da,
intellektual səviyyəsi yüksək ola bilər: “Belə şagirdlərimizdən
breyn-rinq yarışlarına
apardıqlarımız arasında uğur qazananlar çox
olub. Valideynlər elə hesab edir ki,
usağı əlaçıdırsa, ya da
riyaziyyatçıdırsa, demək, istedadlıdır. Halbuki istedad, intellektual səviyyə və geniş
dünyagörüşü tədris proqramını mənimsəməklə
müəyyən olunmur”.
Züleyxa
Ələkbərova dünya təhsil sistemində də
mövcud olan bu təcrübənin, istedadlı şagirdləri
üzə çıxarmağın məqsədlərini belə
izah edib: “Əlaçı şagirdlərimiz çoxdur və
onların arasında daha yuxarı siniflərdə oxuya biləcək
potensiala malik olanları var. Onları seçib təhsilin
növbəti səviyyəsinə keçirmək bizə ona
görə lazımdır ki, özündən səviyyəcə
daha aşağı sinifdə təhsil almaq maraqsızlıq
yarada və bu da nəticə etibarı ilə onun
potensialını inkişafdan qoya bilər. 12, 14
yaşında məktəbi bitirəcək səviyyədə
uşaqlar varsa, biz o qığılcımı görə
biliriksə, bu, təhsilimizin qələbəsi ola bilər”.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2019.-
18 yanvar.- S.1; 4.