Ana dilimizin demokratik
cümhuriyyətə
qədər keçdiyi tarixi yol
Hər
bir xalqın mənəvi sərvətlərinin fövqündə
onun ana dili durur. Cəmiyyətdə ana dilinin inkişafı
ilə bağlı olan problemlər, onun təkmilləşdirilməsi,
saflaşdırılması milli mədəniyyətin əsas
məsələləridir. Hər bir xalq öz mənlik
şüurunun müəyyən mərhələsində ana
dilini özünün fundamental mənəvi dəyəri kimi
dərk edir, onun tədrisini, saflığını, öyrənilməsini
və cəmiyyətdə işlədilməsini nizamlamağa
çalışır.
Lakin
yuxarıda qeyd olunanlar ən çox milli dövlətçilik
şəraitində və birbaşa dövlətin diqqəti,
qayğısı və himayəsi ilə baş verir. Müəyyən
tarixi dövrlərdə çoxsaylı xarici istilalar və
basqılar nəticəsində Azərbaycan dövlətçiliyinin
yaranma prosesi ləng və ziddiyyətli getmiş, müstəqillik
arzu olaraq qalmış və ölkədə hakimiyyət idarəçiliyi
yadlar tərəfindən həyata keçirilmişdir.
Nəticədə
ana dilimiz çox zaman şifahi ədəbi dil kimi işlənmiş,
əsasən Nəsimiyə qədər dini ədəbi dil
olaraq qalmış, yalnız Nəsimidən
sonra yazılı ədəbi dilin sırf bədii üslubu
yaranmışdır.
Parodoksal
görünsə də, qəbul etməliyik ki, folklor şeir
üslübu təşəkkül tapana qədər şifahi ədəbi dil ana dilinin
aparıcı inkişaf xəttini
təşkil etmişdir. Azərbaycan ədəbi dilinin milli
şeir üslübu XIV-XV əsrlərdə müasir folklor
şeir üslubu əsasında formalaşmışdır.
Milli
xalq şeir üslubu Azərbaycan yazılı ədəbi
dilinin klassik poeziyadan sonrakı üslubu olmuş və
müasir ədəbi dilin, xüsusilə onun bədii
üslubunun əsasını təşkil etmişdir. Bu mənada
folklora əsaslanan bədii üslub ana dili tariximizin
köklü anlayışı olaraq, həm dil, həm də ədəbiyyat
tariximizin mərkəzi problemlərindən biri sayılmalıdır.
Heç
sirr deyildir ki, milli dövlətin olmadığı şəraitdə ana dili prolemi milli və siyasi məsələyə
çevrilə bilmir. Xarakterik haldır ki, Azərbaycanda da ana
dili məsələsi milli şüurun oyanışı ilə,
milli dövlət qurulması ərəfəsində ortaya
çıxdı.
Bu
problemin gündəmə gəlməsinə və kəskin
problemə çevrilməsinə güclü təsir
göstərən əsas iki amil - müasir təhsil və
müasir mətbuatdır. Onların yaranması ilə ana
dilinin statusu məsələsi ortaya çıxdı və onun geniş tətbiqi tarixi zərurətə
çevrildi.
Ana
dili məsələsinin vacibliyi A.Bakıxanovun və
M.F.Axundovun böyük xidmətlərinə görə
meydana çıxdı. Onlar Avropa və rus mədəniyyətini
və tarixini öyrənməklə öz doğma
xalqlarının taleyi barədə daha çox
düşünürdülər. Buna görə də
dövrün qabaqcıl maarifçi ideyalarını yaymaq
üçün doğma ana dilində ilk bədii əsərləri
onlar yazdılar. A.Bakıxanov bu əsərləri ilk təşəbbüs
olaraq Şərq janrlarında, M.F.Axundov isə böyük
islahatçı kimi cəsarət göstərərək
Avropa ədəbi janrlarında ana dilində yazmaqla ana dilinin
yayılmasına yol açırdılar.
M.F.Axundovun
sadə xalq dilində yazılmış komediyaları ana
dilinin statusunda və ümumən xalqımızın bədii
şüurunda bir inqilab idi. Böyük vətənpərvərin
sehirli qələmi ilə Azərbaycan dili dram dili səviyyəsində
ortaya gəldi və bu, sözün həqiqi mənasında
ana dilimizin mədəni dillər cərgəsinə
adlamasına rəvac verdi.
“Əkinçi”nin
meydana çıxması isə iki cəhətdən əlamətdar
idi. Bir tərəfdən, bu qəzet Azərbaycanda çar
hökuməti tərəfindən icazə verilmiş rəsmi
maarifçi cərəyanın yaranmasına, digər tərəfdən sovet
dövrünün orta və ali məktəb dərsliklərində
geniş əks olunmasına xidmət göstərirdi. Bu qəzet
Azərbaycanda maarifçilik ideyalarının
yayılmasında böyük rol oynayırdı. Onun səhifələrində
böyük bir nəsil xalq müəllimləri, maarifçi
mətbuat xadimləri öz əsərləri ilə
çıxış edirdi.
“Əkinçi”
ilə eyni zamanda Azərbaycan ictimai fikri və rəyi
formalaşmağa başladı və milli oyanış prosesinin
əsası qoyuldu. Qəzetin tarixi xidmətlərinin bu cəhəti
sovetlər dönəmində öyrənilmir və məktəblərdə
tədris edilmirdi. Çünki milli sözündən təkcə
bolşeviklər yox, müstəmləkəçi çar məmurları
da qorxurdular. Çar senzurası
“Əkinçi”yə ciddi
nəzarət etsə də, müsəlman aləminin ilk
maarifçi qəzeti öz milli işini görürdü.
Xalqa
onun anladığı sadə xalq dilində müraciətin
özü artıq ana dilinə rəsmi mətbuat dili statusu
verirdi. Hələlik
bircə qəzet dairəsində olsa da, ana dili rəsmi status
aldı. Əgər bunun üstünə A.Bakıxanovun,
M.F.Axundovun, Mirzə Ağa Təbrizinin səhnə əsərlərini
də gəlsək, onda “Əkinçi” qəzetini XIX əsrdə
ana dilinin statusunda baş verən ən böyük hadisə
saya bilərik.
Qori Müəllimlər
Seminariyasının yaranması
ilə ana dilinin tədrisi başlandı. Düzdür, ana dili dərsləri
seminariyada ikinci dərəcəli dil dərsi kimi tədris
olunurdu. Seminariyada əsas tədris dili rus dili idi. Lakin Azərbaycan
dili də “Qafqaz tatarlarının dili” adı ilə proqrama
salınmışdı. Bunun da nəticələri
böyük oldu: tədris üçün ilk Əlifba dərsliyi
A. Çernyayevski tərəfindən hazırlandı. Ana
dilinin qrammatikası tədris edilməyə başlandı.
Nəzərə alınmalıdır ki,
1918-ci ilə qədər - yəni Qori Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsi Qazaxa
köçənə qədər Azərbaycanda ana dilində
orta təhsil sistemi yox idi. Yəni bütün təhsilin,
bütün fənlərin ana dilində keçirildiyi məktəblər
yox idi. Qeyri-rəsmi mövcud olan mollaxana təhsili fars dilli təhsil
ənənəsinə əsaslanır, Yasin və Quran ayələrinin
əzbərlənməsindən ibarət olurdu. Ən fərasətli
şagirdlər mollaxana təhsili sayəsində fars dilini
öyrənir, ərəb dilindən isə ümumi təsəvvür
əldə edirdilər.
Sadalanan tarixi gerçəklik baxımından 1918-ci ilə qədər Azərbaycan
milli düşüncəsinin və maarif hərəkatının
əsas hədəflərindən biri ana dilinin statusu
uğrunda mübarizə, bu dilə əsaslanan təhsil
sisteminin yaradılması idi. Bu məqsədə ancaq 1918-ci ildə,
Azərbaycan Cümhuriyyəti yaranandan sonra nail olmaq
mümkün oldu.
Buna baxmayaraq, bu gün biz Azərbaycanın maarifçi müəllimlər
hərəkatını minnətdarlıqla öyrənməli
və onların gördüyü vətənpərvər
işlərə qiymət verməyi bacarmalıyıq. Nəşri-maarif adlanan
xeyriyyə cəmiyyətlərinin əsas təhsil dili rusca
olsa belə, rus-tatar ibtidai məktəblərini yaratmaq
üçün maarifpərvərlər gecə-gündüz
çalışırdılar. Çox zaman çar hökumət
orqanları təzə açılan Rus-tatar ibtidai məktəblərinin
təsərrüfat xərclərini, xeyriyyə cəmiyyətləri
isə onların əməkhaqqını ödəyirdi.
Rus-tatar məktəblərində ana
dilinin tədrisi proqramdan çox müəllimlərin
öz vətənpərvər təşəbbüskarlığının
nəticəsi olurdu. N.Nərimanov, C.Məmmədquluzadə, Ü.Hacıbəyov,
A.Şaiq, N.Vəzirov ibtidai rus-tatar məktəblərində
ana dili müəllimi kimi fəaliyyətə
başladılar. Sonradan onlar anadilli müasir mətbuatımızın
və ədəbiyyatımızın inkişafında
mühüm rol oynadılar.
Həmin rolun bir mənası
da onların tələbələrinin ana dilində yazan
şair və yazıçılar, jurnalist və publisistlər
kimi yetişməsində özünü göstərdi. Cəfər Cabbarlı,
Əhməd Cavad, Seyid Hüseyn, Mirzə Bala Məmmədzadə
və onlarla başqaları əsas tədrisi rus dilində
olan orta təhsil məktəblərində - rus-tatar və
ibtidai məktəblərdə təhsil almışdılar.
Lakin onlar ana dilində bədii və publisistik əsərlər
yaza bilirdilər. Bu isə çar rejimi nəzarətində
olan orta məktəblərdə dərs deyən ana dili müəllimlərinin
xidməti idi. Ümumiyyətlə, Azərbaycanın
maarifçi müəllimləri yüksək əxlaq və
ideallar daşıyan əsl ziyalılar olmuşlar.
İnqilabdan əvvəlki maarifçilər
ana dilinin statusu uğrunda çox çətin,
bəzən yarı leqal mübarizələr
aparmışlar. Milli dövlətin olmadığı şəraitdə
ana dilinə dövlət dili, rəsmi dil statusu verilməsi
çağırışları məntiqi səslənmirdi.
Həm də çar hökuməti orqanları bunu
repressiyalarla qarşılayırdı. Çar hökumət
orqanlarının Azərbaycanda maarifin inkişafına yönəlmiş
tədbirləri sürətlə inkişaf edən neft sənayesini
kadrlarla təchiz etmək ehtiyacından doğurdu və birmənalı
praktik məqsədlər güdürdü. Vətənsevər
maarifçi ziyalılar isə bundan istifadə edirdilər.
Lakin o zamankı
ziyalıların hamısında ana dili
probleminə doğma münasibət yox idi. Bunu XX əsrin əvvəllərində
Azərbaycanda müxtəlif əqidəli ziyalı
qrupların olması ilə izah etmək mümkündür.
Onları üç qrupa bölmək olar.
1. Ərəb
və fars dillərində təhsil
almış ruhanilər. Onların əksəriyyəti yerli
mollaxana təhsilindən sonra ya İranda, ya da Nəcəf, Kərbəla
kimi ərəbdilli ali dini təhsil ocaqlarında təhsil
almışdılar. Onlar bir növ ana dilində dil
açmamış uşaqlara bənzəyirdilər.
Onları xalis ruhani ziyalılar da adlandırmaq olar. Onların
təhsil dili əsasən fars dili idi, ən
yaxşıları Nizami, Hafiz, Sədi kimi klassikləri orijinaldan
oxuyur və buna qadir olmayanları savadsız
adlandırırdılar. Eyni zamanda, türk- Azərbaycan dilində
savad onlar üçün qibtə ediləcək bir şey
deyildi. Bu ziyalılar sufı poeziyanı, mərsiyə ədəbiyyatını
bilir və sevirdilər, məhz bu bilikləri ziyalılıq
və mədəniyyət hesab edirdilər.
Onların dünyagörüşünün əsas cəhəti islam təəssübkeşliyi və islam
maarifı idi. Onlar sayırdılar ki, müsəlmanların
gücü onların islamı və Quranı bilmələrindədir.
Savadlarının məhdudluğundan və məlumatlarının
azlığından onların çoxu Avropada baş
vermiş inqilabların nəticələrini təsəvvür
etmir və qiymətləndirə bilmirdilər. Bu
ziyalıların gücü onların praktik ruhani olmasında
və buna görə xalq içərisində böyük
nüfuz daşımalarında idi.
Ruhanilər müsəlmanların milli
əlamətlərə görə
bölünməyini və fərqlənməyini ziyanlı
sayırdılar. Onlar ümmətçi idilər, müsəlmanların
milli əlamətlər və dildən asılı olmayaraq
“ümmət” halında birləşməsini daha xeyirli
sayırdılar. Bütün bu xüsusiyyətlərinə
görə, onlar ana dili barədə mətbuatda mübahisələr
gedəndə müsəlmanlara Quranı öyrənməyi məsləhət
görürdülər ki, bu da ana dilinin əhəmiyyətini
inkar edən bir mövqe idi. Onlar ana dilinin əvəzinə
müsəlman həmrəyliyinə güc verir və Quran ətrafında
birləşməyə çağırırdılar.
Onlar arasında
savadlı ziyalılar,
tərcüməçi və publisistlər olsa da, bu ruhani təbəqə
milli tərəqqiyə zidd mövqedə dururdu. Onlar çar hökumət
orqanları ilə gizli əlaqə saxlayır, siyasətdən
uzaqlığı təbliğ edirdilər. Onların təhlükəli
cəhəti çarizmin yardımı ilə yaranan müasir
məktəb təhsilinə düşmən münasibətləri
idi. Onlar hətta müsəlman kimi geyinməyi təbliğ
edir, Avropa libasına qarşı çıxır, vaxtı
keçmiş mollaxana təhsilini vacib sayırdılar.
Onların məktəb təhsilinə mənfi münasibəti
M.Ə.Sabirin “Molla Nəsrəddin” jurnalının səhifələrindəki
şeirlərdə əsas tənqid hədəflərindən
idi.
Müsəlman ruhaniliyi ana dilini danmaqla qalmır, millətçi hərəkata
da, onun lideri Musavat partiyasına da düşmən münasibət
bəsləyirdi. Onlar bir növ çarizmin müttəfiqləri,
xalqımızın Avropa yolu ilə tərəqqisinin
düşmənləri idi.
2.
Türkiyədə təhsil alıb qayıdan ziyalılar da
ana dilinə münasibətdə doğru mövqe tuta bilmirdilər.
Onlar hesab edirdilər ki, Osmanlı ədəbi dili
bütün türk xalqları üçün vahid ədəbi
dil olmalıdır. Ona görə ki, bu ədəbi dil islam ənənəsinə
və islam maarifi ənənələrinə əsaslanır.
Osmanlı Türkiyəsində əsas ideologiya islam və ona bağlı olan xalqların
birliyi ideyası idi. Buna siyasi terminlə “ittihadi-islam” da deyilirdi:
mənası isə bütün müsəlman millətlərin
qüdrətli Osmanlı türk sultanlarının rəhbərliyi
ilə birləşməsinə çağırış
idi. Çoxmillətli Türkiyə imperatorluğunun məfkurəsi
kimi bu nəzəriyyə doğru idi və onun əsasında
sonralar Azərbaycanda “İttihad” partiyası yarandı.
İndiki anlayışla bu partiya müsəlmanların
ittifaqı, birliyi deməkdir.
Osmanlı dövlətində onun
600 illik tarixi sayəsində müəyyən təhsil sistemi
yaranmışdı. İttihadçı Azərbaycan ziyalıları
sayırdı ki, boş yerdə yeni təhsil sistemi
yaratmaqdansa, hazır Osmanlı təhsil sistemini və onun ədəbi
dilini qəbul etmək daha doğrudur. İlk baxışda
burada məntiq var idi. Lakin Avropa xalqlarının təcrübəsinə
nəzər salanda bu baxışların
yanlışlığı ortaya çıxır.
Avropanın Almaniya, İngiltərə, Fransa, İspaniya kimi
krallıqları əvvəlcə vahid Roma
papalığının təhsil sistemindən və latın
dilindən istifadə edir, ruhanilər milliyyətdən
asılı olmayaraq bu dildə təhsil alır və dini
ayinləri icra edirdilər. Lakin adıçəkilən
krallıqlar güclənəndən sonra latın dilində
dini təhsildən və ədəbi dildən imtina etdilər.
Həmin dövrlərdə məhz
kralların təkidi ilə Bibliya
fransız, ingilis, ispan, alman dillərinə tərcümə
edildi və dini ayinlər həmin kralların ana dilində
icra olunmağa başladı. Bu milli dövlətlərin həqiqi
müstəqilliyi üçün zəruri şərt idi.
Türk xalqları da gec-tez bu prosesi keçməli və
öz ana dillərində ədəbi dil yaratmalı, Quran
oxumalı, milli maarif sistemi qurmalı idilər.
Müsəlman aləmində bunu ilk
anlayan Türkiyənin qəhrəman oğlu Mustafa Kamal
Atatürk oldu və Türkiyədə islahatlar apararaq
Quranın ana dilində oxunmasını, Osmanlı ədəbi
dilinin doğma türk sözlərinə qayıtmaqla
islahatını həyata keçirdi. Lakin Atatürkdən sonra Türkiyə
ruhaniliyi yenidən Quranın ərəbcə oxunması ənənəsinə
qayıtdı. Bunlar 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərində
baş verdi. Lakin bizim bəhs etdiyimiz 1905-1920-ci illərdə
ana dili məsələsi hələ böyük mübahisələr
doğururdu. Fyüzatçılar daha çox İstanbulda təhsil
almışdılar və öz jurnallarını Osmanlı ədəbi
dilində, ərəb-fars sözləri ilə ağırlaşmış
halda, adi adamların çətin anladığı dildə
dərc edirdilər. Onların rəhbəri ittihadçı
Əli bəy Hüseynzadə idi. O, Osmanlı ədəbi
dilinə üstünlük verərək, ilk növbədə
bu dildə termin bazasının yüksək inkişafı və
istənilən elmi fıkirləri asanlıqla ifadə etmək
imkanı ilə bağlayırdı.
Tiflisdə “Füyuzat”dan fərqli
olan “Molla Nəsrəddin” jurnalı
çıxırdı ki, sadə xalq dilində dərc olunan
jurnalı savadsız və az savadlı
adamlar da oxuyub anlaya bilirdi. “Molla Nəsrəddin”in dili və ədəbi
mövqeyi bütün türk dünyasında böyük
maraq və hörmətlə qarşılandı. Aydın
oldu ki, xalq dilində də istənilən elmi və siyasi
problemləri işıqlandırmaq olar. Mirzə Cəlilin
buraxdığı jurnalın təcrübəsi ana dili
mübahisələrinə qüvvətli təsir göstərdi.
Bir çox ziyalılar Osmanlı ədəbi dilindən
istifadənin guya çarəsizlikdən olması fıkrinə
şübhə etməyə başladılar.
Nəticədə Osmanlı ədəbi dilinə üstünlük verənlər
parçalandı. Bunlar əsasən “Şəlalə” qəzeti ətrafında
birləşən və sadə türk dilində, folklor
dilində yazmağı təbliğ edən, öyrənməyə
çağıran müsavatçı ziyalılar idi. Onlar
Mirzə Cəlilin təklif etdiyi dili qəbul etmədən
sadə ana dilində yazmaq şüarını irəli
sürdülər. Bu konsepsiya Məhəmməd Əmin Rəsulzadənin
təsis etdiyi “Açıq söz” adlı qəzetin
adında öz əksini tapdı.
Lakin “Açıq
söz” qəzeti və
onun ətrafında birləşən ziyalılar qısa bir
vaxtda Azərbaycan dilinin sadə üslubunu yarada bilməzdilər. Ona görə onların
xalq dilində yazmaq çağırışları
Osmanlı ədəbi dilini sadələşdirməkdən
uzağa getmədi. Müasir dillə müqayisədə Məhəmməd
Əmin Rəsulzadənin, Mirzə Bala Məmmədzadənin
dili Osmanlı ədəbi dilinə daha yaxın olduğundan,
müstəqillik illərində onların əsərləri
çapa hazırlananda, demək olar ki, müasir dilə
uyğunlaşdırılmışdı.
1919-cu ildə Müsavat
partiyasının ikinci
qurultayı Azərbaycan üçün təhsil konsepsiyası
qəbul etmişdi. Bu konsepsiya Demokratik Cümhuriyyətin bir dövlət
kimi mövqeyini əks etməsə də, tarixi baxımdan
maraqlıdır və ana dili məsələsinin necə incə,
mürəkkəb olduğunu göstərir.
Müsavat Partiyasının ikinci proqramı Azərbaycan türkləri üçün
təhsili iki mərhələyə bölür. Birinci mərhələ
ibtidai təhsildir və proqram müəlliflərinin
fıkrincə, hər millət ibtidai təhsili “öz ləhcəsi”ndə
almalıdır. Sənəddə məhz ləhcə termini
işlənir və onun qeyri-dəqiq olduğu bu gün
hamıya məlumdur. Belə qeyri-dəqiq ifadə, ümumiyyətlə,
bir çox müsavat ziyalılarının ümumtürk
dili konsepsiyasına bağlılığı ilə əlaqədardır.
Onlar hələ 1919-cu ildə də ümumtürk ədəbi
dili yaranacağına inanırdılar və bu inamdan
çıxış edərək ədəbi dil kimi 7-8 əsrlik
tarixi olan Azərbaycan dilini ləhcə hesab edirdilər. Bu
termin Krım, Kazan, Qazaxıstan, Səmərqənd türklərinin
dillərinə də aid edilirdi.
Müsavat proqramına görə,
türk xalqlarının ali
təhsili milli dillərdə ola bilməzdi. Halbuki Demokratik
Cümhuriyyət 1919-cu ildə Bakı Dövlət Universitetini
açmışdı və M.Ə.Rəsulzadə onun
açılışında nitq söyləmişdi. Bəs
bu universitet hansı dildə ali təhsil verməli idi?
Proqramda
belə hesab edilirdi ki, türk xalqları, o cümlədən,
Azərbaycan türkləri ali təhsili
ümumtürk dilində alacaqdılar. Bu, onların arzu və
idealı idi. Bəs ümumtürk dili deyəndə
Müsavat ziyalıları nə başa
düşürdülər? Onlar bu məfhum altında birmənalı
şəkildə Osmanlı ədəbi dilini nəzərdə
tuturdular.
Xatırladaq ki, bu gün
Osmanlı ədəbi dilindən heç kəs istifadə
etmir.
Türkiyədə Atatürkün rəhbərliyi zamanı
aparılan dil islahatı sayəsində minlərlə ərəb
və fars sözləri ədəbi dildən
çıxarılıb, onların əvəzinə
anlaşıqlı türk sözləri daxil edildi. Eləcə
də yeni sözlər yaradıldı. Bu gün İstanbulda
orta təhsil alan, qəzet oxuyan türklərin özləri
Osmanlı ədəbi dilini yaxşı bilmirlər. Bu
faktın özü Azərbaycanda fəaliyyət göstərmiş
Osmanlı ədəbi dili və ya ümumtürk dili tərəfdarlarına
ən yaxşı cavabdır.
Lakin qeyd etməliyik ki, Osmanlı ədəbi
dilinin XX əsr mətbuatında, tərcümə
üslubunda geniş işlədilməsi Azərbaycan ədəbi
dilinin elmi üslublarının təşəkkülünə
böyük təsir göstərmişdir. Dillər qohum və
yaxın olduğundan İstanbul ədəbi dilinin elmi
üslubuna, kitab və tərcümə
dilinə məxsus sintaktik strukturları Azərbaycan dilinə
də keçmişdir.
Ana dili barədə
mübahisələrdə iştirak
edən üçüncü qrup ziyalılar Qori Müəllimlər
Seminariyasını bitirmiş ziyalılar, xüsusilə ana
dili müəllimləri idilər. Onlar nə fars dilini, nə də
Osmanlı ədəbi dilini çox da əsaslı bilmirdilər.
Həm də bu amil onları ana dili konsepsiyasını
müdafıə etməyə sövq edirdi.
Bu ziyalılar qrupu
sovet dövründə
mollanəsrəddinçilər adlandırılırdı. Onlar adıçəkilən
jurnal ətrafında toplaşdığından və bu cərəyanın
əsas məfkurəçisi Mirzə Cəlil olduğundan
ana dili tərəfdarlarına belə ad verilməsi ədalətlidir.
Lakin nəzərə alınmalıdır ki, ana dili
konsepsiyasını müdafıə edənlər
sırasında Qoridə təhsil almamış Mirzə
Ələkbər Sabir kimi çoxlu sayda digər ziyalılar
da var idi.
Mirzə Cəlil özü də Qori Müəllimlər
Seminariyasını bitirmiş böyük ziyalı, istedadlı
ədib idi.
Onun “Molla Nəsrəddin”in ilk nömrəsində
yazdığı “Sizi deyib gəlmişəm, ey mənim
müsəlman qardaşlarım” cümləsinin özü
bir ədəbi manifest idi. “Müsəlman qardaşlarım”
ifadəsini elmi dilə çevirəndə bu
xalqçılıq, demokratiklik, çoxluğa müraciət
demək idi. Mirzə Cəlil jurnalının elə birinci
nömrəsindən bilinirdi ki, onun naşiri xalqa üz tutur,
xalq üçün, onun maariflənməsi və müasirləşməsi
üçün çalışır.
Ədib məsələnin köklü
əhəmiyyətini nəzərə
alaraq ana dili məsələsinə və
xalqımızın taleyi probleminə həsr olunmuş
konseptual səciyyəli “Anamın kitabı” (1917) pyesini
yazmışdır. Burada Mirzə Cəlil ana dili anlayışını
insan ağlı üçün müqəddəs olan ana məhəbbəti
ilə eyni müqəddəslik səviyyəsinə
qaldırır. Bu əsər bədii formada
yazılmış estetik-siyasi və fəlsəfı
doktrinadır. Əsərdə Azərbaycan dilinin həm
islamçı, həm də ümumtürk konsepsiyaları kəskin
tənqidə məruz qalır və gülüş obyektinə
çevrilir.
Məlumdur ki, Qori Müəllimlər
Seminariyasını bitirənlərin hamısı
xalqçı idi. XIX əsrin sonunda Rusiyada ən qabaqcıl estetik-siyasi cərəyan
xalqçılıq idi və rus dilində təhsil
almış mollanəsrəddinçilər, maarifçi
müəllim və ziyalılar Rusiyada rəsmi dövlət məfkurəsi
olan slavyançılığa da yaxın idilər. Slavyançılıq
elə xalqçılığın çar hökuməti tərəfındən
istifadə olunan rəsmi variantı idi. Çar hökumətinin
rəsmi ideoloqları slavyançılığı rus
xalqının dünyada xüsusi tarixi missiyası barədə
provaslov kilsəsindən gəlmə mistik ideya ilə, həmçinin
Osmanlı imperatorluğu tərkibində olan slavyan
xalqlarının azad edilməsi siyasəti ilə
bağlayırdılar.
Amma Rusiyanın
raznoçin xalqçıları
üçün xalqçılıq ideyaları inqilabi məzmun
daşıyırdı. Raznoçin xalqçılar - Belinski, Dobrolyubov, Pisarev
və b. ilk növbədə Rusiyada köləliyin, təhkimçiliyin
ləğv edilməsinə çalışır və
fransızca oxuyub danışan rus zadəganlarını
satqın və xalqa qarşı xəyanətkar
sayırdılar.
Nəzərə almalıyıq ki, mollanəsrəddinçilər rus
raznoçinlərinin rus dilinin ölkədə statusu ilə
bağlı zadəganlar və çar sarayı ilə
mübarizələrindən xəbərdar idilər. Ona görə Azərbaycan ədəbi
dilinin necə inkişaf etməsi, necə və hansı
üslubda yazmaq məsələsi ortaya çıxanda onlar
rus xalqçıları kimi beşikdən eşitdikləri,
analarından öyrəndikləri sadə xalq dilini müdafiə
edir və bu dildə yazmağı da böyük hünər,
xalq qarşısında xidmət hesab edirdilər.
Ana dili tərəfdarlarını
Osmanlı təhsilli
ziyalılardan məişət cəhətdən də müəyyən
əlamətlər ayırırdı. Qori seminariyası
müdavimləri, bir qayda olaraq, rus məmurları kimi geyinir,
onları təqlid edir və onlara oxşamağa
çalışırdılar. Ruhani ziyalılar islam
qaydaları ilə geyinirdilər və davranırdılar.
İstanbul universitetlərindən qayıdan ziyalılar isə
Osmanlı məmurları kimi geyinir, fəs qoyur, osmanlı sözləri işlətməklə
danışırdılar. Onların çoxu məişətdə
təvazökar davranmır, özlərini yerli ziyalılardan
yüksək və savadlı tuturdular ki, bunlar Ü. Hacıbəyovun
“O olmasın, bu olsun” komediyasında da öz əksini
tapıb.
İstanbul Universitetini bitirən ziyalılar Türkiyədən gəlib məktəblərdə
ana dili müəllimləri, qəzetlərdə redaktor və
korrektor kimi çalışırdılar. Lakin onların çoxu mətbuata
süni olaraq Osmanlı ədəbi dilini gətirir və
bununla mübahisələr üçün meydan
açırdılar.
Beləliklə, ana dili barədə
polemikaların kökləri gedib ziyalıların məişətinə,
geyiminə və davranışına qədər
çıxırdı. Mətbuatda gedən polemikalarda, bir qayda olaraq,
qarşılıqlı hörmət gözlənir,
qarşılıqlı təhqirlərə yol verilmirdi.
Azərbaycan ədəbi dilinin ana dili konsepsiyası isə iki əsas tarixi
amil nəticəsində üstünlük qazandı. Onlardan birincisi Azərbaycan ədəbiyyatını
yaradan əsas ədəbi qüvvələrin - H.Zərdabi,
N.Nərimanov, N.Vəzirov, C.Məmmədquluzadə,
Ü.Hacıbəyov, Seyid Hüseyn, Tağı Şahbazi,
S.S.Axundov, C.Cabbarlı və başqalarının məhz bu
dildə yazıb-yaratmaları idi. Mətbuat polemikaları mətbuatda
qaldı, ana dili isə maarifçi və milli-demokratik mətbuatın
və ədəbi prosesin əsası olaraq
formalaşdı.İkinci amil isə 1920-ci ildə hakimiyyətin
bolşeviklərin əlinə keçməsi idi. Bolşevik
İnqilab Komitəsi hakimiyyəti aldıqdan dörd ay sonra,
1920-ci ilin 16 avqustunda, yəni onların hakimiyyəti zamanı ilk dərs
ili başlanmazdan əvvəl “Birinci və ikinci mərhələ
məktəblərində dillərin tədrisi
haqqında” N.Nərimanovun
imzası ilə Dekret verdilər.
Həmin
dekretin birinci bəndində elan edilirdi ki, birinci və ikinci
mərhələ (yəni birdən beşə və beşdən
on birinci sinfə
qədər) məktəblərində təhsil
dili şagirdlərin ana dilidir. Bolşeviklərin bu Dekreti ilə
ilk dəfə olaraq ana dilimiz ölkədə ümumi təhsil
dili statusu aldı. Bu, tarixi hadisə və dönüş idi.
Bugünkü, demokratik Azərbaycanın
bütün milli-mənəvi dəyərlərinin
ilk göstəricisi olan ana dilimiz tarixən çox keşməkeşli
dövrlərin tarixi sınaqlarından keçərək
xalqın, millətin varlığı, onun milli mədəniyyətinin
yaşayıb zənginləşməsi, gələcək nəsillərə
ləyaqətlə ötürülməsi naminə özlərini
həsr edən ziyalı övladların cidd-cəhdi ilə
müxtəlif mərhələlərdən adlayıb bu
günümüzədək gəlib
çatmışdır.
Bu gün isə Azərbaycan dili dünya
azərbaycanlılarının etibarlı ünsiyyətinə,
milli-mənəvi varlığımızın, tariximizin, ədəbiyyatımızın,
mədəniyyətimizin sarsılmaz qalasına, Dövlət
siyasətimizin ovxarına, qüdrətli silahına
çevrilmişdir.
Doğma ana dilimizin milli
taleyini yenidən yaratmış xalqın sadiq övladı və
sadiq xalq başçısı Heydər Əliyevin ana dilimizi
mükəmməl bir konsepsiya kimi müəyyənləşdirməsi
bütöv bir xalqın, dövlətin milli
varlığının nailiyyəti oldu.
2018-ci il, noyabrın 1-də Azərbaycan dilinin qorunması və dövlət
dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında Azərbaycan
Respublikası Prezidentinin Fərmanı milli tərəqqimizə
xidmət edən ana dilimiz, onun geniş imkanlarının təkmilləşdirilməsi,
cilalanması, saflaşdırılması,
dünyamızın qloballaşdığı bir zamanda onun
normalarına əməl edilməsi, Azərbaycan dilindən
istifadə olunması məsələlərinin diqqətdə
saxlanılması günümüzün ən zəruri, vacib
məsələsi kimi diqqət mərkəzinə gətirdi.
Dövlət rəhbərimizin bu
qürurgətirən fərmanı zəngin
milli varlığımızın qalası, dünyaya Azərbaycan
həqiqətlərini bəyan edən təfəkkürümüzün
ovxarı, milli mədəniyyətimizin sarsılmaz sütunu
olan doğma ana dilimizə hörmət və
ehtiramımızı, məhəbbətimizi artırır,
onun saflığını qorumaq, gələcək nəsillərə
ləyaqətlə ötürmək üçün hər
bir ziyalını, alimi, müəllimi, vətəndaşı
bu son dərəcə vacib məsələnin həlli
üçün səfərbər edir.
Nurlana ƏLİYEVA,
Bakı Slavyan Universitetinin
rektoru, professor
Azərbaycan müəllimi.-
2019.- 18 yanvar.- S.1; 7.